· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Onbirincilər növbəti sınaq qarşısında

Hər bir şagird öz imtahan nəticələrini İnternet vasitəsi ilə öyrənə biləcək

 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu il nazirlik tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir şəhərlərinin, Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının, həmçinin həmin şəhər və rayonlardakı məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində, bu bölgələrdə fəaliyyət göstərən peşə liseyləri və onların nəzdindəki ümumtəhsil siniflərində, ali təhsil müəssisələri nəzdindəki ümumtəhsil məktəblərində, eyni zamanda vaxtilə müəyyən səbəblərdən orta təhsili başa vura bilməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.

İmtahanlara daha yaxşı hazırlaşmaq məqsədi ilə onbirinci sinif şagirdləri ilə üç yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. ötən il noyabrın 25-də keçirilmiş ilk yoxlama imtahanı artıq arxada qalıb, onun yekunları Təhsil Nazirliyinin kollegiyasında, təhsil ocaqlarında geniş müzakirə olunub.

İkinci yoxlama imtahanı isə iki gündən sonra - fevralın 24-də aparılacaq. Bəs ikinci yoxlama imtahanına nə kimi hazırlıq işləri görülüb? Onun təşkili və keçirilməsində hansı yeniliklər nəzərdə tutulur? ötən imtahanda qeydə alınmış qüsurlar, problemlər necə aradan qaldırılıb? Həmin suallarla Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik.

 

Materialların qablaşdırılmasında imtahana məsul şəxslər iştirak ediblər

T.Hacıyeva bildirdi ki, fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçiriləcək ikinci yoxlama imtahanına da əvvəlki imtahanda olduğu kimi, 893 məktəb cəlb edilib və 52 min şagird iştirak edəcək. Bu şagirdlərin 31 mindən bir qədər çoxu Bakı şəhəri məktəblərinin payına düşür.

İmtahanların keçirilməsi üçün 89 mərkəz yaradılıb. Yoxlama imtahanları Bakı şəhəri üzrə 53, Sumqayıt şəhərində 10, Gəncədə 5, Mingəçevirdə 4, Ucar rayonunda 4, Əli Bayramlıda 2, İsmayıllı və İmişlidə 4, 6, Abşeronda 2 mərkəzdə aparılacaq. Abşeron rayonunda yerləşən mərkəzlər böyük olduğundan onların hər ikisinə 1 deyil, 2 nəfər imtahan rəhbəri təyin edilib. İmtahan keçiriləcək şəhər və rayonların icra hakimiyyətlərinə artıq bu barədə məktub göndərilib.

İmtahan materiallarının qablaşdırılması ciddi qaydada xüsusi qrafikə uyğun aparılıb. Qablaşdırma artıq başa çatıb. Əvvəlki qablaşdırmadan fərqli olaraq budəfəki qablaşdırmada hər bir mərkəzə ayrılan məsul şəxs də iştirak edib. Daha dəqiq desək, qablaşdırmanı onlar özləri aparıblar. Həmin mərkəzdə otaqların, imtahanda iştirak edəcək şagirdlərin, cavab kartlarının, test kitablarının sayı siyahılar üzrə dəqiqləşdirilərək variantlara uyğun zərflərə yığılıb. Bu zərflər imtahana 10 dəqiqə qalmış nəzarətçilərin iştirakı ilə imtahan rəhbərləri tərəfindən açılacaq.

 

ötən imtahanda qeydə alınmış texniki qüsurlar aradan qaldırılıb

T.Hacıyevanın dediyinə görə, ikinci yenilik ötən imtahanda aşkar olunan texniki xarakterli qüsurların aradan qaldırılması üçün görülmüş işlərlə bağlıdır. Şöbə müdirinin müavini bildirdi ki, ilk növbədə təlimati iş gücləndirilib. İmtahan rəhbərləri, nəzarətçilər üçün təlimatlar, şagirdlər üçün həm rus, həm də Azərbaycan dilində yaddaşlar hazırlanaraq yerlərə çatdırılıb. Şagirdlər üçün hazırlanmış yaddaşlara cavab kartının doldurulması, variantın göstərilməsi, kodun cavab kartına yazılması ayrı-ayrı misallar əsasında şərh edilib. Şagirdlərin hamısı artıq həmin yaddaşlarla təmin olunub.

T.Hacıyevanın sözlərinə görə, imtahan üçün daha çox məsuliyyət daşıyan nəzarətçilərin təlimatlandırılmasına xüsusilə diqqət yetirilib. Onlar üçün hazırlanmış ayrıca təlimatlarda nəzarətçilərin atacaqları hər bir addım, görəcəkləri hər bir iş saatbasaat, dəqiqəbədəqiqə göstərilib.

Şagirdlərin bir fənni seçməmək hüququ ləğv olunub

T.Hacıyevanın bildirdiyinə əsasən, yoxlama imtahanındakı daha bir yenilik şagirdlərin fənləri seçməsi ilə bağlıdır. Əvvəlki sınaq imtahanından fərqli olaraq bu dəfə şagirdlərin bir fəndən imtina etmək hüququ ləğv olunub. Yəni onlar 8 fənnin hər birinə ayrı-ayrılıqda cavab yazmalıdırlar. Əks halda, yəni hər hansı fənni seçməyib cavab verməzlərsə, qeyri-müvəffəq qiymət alacaqlar. Bu, ötən imtahanda cavab kartlarının doldurulmasında müəyyən çətinliklər yaratdığından yeniliyin tətbiqi zəruri olub. Beləliklə, daha bir problem aradan qalxıb.

 

Bəzi xarici dillər üzrə tapşırıqlar da test kitabçalarında olacaq

T.Hacıyeva bizimlə söhbətində xarici dillər üzrə test tapşırıqlarının hazırlanmasında da yenilik etdiklərini bildirdi və qeyd etdi ki, bu yenilik əsasən nəzarətçilərin və imtahan materiallarını qablaşdıranların işini  asanlaşdırmaq üçündür. Onun dediyinə görə, əvvəllər test kitabçalarında məktəblərdə daha çox tədris olunan xarici dil, əsasən də ingilis və alman dilləri üzrə tapşırıqlar tikilir, qalanları isə variantlara uyğun şagirdlərə paylanırdı. Bu da imtahanda bəzən çətinlik yaradırdı. Nəzarətçilər onları paylamaqda bəzən çətinlik çəkirdilər. Şagird üçün də problem yaranırdı. Yeniliyin tətbiqi ilə bu problemin də qarşısı alınıb. Belə ki, indiki test kitabçalarında məktəblərdə tədris olunan bütün xarici dillər öz əksini tapıb. Şagird özünə lazım olan xarici dilin suallarını seçib onlara cavab verəcək.

 

Hər bir şagird öz imtahan nəticələrini İnternet vasitəsi ilə öyrənə biləcək

T.Hacıyeva nəticələrin şagirdlərə çatdırılması sahəsində də yenilik olduğunu söylədi. Bildirdi ki, indiyədək imtahanın nəticələri, yəni şagirdlərin qiymətləri onların oxuduqları məktəblərə göndərilirdi. Bəzən valideynlər məktəblə əlaqə saxlamaqda çətinlik çəkdiyindən övladlarının nəticələri barədə dəqiq məlumat ala bilmirdi. Bu da müəyyən problemlər yaradırdı. İndi isə əvvəlki qayda, yəni nəticələrin məktəblərə çatdırılması qüvvədə qalmaqla, onlar həm də İnternetdə, Təhsil Nazirliyinin saytında yerləşdiriləcək və İnternetə çıxışı olan hər bir şagird və ya onun valideyni həmin nəticələrlə əyani tanış ola biləcəkdir.

Bunun üçün şagirdin Təhsil Nazirliyinin saytına girib imtahan kodunu daxil etməsi kifayətdir. Kodunu daxil etdikdən sonra şagirdin və ya onun valideyninin qarşısında cavab kartı canlandırılacaqdır. Burada yaşıl rənglə düz, qırmızı rənglə səhv cavablar göstərilib. Başqa bir səhifədə isə düzgün doldurulmuş cavab kartı nümunəsi yerləşdirilib. Şagirdlər ona baxmaqla hansı suala düzgün, hansılarına isə səhv cavab verdiklərini öyrənə bilərlər. öz cavabları ilə düzgün cavabları müqayisə edə bilmək imkanı şagirdi səhv yazdığı cavablar üzərində düşünməyə, müəyyən elmi araşdırma aparmağa, öz səhvinin səbəblərini axtarmağa vadar edəcəkdir. Bu isə, nəticə etibarı ilə, elə sınaq imtahanlarının qarşısında duran vəzifədir.

Yusif ƏLİYEV