|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Televiziya və təhsil Əyani
informasiya mənbəyi
Müəllim dərsə başlayanda, düzü,
təəccübləndim: "Dədə Qorqud" boyları
mövzusunu keçəcəkdi. ötən dərs qədim
ədəbiyyat mövzusunda olmuşdu. Müəllimin
"Bədii mədəniyyət beşdəqiqəliyi"
adlandırdığı müddətdə oxuculara ilk sualı
bu oldu: - Axşam "Dədə Qorqud" bədii
filminə kim baxmayıb? Filmin ssenari müəllifi, rejissoru
kimlərdir? Baş rollara kimlər çəkiliblər?
Bədii filmdə hansı adət-ənənəmiz,
məişət qaydalarımız əksini tapıb? Cəmi
bir neçə dəqiqə çəkən sorğu-sual bitdi, müəllim
ədəbiyyatımızın görkəmli nümayəndələri
Q.Təbrizi, M.Gəncəvi, Ə.Xaqani və b. haqqında
frontal sorğunu uğurla başa vurub yeni mövzunu elan etdi.
Və intensivliyi gözləyərək eposun tədqiqi,
nəşri və s. barədə məktəb mühazirəsinə
başladı. ...Evə tapşırıq verərkən
bu həftə telekanallarda göstəriləcək
ədəbi-tarixi, bədii verilişlərə baxmağı
tövsiyə etdi. Tənəffüsdə söhbət zamanı
bəlli oldu ki, onun tədris sistemini təşkil edən
tərəflərdən biri şagirdlərin asudə
vaxtlarında ədəbi-bədii yönlü verilişlərin
pedaqoji məqsədyönlü izlənməsini təşkil
etməsidir. Verilişin aparıcısı, müəllifi, mövzusu,
məzmunu haqqında tamaşaçı-şagird dərhal
qeydlər aparır. Sonra dərsin ilk beşdəqiqəsində
bu məlumatlar sinifdə xatırladılır, mahiyyət
açıqlanır, müstəqil qazanılmış
məlumat sonradan müəllimin şərhi ilə
əlaqələndirilərək bilik və bacarığa
çevrilir. Deməli, asudə vaxt məqsədyönlü şəkildə
pedaqoji-didaktik məzmunlu işə sərf olunur, kütləvi
informasiya vasitələri sırasında ən kütləvi
olan televiziya öyrədən funksiyasını daşıyır.
Əslində bu məsələ təzə deyil. Hələ ötən əsrin 80-ci
illərində dünya miqyasında pedaqoqları və
ictimaiyyətin çoxsaylı nümayəndələrini kütləvi
informasiya vasitələrinin zövqsüz, az
əhəmiyyətli, trivial məhsullarının
hədsiz populyarlığı narahat etmişdir. Xarici ölkə mütəxəssisləri
sivilizasiyanın mədəni dəyərlərini qorumaq,
sadə emosiyaların istismarının qarşısını
almaq barədə ciddi düşünmüşlər. Kütləvi informasiya vasitələrinin sayının
böyük kəmiyyətlə ölçüldüyü, cəmiyyət
həyatının əhəmiyyətli elementinə çevrildiyi
bir zamanda bunlar bizim dünyagörüşümüzə həqiqi
mənada təsir edir; tərbiyəvi (müsbət və ya
mənfi yöndə) gücünü göstərir. Odur ki, bu
təsiretmənin mexanizmini mütləq dərk etməliyik. Evelin Pyer (Fransa) apardığı araşdırmaları
(uşaq və gənclərin cavablarını) ümumiləşdirərək
belə nəticəyə gəlir: televerilişə baxışdan
sonra onların yaddaşında qalan şeylər müəllimlərin
tədqiqatçılıq sahəsində maraqlı
fəaliyyəti üçün şərait yaradır. Avropalı müəllif yazır ki, televiziya,
şübhəsiz, bilik qaynağıdır. YUNESKO-nun "Perspektivı. Voprosı
obrazovaniya" nəşrinin 1984-cü il 2-ci nömrəsi
məhz kütləvi informasiya vasitələri və
məktəb probleminə həsr olunmuş
məqalələrdən ibarətdir. Böyük Britaniya, Norveç,
İtaliya, Finlandiya, İsveçrə, Fransa, Peru kimi ölkələrdə
kütləvi informasiya vasitələri
təlim prosesi ilə əlaqələndirilir. Məktəbdə, ailədə uşağa
imkan verilməlidir: o nə eşitdi, nə gördü və ya
oxudu. Uşaq yaddaşında tele və radio
verilişlərdən, komikslərdən xaotik
təəssüratlar qalır. Odur ki, onlara epizodlar izah olunmalıdır. Xarici ölkələrdə kütləvi
informasiya vasitələrinin dilinin təlimi formalarını
öyrədən xüsusi kurslar keçirilir, inteqrallaşdırılmış
təlim təşkil olunur. *** Bu gün televiziya uşaqların daimi və
fəal "müəllim"lərindən biridir. Televiziya
hər gün, istirahət və tətil günləri olmadan öyrədir.
ötən əsrin 90-cı illərində aparılmış
tədqiqatın statistik göstəricilərinə görə,
uşaq orta məktəbi qurtarana qədər 12.000 saat
dərsdə olursa, televizor qarşısında keçirilmiş
vaxt 15.000 saat təşkil edirdi. Bu gün teleşou və müxtəlif
verilişlərlə bəhsləşən telekanallar uşaqların
asudə vaxtını bütövlükdə əhatə edən
vasitədir. Odur ki, bu vasitənin eşitmə və görməni
əhatə edən informasiya çatdırma imkanları
nəzərə alınmalıdır. Radio informasiya eşidilir,
çap məhsulları oxunur. Televeriliş isə başqa
məziyyətləri ilə seçilir: kadrlar göstərilir,
subtitrlər oxunur, mətn dinlənilir, musiqi bunlarla
birgə səsləndirilir, bədii-estetik təsir göstərir.
Ona görədir ki, televerilişin təsir nüansları, müxtəlif
formalı informasiyaları daha uzunmüddətli təəssürat
yaradır, məzmun xeyli zaman yadda qalır. Bunun
sosial-psixoloji səbəbləri araşdırılıb. Dünyanın nüfuzlu mütəxəssisləri
tərəfindən aparılmış tədqiqat göstərir
ki, insan oxuduğunun 10, eşitdiyinin 20, gördüyünün 30, eyni
vaxtda gördüyü və eşitdiyi informasiyanın 50 faizini
yadda saxlayır. Bu baxımdan televiziya verilişləri daha
təsirli, effektli, əhəmiyyətli və güclü bir
informasiya mənbəyidir. Televiziya geniş auditoriyanı eyni vaxtda özünə
cəlb edir. Eyni zamanda müxtəlif məkanlarda,
təxminən eyni sosial-mədəni mühitdə uşaqlar
(böyüklərlə birgə) bədii və ya
elmi-publisistik, elmi-kütləvi informasiyaları əldə
edirlər. Onlar təkcə eşitmir, həm də görür,
emosiyaların iştirakı ilə mənimsəyib qavrayır,
yadda saxlayırlar. Deməli: konkret informasiyanın
məzmunu eyni vasitə ilə, əyaniləşdirmə
yolu ilə çatdırılır; eyni mənbədən
eyni məzmunda informasiya alınır; eyni fikir çatdırılır;
estetik-emosional mühit oxşarlığında məlumat
verilir. Burada ortaya bir sıra fərqli məqamlar
çıxır: a) bu informasiyaları qəbul edib qavrayan
subyektlər müxtəlif səviyyəli təfəkkür
sahibləridir; b) bu subyektlərin dərketmə,
mənimsəmə və alınan informasiyaları
yenidən canlandırma səviyyələri də müxtəlifdir;
c) eyni hadisə, fakt və ya məlumata, telekadra münasibət
fərdidir. Gənclərin bədii, siyasi, tarixi,
iqtisadi, ekoloji, fiziki... mədəniyyətə, elmi-kütləvi
informasiyalara yiyələnmələrinə təsir
edən faktorlar bir küll halında sosial-mədəni mühitdə
birləşir. Sosial-mədəni mühit çoxtərkiblidir
və burada məktəb vasitələrdən biridir. Lakin
şagirdlərin asudə vaxtını, həm də
zamanca daha böyük olan asudə vaxtını əhatə
edən faktor və vasitələr də var. Bunların sırasında
kütləvi informasiya və təbliğat vasitələri
xüsusi yer tutur. Sosial-mədəni mühiti təşkil
edən komponentlər içərisində kütləvi
informasiya və təbliğat vasitələri öz
sistemliliyi, müxtəlif tərkibli sosial qruplara, bütövlükdə
cəmiyyətə informasiyanı eyni vaxtda, eyni formada,
eyni vasitələrlə çatdırma xüsusiyyətləri,
böyük tamaşaçı, dinləyici marağı qazanmasına
görə seçilir. Bu informasiyalar arasında varislik,
məqsədyönlülük var. Bunlar daha çox kütləvi olub,
asudə vaxtı əhatə edir, təbii marağa
əsaslanmaqla izlənilib qavranılır. Daha dinamik, daha
kütləvi, daha geniş auditoriyalı olan bu informasiya
vasitələrini izləmədə pedaqoji məqsədyönlülük
olmadıqda, bunlar müəllimin tapşırığı,
istiqaməti ilə reallaşan maariflənmə,
təhsillənmə prosesinə çevrilmirsə, son
nəticə səmərəsiz, sistemsiz olur. Kütləvi informasiyalardan istifadənin forma
və yollarındakı fərq müəllim
tərəfindən aradan qaldırılıb təlimin
prinsip, metod və formaları əsasında tədris
materiallarının öyrədilməsini qazanılmış
bilikləri dərinləşdirib genişləndirməklə
şagirdlərə çatdırıldıqda artıq vahid
pedaqoji proses reallaşdırılır, təhsil
motivləri arasında daxili əlaqə yaranıb
həmin fasiləsizlik təmin olunur. Şagirdlər informasiyanı qəbul edir,
onu müstəqil iş formalarında (yazıya alma,
sistemləşdirmə, keçilən materialla
əlaqələndirməklə) xeyli
dərəcədə mənimsəyirlər. *** İlkin sosial-pedaqoji müşahidə (araşdırma
deyil!) göstərir: - Azərbaycan Respublikası
ərazisində 8 kanalda yayımlanan verilişlərin ümumi
həcmində bədii-estetik, ədəbi-bədii,
tarixi-etnoqrafik, fiziki, coğrafi, bioloji, astronomiya mövzulu
verilişlər xeyli yer tutur: - həmin verilişlər müvafiq
məzmunlu təbiət lövhələri, kadrlar, epizodlar,
şəkillər və s. əyani vəsaitlərlə
təqdim olunur. Eşitmə ilə görmə bir-birini
tamamlayıb informasiyaya məzmun genişliyi verir. - televerilişlərə uşaqlar,
şagirdlər və tələbələr, eləcə
də valideynlər, baba-nənələr də baxırlar.
Təbii ki, bu kollektiv baxışdan sonra təəssürat
mübadiləsi, müstəqil fikir söyləmə olur. Bu
prosesdə gənclər də iştirak edirlər.
Bəzən bu polemika düzgün olmayan səmtə yönəlir. Odur ki: a) müəllim bu teleinformasiyaların
məqsədyönlü izlənilməsini təmin etməli; b)
toplanılmış (uçota alınmış,
dəftərdə qeyd olunmuş) məlumatları
tədris prosesi ilə əlaqələndirərək öyrənənin
ümumi inkişafına yönəltməlidir və s. Telekanallar fəaliyyətdədir, uşaqlar
mavi ekranın cazibə dairəsindədirlər. Bu
asudə vaxtdan daha səmərəli və effektli
istifadə üçün yollar axtarmağın, fikir və toplanmış
təcrübə mübadiləsinin vaxtı çatmayıbmı?
Deyəsən, Avropaya baxanda gecikmişik... üstəlik
pedaqoji, didaktik, psixoloji yönlü tədris proqramlarını
unutmuşuq, teleproqramlardan çıxarmışıq... Ş.MƏMMƏDOV |