· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Azərbaycan müəllimi" qəzetinin redaksiyasına

Hörmətli redaksiya!

"Yeni Müsavat" qəzetinin 15 dekabr 2008-ci il tarixli nömrəsində riyaziyyatçı alim kimi reklam edilib özünü "yazıq" göstərən və bununla himayəçilər axtaran Əlövsət Osmanlının "Təhsil Nazirliyində Şahbazlı problemi" yazısını xüsusi canıyananlıqla və qeyd edildiyi kimi "nöqtə-vergülünə toxunmadan, olduğu kimi" dərc etmişdir. Bundan əvvəlki nömrədə isə Sevil Hilal qızının mənimlə telefon müsahibəsindən imitasiya ilə hazırladığı olduqca rabitəsiz və natamam fikirlərin məcmusunun verilməsini isə, əslində qəzetin Təhsil Nazirliyinə və şəxsən mənə "münasibəti" kimi qəbul etmək məcburiyyətindəyəm.

Ataların yaxşı məsəli var: "Adımı sənə qoyum, səni yana-yana qoyum". Bu adam anlamadığını hələ də anlamır. Anlamır ki, hamıya qara yaxır. Belə yaramaz. Axı adamdan soruşarlar: sən kimsən və sənə bu haqqı kim verib ki, başqalarına bu qədər böhtan yazırsan və müəyyən "ad"lardan utanmadan istifadə etməklə özünü "dəmdəməki" aparırsan?

Tərcümeyi-halımı danışmaq istəmirəm. Lakin məcburam deyəm ki, Əlövsətdən fərqli olaraq mən ali məktəbi fərqlənmə diplomu ilə bitirərək ümumtəhsil məktəbində müəllimlikdən direktorluğadək, sonra isə aspirantlıqdan universitetin dosentliyinədək uzun bir yol keçmişəm və on ildən artıqdır ki, Təhsil Nazirliyində çalışıram.

Son on ildə Əlövsətlə münasibətimiz çox normal olmuş, xarici ölkələrə səfərlərə getmiş, hesab etmişəm ki, kişi kimi çörək kəsmişik. Necə deyərlər, "haqq-salamımız" olmuşdur. Bu hal I sinif dərslik komplektlərinin qiymətləndirilməsinədək davam etmişdir və məncə o da etiraf edər ki, hər ikimiz bu münasibətlərdən məmnun olmuşuq.

Dərslikləri Qiymətləndirmə Şurasının adıçəkilən qərarından sonra Əlövsət hamımıza "qarayaxma" kampaniyasına başlamış, sözün həqiqi mənasında "başını itirmişdir". Telefon zəngləri, hədələri, yazıları ilə zəhləmizi tökən Əlövsət qəzetlərdə özünə tribuna "əldə edərək" əsl mənəviyyatsızlıq nümunəsi göstərir. Onu da, bizi də tanıyırlar. Bizi (onu da) ailə üzvlərimizin, qohum-əqrəbamızın, dost-tanışlarımızın, ondan fərqli olaraq mənim saysız-hesabsız tələbəm və indiki kolleqalarımın (yeri gəlmişkən, onlardan və bütün oxuculardan bu yazıda məcbur olub istifadə etdiyim bəzi ifadələrə görə üzr istəyirəm) üzdə deməsələr belə, qınayacaqlarına şübhə etmirəm. Ona da şübhəm yoxdur ki, bizi (onu və məni) yaxşı tanıyanlar Əlövsətin mənim haqqımda işlətdiyi bənzətmələrə görə ona mütləq ən azı "ayıbdır" deyəcəklər.

Hörmətli qəzetçilərə və oxuculara bir daha bildirirəm ki, nazirliyə daxil olmuş bütün əlyazmaları Dərslikləri Qiymətləndirmə Şurasının hörmətli üzvləri və Əlövsətdən fərqli olaraq bizim çox böyük qiymət verdiyimiz, ondan savadlı və saf olmalarına qəti şübhə etmədiyimiz ekspertlər tərəfindən heç bir müdaxiləsiz qiymətləndirilmiş, Tender komissiyasının qərarına əsasən təsdiq edilmişdir. Bir az da aydın olsun deyə qeyd etməyi lazım bilirəm ki, qiymətləndirmədə keçid balını toplamayan əlyazmaları olduqda, qaydalara görə, ən çox bal yığmış əlyazmasını təqdim edən nəşriyyata komplekt üzərində işləmək üçün müəyyən vaxt verilir. Qiymətləndirilən "Riyaziyyat-1" komplektinin birincisi 98,4 bal ("Altun-Kitab" nəşriyyatı), ikincisi isə 89,2 bal ("Pedaqogika" nəşriyyatı) toplamışdır. Respublikamızda kurrikulum əsasında dərslik komplektləri hazırlığı ilk təcrübə olduğundan və seçimin daha obyektiv aparılması məqsədilə nazirlik hər iki nəşriyyata ("Altun-Kitab" və "Pedaqogika") müvafiq məktub yazaraq əlyazmaları üzərində işləyib bir ay müddətində yenidən qiymətləndirilməyə təqdim olunmasını tövsiyə etmişdir. Kifayət qədər vaxt olduğu halda "Pedaqogika" nəşriyyatı əlyazmasını yenidən qiymətləndirməyə təqdim etməmişdir. "Altun-Kitab" isə qeyd olunmuş nöqsanlar üzərində işləmiş və yenidən qiymətləndirilməklə keçid balını toplamışdır. Bax, belə!

Yazını tamamlayanda onun çapa verilməsi ilə bağlı tərəddüd keçirdim. Əslində, bu cür bu ruhlu yazı mənim əqidəmə ziddir...

 Hörmətlə, 

Faiq ŞAHBAZLI,

Təhsil Nazirliyinin

Dərslik və nəşriyyat şöbəsinin müdiri

 

 

 

 

 

Əlövsət Osmanlıya açıq məktub

Hörmətli redaksiya!

Ə.Osmanlı Salyan müəllimlərinin bir qrupunun pedaqoji ictimaiyyətə müraciətində soy adımı gördükdən sonra mənə dəfələrlə zəng edib hədələdi və təhqir etdi. Məni kütbeyin və s. adlandırdı. Bunlar keçməyəndə söhbəti başqa istiqamətə yönəltdi.

Əlövsət müəllim, II, III, IV sinif riyaziyyat dərsliklərindəki elmi-metodik səhvləriniz barədə sizi məlumatlandırmışdım. İndi isə icazənizlə həmmüəllifi olduğu I siniflər üçün "Riyaziyyat" dərsliyi ilə müəllifləri Nayma Qəhrəmanova və Cəmilə Əsgərova olan "Riyaziyyat-1" dərsliyinin müqayisəli təhlilini pedaqoji ictimaiyyətə təqdim edim.

Hörmətli Əlövsət müəllim! İlkin hesablamalarınıza görə "Riyaziyyat-1" dərslik komplektində mindən çox elmi-pedaqoji səhv tapıldığını yazırsınız. Əlövsət müəllim, "Riyaziyyat-1" dərslik komplekti neçə səhifədir, neçə mövzu var?- bilmirəm, buna baxmısınızmı? Müqayisədə tapdığınız səhvlər "çox" deyilmi? Sovetlər dönəmində bir dəzgahın, 1 hektar torpaq sahəsinin məhsuldarlığını ilkin hesablamalara görə müəyyənləşdirərdilər.

Əlövsət müəllim!

Məni düşündürən bu oldu ki, hansı kitab daha keyfiyyətli, daha müasirdir.

Əvvəlcədən hər iki kitabdakı səhvləri müəyyən etməyə çalışdım. Əlövsət müəllim, sizin kitabınızdakı səhvlər aşağıdakılardan ibarətdir:

Dərsliyinizin birinci tapşırığında şəkildə gördüyünüz varlıqları sayın, sualı qoyulub. Şəkildə 50-dən çox "Varlıq" var. Hələ saymağı yaxşı bilməyən uşaq bu suala hansı cavabı verəcək?

İkinci tapşırıqda şəkilləri müqayisə edin, sualı qoyursunuz. Müqayisə əsasən böyükdür, kiçikdir, bərabərdir anlayışı ilə bağlıdır. Burada "Riyaziyyat-1" dərsliyindəki kimi, əşyaların əvvəlki və sonrakı yerini müəyyənləşdirin, sualı qoyula bilər.

Dərsliyinizin yeddinci səhifəsindəki şəklə görə ördək, it, pişik, ayı, dovşan ötüşür. Sual qoyursunuz kim neçənci yerdədir?

Əlövsət müəllim, səhifə 82-də sual 2-də "şəkillərə diqqətlə baxın, onlar insandır, yoxsa heyvan?" Bunlar tir atırlar. Sual qoymusunuz. 1) Kim neçə xal topladı? 2) Kim neçənci yeri tutdu? Azərbaycan dilində insandan başqa bütün canlılar və cansızlar isim kimi nə sualına cavab verir. Bu tipli sual səhifə 58-də var. Maşın və heyvan şəkilləri çəkilib. Sual qoyulur. Hansı maşın kimindir?

Səhifə 25-də  sual 1-də kvadrat neçə çöpdən və dairəcikdən düzəldilib sualı qoyursunuz. Dairəciklər kvadratın təpələrində qoyulub. Belə çıxır ki, kvadrat təpələrində qoyulan 4 dairəcikdən ibarətdir. Bu cür sual səhifə 3-də, sual 2-də də var.

Diqqətimi cəlb edən ən çox işlənən "incələyin" sözü oldu. İncələmək xırdalığına qədər izah etmək, araşdırmaq deməkdir. Bu söz bütün dərslik boyu,şəkilləri incələyin, misalları incələyin olmaqla 35 dəfədən çox təkrar edilib. Axı bu söz dilimizdə çox nadir hallarda işlənir, o ki qaldı riyaziyyatda. Onu əvəz edən çox işlək sözlərimiz var. Məsələn: izah edin, şərh edin və s. Səhifə 9-da sual 4-də işıqfor sözündən istifadə edilib və şəkillər çəkilib. Bu söz gəlmə sözdür. Əgər sözün tam tərcüməsi yoxdursa, olduğu kimi qalsa daha yaxşı idi. Nə yaxşı ki, səhifə 26-da flomaster sözü "flousta" kimi tərcümə olunmayıb.

Səhifə 25-də kadrları incələyin və yazılışları düzəldin, sualı qoyulub. Kadr əvəzinə kino-kadrları, kino-lentləri sözləri işlədilməlidir. Bu sözə səhifə 80-də sual 1, səhifə 84-də sual 1, səhifə 88-də sual 1, səhifə 111 sual 1-də rast gəlmək olar. Kadr sözü bir neçə mənalıdır. Səhifə 47-də sual 2-də Dəftər damalarının köməyi ilə varlıqların uzunluğunu müəyyənləşdirin. Hamısı da qələmlərdir. Varlıqlar sözünə də çox səhifələrdə rast gəlmək olur. Səhifə 12-də sual 1-də varlıqları boyuna görə müqayisə edin. Varlıq sözü niyə işlənib? İnsandan başqa canlıdırsa və yaxud cansızdırsa, konkret adı deyilsin, ya da əşya adlandırılsın.

Dərsliyin 50-ci səhifəsində dördüncü tapşırıqda hansı kartoçka qanunauyğunluğu pozur, sualı qoyursunuz. Kartoçka cansız bir əşyadır. Qanunauyğunluğu necə poza bilər? Sual belə qoyulmalıdır. Qanunauyğunluq hansı kartoçkada pozulub?

Dərsliyin 77-ci səhifəsində kisədəki hansı pullarla konfeti qalıqsız almaq olar? sualı qoyursunuz. Qalıq bölmə əməlinin nəticəsində alınmırmı?

Dərsliyin 109-cu səhifəsində onluğu aşma halı üçün toplama və çıxmaya hazırlıq mövzusu verilir. Başlıq özü mücərrəddir. 10 ədədini aşmaqla toplama və çıxmaya hazırlıq kimi yazılmalıdır.

Səhifə 89-da sual 2-də Məstanla Toplanın birlikdə şəkili çəkilib. Sual qoyulur: Toplanla məstanın birlikdə neçə topu var? Şagird sual verə bilər? Nə vaxtdan itlə pişik birlikdə olub?

Səhifə 121-də sual 1: Dükanda 14 kartof vardı, 4-nü Anar aldı. Dükanda neçə kartof qaldi? Yenə həmin səhifədə sual 2 də bu tiplidir.

Əlövsət müəllim, nə vaxtdan kartof dənə ilə satılıb. Kütlə anlayışı və kq olaraq kütlə vahidi haqqında dərslikdə məlumat vermisiniz. Niyə bu məsələdə kütlə vahidindən istifadə etməmisiniz? Kütlə vahidindən istifadə etmək istəmirdinizsə, onda dükanda sayla satılan əşyaların, məsələn, dəftərin, kitabın, qələmin, lampanın və s-nin adlarını misal çəkmək olardı.

Səhifə 123-də sual 4: Qırmızı zolaq nə qədər uzundur? Şəkilləri çəkmisiniz. Nəyə görə nə qədər sözü yazılıb, uzunluq vahidi olaraq sm haqqında izahat kitabınızda verilib. Odur ki, nə qədər sözü əvəzinə konkret olaraq neçə sm sözü yazılmalıdır. Həmin nöqsanlar sual 2 və 3-də təkrar olunur.

Səhifə 105 sual 3-də Mikroavtobusdakı sərnişinlərin sayı taksidəki sərnişinlərin sayından nə qədər çoxdur? Yenə də nə qədər yazmısınız. Dəqiqi yazılış: Mikroavtobusdakı sərnişinlərin sayı taksidəki sərnişinlərin sayından neçə nəfər çoxdur?

Nə qədər çoxdur, nə qədər azdır ümumi anlayışdır. Həmin anlayışın altında məsələ vermisiniz. Pişiklərin sayı yumaqların sayından nə qədər çoxdur. Pişiklərin və yumaqların şəkli çəkilib. Yenə məsələni səhv tərtib etmisiniz. Düzəliş: Pişiklərin sayı yumaqların sayından neçə dənə çoxdur? Pişik də, yumaq da nə sualına cavab verir. "Nə qədər" sualı əsasən insanla əşya müqayisə edilərkən qoyulur.

Görürsünüzmü nə qədər səhvləriniz var? Diliniz necə də ağırdır? Sizin şəkillər multfilmin şəkillərini xatırladır. İndiki zamanda bu şəkillər şagirdləri heyrətləndirə, düşündürə bilməz.

20 dairəsində hesab səhvləri axtarmaq əlbəttə, yersizdir. Səhvlər əsasən cümlə quruluşunda və şəkillərin qeyri-reallığındadır. Müəllifləri Nayma Qəhrəmanova, Cəmilə Əsgərova olan I sinif "Riyaziyyat" dərsliyindəki səhvlər aşağıdakılardır. Səhifə 16-da "3" mövzusunda misal 2 də 6 ədədini öyrətməmiş, ona aid sual var. Səhifə 72-də həndəsi fiqurlar mövzusunda dairə haqqında məlumat verilir: Yuvarlaqdır, bucaq və tərəf yoxdur. Burada yuvarlaq yazmaq düzgün deyil. Yazmaq olardı yumrudur və ya yuvarlanandır. Kvadratda qeyd etmək lazım idi ki, bucaqları bərabərdir.

Dərsliyin sonunda statistik məlumatların qrafik təqdimatının 3 forması barqraf, teliqraf, piktoqram haqqında məlumatlar verilir. Müəlliflər məzmun standartlarına uyğun olaraq bu öyrətmə formalarını dərsliyə gətiriblər. Dərslikdə bunlardan ikisi haqqında izahat verilir, ancaq teliqraf sözünün məzmunu açılmır. Əlövsət müəllim, mənim müəyyənləşdirdiyim nöqsanlar bunlar oldu.

Tədris olunan dərsliyin üstünlükləri hansılardır?

Səhifə 10-da əşyanın yeri mövzusu verilib, düzbucaqlı çəkilib və xanalara ayrılıb. Şaquli və üfiqi xətlərin kəsişməsində heyvanlar şəkli var. Sual qoyulur: heyvanxananın planında istifadə etməklə heyvanların yerini müəyyənləşdir. Sonra dalbadal 5 sual qoyulur. Müəlliflər bu suallarla düzbucaqlı koordinat sistemini gizli şəkildə hiss edilmədən dərsliyə daxil ediblər. Buna afərin demək olar. Bu da yuxarı siniflərdə düzbucaqlı koordinat sistemində istifadə etmək üçün ibtidai sinifdən başlayaraq zəmin yaradır.

Səhifə 11 sual 3-də dənə azdır, dənə çoxdur sözlərindən istifadə edərək ördəklər və maşınlar şəkli çəkiblər. Sualı da düzgün qoyublar. Müqayisə et. ördək də, maşın da "nə" sualına cavab verir. Sıra saylarına aid məsələlər aydın və maraqlıdır. Səhifə 30-da şagirdlərə toplama və çıxma vərdişlərini aşılayan suallar pedaqoji ustalıqla verilib. Müəlliflər fənlərarası əlaqədən də yerində və zərifliklə istifadə ediblər. Bunlara 22, 73 və s. səhifələrdə təsadüf olunur. Oyunlar, cütlərlə iş, qruplarla iş dərslikdə ayrıca verilib.

Müəlliflər ədəd oxu anlayışını I sinif dərsliyinə məharətlə gətiriblər. Toplama və çıxmanı ədəd oxu üzərində aparmaq çox asandı (Sizin dərsliyinizdəki kimi yorucu tablolarla toplamaya, çıxmaya ehtiyac yoxdur). Yuxarı siniflərdə ədəd oxu anlayışını genişləndirməyə imkan verir. Simmetriya anlayışını da buna qoşmaq olar. Sonra müəlliflər ədədlər ailəsi anlayışını veriblər. Cümlə quruluşları çox sadədir. Məsələ və misallar konkretdir. Real həyatı ifadə edir. Demək olar ki, hər mövzunun sonunda şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün məntiqi suallar və problemlər qoyulur və s.

Bir sözlə, mövzular və suallar elə qurulub ki, hər bir müəllim aktiv və interaktiv metodlardan istifadə edərək dərsini maraqlı qura bilər.

Müəlliflər ehtimal nəzəriyyəsinin də elementlərini şagirdlərin düşünmə bacarığını nəzərə alaraq mütləq, yəqin ki, mümkündür, mümkün deyil sözlərindən istifadə etməklə dərsliyə gətiriblər.

Odur ki, "Riyaziyyat-1" dərsliyinin bu üstünlüklərinə əsaslanaraq DQŞ-nin qərarını düzgün hesab edirəm.

Hörmətli Əlövsət müəllim! Mən heç bir kəsin təsiri altına düşən adam deyiləm. Mənim adımı qəzetlərdə hallandırıb haqqımda mənfi emosiya yaratmayın. Heç kəs mənə təzyiq göstərə bilməz, o cümlədən siz də. Mən həqiqət, ədalət və bu millətin inkişafı namınə söz deməkdən, fikir söyləməkdən heç vaxt çəkinməmişəm.

Hörmətlə,

Zabit ORUCOV,

Salyan rayonu, Yuxarı Xalac

kənd orta məktəbinin riyaziyyat müəllimi, "Tərəqqi" medallı