· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Elektron məktəb və təhsilin elektron idarə edilməsi" layihəsi təqdim olundu

Fevralın 21-də "Park İNN-Azərbaycan" otelində "Elektron məktəb və təhsilin elektron idarə edilməsi" piot layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirildi. 

"Ultra" şirkətinin prezidenti Tahir Mirkişili konfransda iştirak edən Azərbaycan Respublikasının Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, səfirliklərin, layihəni həyata keçirən beynəlxalq təşkilatların, təhsil ictimaiyyətinin nümayəndələrini, millət vəkillərini, Rusiya, Qazaxıstan və Türkmənistandan gəlmiş qonaqları salamlayaraq tədbiri açıq elan etdi. T.Mirkişili Təhsil Nazirliyi ilə "Ultra" şirkətinin rəhbərlik etdiyi və SİVECO, Microsoft, HP və "İntel" şirkətlərindən ibarət beynəlxalq konsorsiumun Azərbaycanın 2 qabaqcıl ümumtəhsil məktəbində uğurla həyata keçirdiyi pilot layihəsi haqqında qısa məlumat verərək bu işin MDB məkanında ilk dəfə Azərbaycanda reallaşdırıldığını diqqətə çatdırdı. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Layihənin əhəmiyyəti haqqında danışan Misir Mərdanov müasir dövrdə dünyanın bütün ölkələrində təhsilin inkişafının İKT-nin tətbiqi səviyyəsi ilə müəyyən edilməsinin danılmaz həqiqət olduğunu bildirdi. ölkəmizdə bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verən təhsil naziri bu sahədə görülən işlərin davamı olaraq artıq 2008-2012-ci illəri əhatə edəcək yeni proqramın hazırlandığını qeyd etdi.

Daha sonra "Elektron məktəb və təhsilin elektron idarə edilməsi" layihəsi haqqında danışan Misir Mərdanov bildirdi ki, 2007-ci ilin yayında Təhsil Nazirliyində keçirilən görüşdə şirkətlərin bu barədəki  müraciəti razılıqla qarşılandı və bundan sonra yaradılan beynəlxalq konsorsiumun birgə səyi ilə paytaxtın ən qabaqcıl təhsil ocaqlarından olan Bakı Avropa Liseyi və 23 nömrəli orta məktəbdə  layihə çərçivəsində zəruri tədbirlər həyata keçirildi. Pilot layihəsinin əsas məqsədi Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini verməkdir. Bura əsasən məktəbin idarəedilməsi, məktəb-müəllim-valideyn əlaqələrinin möhkəmlənməsi, şagirdlərin dərslərə davamiyyətinə nəzarət, məktəblər arasında əlaqələrin genişlənməsi, şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi və s. daxildir.

Bir neçə gün öncə şəxsən Bakı Avropa Liseyinə və 23 nömrəli orta məktəbə getdiyini deyən Misir Mərdanov həmin təhsil ocaqlarında layihə çərçivəsində görülmüş işlərlə yaxından tanış olduğunu bildirdi.

Pilot layihəsində iştirak edən hər iki məktəbə müəllimlərin sinifdə istifadəsi üçün 8 noutbuk və 8 proyektor verilmiş, beləliklə bütün şagirdlərin interaktiv resurslardan yararlanmaq imkanı yaranmışdır. Bu məktəblərdə həmçinin lokal şəbəkə yaradılmış, məktəb idarəetmə sisteminin quraşdırılması üçün hər məktəbə bir server verilmiş, məlumat bazası və əməliyyat sistemi proqram təminatı təqdim edilmişdir. Müəllimlər tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığına yiyələnmişlər. Təhsil naziri  Misir Mərdanov qeyd etdi ki, bütün bunlara baxmayaraq, hələ "məqsədimizə tam nail olmuşuq" deyə bilmərik. Amma "Elektron məktəb və təhsilin elektron idarə edilməsi" layihəsinin həyata keçirilməsi Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi istiqamətində çox ciddi addımların atıldığını sübut edir.

Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə aparılan uğurlu İKT siyasətindən, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova elektron məktəb təcrübəsindən, 23 nömrəli məktəbin fizika müəllimi Firəngiz Tağıyeva isə elektron müəllim təcrübəsindən bəhs etdilər.

"Ultra" şirkətinin prezidenti Tahir Mirkişili, Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə biznesin inkişafı direktoru Cim Levi, "İntel" korporasiyasının Azərbaycandakı  rəsmi nümayəndəsi Emin Axundov, SİVECO şirkətinin beynəlxalq satış direktoru Florin Ciolacu, HP korporasiyasının MDB ölkələri üzrə layihə direktoru Vadim Tixonıçev İKT-nin təhsil sistemində tətbiqi ilə bağlı ayrı-ayrı məsələlərdən söz açdılar.

"Ultra" şirkətinin əməkdaşı Eleonora Nağıyeva ekranda Elektron məktəb, Elektron idarəetmə və Data Mərkəzi proqramlarını nümayiş etdirdi.

Təhsil naziri Misir Mərdanov Bakı Avropa Liseyi və 23 nömrəli orta məktəbin layihədə fəal iştirak edən iki müəllimini kompüterlə mükafatlandırdı və hər il İKT-nin tətbiqi sahəsində fərqlənən ən yaxşı 50 informatika müəlliminə mükafat verilməsi təşəbbüsünü irəli sürdü.

Plenar iclasdan sonra konfrans zalında 1 müəllim və 8 şagirdin olduğu virtual sinif otağı nümayiş etdirildi.

 

Hicran ƏKBƏROVA