|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin kollegiyasında Ali
təhsil müəssisələrində istehsalat təcrübəsinin
təşkili vəziyyəti müzakirə olundu Dekabrın 19-da Azərbaycan Respublikası
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirildi.
"Ali təhsil müəssisələrində istehsalat
(pedaqoji) təcrübəsinin təşkili: mövcud
vəziyyət, problemlər və onların həlli yolları"
barədə məsələnin müzakirə olunduğu
iclasda kollegiya üzvləri ilə bərabər nazirliyin, ali
məktəblərin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbər işçiləri,
istehsalat təcrübəsinin təşkil olunduğu bir sıra
müəssisələrin nümayəndələri iştirak
edirdilər. Kollegiya iclasını giriş sözü ilə
açan təhsil naziri Misir Mərdanov zala toplaşanları
salamlayıb müzakirəyə çıxarılmış
məsələ ilə bağlı bəzi məqamlara
diqqət çəkdi. Nazir qeyd etdi ki, istehsalat təcrübəsinin
təşkili həmişə ali təhsildə ciddi
məsələlərdən olub. Ancaq etiraf edək ki, bu
məsələyə həmişə, hətta Sovet dönəmində
də ciddi yanaşılmayıb, ona ikinci
dərəcəli məsələ kimi münasibət göstərilib.
Bu da təhsilin keyfiyyətinə, ali təhsilin inkişafına
öz mənfi təsirini göstərib. Misir Mərdanov ali məktəblərdə
istehsalat təcrübəsinin təşkilinə mane olan
səbəblərdən danışaraq qeyd etdi ki, bu
sahədə daha çox problemin mövcud olduğu texniki ali
məktəblərdə istehsalat təcrübəsinin
arzuolunan səviyyədə qurulmamasının əsas
obyektiv səbəblərindən biri vaxtilə mövcud olan
dövlət müəssisələrinin çoxunun sonradan işləməməsi
olub. İşləməkdə olan müəssisələrlə
əlaqə qurmaq üçünsə hüquqi baza yetərincə
olmayıb. Nazir səbəblər sırasında ali
məktəblərin tədris planlarında istehsalat
təcrübəsinə və pedaqoji praktikaya tələb
olunandan az yer ayrılmasını da xüsusi qeyd
edərək bildirdi ki, dünyanın əksər ölkələrində
dərs yükünün ümumi həcminin 30 faizə
qədəri istehsalat təcrübəsinə ayrıldığı
halda bizdə bu göstərici aşağıdır. Halbuki,
bizim ali məktəblərdə, xüsusən müəllim
kadrları hazırlayan universitetlərdə istehsalat
təcrübəsinə bu qədər vaxt ayrılmasına
heç nə mane olmur. Başqa bir problemə də toxunan Misir
Mərdanov aparılmış araşdırmalar
nəticəsində məktəblərin tutumu ilə
orada praktikaya gedən tələbələrin sayı arasında
xeyli fərq olmasının müəyyənləşdirildiyini
diqqətə çatdırdı və bunu pedaqoji təcrübəyə
qeyri-ciddi yanaşmanın nəticəsi saydı.
Təhsil naziri vurğuladı ki, təhsil müəssisələri
ilə praktika keçiriləcək müəssisələr arasında
əlaqələr gücləndirilməli, ali
məktəblərdə istehsalat təcrübəsi ilə
məşğul olan bölmələr yaradılmalı,
həmin bölmələrə bu işin
əhəmiyyətini və məsuliyyətini başa düşən
adamlar təyin olunmalı, bölmələrin ildə bir neçə
dəfə hesabatları dinlənilməlidir. Misir
Mərdanov bütün bunların bir tərəfdən hazırlanan
mütəxəssislərin keyfiyyəti ilə, digər
tərəfdən isə ali məktəblərin nüfuzu
ilə bağlı olduğunu söylədi. Təhsil naziri giriş sözündə ali
təhsildə keyfiyyətin son 10 ildə artdığını
göstərən faktlar gətirdi, ali təhsilə dövlət
qayğısından söz açdı. Nazir bildirdi ki, TQDK-nın
"Abituriyent" jurnalının builki son nömrəsində
dərc olunmuş bir cədvəldə 37 ali məktəb
üzrə 1999 və 2008-ci illərdə ali
məktəblərə qəbul zamanı qeydə alınmış
orta bal göstəriciləri öz əksini tapıb. Həmin
cədvələ əsasən, məsələn, BDU-da
1999-cu ildə orta keçid balı 357,821 olduğu halda, bu il
484,399 olub, yəni təxminən 130 bal artıb. Sumqayıt
Dövlət Universiteti üzrə bu göstəricilər müvafiq
olaraq 196 və 392 baldır. Burada keçid balı 2
dəfədən çox artıb. Qafqaz Universitetində
isə həmin rəqəmlər 244 və 470-dir ki, bu da
universitetdə keçid balının 10 il ərzində 2
dəfəyə yaxın artdığını göstərir.
Nazir bütün bunları bilavasitə təhsilimizin inkişafını
göstərən faktlar kimi dəyərləndirdi. Qeyd etdi
ki, son illər ölkə rəhbəri cənab İlham
Əliyevin ali təhsilə göstərdiyi qayğı hamının
gözü qarşısındadır. Ali məktəblərin
maddi bazasının möhkəmləndirilməsi üçün böyük
vəsaitlər ayrılır. Cənab Prezidentin tapşırığı
ilə hazırlanmış ali məktəblərin inkişafı
ilə bağlı Dövlət Proqramı bu yaxınlarda
imzalanacaqdır. çıxışının
sonunda ali məktəblərdə istehsalat təcrübəsinin
təşkilinə daha çox diqqət yetirilməsinin
vacibliyini bir daha vurğulayan nazir artıq Nazirlər
Kabinetinin bu barədə xüsusi qərar qəbul etdiyini,
gələcəkdə bu sahədə işlərin daha
yaxşı qurulması üçün müəyyən hüquqi baza
yarandığını bildirdi. Sonra nazir "Ali təhsil müəssisələrində
istehsalat (pedaqoji) təcrübəsinin təşkili: mövcud
vəziyyət, problemlər və onların həlli yolları"
mövzusunda məruzə-təqdimat etmək üçün sözü
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin
müdiri İlham Mustafayevə verdi. Məruzə-təqdimatına istehsalat
təcrübəsinin yüksək ixtisaslı mütəxəssis
hazırlığındakı rolunu qeyd etməklə başlayan
İ.Mustafayev bildirdi ki, müstəqillik əldə
etdikdən sonra respublikamızın təhsil sistemini milli
maraqlara uyğun qurmaq imkanı yaranmışdır. Buna görə
də iqtisadi cəhətdən inkişaf etmiş dünya dövlətləri
ilə bir sırada dayanmaq üçün ixtisasını mükəmməl
bilən, bazar iqtisadiyyatının
tələblərinə cavab verən, mövcud
vəziyyəti təhlil edib müvafiq nəticə çıxarmaq
qabiliyyətinə malik olan ixtisaslı mütəxəssis
hazırlığı ali təhsil müəssisələri
qarşısında təxirəsalınmaz bir
vəzifə kimi qoyulmuşdur. Yüksək peşəkarlığa
malik və müstəqil əmək fəaliyyətinə
qadir olan mütəxəssislərin yetişdirilməsi
isə təhsil alanlara həm nəzəri biliklərin öyrədilməsi,
həm də praktik vərdişlərin aşılanması
ilə həyata keçirilir. Belə vərdişlər
tələbələrə istehsalat təcrübəsi zamanı
aşılanır. Məruzəçi qeyd etdi ki, təlimin ən
fəal formalarından biri olan ixtisas üzrə təcrübələr
tələbələri mütəxəssis kimi formalaşdırır,
innovasiyaların incəliklərinə yiyələndirir,
istehsalatda tətbiq olunan yeni texnologiyalar və çevik
əməliyyatlarla tanış edir. Bununla yanaşı
İ.Mustafayev təəssüf hissi ilə bildirdi ki, son
vaxtlar mütəxəssis hazırlığında təcrübələrin
əhəmiyyətinin kifayət qədər
nəzərə alınmaması tendensiyası, onun təşkilində
nöqsanların və bir çox problemlərin mövcudluğu müşahidə
olunur. Bunlar, ilk növbədə, bazar iqtisadiyyatı
şəraitində dövlət və özəl sektoru arasında
mütənasibliyin dəyişməsi, təhsil və
istehsalat müəssisələrinin bağladıqları
ikitərəfli müqavilələrin hüquqi
cəhətdən yetkin olmaması, təcrübəni keçirmək
üçün təkmil maliyyələşdirmə mexanizminin yaradılmaması,
dövlət müəssisələrində təcrübəni
təşkil edən müvafiq struktur bölmələrin
fəaliyyətinin demək olar ki, dayandırılması,
özəl strukturlarda belə bölmələrin ümumiyyətlə
olmaması, təcrübəyə ayrılan müddətin azlığı
və s. bu kimi səbəblərdən irəli gəlir. Təbiidir ki, belə bir şəraitdə
rəqabətqabiliyyətli, yüksək səviyyəli mütəxəssis
hazırlığından söz gedə bilməz. Məruzəçinin dediyindən aydın oldu
ki, bütün bunlar hazırkı vəziyyəti təhlil
etmək, mövcud problemləri, çatışmazlıqları
və onları doğuran
səbəbləri aşkar etmək, həlli yollarını
müəyyənləşdirmək, bu sahədə hüquqi-normativ
bazanı yaratmaq məqsədilə müvafiq monitorinqin aparılması
zərurətini yaratmış, bununla bağlı
təhsil nazirinin müvafiq əmrilə mütəxəssislərdən
ibarət işçi qrupu yaradılaraq, onun
tərəfindən yerlərdə təhlil aparılmışdır.
Məruzə-təqdimatda qeyd olundu ki, hazırda
təcrübələrin təşkili və keçirilməsi müvafiq
normativ sənədlərlə və ali təhsil müəssisələri
tərəfindən hazırlanmış tədris plan
və proqramları ilə tənzimlənir. Bir çox ali məktəblər tədris plan
və proqramlarına uyğun olaraq təcrübələrin
keçirilmə vaxtını və müddətini
dəqiqləşdirir, təcrübə keçiriləcək müəssisələri
müəyyənləşdirir, onlarla müqavilə bağlayır,
müvafiq tövsiyələr hazırlayır, xüsusi formalar üzrə
tələbələrdən hesabatları qəbul edir,
konfranslar təşkil edir, yekun seminarlar keçirirlər
və s. Sonra məruzəçi 2006-2007 və
2007-2008-ci tədris illəri üzrə ali təhsil müəssisələrinin
təcrübə keçmək üçün müxtəlif müəssisə,
idarə və təşkilatlarla bağladıqları müqavilələr
barədə məlumatı əks etdirən
cədvəllə kollegiya iştirakçılarını tanış
etdi. Cədvəldən aydın oldu ki, Azərbaycan Dövlət
Neft Akademiyası təcrübə keçmək üçün 67, Bakı
Dövlət Universiteti 66, Azərbaycan Memarlıq və İnşaat
Universiteti 57 nazirlik, müəssisə və təşkilatla,
Azərbaycan Dövlət Pedaqoji, Bakı Slavyan, Azərbaycan
Dillər, Bakı Qızlar
universitetləri bir çox
ümumtəhsil məktəbləri ilə müqavilə bağlamışlar. Tərkibində müxtəlif pilləli
təhsil müəssisələri olan ali
məktəblərin təcrübəni bu müəssisələrdə
təşkil etməsi məruzəçi tərəfindən
müsbət hal kimi dəyərləndirildi. Bununla yanaşı, İ.Mustafayev dedi ki,
aparılan təhlil bir sıra ali təhsil müəssisələrində
görülmüş müəyyən müsbət işlərə
baxmayaraq, bu sahədə hələ də problem və çatışmazlıqların
mövcudluğunu göstərir. O, təəssüflə
bildirdi ki, mütəxəssis hazırlığında
istehsalat təcrübəsinin təşkili və keçirilməsinin
əhəmiyyəti dərindən dərk
edilmədiyinə görə, son zamanlar bir sıra ali
təhsil müəssisələrində ona kifayət
qədər diqqət yetirilmir. Belə ki, tədris müəssisələri
tərəfindən təcrübənin təşkili, müəssisə,
idarə və təşkilatlarla müqavilələrin bağlanması
və onların həyata keçirilməsi
məsələləri tələb olunan
səviyyədə qurulmamışdır. Bəzən bağlanan
müqavilələrdə təcrübə keçənlərin ümumi
sayı qeyd olunmur, müəssisənin nə qədər
təcrübəçi qəbul edə bilmə imkanları haqqında
məlumat verilmir, tərəflərin öhdəlikləri
ətraflı şərh edilmir və bu
bəndlərdə təcrübə zamanı təcrübəçilərin
işə götürülmə, vakant yerlərin
tələbələrə iş yeri kimi müəyyən
edilməsi barədə heç bir məlumat göstərilmir. Bu
da onu göstərir ki, bir çox hallarda təcrübənin təşkili
və keçirilməsi formal xarakter daşıyır. Qeyd olunanların Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi tərəfindən
"Təhsil siyasəti forumu" layihəsi çərçivəsində
keçirilən sorğunun nəticələrinin də
təsdiq etdiyini söyləyən məruzəçi həmin
nəticələri əks etdirən cədvəllə
də kollegiya iştirakıçılarını tanış
etdi. Məlum oldu ki, ali məktəblərdə sorğu
aparılan 548 respondentdən 20,8%-i təcrübədə
hərdənbir iştirak etdiyini, 38,9%-i isə heç iştirak
etmədiyini qeyd etmişlər. Bütün bunları Təhsil
Nazirliyi tərəfindən
aparılmış sorğuların da təsdiq etdiyini
deyən İ.Mustafayev 9 ali təhsil və 11 ümumtəhsil
məktəbində aparılan
sorğunun nəticələrini kollegiya iştirakçılarının
diqqətinə çatdırdı. Bildirdi ki, sorğuda 900
tələbə və 10 ilə qədər iş stajına
malik olan 245 ümumtəhsil məktəb müəllimi iştirak
etmiş, respondentlərin 214 nəfəri (18,6%) təcrübədə
hərdənbir iştirak etdiyini, 185 nəfəri (16,1%)
təcrübədə iştirak etmədən müsbət
qiymət aldığını, 226 nəfəri (19,7%)
təcrübə müəssisəsi tərəfindən
təyin olunmuş təcrübə
rəhbərlərindən narazı qaldığını
bildirmişlər. ümumtəhsil
məktəb müəllimlərinə "Pedaqoji təcrübənin
təkmilləşdirilməsi üçün nəyi tövsiyə
edərdiniz" verilən suala cavab olaraq onlar təcrübə
zamanı sınaq dərslərin müntəzəm keçirilməsini,
məktəbin idarə olunması ilə bağlı
sənədlərlə daha ətraflı tanış
olmasını, təcrübə müddətinin artırılmasını
tövsiyə etmişlər. Bir sıra ali təhsil müəssisələri
mütəxəssis hazırlığı aparılan bütün
ixtisaslar üzrə müqavilə bağlaya
bilmədiklərindən əksər hallarda təcrübələrin
ali məktəb rəhbərliyinin məktubu əsasında
sərbəst təşkil olunluğunu deyən şöbə
müdiri fikrini əyaniləşdirmək üçün misallar
gətirdi. Qeyd etdi ki, məsələn, Səttarxan adına Maşınqayırma zavodu
TASC, Bünyad Sərdarov adına Maşınqayırma zavodu
TASC, AMEA-nın Kimya Problemləri İnstitutu, Bakı
Protez Zavodu, "Azərsunholdinq" şirkətlər
qrupu (Bakı yağ və qida sənayesi) Azərbaycan
Texniki Universiteti ilə müvafiq ixtisaslar üzrə müqavilələr
bağlamaqdan imtina edirlər. Bakı şəhərində
fəaliyyət göstərən özəl tikinti şirkətləri
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
təcrübəçi tələbələrini xüsusi
geyimləri olmadığı üçün tikinti meydançalarına
buraxmırlar. Gəncə Gömrük İdarəsi və
Gəncə Sertifikatlaşdırma və Sınaq
Mərkəzinin rəhbərliyi Azərbaycan Texnologiya
Universiteti ilə təcrübə müqaviləsi bağlamaqdan
imtina edirlər. Vəziyyətdən çıxmaq üçün
təhsil müəssisələri təcrübələri mütəxəssis
hazırlığı aparılan ixtisaslara qismən uyğun
gələn idarə və təşkilatlarda keçirməli
olurlar. Məruzə-təqdimatda bildirildi ki, qeyri-dövlət
təhsil müəssisələrində təhsil alan
tələbələrin 80 faizdən çoxu özlərinin
səyləri nəticəsində fərdi firmalarda
təcrübə keçirlər. Lakin məruzədə bu
sahədə nöqsanların olduğu da vurğulandı.
Qeyd olundu ki, Azərbaycan Beynəlxalq Universiteti "Dövlət
və bələdiyyə", "Gömrük işinin təşkili",
"Sənaye və mülki tikinti", "Beynəlxalq
iqtisadi münasibətlər", "İqtisadiyyatın hüquqi
tənzimlənməsi" ixtisasları üzrə təhsil
alan tələbələrin təcrübə keçməsi
üçün heç bir təşkilatla müqavilə bağlamamışdır.
Bundan əlavə, həmin universitetin müvafiq
sənədlərində "Maliyyə və kredit"
ixtisası üzrə təhsil alan 400 tələbənin
təcrübəsini "İqtisadi İslahat
Mərkəzi"ndə keçməsi qeyd olunur. Lakin araşdırma
zamanı məlum olmuşdur ki, bu müəssisələrin
fəaliyyəti və onun harada yerləşdiyi haqda
nə təcrübə rəhbərinin, nə də
universitetin müvafiq aidiyyəti strukturlarının
məlumatı yoxdur. Tələbələrin təcrübəyə
göndərilməsi, təcrübə yerlərinin müəyyənləşdirilməsi,
əmrlərin hazırlanması və tərtibatında,
ali təhsil müəssisələri tərəfindən
təcrübə rəhbərlərinin təyin
edilməsində müəyyən nöqsanlara yol verilir. Məruzə-təqdimatda pedaqoji təcrübənin
əhəmiyyəti və təşkili barədə
də söz açıldı. Qeyd olundu ki, pedaqoji təcrübə
pedaqoji kadr hazırlığı aparılan ali təhsil
məktəbləri məzunlarının müəllim kimi
formalaşmasında və metodik ustalıqların qazanılmasında
başlıca təlim vasitəsidir. Pedaqoji təcrübənin
təşkili, keçirilməsi və qarşıya çıxan
problemlərin həlli pedaqoji kadr hazırlayan təhsil müəssisəsi
ilə yanaşı, həm də orta
məktəblərin, peşə liseylərinin,
məktəbəqədər tərbiyə müəssisələrinin
məsuliyyəti və cavabdehliyi əsasında yerinə
yetirilməlidir. Bununla belə, məruzəçi həmin
təhsil müəssisələrinin Təhsil Nazirliyi
tabeliyində olmalarına baxmayraq, bu sahədə də müəyyən
nöqsan və çatışmazlıqlar mövcud olduğunu
diqqətə çatdırdı. Bildirdi ki, aparılan
təhlilin nəticələri ali təhsil müəssisələri
üçün baza ümumtəhsil məktəbləri müəyyənləşdirilmədiyindən
bir ümumtəhsil məktəbinə, eyni zamanda bir neçə
ali (orta ixtisas) təhsil müəssisəsindən təcrübə
keçmək üçün çoxlu sayda tələbələrin göndərildiyini
göstərir. İ.Mustafayev ayrı-ayrı ümumtəhsil
məktəblərində təcrübənin keçirilməsinə
dair müvafiq məlumatın əks olunduğu cədvəli
kollegiya iştirakçılarının diqqətinə
çatdırdı. Cədvəldən məlum oldu ki, ötən
semestrdə Bakı şəhəri 18, 20, 53, 225, 175, 276,
290, 44, 19 nömrəli məktəblərinə eyni vaxtda 3-5
ali (orta ixtisas) təhsil müəssisəsinin
tələbələri göndərilib. Bu da həmin
məktəblərin hər birində ayrı-ayrılıqda
200-700-ə qədər tələbənin cəmləşməsinə
gətirib çıxarıb. Daha sonra İ.Mustafayev Bakı şəhərinin
rayonları üzrə təcrübə keçən
tələbələrin bölüşdürülməsində olan
ciddi nöqsanları da nümayiş edilən cədvəl
əsasında diqqətə çatdırdı. Bildirdi ki,
paytaxtda yerləşən 338 ümumtəhsil
məktəbindən yalnız 61-də təcrübə
təşkil edilir. Bu zaman müxtəlif ali
məktəbləri təmsil edən 5808
tələbədən 43%-i Yasamal, 30%-i isə
Binəqədi rayonlarının ümumtəhsil
məktəblərində pedaqoji təcrübə keçirlər.
Halbuki təcrübələr digər rayonların qabaqcıl
ümumtəhsil məktəblərinin bazalarında da təşkil
edilə bilər. Məruzəçi belə vəziyyətin
yaranmasına görə həm ümumtəhsil, həm də
ali təhsil müəssisələrinin məsuliyyət daşıdığını
söylədi. Məruzə-təqdimatda konkret qüsur və
nöqsanlarla yanaşı, təcrübənin təşkili
və həyata keçirilməsində ümumi xarakterli bir sıra
qüsurların da mövcud olduğu vurğulandı. Qeyd olundu
ki, bir sıra ali məktəblərdə təcrübə
rəhbərlərinin hesabatları və məlumatları
elmi şuralarda, kafedralarda az dinlənilir, bəzi hallarda müzakirələr
səthi xarakter daşıyır. Elmi şuraların
iclaslarında təcrübə haqqında qəbul edilmiş
qərarların icrası vaxtında yoxlanılmır,
qəbul edilən qərarlar təcrübə ilə bağlı
bütün məsələləri
əhatə etmir. Problemin səbəblərinə toxunan
şöbə müdiri söylədi ki, ali təhsil müəssisələrində
bütün növ təcrübələrin keçirilməsində nöqsanları
doğuran səbəblərindən biri mövcud hüquqi-normativ
sənədlərin müasir dövrün tələbləri
ilə uzlaşmaması idi. Bunlar nəzərə alınaraq Təhsil
Nazirliyi tərəfindən "Ali (orta ixtisas) təhsil müəssisələri
tələbələrinin ixtisas üzrə təcrübələrinin
keçirilməsi haqqında Əsasnamə" layihəsi
hazırlanmış və o, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 19.09.2008-ci il, 221 saylı qərarı
ilə təsdiq olunmuşdur. Əsasnamədə təcrübə ilə
bağlı tərəflərin məsuliyyət və öhdəlikləri,
təcrübə keçən tələbələrin və ona
rəhbərlik edən müəllimlərin
vəzifələri, təcrübənin keçirilməsi üçün
maliyyə mexanizminin müəyyənləşdirilməsi,
pedaqoji təcrübəyə ayrılan saatların həcmi
və s. bu kimi müddəalar öz əksini tapmışdır. İ.Mustafayev çıxışının
sonunda ixtisas üzrə təcrübələrin təşkili
və keçirilməsi ilə bağlı ayrı-ayrı ölkələrin
təcrübəsi haqqında da bəzi məlumatları
diqqətə çatdırıb, məruzə-təqdimatda
qeyd olunan nöqsan, çatışmazlıq və mövcud
problemləri aradan qaldırmaq və ixtisas üzrə
təcrübələri günün tələblərinə cavab
verə biləcək səviyyədə qurmaq
məqsədilə bir sıra təkliflər
səsləndirdi: * hər bir ali təhsil müəssisəsi
tərəfindən təsdiq olunmuş Əsasnaməyə
və təhsil müəssisəsinin profilinə uyğun
təcrübələrin keçirilməsinə dair qaydalar hazırlansın; * müvafiq istiqamətlər (ixtisaslar) üzrə
mütəxəssis hazırlığını təmin
edən Dövlət Təhsil Standartlarında beynəlxalq
təcrübə baxımından ixtisas təcrübələrinə
ayrılan saatların artırılması imkanına baxılsın; * bir çox istehsal sahələrinin regionlarda
yerləşdiyini nəzərə alaraq və hazırlanan
mütəxəssislərin həmin istehsal
sahələrinə istiqamətləndirilməsi
məqsədilə təcrübənin bu regionlarda keçirilməsi
və onun maliyyə dəstəyini yaradan mexanizmin hazırlanması
məqsədəuyğun hesab edilsin; * orta ümumtəhsil
məktəblərində tələbələrin
təcrübə keçmələrini tənzimləmək
məqsədilə pedaqoji kadr hazırlayan hər bir ali
təhsil müəssisəsi üçün yerləşdiyi
əraziyə yaxın baza ümumtəhsil məktəbi müəyyənləşdirilsin;
* tələbələrin təcrübə keçdikləri
müəssisə və təşkilatlarda vakant iş
yerlərinə müvəqqəti işə götürülməsi
və onlara əməkhaqqının verilməsi
məsələsinə baxılsın; * ali təhsil müəssisələrinin
rəhbərləri təcrübələrin təşkili
və keçirilməsində buraxılan nöqsanları aradan
qaldırmaq üçün elmi şuralarda bu məsələ
ilə bağlı müzakirələri təşkil
etsinlər və həmin işdə köklü dəyişikliklər
aparmaq məqsədilə müvafiq tədbirləri həyata
keçirsinlər. Məruzə-təqdimat başa çatdıqdan
sonra kollegiya iclasında mövzu ətrafında müzakirələr
aparıldı. Azərbaycan Dillər Universitetinin dekanı
Əfqan Abdullayev, Xəzər Universitetinin rektoru Hamlet
İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov,
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər
Cəfərov, ADNA-nın prorektoru Zaur Əhmədov, Naxçıvan
Müəllimlər İnstitutunun rektoru Sadıx Vəliyev,
Bakı Qızlar Universitetinin rektoru Ağarəhim
Rəhimov, Naxçıvan özəl Universitetinin rektoru İsmayıl
Vəliyev və başqaları çıxış
edərək xarici ölkələrin ali təhsil müəssisələrinin
istehsalat təcrübəsinin təşkili sahəsindəki
təcrübəsindən, təmsil etdikləri ali
məktəblərdə bu işi necə təşkil
etmələrindən, qarşılaşdıqları çətinlik
və problemlərdən söz açdılar, onların
həlli ilə bağlı təkliflər irəli sürdülər. Yusif ƏLİYEV
|