· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb direktorları kurrikulumla bağlı nə bilirlər?

Sorğularımız paytaxtın bəzi məktəb rəhbərlərinin bu mövzu ilə bağlı məlumatsızlığını üzə çıxardı

Bu il ilk dəfə olaraq respublikanın ümumtəhsil məktəblərinin I siniflərində Milli Kurrikulumlar tətbiq olunmağa başlanılmışdır. Artıq doqquz min ibtidai sinif müəllimi yeni kurrikulum əsasında fəaliyyət göstərir.

Deməliyik ki, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulum (bundan sonra - Milli Kurrikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə edir.

Məktəbdə əsas simalardan birincisi sayılan direktorlarımızın Milli Kurrikulumla bağlı fikirlərini öyrənmək məqsədilə bir neçəsinə aşağıdakı sualla müraciət etdik:

- Siz, Milli Kurrikulum anlayışının mahiyyəti haqqında nə bilirsiniz?

- Yeni kurrikulumun əvvəlki proqramlardan fərqli və üstün cəhətləri hansılardır?

 

Direktor kurrikulum anlayışını partaların düzülüşündə görür

 

25 nömrəli orta məktəbin direktoru Nəbi Ağayev bildirdi ki, bu  kurrikulumda partaların düzülüşündə fərq var. Bir il, iki il bundan qabaq şagirdlər  necə istəyirdilər elə də otururdular. İndi isə xüsusi sxem var...

***

275 nömrəli orta məktəbin direktoru Telman Qardaşov isə bildirdi ki, kurrikulum sadəcə olaraq təcrübədən indi keçir. Gələcəkdə necə olacaq, deyə bilmirəm.

 

"Telefonunuzu verin, öyrənib deyərəm"

 

251 nömrəli orta məktəbin direktoru Mahirə Kərimova isə bildirdi ki, sizin suallarınız gözlənilməz oldu. Telefonunuzu verin, gün ərzində öyrənib deyərəm.

Lakin gün ərzində telefonumuza zəng gəlmədi.

***

116 nömrəli orta məktəbin direktoru Rəhilə Məmmədovanın dedikləri bizi təəccübləndirdi. Uzun illər məktəb rəhbəri işləyən R.Məmmədova bu mühüm ümumdövlət sənədini görün necə anlayır:

Proqram çox çətindir, müəllimlər şagırdlərlə çox işləyirlər.

***

Milli Kurrikulumun əvvəlki təhsil konsepsiyasından əhəmiyyətinə görə xeyli dərəcədə fərqləndiyini qeyd edən Qaradağ rayonundakı 106 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Süleyman Şıxəliyev  təhsil ocağında bu istiqamətdə  maarifləndirmə işlərinin aparıldığını bildirdi.  Əvvəllər məsələn şagirdlərə ayrı-ayrı düsturları əzbərləmək öyrədilirdi. Təbii ki, bir müddət keçdikdən sonra bunlar yaddan çıxırdı.  Bir mövzunu tədris edirdiksə, keçilən dərsi soruşaraq biliyini qiymətləndirirdik. Sonra təzə mövzunun tədrisinə keçirdik. Belə olduqda, şagirdlərin əksəriyyəti dərsi tam mənimsəyə bilmirdi. Milli Kurrikulumda isə dərs zamanı şagirdlərdə müxtəlif hərəkətlər, mövzuya yanaşma, sərbəstlik, fəallıq, eyni zamanda dərs prosesində müəyyən anlarda oyunlar vasitəsiylə uşaqların dincəlməsi əsas verir ki, uşaqlar mövzunu dərindən mənimsəsinlər. Nəticədə müəllim-şagird dialoqu  uşaqların bir-biri ilə ünsiyyətinin daha da inkişaf etməsinə səbəb olur. Direktor onu da qeyd etdi ki, birincilərdə fiziki və zehni inkişaf eyni olmur. Bu da nəticədə birincilərə yeni materialı  mənimsəməkdə çətinlik yaradır. Təbii ki, kurrikulumla bağlı öyrənəcəyimiz materiallar hələ çoxdur.

 

Yeni sistemdə uşaq fəal iştirakçı kimi dərsdə görünür

 

Azərbaycan Milli Konservatoriyası nəznində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahizər Şabanbəyova dedi ki, əvvəlki qaydada müəllim jurnalda movzunu və keçilən dərs saatını göstərirdisə, indi o, movzunu yazır, sonra fikirləşir ki, dərsi hansı metodla keçmək lazımdır. Kurrikulum üzrə müəllim sinfə girir, mövzunu elan edir, sonra uşaqların qabağına problem qoyur. Uşaq dərsin əvvəlindən başa düşür ki, bugünkü mövzu nə olacaq və müəllim ondan nəyi almağa çalışır.  Məsələn, müəllim problemi qoyur: deyin görək sətirdən-sətirə iki hecalı sözlə bir hecalı sözü eyni qaydada necə keçirmək olar.  Uşaq artıq öz düşüncəsini işlədir. O, qərara gəlir ki çiçək sözünü sətirdən-sətirə keçirmək olar, ancaq gül sözünü keçirmək mümkün deyil. Müəllim onu başa salmır, yalnız istiqamətləndirir.  

 

"Sorğularınıza gələn il cavab verə bilərik"

 

Kimya-Biologiya təmayüllü liseyin direktoru Mirhəsən Cavadova mövzu ilə bağlı müraciət etdikdə bildirdi ki, bizdə ibtidai siniflər olmadığı üçün soğunuza cavab verə bilməyəcəyəm?!

***

Başdansovdu cavablardan birini də 230 nömrəli məktəbin direktoru İlyas Qəmbərovdan aldıq. O da kurrikulumun mahiyyətinə varmadan ümumi sözlərlə bizim başımızı qatmağa çalışdı.

ümumiyyətlə, belə nəticəyə gəldik ki, Bakı məktəblərinin direktorlarının əksəriyyətinin bu barədə kifayət qədər məlumatı yoxdur. Onlar bu mühüm işə laqeyd yanaşmış və rəhbərlik etdikləri məktəblərdə ibtidai sinif müəllimlərini treninqdən keçirməklə öz vəzifələrini bitmiş hesab etmişlər.

 

Mütəxəssis fikri

 

Milli Kurrikulumla əlaqədar məktəb direktorlarının cavabları bizi qane etmədiyindən Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurrikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasovla əlaqə saxladıq. O, I siniflərdə tətbiq olunan Milli Kurrikulum anlayışını belə şərh etdi:

Tətbiq olunmağa başlayan yeni kurrikulumlar dünya təhsil sisteminin inkişaf tendensiyasına uyğun hazırlanmış kurrikulumlardır. Bu kurrikulumların hazırlanmasında məqsəd cəmiyyət üçün yararlı olan insanın formalaşmasından ibarətdir. Ona görə də dünyada belə kurrikulumlar şəxsiyyətyönümlü kurrikulumlar adlanır. Bu kurrikulumlar əvvəlki proqramlardan ciddi şəkildə fərqlənir. Əvvəlki proqramlar fənn yönümlü daha çox ifrat dərəcədə biliklərin şagirdlərə aşılanmasını qarşıya məqsəd qoyurdusa, bu kurrikulumlarda ən zəruri bilikləri əsaslanmaqla şagirdlərdə həyat üçün, şəxsiyyətin normal fəaliyyəti üçün lazım olan bacarıqların formalaşdırılması diqqət mərkəzində dayanır və şagirdlərin nailiyyətləri də, onların əldə etdiyi bacarıqlar səriştələrlə ölçülür. Bu, hansı məntiqdən irəli gəlir?

Dünyanın ən böyük təhsil proqramı insanı davamlı təhsilə hazırlamaqdan ibarətdir, yəni insan, şəxs elə formalaşdırılmalıdır, elə bacarıqlara sahib olunmalıdır ki, həyatı boyu o bacarıqlara nail olaraq bacardığını təmin edə bilsin. Bu yalnız müəyyən olunmuş idrak bacarıqları vasitəsilə mümkündür. Belə bir bacarığı isə təbii ki, yaddaş məktəbi yox, idrak məktəbi verir. Bizim görkəmli professorumuz Əbdül Əlizadə özünün son araşdırmalarında haqlı olaraq bu məsələyə toxunur. Təfəkkür, idrak məktəbinin yaradılmasının zəruriliyini qeyd edir. Hətta gələcəkdə təxəyyül məktəbinin olacağını bildirir. Təbii ki, biz bu gün yaddaş məktəbi səviyyəsindəyik. ölkəmizdə hazırlanmış yeni kurrikulumlar dünya standartları səviyyəsində olan təfəkkür məktəbinin yaradılmasına imkan verəcəkdir. Yeni kurrikulumların bir maraqlı cəhəti ondan ibarətdir ki, məzmun nəticələr formasında verilir. Bu nəticələrin ölçülməsi mümkün olduğundan onlara həm də təlim standartları demək olar. Təlim standartları təsdiq olunaraq müəyyən bir dövr üçün sabit qalır. Lakin əvvəlki proqramlarda yalnız tədris olunan materiallar göstərirdi ki, əslində məktəbin vəzifəsi müəyyən anlayışları sadəcə mənimsətməkdən ibarət deyil, onların əsasında şagirdlərə müəyyən bacarıqlar verməkdən ibarətdir. ümumitəhsil məktəbində bu, xarakterik bir cəhət kimi diqqət mərkəzində dayanır. Yeni kurrikulumlarda təlim texnologiyaları, strategiyalar təlimin təşkili ilə bağlı məsələlər öz əksini tapır. Fənn kurrikulumlarında bu bir bölmə təşkil edir. Nəhayət, əvvəlki proqramlardan fərqli olaraq, yeni kurrikulumlarda şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələsi əhatə olunur. Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələsində ən vacib cəhət onun məzmununu müəyyən etməkdir. Ona görə də fənn kurrikulumlarına qiymətləndirmə standartları daxil edilir. Orada qiymətləndirmənin forma və vasitələrindən danışılır. Qeyd edim ki, təlim sistemimizdə, pedaqoji tədqiqatlarımızda şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələsi az öyrədilmiş, pedaqogika, metodika kitablarında özünün həllini lazımınca tapa bilmiş məsələdir. Artıq yeni kurrikulumların (istər milli, istərsə də fənn kurrikulumları) yaradılması ilə bu zəruri məsələnin, yəni şagird nailiyyətlərinin qiymətləndirilməsinin həll olunmasına başlanılır. Yəqin ki, gələcəkdə bu sahədə çoxlu araşdırmalar aparılacaqdır.

Şakir CƏFƏROV,

Fazil  İDRİSOĞLU,

Rəşad ZİYADOV