· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yaşlıların peşə təhsilinə həsr olunmuş konfrans

Dekabrın 19-da "Avropa" otelində "Yaşlıların Peşə Təhsili: problemlər və perspektivlər" mövzusunda milli konfrans olmuşdur. Tədbir DVV İnternational təşkilatının (Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirildi.

Əsas məqsəd müasir cəmiyyətdə hər bir vətəndaşın iştirakı, peşə, sosial və mədəni tələbatlarını ödəyən yaşlıların təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir.

Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) ölkəmizdəki nümayəndəliyinin milli koordinatoru İsgəndər Sadiq, Yaşlıların Peşə Təhsili Assosiasiyasının sədri Azər Ramazanov, Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının biznesin inkişafı departamentinin müdiri İlqar Əsədov, Mədəniyyət və turizm, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri və ictimai qurumların təmsilçiləri iştirak edirdilər.

Konfransın açılışında çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov qeyd etdi ki, əsasən Azərbaycanda yaşlıların təhsili ilə bağlı mövzu qəbul olunmur və yaxud bu sahədə az məlumat var. Biz çalışırıq ki, orta təhsili başa vurduqdan sonra ali təhsil alaq və müvafiq sahədə fəaliyyət göstərib, sonda isə təqaüdə çıxaq. Avropa və digər ölkələrdə isə bu iş tamamilə fərqlidir. İqtisadiyyat hansı səmtə inkişaf edibsə, tələbə uyğun olaraq kadrlar hazırlanır. Bu, təkcə peşə təhsili yox, ümumiyyətlə əlavə təhsilin bir qoludur. Bir çox ölkələrdə qeyri-formal təhsilin leqallaşdırılması mövcuddur. Nazir müavini bildirdi ki, Təhsil Nazirliyi olaraq yaşlıların peşə təhsili sistemini elə qurmalıyıq ki, yaşından  və təhsilindən asılı olmayaraq, kimsə hansısa əlavə peşəni qazanmaq istəyirsə, onu həyata keçirə bilsin.

Cənab Prezident İlham Əliyevin peşə təhsili ilə bağlı təsdiq etdiyi Dövlət Proqramının müddəalarını əsas götürərək bu sistemdə əsaslı dəyişikliklər etməliyik.

çıxışının sonunda İ.İsgəndərov bu mövzu ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılmasını xüsusilə vacib saydı.

Sonra İsgəndər Sadiq, Azər Ramazanov, Namiq Məmmədov və İlqar Əsədov mövzu ilə bağlı məruzələr etdilər. Maraqlı keçən müzakirələrdə bir sıra təkliflər səsləndi.

 

Fazil İDRİSOĞLU