· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

BSU-da Heydər Əliyev məktəbi teleradio studiyası açıldı

Oktyabrın 13-də BSU-da Heydər Əliyev məktəbi teleradio studiyasının açılış mərasimi oldu. Açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov, universitet rəhbərliyi və tələbələr, tanınmış ziyalılar, ölkənin KİV nümayəndələri iştirak edirdilər.

Açılış mərasimindən əvvəl BSU-nun I mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyuldu. Sonra Heydər Əliyev məktəbi teleradio studiyasının açılışı ilə əlaqədar söz BSU-nun rektoru, professor Kamal Abdullayevə verildi.

Rektor bildirdi ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, onun siyasi irsinin təbliği, gənc nəslin fəal həyat mövqeyinin formalaşması, dünyagörüşünün genişlənməsi, bilik və bacarıqlarının zənginləşməsində mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, bu işdə kütləvi informasiya vasitələrinin rolu böyükdür. ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Slavyan Universitetində respublika təhsil sistemində ilk dəfə olaraq Heydər Əliyev məktəbi teleradio studiyasının yaradılması və onun prezident seçkiləri ərəfəsində fəaliyyətə başlaması təkcə universitetin deyil, ümumilikdə ölkə elmi ictimaiyyətinin həyatında əlamətdar bir hadisə sayıla bilər.

BSU-nun Heydər Əliyev məktəbi teleradio studiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məlum sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçib. Teleradio studiyasının əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və təbliğində geniş tələbə auditoriyasını cəlb etməkdən, universitetdə təhsil alan tələbə-jurnalistlərin, tərcüməçilərin, filoloqların, regionşünasların, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin yüksək peşə hazırlığını təmin etməkdən, onlara müvafiq ixtisaslar üzrə əmək fəaliyyətlərində zəruri ola biləcək bilik və bacarıqlar aşılamaqdan, təcrübə qazanmaq imkanı yaratmaqdan ibarətdir.

Teleradio studiyası ötən dərs illərində xoş ənənəyə çevrilmiş "Heydər Əliyev məşğələləri"nin artıq məhdud bir auditoriyadan kənara çıxaraq bütün universitetin müəllim və tələbə heyətini əhatə etmək imkanı yaradacaqdır.

Hazırda bütün auditoriyalarda, o cümlədən, rəhbər və inzibati qurumların iş otaqlarında, universitetdə fəaliyyət göstərən müxtəlif ölkələrin tədris-mədəniyyət mərkəzlərində, elmi-tədqiqat laboratoriyalarında, akt və konfrans zallarında, tədris kabinetlərində radioqəbuledicilər quraşdırılmış, studiya lazımi  avadanlıqla təchiz edilmiş, efirə çıxacaq teleradioverilişlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir.

Teleradio studiyasında universitet qonaqlarının - ölkəmizin və xarici dövlətlərin görkəmli dövlət və ictimai xadimlərinin, tanınmış alimlərin çıxışlarından, onların dəyərli fikir və mülahizələrindən ibarət fonotekanın yaradılması, zəngin arxiv materiallarından gələcəkdə mütəmadi istifadə edilməsi, onların universitetdə tədris edilən müxtəlif dillərdə səsləndirilərək geniş dinləyici auditoriyasına çatdırılması nəzərdə tutulub.

Bakı Slavyan Universitetində tanınmış jurnalist və təcrübəli mütəxəssis Etibar Babayevin rəhbərlik etdiyi teleradio studiyasının yaradılması yeni tədris ilində tələbə və müəllimlərə yaxşı hədiyyədir.

Şakir CƏFƏROV