|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Əks-səda Metodbirləşmənin olması zəruridir "Azərbaycan müəllimi"
qəzetinin 25 yanvar 2008-ci il tarixli sayında Ş.Məmmədovun
"Metodbirləşmə məktəbə lazımdırmı?"
adlı məqaləsini diqqətlə oxudum.
Məqalədə müəllif təhsilimizlə bağlı
aktual bir problemə toxunmuş, bu sahənin bir növ unudulduğunu
xatırlatmış, bu işdə yol verilmiş nöqsanlara
öz münasibətini bildirmişdir. Məqalənin sonunda müəllif
üzünü pedaqoji ictimaiyyətə tutaraq, onları bu
məsələ ilə bağlı müzakirəyə
dəvət edir. Bu problemlə bağlı mən
də öz mülahizələrimi bildirmək istəyirəm. Məlumdur ki, son illər təhsilin
səviyyəsini daha da artırmaq üçün tədris
prosesində innovasiyalardan - təlimdə yeni metodlardan,
informasiya və kommunikasiya texnologiyalarından geniş
istifadə edilməyə başlanmışdır. Etiraf
edilməlidir ki, heç də bütün müəllimlər bu və
ya digər yeniliklərdən xəbərdar deyillər.
Bir tərəfdən onların əksəriyyəti
pedaqoji mətbuatı izləmir, digər
tərəfdən də bəzi məktəb direktorları
müəllimlərin metodiki biliklərinin artırılmasında
maraqlı deyillər. Metodla priyomu, interaksiya ilə
mediasiyanı bir-birindən ayırmağı bacarmayan,
idarəetmənin sadə elementlərini bilməyən
məktəb rəhbəri aydın məsələdir ki,
təlimin keyfiyyətinin yüksəldilməsində mühüm
rol oynayan metodbirləşmənin əhəmiyyətini
qiymətləndirə bilməz. Yaxşı yadımdadır, hazırda RTŞ-da
çalışan Hacı Əbülfəz Bədəlov bizim
məktəbdə direktor işləyərkən müəllimlərin
elmi, pedaqoji, metodiki və psixoloji biliklərini artırmaq
üçün, ilk növbədə, metodbirləşmələrin
fəaliyyətini gücləndirməyə başladı. O,
demək olar ki, bütün metodbirləşmə iclaslarında
iştirak edir. Metodbirləşmələrin
fəaliyyətini gücləndirmək üçün dəyərli
məsləhətlər verirdi. Direktor olduğu dövrdə
hətta bir neçə müəllimin iş təcrübəsinin
rayon miqyasında yayılmasına da nail oldu. Əbülfəz müəllimin işlədiyi dövrdə
metodbirləşmə sədri olmuşam. Metodbirləşmənin
illik iş planını qabaqcıl fənn müəllimlərinin
köməyi və iştirakı ilə tuturduq. Planda müəllimlərin
mütaliəsi ilə bağlı tövsiyələr,
təlimin keyfiyyətini yüksəltmək üçün görüləcək
işlər, yeni metodların təlim prosesinə
tətbiqi, şagirdlərdə təlimə maraq yaradılması
yolları və s. ilə bağlı
məsələləri müzakirə edirdik. Biz gənc müəllimləri də
unutmurduq. Gündəliklərin tutulmasında, sinifdənxaric
tədbirlərin hazırlanıb keçirilməsində
və s. onlara kömək göstərirdik. Dərslərin qarşılıqlı
dinlənilməsini də ön plana çəkirdik. Buna görə
də metodbirləşmənin bütün üzvləri
dərslərə çox ciddi hazırlaşırdı. Hesab
edirdik ki, müəllim hər an bizim dərslərimizi
dinləyə bilər. Biz xarici dil müəllimlərinin bütün
dərslərini açıq elan etmişdik. Qabaqcıl müəllimlərin əməyini
stimullaşdırmaq məqsədilə hər dərs
ilinin sonunda fərqlənənlərə təşəkkürnamələr
və fəxri fərmanlar verirdik. Metodbirləşmə sədri olduğum
illər ərzində iki nəfərin - Həyat Əhmədovanın
iş təcrübəsi rayon miqyasında, mənim iş
təcrübəm isə Respublika Təhsil Nazirliyinin kollegiya
iclasında müzakirə edilərək, respublikada yayılması
lazım bilindi. Son söz olaraq onu demək istəyirəm ki,
müəllimin elmi-nəzəri hazırlığının,
pedaqoji, metodiki və psixoloji biliyinin, peşə ustalığının
artırılmasında mühüm rol oynayan metodbirləşmələr
nəinki lazımdır, mən deyərdim, zəruridir. Həsənağa ƏHMƏDOV, Salyan şəhəri Ə.Kürçaylı adına texniki təmayüllü məktəb-liseyin ali kateqoriyalı müəllimi, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü
|