· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir.

Soyqırımın baş verməsinə şərait yaradan əsas səbəblərdən biri respublika daxilində gedən hakimiyyət mübarizəsi idi. O zamankı rəhbərlərin siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeyi, xəyanəti, vəzifə hərisliyi, siyasi qruplar və başıpozuq silahlı qüvvələr arasında gedən çəkişmələr Azərbaycanı bir çox ağır faciələrə, o cümlədən Xocalı müsibətinə gətirib çıxardı.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

Xocalı soyqırımının altıncı ildönümü ilə əlaqədar Azərbaycan

xalqına 23 fevral 1998-ci il tarixli müraciətindən

 

 

 

 

 Heydər Əliyev Fondu xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı anma tədbirləri keçirəcəkdir

AzərTAc xəbər verir ki, ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların hazırlanması və keçirilməsi bu sahədə növbəti addımdır.

Fondun xətti ilə bu il Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimlərinin keçiriləcəyi şəhərlərin sayı artmışdır. Bu il Fond Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay və Kiyevdə silsilə tədbirlər keçirəcəkdir. ötən il Heydər Əliyev Fondunun anma mərasimləri keçirdiyi Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Tbilisi şəhərlərində bu il növbəti dəfə Xocalı soyqırımının ildönümü qeyd olunacaqdır.

Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filminin nümayişindən sonra tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olacaqlar. Tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır.

 Anma mərasimlərində Fondun hazırladığı "Qarabağ həqiqətləri" toplusunun və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının nümayişi də nəzərdə tutulmuşdur.

"Qarabağ həqiqətləri" bukletlər toplusu kiçik formatda, konkret şəkildə Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. İngilis dilində hazırlanmış "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı isə oxuculara milli tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər  sakinləri,  eləcə    kütləvi  informasiya vasitələrinin  nümayəndələri  dəvət  olunurlar.

Bundan başqa, Xocalı soyqırımı ilə bağlı dünyanın bir sıra ölkələrində Heydər Əliyev Fondunun təbliğat materialları paylanacaqdır.

 

 

 

 

 

  

Xocalı soyqırımı Türkiyə parlamentinin müzakirəsinə çıxarılacaqdır

Azərbaycanın Ankaradakı səfirliyindən bildirmişlər ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) fevralın 26-da keçiriləcək toplantısında Xocalı soyqırımı ilə bağlı məsələni müzakirəyə çıxaracaqdır.

Bundan başqa, Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 25-də Ankaranın Keçiörən bələdiyyəsində tədbir keçiriləcəkdir. Tədbirdə Esterqon qalasında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq, çıxışlar ediləcək, dualar oxunacaq, ehsan veriləcəkdir. Keçiörən bələdiyyəsinin üzvləri, siyasətçilər, ictimaiyyətin nümayəndələri, Türkiyədə təhsil alan müdavim və tələbələrimiz, səfirliyimizin əməkdaşları, media nümayəndələri mərasimdə iştirak edəcəklər.

Həmin gün "Türk Dünyası Qadınları Dostluq və Həmrəylik Dərnəyi" (TDQDHD) ilə səfirliyimizin təşkil edəcəkləri "Xocalı qətliamının 16-cı ildönümünün anılması" konfransı keçiriləcəkdir. Türkiyədə fəaliyyət göstərən bütün siyasi partiyaların, səfirliklərin, ictimaiyyətin, ziyalıların və mətbuat nümayəndələri ilə yanaşı, ölkədə təhsil alan müdavim və tələbələr konfransda iştirak edəcəklər. Burada Xocalı soyqırımını əks etdirən videosüjetlər nümayiş etdiriləcəkdir.

Konfransın keçiriləcəyi salonun giriş hissəsində Heydər Əliyev Fondunun hazırladığı, soyqırımı əks etdirən fotolar və kitablardan ibarət sərgi açılacaqdır. Tədbirdə səfir Zakir Həşimov, TBMM-in Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakcı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok və digərləri çıxış edəcəklər. Tədbirin sonunda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir.

Səfirliyin təşəbbüsü ilə fevralın 26-da Türkiyənin yerli televiziya kanallarında, radio verilişlərində və qəzetlərində faciənin ildönümünə həsr olunmuş verilişlər və məqalələr veriləcəkdir.

 

AzərTAc

 

 

 

 

 

Xocalı - şəhid şəhər

 

Xocalı faciəsinin 16-cı ildönümü ərəfəsində Bakı şəhərindəki 21 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Rasim Abdullayevlə görüşdük. Əslən Xocalıdan olan Rasim müəllim məlum hadisələrdə əvvəldən axıra kimi iştirak etdiyini bildirərək dedi:

- Mən 1988-1992-ci illərdə Xocalı şəhərindəki Respublika Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim işləyirdim. Bizim "Qarabağ - Xocalı" futbol komandamız var idi. Mingəçevirin "Kür", Lənkəranın "Xəzər", Sumqayıtın "Polad", Bakının "Metallurq" komandaları ilə yarışlar keçirirdik. Məlum Xocalı faciəsinə 3-4 ay qalmış şagirdlərimin hamısı döyüşlərə səfərbər olundular. çox təəssüflər olsun ki, Xocalı şəhər 1 nömrəli orta məktəbin X sinif şagirdləri ülfət Əliyev və Siyavuş Usubov Naxçivanik - Şelli meşəsində gedən ağır döyüşlər zamanı həlak oldular. Həmin döyüşlərdə atam Yusif kişini də ermənilər Naxçivanikə gedən yolda qətlə yetirdilər, anamı isə əsir götürdülər. üç gündən sonra anamı azad etdilər... Bu döyüşlərdə sinif yoldaşlarım, Milli Qəhrəmanlar Əlif Hacıyevi və Tofiq Hüseynovu da itirdim...

Təəssüf hissi ilə deməliyəm ki, Xocalının verilməsində üç əsas amil başlıca rol oynadı. Birincisi, o dövrdə hakimiyyətdə  olanların satqınlığı, səriştəsizliyi, ikincisi, hakimiyyətə can atan cəbhəçilərin məkrli niyyətləri, üçüncüsü, başıpozuq özünümüdafiə batalyonları arasında gedən nüfuz bölgüsü. Bax bütün bunlar Xocalının məhvinə səbəb oldu. Fevralın 25-də axşam üç tərəfdən ruslardan ibarət 366-cı alay şəhərə tərəf yeridi. Sanki yer-göy od tutub yanırdı. Biz bütün rəhbər orqanlara xəbər versək də, heç kim köməyə gəlmədi, səsimizə səs verən də olmadı. Gecə saat 23-də artıq şəhərə mərmilər yağırdı. Biz bacardıqca insanları təhlükəsiz yollarla Ağdam istiqamətinə çatdırmağa çalışırdıq. Uşaqların, qadınların, yaralı insanların naləsi ərşə bülənd olmuşdu. Ermənilər evlərə od vurur, qarşıya çıxan hər şeyi uçurub dağıdırdılar. Biz isə düşmənlə vuruşa-vuruşa hələ qaça bilməyən insanları təhlükədən uzaqlaşdırmağa çalışırdıq. Yaxşı yadımdadır, sonuncu böyük bir dəstəni Ağdam istiqamətinə aparanda dərədə mühasirəyə düşdük. Bizə yuxarı tərəfdə ermənilərin olduğu məlum idi. Əks tərəfdə isə bizimkilərin durduğunu yaxşı bilirdik. Buna baxmayaraq, biz hər iki tərəfdən atəşə məruz qaldıq. Bu gərgin döyüşlərə baxmayaraq, adamların böyük bir hissəsini salamat çıxara bildik. Elə həmin vaxt baş vermiş dəhşətli bir hadisə bu gün də yadımdan çıxmır. Hamı başını götürüb qaçdığı bir anda yaşlı bir qadının Xocalıya qayıtdığını gördük. Onu geri qaytarmaq istədik. Qadın isə bildirdi ki, mən öz yurdumda - Xocalımda ölməyi namussuzluqdan üstün tuturam...

Söhbət zamanı R.Abdullayev Xocalı faciəsini yenidən yaşadığı üçün qəhərdən boğulur, səsi titrəyirdi. Qırıq-qırıq cümlələrin arasındakı saniyə ilə ölçülən vaxt ərzində o, sanki dəhşətli bir ömür yaşayırdı... Rasim müəllim onu da dedi ki, məni orta məktəblərə, ali təhsil ocaqlarına görüşlərə dəvət edəndə də, elə bu barədə şagirdlərimə danışanda da o dəhşətli günləri yenidən xatırlamalı oluram. Yenidən gözlərim qarşısında şəhid olan Xocalıda ah-naləsi göylərə qalxan günahsız insanların düşdükləri vəziyyət canlanır. Bu dəhşətləri axıra qədər görən insan üçün çox çətindi, - deyib yaşla dolan gözlərini görməyim deyə, başını aşağı dikdi...

Xocalı - 16 il əvvəl şəhid olmuş bir şəhər. Sakinləri qışın qarında, çovğununda dərələrdə, dağlarda, meşələrdə buz heykəllərə dönən yurd. Bu dəhşətli soyqırımını Milli Qəhrəman çingiz Mustafayevin lentə alıb bütün dünyaya bəyan etdiyi diyar...

Lakin bütün məhrumiyyətlərə baxmayaraq, sınmayan, yağı düşməndən intiqamını almaq üçün qəzəbini, nifrətini səfərbər edən qəribə taleli şəhər. Respublikamızın müxtəlif bölgələrində məskunlaşan, bir gün belə Xocalını unutmayan, hər an öz yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan xocalılar... O gün uzaqda deyil!..

 Ədalət DAŞDƏMİRLİ

 

 

 

 

 

 

"Ermənilər anamla kiçik qardaşımı Qara qayada öldürdülər"...

Bu sözləri Xocalı şəhər sakini Ceyhun Əzimov dedi və bu hadisə necə baş verdi sualımıza cavab verirmiş kimi söhbətə başladı:

- Mən 1992-ci ildə Xocalı şəhər 1 nömrəli orta məktəbin 4-cü, böyük qardaşım Aydın isə 7-ci sinfində oxuyurduq. Bizim sinif müəllimimiz Süsən xanım idi. Dərsləri məktəbin zirzəmisində keçirdik. Xocalı dörd tərəfdən erməni kəndlərinin əhatəsində olduğundan şəhər, demək olar ki, hər gün müxtəlif silahlarla atəşə məruz qalırdı. Beləcə öz doğma evimizdə qorxu və həyəcan içərisində yaşayırdıq.

Fevralın 25-də gecə saat 23-24 radələrində qonşumuz Saday kişi böyük təşviş içində qapımızı döyüb xəbər verdi ki, ermənilər şəhəri hər tərəfdən mühasirəyə alıb. Hamımız - atam Abbasqulu, anam Dilarə, böyük qardaşım Aydın, kiçik qardaşım Natiq və dayım Akif birlikdə qonşu həyətə keçdik. Burada xeyli adam var idi. Onlar bütün uşaqları zirzəmiyə salıb sakit dayanmağı tapşırdılar. Bir-iki saatdan sonra bura 4 silahlı erməni gəldi. Bir neçə kişini güllələdikdən sonra zirzəmiyə girib hamımızı oradan çıxardılar, sıraya düzdülər. Həmin ermənilərdən biri Azərbaycan dilində dedi ki, bizimlə gedək, sizi bir saatdan sonra buraxacağıq. Amma heç birimiz getmədik. Onlar bizi məcbur edəndə atamla kiçik dayım Nəsib bu vəziyyətə dözməyib həmin ermənilərdən ikisini güllələdilər. Ara qarışdı. Sağ qalan ermənilər özlərinə kömək gətirməyə getdilər. Biz isə vaxt itirmədən şəhərin ortasına doğru qaçdıq. Klubun yanına çatanda Milli Qəhrəman Tofiq Hüseynovla rastlaşdıq. Atamla dayım onunla ermənilərə qarşı döyüşə başladı. Anam və kiçik qardaşımla birgə Xocalıdan çıxdıq. Artıq şəhər büsbütün yanırdı...

Biz Ağdam tərəfə gedən kənd camaatına qoşulduq. Onlarla bir qədər getmişdik ki, ermənilər bizi atəşə tutdular. Hərə bir tərəfə qaçdı. Mən anamla kiçik qardaşımdan ayrı düşdüm. Hava işıqlaşırdı. Yolda yaralı, yaşlı bir kişiyə rast gəldim. Dedi ki, oğul, mən tərpənə bilmirəm, sən toplar atılan tərəfə get, Ağdam ordadır. Qoca deyən istiqamətə bir xeyli qaçdım. Gəlib Ağdam yaxınlığındakı Qara qaya deyilən yerə çatdım. Burada anamla qardaşımı tapdım. Onları salamat görəndə elə sevindim ki... Birlikdə Ağdam tərəfə hərəkət etməyə başladıq. Mən irəlidə, anamgil isə arxada gedirdik. Birdən atəş səsi eşitdim. Geriyə baxanda anamla 6 yaşlı qardaşımın ermənilər tərəfindən güllə ilə vurulduğunu gördüm. Anam balaca Natiqi bağrına basmışdı. Onlara tərəf qaçdım. Hər ikisini qucaqlayıb ağlamağa başladım. Anamın son kəlməsi bu oldu: Sən qaç, oğul! Sən qaç!..

Onları tək qoyub heç yana getmək istəmirdim. Xocalıdan olan bir kişi məni güclə onlardan ayırıb, qucağına alıb Ağdam tərəfə apardı... Bir az irəlidə məni bir "UAZ" markalı maşina mindirdilər. Maşının içərisində 3-4 meyit var idi. Nəhayət, məni ölülərlə birgə Ağdamdakı məscidə gətirdilər... Burada kimsəsiz olduğumu görən Adil adlı bir həkim məni evinə  apardı. Pal-paltar verdi. Həkimə Ağdam aeroportunda işləyən qohumumuzun adını dedim. Həkim elə həmin gün ona xəbər verdi və məni dayımgilin evinə apardılar. Fevralın 26-da axşam atamla böyük qardaşım Aydın da Həsən dayıgilə gəldilər. Məni salamat görüb sevindilər... Amma anamla kiçik qardaşımı soruşanda nitqim qurudu, handan-hana: - Onları Qara qayada ermənilər öldürdülər, - dedim. İnanmadılar. 3-4 gündən sonra anamgilin meyitini tapıb Ağdama gətirib dəfn etdilər...

Ceyhun danışırdı, mən isə bu faciələri - 12 yaşlı bir uşağın doğma Xocalısını, anasını, 6 yaşlı qardaşını, dayısını necə itirdiyini ürəkağrısı ilə dinlədim. Daha heç bir qeyd götürə bilmədim. Bircə onlar yadımda qaldı ki, Ceyhunun atası Abbasqulu kişi vuruşmaq üçün yenidən cəbhəyə qayıdıb. 1995-ci ilə kimi müxtəlif cəbhələrdə ermənilərə qarşı döyüşüb. Ceyhungilə baxan olmadığından Bərdədə yaşayan xalası hər iki qardaşı yanına aparıb. Ceyhun burada 7-ci sinfə kimi oxuyub. Sonra təhsilini davam etdirə bilməyib. Əsgəri xidmətdə də olub. Hazırda Bakıda qardaşı Aydınla birgə rəngsaz işləyir.

Bəli, Xocalı faciəsi təkcə ən əzizlərini - anasını, qardaşını, dayısını, təhsilini itirmiş Ceyhunun faciəsi deyildir. Bu, bütün Azərbaycanın faciəsidir...

Qələmə aldı: ƏDALƏT

 

 

 

 

 

 

Bu nadir şəkli bizə Xocalı İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsi üzrə referenti Sovet Allahverdiyev təqdim etdi. Bildirdi ki, şəkil 1992-ci il fevralın 27-də bir rus qadın jurnalisti tərəfindən Xocalı şəhərində lentə alınıb. Hələ heç bir mətbuatda çap edilməyib. Şəkildə sağ tərəfdə görünən Milli Qəhrəman Tofiq Hüseynovun atasının evidir. Erməni faşistləri tərəfindən yolun ortasında öldürülmüş, təxminən 20 yaşında olan bu qız Rəsmiyyə Hüseynovadır. Yolun sol tərəfində qətlə yetirilənlər isə Tofiq Hüseynovun anası Hüseynova Minəş Cümşüd qızı, həyat yoldaşı Hüseynova Məxmər Qurban qızı, baldızı Abışova Məhbubə Qurban qızı və onun 3-4 yaşlı oğlu Abışov çingiz Nazim oğludur. Şəkildə görünən "Jiquli" markalı maşın isə ermənilərə məxsusdur. Onlar xocalıların ev-eşiklərini talayıb aparırlar... Biz bu şəkillə bağlı Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Pirşağı qəsəbəsində yerləşən Xocalı 2 nömrəli məktəbdə müəllim işləyən Yasəmən Hüseynova ilə də əlaqə saxladıq. - Bu barədə bu günlərdə eşitmişəm, - dedi. - Amma kaş heç eşitməyəydim. O şəkil mənim bütün ümidlərimi qırdı. Elə bilirdim onlar Xocalıdan çıxıb meşədə azıblar. Nə vaxtsa bizim yanımıza qayıdacaqlar. çox təəssüf...