· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 13-də Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Nazirlər Kabinetinin bugünkü geniş iclası doqquz ayın yekunlarına həsr edilibdir. Nazirlər Kabinetinin geniş iclasları Azərbaycanda artıq gözəl ənənəyə çevrilibdir. Biz hər rübdə bir dəfə görülən işlər haqqında hesabatları dinləyirik, görülən işlər təhlil edilir, gələcək planlar müzakirə edilir və eyni zamanda bu iclaslar görülən işlər barədə bir növ xalqa verilən hesabatdır.

Mən hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var. çünki hökumətin, dövlətin fəaliyyəti daim xalqın nəzarəti altında olmalıdır. Bizim bütün işlərimiz çox açıq, şəffaf şəkildə aparılır. Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına, Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəldilibdir. Bir daha demək istəyirəm ki, hər üç aydan bir belə geniş müzakirənin aparılması böyük əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, hər üç ayda Azərbaycanda yeni hadisələr, çoxlu yeniliklər baş verir. Bizim uğurlu iqtisadi inkişafımız çox dinamikdir və hər üç aydan bir deməyə çox sözlərimiz var.

Son doqquz ay ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. Bizim iqtisadi artım sürətimiz həmişəki kimi çox yüksək olmuşdur və ümumi daxili məhsul doqquz ay ərzində 15 faiz artmışdır. Nəzərə alsaq ki, son dörd il ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci nömrəli ölkədir, bu, çox yüksək göstəricidir. Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir.

Sənaye istehsalının artımı 12 faiz təşkil etmişdir, kənd təsərrüfatında artım 8 faizdən çox olmuşdur. Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək olmasıdır. İnflyasiya 21 faiz təşkil edir. Ancaq əhalinin pul gəlirləri 34 faiz təşkil edir. Yəni bir daha bunu göstərir ki, inflyasiyanın yüksək olması əhalinin pul gəlirlərinin daha da yüksək sürətlə olması ilə tənzimlənir. Ancaq, əlbəttə ki, biz növbəti illərdə də inflyasiyanın səviyyəsinə çox ciddi fikir verməliyik. Bunun müxtəlif səbəbləri var. Bu barədə çoxlu danışılıbdır. Həm dünyada gedən böhranlı hadisələr, həm enerji daşıyıcılarının qiymətlərinin qalxması və digər səbəblər. Hər halda, Azərbaycanda iqtisadi və sosial sahələrdə islahatların aparılması bu mənfi halı maksimum dərəcədə aşağı endirir.

Ancaq bir daha demək istəyirəm ki, biz bu məsələyə daim çox ciddi diqqət göstərməliyik və 2009-cu ildə inflyasiyanın daha da aşağı səviyyəyə salınması üçün çalışmalıyıq.

ölkəmizdə sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Bu, bizim siyasətimizdir və bu ilin doqquz ayında bu siyasət özünü göstərmişdir. Son rübdə minimum əməkhaqqı və minimum pensiyaların baza hissəsi artırılmışdır, çoxlu sosial təşəbbüslər irəli sürülmüşdür. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əməli-praktik tədbirlər görülmüşdür. Humanitar sahədə bizim bütün planlarımız icra edilir, məktəblər, yeni xəstəxanalar tikilir. Yəni insanların yaxşı yaşaması üçün, rifah halının yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər görülür.

Bizim büdcəmizdə də sosial məsələlərin həllinə kifayət qədər çox vəsait nəzərdə tutulmuşdur və ölkənin qarşısında duran sosial məsələlərin həllində biz o vəsaitdən istifadə edirik. İnfrastruktur layihələrin icrası bütün istiqamətlərdə davam etdirilmişdir. Bizim ilin əvvəlində 2008-ci il üçün nəzərdə tutduğumuz bütün tədbirlər icra edilir və nəhəng infrastruktur layihələri - nəqliyyat, energetika, tikinti və digər sahələri əhatə edən infrastruktur layihələri icra olunur. Bu, ölkəmizi böyük dərəcədə gücləndirən amildir. ölkəmizin bundan sonra uzun müddət ərzində dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına böyük təkan verir. çünki güclü infrastruktura malik ölkələr, əlbəttə, bu imkanlardan geniş istifadə edirlər. Azərbaycanda son illər ərzində bu sahəyə çox böyük vəsait qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuşdur. Biz bunun gözəl nəticələrini bu gün görürük. çoxlu elektrik stansiyaları tikilib, qaz xətləri çəkilib, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülübdür. Avtomobil yolları, dəmiryolu, hava, dəniz nəqliyyatı  - bütün bunların inkişafı göz qabağındadır. ölkəmizin hərtərəfli inkişafı üçün, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, eyni zamanda nəhəng transmilli layihələrlə tamamlanır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi bunun çox bariz nümunəsidir. Mən çox şadam ki, bu layihə indi uğurla icra edilir və heç şübhə yoxdur ki, layihə vaxtlı-vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacaqdır.

Son doqquz ayda regionların inkişafı sürətlə getmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıb və mənim rayonlara son səfərlərim bunu bir daha əyani şəkildə göstərir. Regionlarda nə qədər böyük işlər görülüb, rayonlarımızın siması dəyişibdir. çox gözəl layihələr icra olunur - həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr. Rayonlarımızın iqtisadi artımı da çox yüksək sürətlə ölçülür. Son beş il ərzində əksər rayonların iqtisadiyyatı 2 dəfədən çox artıbdır. İlk növbədə, bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı olmuşdur. Yəni bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq, demək olar ki, çoxşaxəlidir.

Biz gələcək illərdə bu məsələyə daha da böyük diqqət göstərəcəyik. Həm dövlət qayğısı göstəriləcək, həm kreditlər veriləcək, həm də digər tədbirlər nəticəsində bölgələrdə inkişaf daha da sürətlə gedəcəkdir. Amma bu gün əldə edilmiş nailiyyətlər bizi sevindirməyə bilməz. çünki bu, doğrudan da, böyük irəliləyişdir, tərəqqidir və bu inkişaf hər bir bölgədə, hər bir rayonda özünü büruzə verir. Əlbəttə ki, növbəti illər üçün regionların inkişafına dair proqram qəbul ediləcək və o proqramda vacib olan bütün məsələlər öz əksini tapacaqdır.

Son üç ay ərzində energetika və neft-qaz sektorunda işlərimiz çox uğurlu aparılmışdır. Baxmayaraq ki, bölgədə yaranmış böhranlı vəziyyət bizim iqtisadi maraqlarımıza ziyan vurmuşdur, ancaq Azərbaycan dövləti və xalqı bunu hiss etmədi. Yəni bu, insanların gündəlik həyatında özünü göstərmədi. Düzdür, Azərbaycanın ixrac imkanları qısa müddət müəyyən dərəcədə məhdudlaşmışdı, ancaq bizim çevik hərəkətlərimiz və mövcud olan bütün infrastruktur layihələrimiz və artıq güclü imkanlarımız yol verdi ki, biz bu vəziyyətdən minimum itkilərlə çıxaq. Bu bir daha onu göstərdi ki, bizim həm güclü iqtisadi imkanlarımız var, həm çox güclü siyasi sistem mövcuddur və həm də Azərbaycanda dövlətçilik prinsipləri çox möhkəmdir. Yəni hətta bizim ərazimizin, hüdudlarımızın yaxınlığında yaşanan böhranlı vəziyyət bizə təsir etmədi. Bu bir daha onu göstərir ki, apardığımız siyasət düzgün siyasətdir və biz yalnız və yalnız daxili resurslara istinad edərək ölkəmizi inkişaf etdiririk. Azərbaycanda artıq çox güclü sənaye potensialı, çox güclü infrastruktur yaradılıbdır. İqtisadiyyat şaxələndirilir və beləliklə, istənilən böhranlı vəziyyət Azərbaycana az təsir edir.

Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatçılıq var. Bu narahatçılığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni bütün bunlar çox narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir.

Əlbəttə, biz indi belə yüksək sürətlə inkişaf etdiyimizə görə dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edirik və bu inteqrasiya özünü bütün sahələrdə göstərir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq buna baxmayaraq, biz öz siyasətimizi elə aparmalıyıq və aparırıq ki, istənilən iqtisadi, yaxud da siyasi böhran Azərbaycana təsir etməsin və buna nail olmuşuq. Həm siyasi böhran, həm də iqtisadi böhran - bütün dünyanı silkələyən bu böhranlar Azərbaycana heç bir təsir göstərmədi, biz ölkəmizi qorumuşuq və bundan sonra da qoruyacağıq.

Bir daha demək istəyirəm ki, biz ancaq və ancaq öz gücümüzə istinad edirik, öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. ölkəmizi bundan sonra da müstəqil yolla idarə edəcəyik, müstəqil siyasətimizi bundan sonra daha da gücləndirəcəyik. Bu hadisələr bir daha onu göstərir ki, bizim siyasətimiz nə dərəcədə düzgün olubdur. Siyasətimizə müəyyən mərhələlərdə, müəyyən dövrlərdə qısqanclıqla, paxıllıqla baxan, yaxud da bizim siyasətimizi dərindən dərk etməyən dairələr bizi tənqid etməyə çalışmışlar ki, Azərbaycanda müəyyən islahatlar ləng gedir, Azərbaycanda çatışmazlıqlar var. İndi hər kəs hər şeyi görür, harada çatışmazlıqlar var, harada ölkə uğurla inkişaf edir. Bizim uğurumuz dörd il ərzində dünyada iqtisadi inkişaf artımına görə birinci olmağımızdır. Bizim uğurumuz Azərbaycanda sabitliyin bu böhranlı vəziyyətdə daha da sabitləşməsidir. Bizim uğurumuz Dünya Bankı tərəfindən Azərbaycanın bir nömrəli islahatçı ölkə kimi tanınmasıdır. Bizim uğurumuz insanların rahat, təhlükəsizlik şəraitində yaşamasıdır. Bizim uğurumuz əmanətlərin etibarlı şəkildə qorunmasıdır. Budur reallıq. çox söz demək olar, ancaq reallıq onu göstərir ki, kim haqlıdır və kimin siyasəti düzgündür. Bax bizim müstəqil siyasətimiz, çox cəsarətli addımlarımız bu gün Azərbaycanı böyük bəlalardan xilas etdi, qorudu və bir daha onu göstərdi ki, Azərbaycanda aparılan siyasət yeganə düzgün siyasətdir.

Əlbəttə, biz bu gün iclasda iqtisadi və sosial məsələlərin həlli ilə məşğul olacağıq və bu, iclasın ənənəvi mövzularıdır. Ancaq iqtisadi inkişaf sosial məsələlərin həlli kontekstindən çıxarılıb ayrıca müzakirə edilə bilməz. Biz dünyada gedən hadisələri izləyirik, öz siyasətimizi aparırıq və aparacağıq. Əlbəttə ki, Azərbaycanın artan iqtisadi imkanları bizim beynəlxalq mövqelərimizi də möhkəmləndirir. Bizdə baş verən hadisələr bölgəyə təsir edir və Azərbaycanın rolu, imkanları bundan sonra daha da artacaqdır. çünki hər kəs gördü ki, Azərbaycan artıq regional amilə çevrilibdir. Azərbaycan regionda sabitləşdirici rolunu oynayır, biz həm öz imkanlarımızı ortaya qoyaraq, həm də beynəlxalq layihələrdə təşəbbüskar kimi çıxış edərək regionun uğurlu inkişafını təmin edəcəyik. Biz regionda əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə veririk və bu siyasəti bundan sonra da aparacağıq.

Bununla bərabər, biz ölkə qarşısında duran başqa vəzifələri uğurla icra etməliyik. Biz ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstəririk və bundan sonra daha da böyük diqqət göstərəcəyik. Bu, bir daha onu göstərir ki, son beş il ərzində bu istiqamətdə apardığımız siyasət düzgün siyasət olmuşdur. Bizi bəzi dairələr, xarici təşkilatlar günahlandırmaq istəyirlər ki, Azərbaycan nə üçün öz hərbi potensialını gücləndirir, nə üçün ordu quruculuğuna bu qədər vəsait sərf edir. Birincisi, bu, bizim suveren hüququmuzdur. Biz öz pullarımızı xərcləyirik, heç kimdən nə borc alırıq, nə də yardım alırıq və heç vaxt da almamışıq. Biz Azərbaycan xalqının istedadının məhsulu olan milli gəliri müxtəlif sahələrə yönəldirik.

İqtisadi xərclər, infrastruktur xərcləri  - bütün dövlət xərcləri, sosial məsələlərin həllinə yönəldilən xərclər Azərbaycanı möhkəmləndirir. Ancaq biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, ilk növbədə, biz hərbi potensialımızı gücləndirməliyik. Bunu uğurla etmişik. Son beş il ərzində Azərbaycanın hərbi gücü böyük dərəcədə artıbdır. Ordu quruculuğu prosesinə bundan sonra da ən əsas diqqət göstəriləcəkdir. Mən hesab edirəm ki, indi olduğu kimi, bundan sonrakı illərdə də büdcə xərclərinin ən böyük hissəsi ordu quruculuğuna və hərbi gücümüzün artırılmasına yönəldilməlidir.

Biz müharibə şəraitində yaşayırıq. Hələ müharibə bitməyib, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Danışıqlarda müəyyən irəliləyişlər olsa da, nəticə yoxdur. Bəzi ümidverici təkliflər səslənir, bəzi təşəbbüslər irəli sürülür. Biz bu təklifləri təhlil etməyə hazırıq, bunu edirik. Ancaq o da reallıqdır ki, məsələnin həlli çox uzanıbdır. Azərbaycanın artan iqtisadi, siyasi və hərbi potensialı, əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi daha da gücləndirir. Regionda baş verən hadisələr və regionda bizim oynadığımız rol Azərbaycanın mövqelərini gücləndirir. çox sevindirici haldır ki, artıq Azərbaycanın ərazi bütövlüyü məsələləri heç kimdə şübhə doğurmur. Həm beynəlxalq təşkilatlar, həm də məsələ ilə məşğul olan qüvvələr bunu tam şəkildə bəyan edirlər. Yəni bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz, sadəcə olaraq, hələ ki, danışıqların aparılmasına ehtiyac duyuruq. Hesab edirik ki, ola bilər, reallıq qarşı tərəfi də bir az hərəkətə gətirsin və qarşı tərəf nəhayət anlasın ki, bu vəziyyətdə onların normal inkişafı mümkün ola bilməz. Bizim isə siyasətimiz tam açıqdır, birmənalıdır və dəyişməz olaraq qalır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bu, tarixən belə olubdur. Beynəlxalq hüquq normaları bunu təsdiqləyir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər, işğalçı qüvvələr işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları həmin bölgələrə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın hüquqi statusu müzakirə oluna bilər. Biz bu müzakirəyə hazırıq. Ancaq bir şərtlə ki, bu status yalnız Azərbaycanın ərazi bütövlüyü ilə müəyyən oluna bilər. Azərbaycan başqa heç bir varianta getməyəcəkdir.

Bir daha demək istəyirəm, əgər daha zəif vəziyyətdə Azərbaycanı bizə sərf etməyən razılaşmaya heç kim məcbur edə bilməyibsə, bu gün Azərbaycanın güclü vəziyyətdə olduğunu hamı nəzərə almalıdır. Azərbaycanın iqtisadi, siyasi gücünü hamı nəzərə almalıdır. Azərbaycanın regionun aparıcı ölkəsi olduğunu hamı nəzərə almalıdır və danışıqlar mövzusunda bununla bağlı müəyyən düzəlişlər aparılmalıdır.

Yenə də demək istəyirəm ki, bu gün biz daha çox iqtisadi və sosial məsələlərin həlli ilə məşğul olacağıq, doqquz ayın yekunları müzakirə ediləcək və müzakirədən sonra mən iclasa yekun vuracağam.

 

 

 *** 

 

Təhsil naziri MİSİR MƏRDANOV bu ilin doqquz ayında əldə olunmuş uğurlardan danışarkən bildirdi ki, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər yüksək səviyyədə başa çatdırılmışdır. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq, 100 ən yaxşı müəllim və 50 ən yaxşı məktəb müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmiş, müəllimlərin maaşları, tələbə və aspirantların təqaüdləri artırılmışdır. Təhsillə bağlı dövlət proqramlarının icrası da davam etdirilir. Bu dövrdə Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlamışdır. Məktəblərin və uşaq bağçalarının tikintisi, habelə əsaslı təmiri və yenidənqurulması davam etdirilmişdir. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanları da genişləndirilmişdir.

Nazir dedi:

-İndi daha çox təhsilin keyfiyyətinin cəmiyyətin tələbinə uyğun yüksəldilməsi məqsədi ilə təlim texnologiyalarının və məzmunun yeniləşdirilməsinə ciddi ehtiyac yaranmışdır.

Bu istiqamətdə bir neçə il bundan əvvəl başladığımız islahatların nəticəsi olaraq, cari dərs ilindən ölkənin bütün birinci siniflərində yeni təhsil proqramları tətbiq olunmuş, bu günədək mövcud olmuş, daha çox "yaddaşa", "hafizəyə" əsaslanan təhsil modelindən tədricən imtina edilməklə, birbaşa təhsil alanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş "təfəkkür və düşüncə məktəbi"nə keçilməklə ümumi təhsilin müasir modelinin əsası qoyulmuşdur. Bu proqramlar təlimin hər bir şagirdin maraq, meyil və qabiliyyətinə uyğun təşkilinə şərait yaratmaqla şəxsiyyətyönümlü, tələbyönümlü, nəticəyönümlü və inkişafyönümlü xarakter daşıyır. 

Bu dərs ili həm də təhsil tariximizdə yeni təhsil proqramları əsasında birinci siniflər üçün hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət komplektlərin tətbiqi ilə yadda qalacaqdır.

Məlumdur ki, indiki vaxtda bir və ya bir neçə xarici dil bilmək həyati tələbata çevrilmişdir. Təəssüf ki, uzun müddət ümumtəhsil məktəblərində xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından daha çox qrammatik qaydaların mənimsədilməsinə istiqamətlənmişdir. Bu yanlış təcrübənin aradan qaldırılması məqsədi ilə hazırda məktəblərdə xarici dillərin intensiv tədrisi, təlimin kommunikativ yanaşma əsasında qurulması, müəllimlərin ixtisasının artırılması istiqamətində yeni layihə həyata keçirilir.

Sizin rəhbərliyinizlə, cənab Prezident, dərslik yaradıcılığı sahəsində böyük nailiyyətlər əldə edilmiş, 2003-2008-ci illərdə ümumilikdə 30 milyon nüsxə dərslik çap edilmişdir. O cümlədən cari ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün vəsait pulsuz olaraq məktəblərə çatdırılmışdır. Növbəti ildə dərslik komplektlərinin yaradılması işlərinin davam etdirilməsi, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi, 135 adda dərslik və müəllimlər üçün vəsaitlərin çap olunub məktəblərə çatdırılması nəzərdə tutulmuşdur.

Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmiş, 19 adda xəritə, Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda tədris-əyani vəsaitlər hazırlanaraq məktəblərə verilmişdir. 

Yeni məzmun qiymətləndirmə sistemində də islahatların aparılmasını zəruri etmişdir. Müasir dövrdə təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə verilən qiymət kimi qəbul olunur. Məhz inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, 2006-cı ildən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına başlanmış, cari dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərində həmin formanın tətbiqi nəzərdə tutulmuşdur.

Ali məktəb sistemində də uğurlara nail olunub. Ali məktəblərə qəbulda 600-dən çox bal toplayanların sayı artıb. Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı həyata keçirilən layihə isə uğurla davam etdirilir.

Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini davam etdirir. Onlardan 1000 nəfəri dövlət hesabına təhsil alır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramına əsasən, 200-dən çox tələbə dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirir.

Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Əgər 2003-cü ildə ali məktəblərimizdə 1850 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 6500 nəfəri keçmişdir. Düşünürəm ki, bu, son hədd deyildir. Ali məktəblərimizdə təhsilin keyfiyyətini yüksəltmək, müvafiq şəraiti olan laboratoriya və yataqxanalar yaratmaqla xaricdən tələbə qəbulunu artırmaq olar ki, bu da ölkəmizə daha çox maliyyə resurslarının cəlbinə imkan verər.

 

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- Bütövlükdə doqquz ayın yekunları çox müsbətdir və görülən işlərin bəziləri barədə danışıldı. Deyə bilərəm ki, bütün sahələrdə bu ilin doqquz ayında və əminəm, ilin sonuna qədər nəzərdə tutulmuş bütün məsələlər və gələcəkdə nəzərdə tutulacaq bütün məsələlər öz həllini tapıbdır. Yəni ki, 2008-ci il üçün hansı məsələlərin həlli nəzərdə tutulmuşdusa, onlar uğurla icra edilibdir.

İlin sonuna üç aydan az vaxt qalır, dördüncü rüb başlanmışdır və elə etməliyik ki, nəzərdə tutulmuş bütün qalan məsələlər, istər iqtisadi, istərsə də sosial, infrastruktur məsələləri uğurla başa çatdırılsın. Biz bu yaxınlarda 2009-cu ilin dövlət büdcəsini qəbul edəcəyik. Artıq ilkin variant hazırdır və indi bütün əsas səylərimiz 2009-cu ilin dövlət büdcəsinin formalaşmasına və 2009-cu il üçün nəzərdə tutulmuş məsələlərin müəyyən olunmasına yönəldilməlidir. İlin sonuna qədər və gələn il biz, əlbəttə ki, ilk növbədə, makroiqtisadi sabitliyin qorunmasına böyük diqqət göstərməliyik. Bu barədə artıq mən öz fikirlərimi dedim. Biz elə etməliyik ki, inflyasiyanın səviyyəsi aşağı düşsün. Hesab edirəm ki, bunu etmək üçün bizdə imkanlar var. Düzdür, bizim uğurlu iqtisadi inkişafımız və dövlət investisiya xərcləri 2009-cu ildə də davam etdiriləcək və mən hesab edirəm ki, biz dövlət investisiya xərclərinin həcmini daha da artırmalıyıq. çünki hələ ki, buna böyük ehtiyac var. Biz ölkəmizi yeniləşdiririk. Ən müasir infrastruktur layihələri uğurla həyata keçirilir. Bütün bunlar ölkəmizin bugünkü və gələcək inkişafına çox böyük dərəcədə xidmət göstərir. Ona görə biz dövlət xərclərimizi məhdudlaşdıra bilmərik. Bununla bərabər, elə etməliyik ki, insanların yaşayış səviyyəsi bundan sonra da yüksəlsin, əhalinin pul gəlirləri inflyasiyanı üstələsin. Bu praktika artıq Azərbaycanda son beş il ərzində vardır və beləliklə, makroiqtisadi sabitliyin qorunması üçün bütün tədbirlər görülməlidir.

Qeyri-neft sektorunun inkişafı yenə də prioritet məsələ kimi qalacaqdır. Biz son beş il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində əyani şəkildə gördük ki, bunun nə dərəcədə böyük əhəmiyyəti vardır. Mən tam əminəm ki, əgər 2004-cü ildə biz bu proqramı qəbul etməsəydik, regionlarda görülən işlərin, bəlkə də, yarısını görə bilməzdik. Proqramın qəbul edilməsi, orada konkret məsələlərin göstərilməsi və son beş il ərzində proqrama çox ciddi əlavələrin olunması - bax bu gün rayonların inkişafına xidmət edir və gələcək uzunmüddətli, uğurlu inkişafına da xidmət göstərəcəkdir. Ona görə qeyri-neft sektorunun inkişafı bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri kimi davam etdiriləcəkdir. Bu sahədə əlavə tədbirlərin görülməsi üçün həm maliyyə resursları cəlb olunacaq, həm də ki, dövlət öz siyasi dəstəyini göstərəcəkdir.

Mən bəyan etmişəm və indi hazırlıq işləri aparılır ki, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlansın. Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri həll edilsin. Buna bizim gücümüz çatar. Keçən beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə regionların inkişafı prioritet kimi qalır. Sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcəyik. Həm dövlət büdcəsindən ayrılan kreditlər, həm də digər iqtisadi addımlar sahibkarlığın inkişafına xidmət göstərəcəkdir.

Ərzaq təhlükəsizliyi məsələləri son müddət ərzində dünyanın gündəliyindədir. 2-3 il bundan əvvəl ərzaq təhlükəsizliyi haqqında söhbət də aparılmırdı, ancaq biz öz işimizi görürdük. Əlbəttə, biz təxmin edə bilməzdik ki, dünyada ərzaq böhranı yarana bilər. Ancaq bizim məqsədimiz Azərbaycanın daxili resurslarının tam işə salınmasından ibarət olmuşdur, Azərbaycanda yerli istehsalın güclənməsi olmuşdur və regionların inkişafı Proqramı böyük dərəcədə bu məqsədləri də güdür. Elə etməliydik ki, Azərbaycan tam şəkildə bütün əsas ərzaq məhsulları ilə özünü təmin etsin. Ancaq yaranmış ərzaq böhranı bir də onu göstərdi ki, bizim siyasətimiz nə qədər düzgün olmuşdur. Biz vaxtlı-vaxtında bütün bu tədbirləri gördük və tarixdə ilk dəfədir, həm sovet, həm də postsovet tarixində ilk dəfədir ki, biz əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Məsələn, heç vaxt olmamışdır ki, Azərbaycan özünü ətlə təmin etsin. İndi ət, süd, yağ, yumurta, şəkər  - bütün bu ərzaq məhsullarının 90-95 faizi Azərbaycanda istehsal olunur. Sovet vaxtında onların böyük əksəriyyəti başqa respublikalardan gəlirdi. Müstəqilliyimizin ilk illərində də belə idi. Bu gün Azərbaycan tam şəkildə özünü əsas ərzaq məhsulları ilə təmin edir.

İndi əsas vəzifə özümüzü taxılla təmin etməkdən ibarətdir və görülən praktik və ciddi tədbirlər nəticəsində bu il taxıl istehsalı 400 min ton artıbdır. Vəzifə qoyulub və vəsait də ayrılıbdır ki, növbəti illərdə biz maksimum dərəcədə özümüzü taxılla təmin edək. Belə olan halda, Azərbaycan ərzaq təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edəcəkdir. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycan başqa ölkələrə nəinki meyvə və tərəvəz, eyni zamanda digər məhsullar ixrac edir. Məsələn, Azərbaycanda istehsal olunan hazır emal məhsulları - süd və digər məhsullar, bitki yağları, şəkər başqa ölkələrə ixrac edilir və beynəlxalq sertifikat alıbdır. Bu onu göstərir ki, Azərbaycanda yaradılmış kənd təsərrüfatı məhsulları emalı müəssisələri ən yüksək səviyyəyə çatıbdır.

Bizim istəyimiz ondan ibarətdir ki, məhsullarımız nəinki bizim bölgədə, bütün dünyada rəqabətqabiliyyətli olsun və buna nail oluruq. Bütün bunlara biz bölgələrdə aparılan ciddi infrastruktur layihələri, yaradılmış imkanlar, tikilmiş elektrik stansiyaları, qaz xətləri, gözəl investisiya mühiti, yerli və xarici investorların bu işə ciddi qoşulması və Azərbaycanda, əlbəttə ki, insanların alıcılıq qabiliyyətinin qaldırılması nəticəsində nail ola bilmişik. çünki əgər bazar məhduddursa, əlbəttə ki, ciddi investor Azərbaycana sərmayə qoymaz. çünki Azərbaycanın imkanları, əlbəttə ki, bazarı o qədər də böyük deyildir. Yəni biz öz bazarımızı böyük ölkələrlə müqayisə edə bilmərik. Amma kifayət qədər böyükdür və biz elə etməliyik ki, öz daxili tələbatımızı tam şəkildə ödəyək və güclü qeyri-neft-qaz ixrac potensialını yaradaq. Xüsusilə kənd təsərrüfatında ki, bunun həm böyük iqtisadi, həm böyük sosial mənası vardır.

Bir sözlə, görülən işlər bizi çox sevindirir və qane edir. Növbəti illərdə ərzaq təhlükəsizliyi məsələləri prioritet kimi qalacaqdır. 2009-cu ilin dövlət büdcəsində və növbəti illərdə lazımi tədbirlər görülməlidir. Bununla birbaşa bağlı olan meliorasiya və suvarma məsələlərinə növbəti illərdə böyük diqqət göstəriləcəkdir. Azərbaycanda nəzərdə tutulan layihələr uğurla icra edilir. Onların bir çoxu hələ başa çatmayıb, bu da təbiidir. Ancaq beynəlxalq maliyyə qurumları ilə bərabər, biz özümüz bu məsələlərə böyük diqqət göstəririk. Həm meliorasiya, suvarma sahəsində, yeni əkin sahələrinin işə düşməsi və həm də əhalinin içməli su ilə təmin edilməsi üçün müxtəlif layihələr icra olunur. Onların hamısı vaxtlı-vaxtında və maksimum qısa müddət ərzində icra edilməlidir. İnfrastruktur layihələrinin icrası artıq hamıya göstərdi ki, həm insanların rahat yaşaması üçün, həm də ölkəmizin inkişafı üçün bunun nə dərəcədə böyük əhəmiyyəti var. Bütün infrastruktur layihələri bundan sonra da icra olunacaqdır. Avtomobil yolları, magistral yollar, şəhərlərarası, şəhərdaxili yollar, kənd yolları - bütün bu layihələr icra edilir. Elektrik stansiyalarının tikintisi davam etdirilir. Biz maksimum dərəcədə özümüzü təmin edə bilmişik. Qazlaşdırma davam etdirilməlidir və bütün digər infrastruktur layihələri davam etdiriləcəkdir. Bu ilin sonuna qədər, 2009-cu ildə və ondan sonrakı illərdə bütün lazımi infrastrukturun yeniləşməsi üçün hələ çox işlər görülməlidir.

Müdafiə potensialının gücləndirilməsi üçün nə lazımdırsa, biz bunu edəcəyik. Mən giriş sözümdə bu barədə öz fikirlərimi bildirdim. Müdafiə sənayesinin yaradılması və formalaşması prosesi gedir. Bu məqsədlər üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmalıdır ki, biz Azərbaycanda ən müasir və ən güclü hərbi potensialı yaradaq. Biz bu yolda böyük uğurlar əldə etmişik və öz siyasətimizi və addımlarımızı davam etdirəcəyik.

Sosial məsələlərin həlli, həmişə olduğu kimi, diqqət mərkəzində olacaqdır. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, sosial obyektlərin tikintisi - bütün bunlar dəyişməz olaraq bizim siyasətimizin əsas istiqamətlərindən biridir və 2009-cu ildə də belə olacaqdır.

Neft-qaz sektorunda qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edilir. Bütün nəhəng beynəlxalq layihələr uğurla icra edilir. Azərbaycanın artıq çox böyük neft-qaz potensialı yaradılıbdır. Bu, reallıqdır. Növbəti aylarda və illərdə biz yeni yataqların aşkar olunmasına diqqətimizi daha çox yönəltməliyik. Qazma və kəşfiyyat işləri aparılmalıdır, aparılır. Azərbaycan Dövlət Neft Şirkəti artıq özü bu işləri aparır. Elə etməliyik ki, yeni yataqları biz kəşf edək. Əlbəttə ki, bu, asan məsələ deyil, həm böyük maliyyə lazımdır, həm də texniki tədbirlər görülməlidir. Ancaq biz bunu etməliyik. Xüsusilə qaz yataqlarına daha böyük diqqət göstərməliyik. çünki bugünkü neft hasilatımız bizi tam şəkildə qane edir. Əslində, qaz hasilatımız da bizi tam təmin edir. Amma nəzərə alsaq ki, dünyada qaza tələbat daha çoxdur və təbii qazın qiyməti daha da artır, əlbəttə ki, biz daha çox qaz yataqlarının işlənilməsinə öz diqqətimizi yönəltməliyik. Bu barədə əvvəllər mən öz fikirlərimi söyləmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın dövlət və özəl şirkətləri həm ölkə daxilində, həm də xaricdə investisiyalar qoyuluşunu davam etdirməlidir.  Düzdür, indiki zamanda - dünyada maliyyə böhranı hökm sürdüyü bir zamanda, bəlkə də bir çox ölkələrdə bu barədə fikirləşmirlər. Amma mən hesab edirəm ki, biz öz siyasətimizi bundan sonra da bu istiqamətdə aparmalıyıq. Bizim siyasətimizdə heç bir dəyişiklik olmamalıdır. Bir də demək istəyirəm ki, dünya maliyyə böhranı Azərbaycandan yan keçibdir. Biz bütün tədbirləri görmüşük ki, bu böhranlı vəziyyətə düşməyək və düşməmişik. Belə olan halda, bizim şirkətlərimizin daxili imkanları hesabına və dövlət vəsaiti hesabına xarici ölkələrdə investisiya qoyuluşu, aktivlərin alınması davam etdirilməlidir.

2009-cu ilin büdcəsi hazırdır, yəqin ki, Milli Məclis yaxın zamanlarda büdcəni müzakirə edəcəkdir. Büdcədə bütün lazım olan məsələlər öz əksini tapıbdır. Orada həm artım nəzərdə tutulubdur, həm investisiya layihələri, həm də sosial məsələlərin həlli. Bax bu, bizim ənənəvi yanaşmamız davam etdiriləcəkdir. Bu yanaşma göstərdi ki, bu, düzgün yanaşmadır. Həm investisiyalar qoyulacaq, həm də sosial məsələlərin həlli nəzərdə tutulacaq ki, Azərbaycanda iqtisadi islahatlar və sosial məsələlərin həlli, həmişə olduğu kimi, paralel şəkildə aparılsın.

Bu, qısamüddətli gələcək planlarımız barədə. Əslində, bizim prinsipial strateji xəttimiz dəyişməz olaraq qalır. Bir daha demək istəyirəm ki, xaricdə baş verən heç bir hadisə bizim planlarımıza heç bir təsir göstərməməlidir. Düzdür, bölgədə yaşanan siyasi və iqtisadi vəziyyətlə bağlı müəyyən ölkələrdə müəyyən dəyişikliklər edilir, ancaq biz özümüzü tam əmin hiss edirik. Belə olan halda, bizim siyasətimizdə heç bir dəyişiklik olmayacaqdır. Əksinə, bizim 2009-cu il üçün nəzərdə tutulmuş büdcəmiz daha da artacaqdır. Baxmayaraq ki, bizim 2008-ci ilin büdcəsi də kifayət qədər böyükdür. Buna baxmayaraq, Azərbaycanda hələ çox işlər görülməlidir.

Bu gün mən, eyni zamanda son beş il ərzində görülən bəzi işlər haqqında öz fikirlərimi demək istəyirəm. Hesab edirəm ki, mənim buna haqqım çatır. çünki iki gündən sonra mənim Prezidentlik dövrüm başa çatır. Beş il ərzində çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Beş il ərzində görülən işlər, əlbəttə ki, bizi həm sevindirir, həm də növbəti məsələlərin həllinə çağırır. Biz böyük qürur hissi ilə deyə bilərik ki, beş il ərzində qarşımıza qoyduğumuz əsas məsələləri uğurla icra etdik. Ancaq növbəti illərdə bizi daha böyük işlər gözləyir.

Beləliklə, mən bəzi iqtisadi və başqa rəqəmləri xatırlatmaq istəyirəm. 2003-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili məhsul 2,7 dəfə artıbdır. Mən hesab edirəm ki, bu, dünyada tarixi bir nailiyyətdir. Mən yaxın keçmişdə tarixdə ikinci elə ölkə tanımıram ki, beş il ərzində iqtisadiyyatı təxminən 3 dəfə artsın. Bizim iqtisadiyyatımız çox güclənibdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollardır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir. Bütövlükdə, dünyada o qədər də çox ölkə yoxdur ki, adambaşına düşən ümumi daxili məhsul təxminən 6 min dollara çatsın. Bu, çox yüksək göstəricidir, ölkənin gücünü göstərir və gələcəkdə bu rəqəm daha da artmalıdır və artacaqdır. Azərbaycan dörd il ərzində iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu birinciliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq daha da çətindir. çünki biz dörd il bundan əvvəl iqtisadi artımı 26 faizə çatdıranda fikirləşirdik ki, bundan sonra bu sürəti saxlamaq çətindir. çünki bu 26 faizin üstünə biz əlavə faizləri təmin etməli idik. Sonra 35 faiz, ondan sonra 26 faiz oldu və sair. Yəni bu, əldə edilmiş nailiyyət hər il o faizin artırılmasına çətinlik yaradır. Bir var, sıfır səviyyəsindən müəyyən faiz əldə edəsən, bir də var ki, artıq sürətlə inkişaf edən iqtisadiyyat öz dinamikasını saxlasın.

Azərbaycanda beş il ərzində sənaye istehsalı 2,7 dəfə artıbdır. Bu onu göstərir ki, bizim ümumi daxili məhsulun artmasının əsas hissəsi sənaye ilə bağlıdır. Bizim siyasətimiz, Azərbaycanda çox böyük sənaye potensialının yaradılması, sənayeləşdirmə layihələrinin icra olunması artıq bunun əyani sübutudur.

Dövlət büdcəsinin xərcləri 2003-cü ildə 1 milyard 200 milyon dollar idi. 2008-ci ildə Azərbaycanın icmal büdcəsi 15 milyard dollardan çoxdur. 2009-cu ilin proqnozlarına görə Azərbaycanın icmal büdcəsi 17-18 milyard dollar təşkil edəcəkdir. Yəni bu rəqəmlər hər şeyi göstərir. 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatına təxminən 44 milyard dollar investisiya qoyulmuşdur. Deyə bilərəm ki, bütün müstəqillik illərində Azərbaycana investisiya qoyuluşu 57 milyard dollar olubdur. Onun 44 milyardı, yəni 77 faizi son beş il ərzində təmin edilibdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi. 2008-ci ilin oktyabr ayında təxminən 17 milyard dollardır və ilin sonuna qədər daha da artacaqdır. Yəni bu, çox böyük nailiyyətdir, çox böyük göstəricidir. Bu, bizə əlavə güc verir, əlavə arxayınlıq verir. Bizim valyuta ehtiyatlarımız dünya miqyasında artıq ən ciddi rəqəmlərlə ölçülür və növbəti illərdə bu məbləğ daha da artacaqdır. çünki bizim enerji layihələrindən əldə edilmiş və gələcəkdə gözlənilən gəlirlər daha da çox olacaq və Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir. Adambaşına düşən məbləğ isə, hesab edirəm ki, dünya miqyasında ən birinci yerdədir. çünki dünyada ən böyük valyuta ehtiyatlarına malik olan ölkələrin əhalisi də ən böyükdür.

Neft hasilatı 2003-cü ildə 15,4 milyon ton idi, 2008-ci ildə 52 milyon ton təşkil edibdir. Bu, böyük nailiyyətdir, beş il ərzində neft hasilatımızı 3 dəfədən çox artıra bilmişik. Bütün layihələr uğurla icra edilibdir və 2009-cu ildə neft hasilatı daha da çox olacaqdır.

Qaz hasilatı. 2003-cü ildə 5,5 milyard kubmetr qaz idi. 2007-ci ilə qədər biz xaricdən qaz alırdıq və böyük məbləğdə vəsait ödəyirdik. Ancaq ondan sonra görülən tədbirlər nəticəsində biz idxaldan tamamilə imtina etdik. Baxmayaraq ki, bunu etmək o qədər də asan məsələ deyildi. Biz xaricdən 4,5 milyard kubmetr qaz alırdıq. Bir gündə mən qərar verdim ki, biz bu idxaldan imtina etməliyik. Ancaq, əlbəttə, bilirdim ki, biz vəziyyətdən çıxacağıq. çətin də olsa, vəziyyətdən çıxdıq. Bu gün Azərbaycanda qaz hasilatı artır və biz nəinki özümüzü təmin edirik, qazlaşdırmanı uğurla aparırıq, həm də xaricə qaz ixrac edirik. Yəni 2003-cü ildə Azərbaycanda qaz hasilatı 5,5 milyard kubmetr idi, 2008-ci ildə isə 26 milyard kubmetr qaz hasilatı gözlənilir. Qazlaşdırma 2003-cü ildə 62 faiz idi, 2008-ci ildə 84 faiz təşkil edir. Son beş il ərzində 14 rayonun qaz təchizatı təmin olunmuşdur. Onlardan bir neçəsi heç vaxt, heç sovet dövründə də qaz almamışdır. Böyük xərc çəkərək, o ucqar rayonlara qaz xətləri çəkildi. Bu gün Azərbaycanda, işğal olunmuş rayonlardan başqa, elə rayon yoxdur ki, oraya qaz verilməsin. Hər bir rayona qaz verilir. Növbəti illərdə daha çox kəndlərə qaz veriləcəkdir. Beləliklə, biz Azərbaycanda bu çox ciddi və çox ağır sahədə köklü dönüş yarada bilmişik.

2003-2008-ci illərdə Azərbaycanda 700 meqavat gücündə 8 elektrik stansiyası tikilibdir. 2009-cu ilin birinci yarısına qədər yeni stansiyalar tikiləcək və onların gücü 1000 meqavat olacaqdır. Beləliklə, beş il ərzində 1700 meqavat əlavə güc yaradılıbdır və bu, demək olar ki, Azərbaycanda bütün illərdə yaradılmış elektrik enerjisi istehsalı gücünün təxminən yarısıdır, ondan bir qədər azdır.

Beləliklə, biz özümüzü elektrik enerjisi ilə tamamilə təmin etmişik. Dayanıqlı və fasiləsiz elektrik enerjisi verilir. Bununla bərabər, biz böyük ixrac potensialına da malikik. Lazım olarsa, gələcəkdə bu məsələyə daha da ciddi yanaşa bilərik və nəinki neft-qaz, eyni zamanda elektrik enerjisini də ixrac edə biləcəyik. Ancaq o da həqiqətdir ki, Azərbaycanda çox sürətli iqtisadi və sənaye inkişafı gedir. Biz nəzərə almalıyıq ki, tələbat artır, iş yerləri açılır, yeni müəssisələr, zavodlar açılır, evlər tikilir. Yəni tələbat artdıqca, biz səylərimizi daha çox daxili tələbatın təmin olunmasına yönəltməliyik. Nəinki bu sahədə, bütövlükdə bizim siyasətimiz çox aydındır, açıqdır. Daxili resurslara istinad etmək və ilk növbədə, daxili məsələləri həll etmək, ölkə daxilində bütün sosial, iqtisadi, infrastruktur layihələrini həll etmək, heç kimdən asılı olmamaq, özümüzü təmin etmək, Azərbaycan xalqının rahat, firavan, təhlükəsiz yaşamasını təmin etmək - bunlar bizim prioritet məsələlərimizdir.

Ondan sonra, əlbəttə ki, ixrac, ondan sonra beynəlxalq layihələr, ondan sonra, onunla bərabər, paralel şəkildə regional əməkdaşlıq. çünki beynəlxalq əməkdaşlıq bizim imkanlarımızı daha da gücləndirir, Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bu illər ərzində böyük tarixi əhəmiyyətli infrastruktur layihələri icra edilib, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Bunlar tarixi layihələrdir. Azərbaycanın uzunmüddətli iqtisadi inkişafını təmin edən, Azərbaycanın gücünü artıran, mövqelərini möhkəmləndirən, Azərbaycanı xoşbəxt gələcəyə aparan layihələrdir. Bu layihələr çox ağır, çətin şəraitdə icra olundu. 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bu layihələr başlanmışdı. Onlar beynəlxalq dəstək qazandı. Ondan sonrakı illərdə həm tranzit ölkələrlə, həm maliyyə qurumları ilə, həm bizim neft-qaz hasilatında iştirak edən tərəfdaşlarla çox gərgin, çox ciddi və ağır, bəzi hallarda çox kəskin danışıqlar nəticəsində, çox müdrik siyasət nəticəsində bütün bu layihələr indi reallığa çevrilibdir. Onlar kağızda qala bilərdi, yəni bir fikir, bir əfsanə kimi qala bilərdi. Onsuz da bu layihələr əfsanə kimi tanınırdı və bunlara çox ciddi müqavimət göstərilirdi. Əfsuslar olsun ki, ölkə daxilində bəzi qüvvələr, - mən onları antimilli qüvvələr kimi hesab edirəm, - əvvəllər Azərbaycan iqtidarına yox, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərirdilər. Bu gün o fəaliyyət sıfır dərəcəsindədir. öz dövlətinin maraqlarını müdafiə edən, dövlətinin xoşbəxtliyini istəyən hər bir adam bu layihələri dəstəkləyir. Kim bu layihələrin əleyhinə çıxıb? İlk növbədə, dünya erməniliyi, erməni lobbisi böyük tədbirlər görübdür, böyük kampaniya aparıblar, İnternet saytları yaradıblar, ekologiya məsələlərini buraya qatıblar, guya ki, bu, ekoloji məsələlərə ziyan vuracaqdır. Dünyada bizə qarşı, Azərbaycana qarşı çox ciddi kampaniya aparıblar. Hətta bəzi mərhələlərdə beynəlxalq maliyyə qurumları da bu layihələrin maliyyələşməsinə fasilə vermişdir. Bütün bunları mən yaxşı xatırlayıram. Dünyanın ən qabaqcıl maliyyə qurumları ara vermişdir. Nəyə görə? çünki dünya erməniliyi öz təsir imkanlarını işə salmışdı, müxtəlif ölkələrdə, ad çəkmək istəmirəm,  ali qanunvericilik orqanlarının dəstə-dəstə üzvləri bəyanatlar yayırdılar ki, bu layihə ancaq o təqdirdə icra oluna bilər ki, Ermənistandan keçsin. Ermənistandan keçməsə, bu layihə icra olunmamalıdır, ona vəsait ayrılmamalıdır. O vaxt vəziyyət başqa idi. Bizim öz imkanlarımız yox idi ki, bunu maliyyələşdirək. Bu gün Azərbaycanın qarşısında elə problem yoxdur. özümüz ölkə daxilində və xaricdə istənilən layihəni maliyyələşdirə bilərik. Amma o vaxt biz xarici maliyyə dəstəyindən asılı idik. Yəni çox ciddi kampaniya aparılırdı, müqavimət göstərilirdi. Bizi istəməyən qüvvələr, xüsusilə dünya erməniliyi, erməni lobbisi çox gözəl başa düşürdü ki, bu layihələr icra edildiyi halda, Azərbaycan böyük dərəcədə güclənəcək, Azərbaycanın imkanları artacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan güclü tərəf kimi çıxış edəcəkdir. Ona görə bizim bu layihələri uğurla icra etməyimiz, eyni zamanda dünya erməniliyinə vurulan zərbədir, onların məğlubiyyətidir və dünya erməni lobbisinin iflasıdır, məğlubiyyətidir. Gənc Azərbaycan dövlətinin qələbəsidir.

Ancaq bu, təbiidir, çünki bizi istəməyən qüvvələr çalışırdılar ki, bu layihələr baş tutmasın. Amma ölkə daxilindəki satqınlar, xainlər və beşinci dəstə - onların da bəziləri müxtəlif ekoloji bəhanələrlə bu layihələrin əleyhinə çıxırdılar. Onların əksəriyyəti bugünkü sıradan çıxmış müxalifətdə cəmləşibdir, bir hissəsi dırnaqarası qeyri-hökumət təşkilatlarında cəmləşibdir və bu gün fəaliyyət göstərir. Bir hissəsi xaricdən qrant almaqla, o cümlədən erməni mənbələrdən qrant almaqla Azərbaycan əleyhinə bu gün də kampaniya aparırlar. Bu gün də Azərbaycan dövlətini sarsıtmaq istəyirlər. Bu gün də arxadan zərbə vurmaq istəyirlər. Biz bilirik onlar kimdir və onlar da bilsinlər ki, biz onları tanıyırıq. Onlar bilsinlər ki, vaxt gələcək, Azərbaycan dövlətinin əleyhinə apardıqları o çirkin əməllərə görə cavab verəcəklər.

Mən bu nəhəng layihələrin sırasına Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini daxil etmək istəyirəm. Bu da tarixi hadisədir. Bu layihə uzun müddət, bəlkə, on ildən çox müzakirə olunurdu və layihə kimi qalırdı. Bu da layihə kimi qala bilərdi. Əgər tədbirlər görülməsəydi, maliyyə məsələləri həll olunmasaydı, Azərbaycana Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən əldə edilmiş gəlirlər gəlməsəydi, biz 200 milyon dollardan çox krediti necə verə bilərdik? Heç vaxt! Nəyin hesabına verə bilmişik? Bax bu layihələrin icrası nəticəsində. Bax bu layihələr, neft-qaz layihələri başqa layihələrin icrasına gətirib çıxarıb, Azərbaycanın müstəqilliyini möhkəmləndiribdir. Bakı-Tbilisi-Qars o layihələrdəndir ki, Azərbaycanın uzunmüddətli iqtisadi və siyasi maraqlarını təmin edəcəkdir. Mən çox şadam ki, layihə icra olunmağa başlamışdır və şübhə etmirəm ki, biz bunun tikintisinə vaxtında nail olacağıq. Bu layihədə iştirak edən üç ölkə öz səylərini göstərir və əminəm göstərəcəkdir ki, layihə vaxtında icra olunsun.

Bununla bərabər, mən sırf ölkədaxili nəhəng iqtisadi və infrastruktur layihələrini sadəcə olaraq sadalamaq istəyirəm. Bu barədə çox danışsaq bir neçə gün vaxt lazım olacaqdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə başlamışıq. Hesab edirəm ki, gələn il kəmər istismara verilməlidir və Bakını təmiz su ilə təmin edəcəkdir. Samur-Abşeron su kanalı uğurla tikilir. Taxtakörpü su anbarı tikilir. Son beş il ərzində 4 aeroport tikilibdir: Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran beynəlxalq aeroportları. Bakını üç sərhədlə birləşdirən avtomobil yolları uğurla tikilir: Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi. Bütün şəhərlərarası, kənd yolları təmir olunur. Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün böyük investisiya layihələri icra edilir. Qeyd etdiyim kimi, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır və artıq Azərbaycanda müdafiə sənayesi vardır. Nəinki nazirlik, həm də sənaye yaradılıb və artıq istehsal olunan məhsullar Azərbaycan ordusuna xidmət edir. Əminəm ki, növbəti illərdə nəzərdə tutulmuş layihələr uğurla icra ediləcək və Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaqdır. Son beş il ərzində Azərbaycanın hərbi qüdrəti böyük dərəcədə gücləndirilibdir. Həm hazırlıq, peşəkarlıq baxımından, həm də ki, təchizat baxımından. 2003-cü ildə Azərbaycanın ümumi hərbi xərcləri 163 milyon dollar olmuşdur, 2008-ci ildə isə 1 milyard 850 milyon dollar təşkil edir. 2003-2008-ci illərdə hərbi məqsədlərə 4,5 milyard dollar vəsait xərclənmişdir. 2009-cu ildə biz hərbi xərclərimizi 2008-ci ilə nisbətən daha da artıracağıq. Belə olan halda, 2003-2009-cu illərdə hərbi məqsədlər üçün təxminən 7 milyard dollar vəsait xərclənəcəkdir. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Əminəm ki, bizim torpaqlarımızı işğal edən Ermənistan yaxşı başa düşür və daha da yaxşı başa düşməlidir. Onlar hərbi xərclərə imkan daxilində vəsait ayıra bilərlər. Biz isə istədiyimiz qədər. Bunu heç kim yaddan çıxarmasın və bununla bərabər, hamı da başa düşsün ki, bu, bizim suveren hüququmuzdur. Azərbaycan müharibə şəraitindədir, bizim torpaqlarımız işğal altındadır. Hərbi məqsədlər üçün nə qədər lazımdırsa, biz o qədər də vəsait ayıracağıq.

Məcburi köçkünlərin problemlərinin həlli üçün bu beş il ərzində görülən işlər göz qabağındadır. Mən məcburi köçkünlərlə çoxsaylı görüşlər zamanı onların problemlərinin həlli üçün səylərimi göstərmişəm, onlara söz vermişdim. Söz vermişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaq və bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur. 2004-ci ildə qəbul edilmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması Dövlət Proqramının uğurlu icrası bizim niyyətimizi, bizim siyasətimizi göstərir. 2007-ci ildə proqrama əlavələr edildi, əlavə vəsait nəzərdə tutulur. Son beş il ərzində 12 çadır şəhərciyi ləğv edilmişdir. Onların əvəzinə müasir binalar, müasir qəsəbələr salınmışdır. 36 yeni qəsəbə salınmış, onlarda 47 min nəfər məcburi köçkün məskunlaşdırılmışdır. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib və insanların yaşaması üçün lazım olan digər tədbirlər görülübdür. Son beş il ərzində bu məqsədlər üçün 1 milyard dollar xərclənib, proqrama əlavələr hesabına əlavə minimum 500 milyon dollar xərclənəcəkdir. Bu vəsait də Azərbaycan Dövlət Neft Fondunun hesabına, Azərbaycan dövlətinin hesabına və yenə də deyirəm, Heydər Əliyevin neft siyasətinin hesabına yaradılır. Əgər bu olmasaydı, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşməsəydi, Neft Fondunda pul olmazdı, heç Neft Fondu da olmazdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda nəticə yoxdur. Onu deyə bilərəm ki, yeganə sahədir ki, burada biz nəticəni əldə edə bilməmişik. Yəqin ona görə ki, burada təkcə bizdən hər şey asılı deyildir. Bu, danışıqlardır. Danışıqlarda iki tərəf və vasitəçilər iştirak edir. Ancaq nəticənin olmaması hələ o demək deyil ki, biz ümidlərimizi tam itirmişik. Yox. Yeni vəziyyət yaranıbdır və bundan sonra da yarana biləcək. Heç kim deyə bilməz ki, 2009-cu ildə hansı vəziyyət yaranacaq və dünyada və yaxud da bölgədə hansı hadisələr yaşanacaqdır. Hesab edirəm ki, beş il ərzində bu istiqamətdə əldə edilmiş uğurların nəticəsi, ilk növbədə, odur ki, artıq Azərbaycanın ərazi bütövlüyü məsələsi nəinki şifahi, yaxud da rəsmi bəyanatlarda tanınıb, eyni zamanda məsələnin həlli üçün əsas şərt kimi qəbul edilibdir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və bundan sonra da heç vaxt olmayacaqdır. Digər tərəfdən, işğal olunmuş torpaqların boşaldılması mexanizmləri, demək olar ki, böyük dərəcədə razılaşdırılıbdır. Əsas odur ki, artıq əvvəlki dövrlərdən fərqli olaraq, nə üç, nə dörd, nə beş işğal olunmuş rayondan söhbət gedir. Yeddi rayonun boşaldılması danışıqların əsas mahiyyətidir. Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bütün yaşayış məntəqələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır və Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar.   

Bu danışıqlar masasında olan məsələdir. Eyni zamanda Azərbaycan köçkünlərinin Dağlıq Qarabağa qayıtması məsələsi də danışıqlar mövzusudur və deyə bilərəm ki, prinsip etibarilə bu məsələ də öz həllini tapacaqdır. Əlbəttə ki, bunu etmək üçün yəqin ki, daha da çox vaxt lazım olacaqdır. Deyə bilərəm ki, danışıqların tarixində ilk dəfədir bu prinsip var. Baxmayaraq danışıqların prinsipi belədir ki, o vaxta qədər ki, hər şey razılaşdırılmayıb, heç nə razılaşdırılmayıbdır. Amma bununla bərabər, müxtəlif elementlər  razılaşdırılır və bu, o elementlərdən biridir. Hesab edirəm ki, bu, diplomatik uğurumuzdur. Biz növbəti aylarda yəqin görəcəyik ki,  Ermənistan tərəfi öz sözlərində nə dərəcədə səmimidir. Hər halda,  mümkün olan razılaşmada beynəlxalq hüquq normaları tam şəkildə öz əksini tapmalıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmalıdır, BMT Baş Məclisinin son qərarı, qətnaməsi icra olunmalıdır. Bu da bizim böyük diplomatik uğurumuzdur. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri qərar layihəsinin əleyhinə olmuşlar, ancaq Azərbaycan böyük üstünlüklə öz istədiyinə nail oldu. Bu bizim çox böyük həm diplomatik, həm siyasi qələbəmiz olmuşdur. Hər halda, bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Hesab edirəm və tam əminəm ki, beş il ərzində Azərbaycanın mövqeləri böyük dərəcədə möhkəmləndirilibdir. Biz, sadəcə olaraq, öz siyasətimizi bundan sonra da aparmalıyıq. Bununla yanaşı, - mən bunu əvvəllər də demişəm, bu gün də demək istəyirəm, - o vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, Ermənistana qarşı total hücum siyasəti davam etdiriləcək: həm diplomatik, həm siyasi, iqtisadi, nəqliyyat, hərbi, təbliğat və sair. Bu, birmənalıdır. Məsələ həll olunmayana qədər Ermənistanla heç bir əməkdaşlıq mümkün deyil, heç bir regional layihələrdə onların iştirakı mümkün deyildir. Biz əlimizdən gələni edəcəyik ki, bugünkü vəziyyət davam etsin, onların təcrid olunmuş vəziyyəti daha da dərinləşsin. Daha da yaxşı anlasınlar ki, onların gələcəyi nə ilə bağlıdır. İşğalçılıq siyasəti heç kimə xeyir gətirə bilməz və özünü təcrid etmiş vəziyyətə salan ölkə artıq onun acı nəticələrini görməkdədir və görəcəkdir. Hesab edirəm ki, bəzi ümidverici bəyanatların təməlində də məhz bu bölgədə yaranmış yeni vəziyyət böyük rol oynayır.

Azərbaycanın artan imkanları, o cümlədən hərbi imkanları, həm də ki, bölgədə yaşanan böhranlı vəziyyət. Bax bu böhranlı vəziyyət bir daha onu göstərir ki, bu vəziyyət kimə necə təsir etdi. Qısa müddət Azərbaycanın, demək olar ki, bütün enerji ixracı dayanmışdı. Bakı-Ceyhan neft kəmərində baş verən partlayış bizim ixracımızı dayandırmışdı. Ondan sonra Gürcüstan ərazisində yaşanan hadisələr, sıradan çıxmış körpülər neft məhsullarının ixracını dayandırmışdı.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətini dayandırmışdı. Bir adam burada bunu hiss etdimi? Yox. Nəyə görə? çünki, birincisi, bizim çox güclü iqtisadiyyatımız var, ikincisi enerji siyasətimiz çoxşaxəlidir. Bu gün istehlakçı ölkələr enerji resursları təchizatının şaxələndirilməsi haqqında düşünürlər. Biz bunu təmin etmişik. Bizim 7 neft-qaz kəmərimiz var. 3-ü neft kəməri, 4-ü qaz kəməridir. Biz istənilən istiqamətə həm nefti, həm də qazı ötürə bilərik və bunu edirik. Bütün 7 kəmər işlək vəziyyətdədir. Biz istənilən istiqamətdən istifadə edə bilərik. Düzdür, bizim də iqtisadi itkilərimiz olub, ancaq bu itkiləri bərpa edəcəyik. Bu itkilər, sadəcə olaraq, bir müddət ixracın dayanması ilə bağlıdır. Biz nə neft itirmişik, nə qaz itirmişik. Yenə deyirəm, bax bu böhranlı vəziyyət bir daha onu göstərir ki, kim bu vəziyyətdən necə çıxa bilər. Azərbaycan bu vəziyyətdən alnıaçıq çıxıbdır və bir daha hamı gördü ki, hansı ölkə nəyə qadirdir.

Biz bu illər ərzində sahibkarlığın inkişafına böyük diqqət göstərmişik və mənim müxtəlif çıxışlarımda bu məsələ həmişə gündəlikdə idi. Mən tam əminəm ki, Azərbaycanın gələcək uğurları sahibkarlığın inkişafı ilə bağlıdır. Bizim neft-qaz sektorumuz və əsas strateji infrastruktur və istehsal sahələrimiz dövlət nəzarətindədir. Belə də olmalıdır və olacaqdır. Bizi bəzi, o qədər də tanınmayan qeyri-hökumət təşkilatları vaxtaşırı tənqid edirlər ki, Azərbaycanda dövlət nəzarəti güclüdür, strateji müəssisələr özəlləşdirilmir, gərək özəlləşdirilsin, neft şirkəti gərək özəlləşdirilsin, nə bilim, dəmiryolu, "Azərenerji" özəlləşdirilsin, hansısa özəl şirkətlər gəlsin, bizim bazara müdaxilə etsinlər, imkan verməliyik ki, kimsə gəlsin burada elektrik stansiyaları tiksin, bizim başqa infrastruktura sahib çıxsın. Biz bazar iqtisadiyyatı prinsiplərinin tətbiq olunması üçün çox böyük iş görmüşük və faktdır ki, bu gün ümumi daxili məhsulda özəl sektorun çəkisi 84 faizdir. Ancaq bizim strateji infrastruktur qurumlarımız dövlət nəzarəti altında olmalıdır. Baxın, bu gün Avropada və Amerikada iqtisadi böhran yaşanır. Nə edirlər? Nəhəng özəl banklar keçir dövlət nəzarətinə. Bu, daha məqsədəuyğundur. Yəni ölkənin maraqları bunu tələb edir. Bizim də maraqlarımız var. Sadəcə, öz maraqlarımızı bəzən müdafiə edərkən bizim vəziyyətlə tanış olmayan, yaxud da bizə müdaxilə etmək istəyən dairələr çalışırdılar ki, bizi bu yoldan döndərsinlər. Bir daha demək istəyirəm ki, biz öz siyasətimizi Azərbaycanın milli maraqları üzərində qurmuşuq və bundan sonra da biz bunu edəcəyik. Ona görə strateji əhəmiyyətli infrastruktur və şirkətlər dövlət nəzarəti altında olacaqdır. Bu, bizim təhlükəsizliyimizi təmin edir. Ancaq bununla bərabər, bütün başqa sahələrdə çox böyük liberallaşma var, çox böyük canlanma var. Biznesin aparılması üçün Azərbaycan ən gözəl yerdir, adambaşına düşən xarici sərmayənin həcminə görə postsovet məkanında biz birinci ölkəyik. Dünya Bankı Azərbaycanı birinci islahatçı ölkə kimi tanıdıbdır.    

Yəni təkcə bu fakt bütün əldəqayırma "beynəlxalq qeyri-hökumət təşkilatlarının" bütün deyilən sözlərindən daha da sanballıdır. Əgər tərəzinin bir gözünə bütün o əldəqayırma qeyri-hökumət təşkilatlarını, - onların içində ermənipərəst qurumlar da az deyil, - o biri gözünə isə Dünya Bankının bəyanatını qoysaq, şübhəsiz, aydındır ki, kimin sözü daha dəyərlidir. Ancaq bu, bizim işimizə verilən qiymətdir. Yəni biz, sadəcə olaraq, öz işimizi görmüşük. Biz bu islahatları kimdənsə qiymət almaq üçün etməmişik və heç vaxt da etməyəcəyik. Bizim son beş il ərzindəki siyasətimiz artıq görünür və hamı bunu bilir. Biz, sadəcə olaraq, nəyi haqlı, düzgün hesab ediriksə, onu da edirik. Kim buna necə qiymət verəcək, o, ikinci dərəcəli məsələdir. Yaxşı qiymət versələr, çox sağ ol deyərik. Pis qiymət versələr və əgər o qiymət böyük əhəmiyyət daşımayan tərəfdən gəlirsə, buna fikir də vermərik. Əgər ciddi mənbədən gəlirsə, öz cavabımızı verərik. Necə ki, vermişik. İstənilən sahədə, istər iqtisadi, istər siyasi sahə ilə, istər Azərbaycanın daxili siyasəti ilə bağlı olan bəzi yanlış mülahizələrə də öz sözümüzü necə lazımdırsa demişik. Lazım gəlsə, hər zaman deyəcəyik.

Ancaq yenə də sahibkarlığın inkişafına qayıtmaq istəyirəm. Demək istəyirəm ki, növbəti illərdə də biz onu dəstəkləyəcəyik. Hər il yüz milyon dollar güzəştli kreditlər verilir. Prezident kimi mən sahibkarlara siyasi dəstəyimi verirəm. Bölgələrdə, Bakıda müxtəlif özəl müəssisələrə də baş çəkirəm. Həmişə çalışıram ki, onları dəstəkləyim. Yerli icra orqanlarına həmişə deyirəm ki, onların işinə müdaxilə etməsinlər, əksinə, kömək etsinlər. Bir daha demək istəyirəm ki, bizim hərtərəfli inkişafımız sahibkarlığın inkişafı ilə çox bağlıdır.

Kənd təsərrüfatının inkişafı işində böyük tədbirlər görülübdür: "Aqrolizinq"in, aqroservislərin yaradılması, güzəştli şərtlərlə gübrənin, yanacağın verilməsi. Son beş il ərzində Azərbaycana dövlət xətti ilə 7 min kənd təsərrüfatı texnikası - traktorlar, kombaynlar, digər texnika gətirilib və icarə əsaslarla fermerlərə paylanılıbdır. Bu, böyük dəstəkdir və biz, demək olar ki, texnika parkının böyük hissəsini yeniləşdirmişik. Növbəti illərdə əlavə tədbirlər görüləcək, müvafiq sərəncamlar imzalanmışdır. Həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaqdır. Anbarlar tikiləcək, taxılın istehsalı üçün lazım olan əlavə tədbirlər görüləcək ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Bu il kənd təsərrüfatı istehsalının 8,3 faiz artmasında biz görülən işlərin nəticələrini görürük.

2003-2008-ci illərdə Azərbaycanda minimum əməkhaqqı 8 dəfə artmışdır. İndi Azərbaycanda minimum əməkhaqqı 92 dollar təşkil edir. Minimum pensiya 4 dəfə artmışdır, bu da 92 dollar təşkil edir. Böyük irəliləyişdir. Amma desəm ki, bu, bizi tam qane edir, səhv edərəm. Yox, qane etmir. Ancaq dinamika çox müsbətdir - 8 dəfə və 4 dəfə. Növbəti illərdə, əlbəttə ki, bu məsələyə həmişə diqqət göstərəcəyik. Tələbələrin təqaüdləri son beş il ərzində 15 dəfə artıb və indi bakalavr pilləsində yaxşı qiymətlərlə oxuyan tələbə ayda 67 dollar təqaüd alır. Bu, çox böyük göstəricidir.

Yadımdadır, sovet vaxtında Sovet İttifaqının ən aparıcı ali məktəblərində yaxşı qiymətlərlə oxuyan tələbələrin təqaüdü bundan çox aşağı idi.

Beş il ərzində Azərbaycanda orta əməkhaqqı 3,6 dəfə artıbdır. Bu günə orta əməkhaqqı 313 dollardır, ilin sonuna qədər 335 dollara qalxacaqdır. Bu da yaxşı göstəricidir. Bir daha demək istəyirəm ki, beş il ərzində Azərbaycanda orta əmək haqqı təxminən 4 dəfə artıbdır. Növbəti illərdə daha da çox artacaqdır. Əlbəttə, minimum əməkhaqqının, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqlarının artırılması ilə yanaşı, özəl sektorda fəaliyyət göstərən işçilərin də əməkhaqları artırılmalıdır. Bununla bərabər, nəzarət daha da güclü olmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda zərfdə maaş alan insanlar hələ kifayət qədər çoxdur. İstər tikintidə, istər biznesdə cədvələ bir maaş yazılır, işçi isə ondan bəlkə 2-3 dəfə çox zərfdə alır. Bu, təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə, qonşu ölkələrdə də var. Bu, böyük bir xəstəlikdir. Ancaq biz gərək bütün bu maliyyə və iqtisadi sahənin şəffaflaşması ilə əlavə tədbirlər görək. Qanunsuz işləyən, qanunu pozan bütün insanlar məsuliyyətə cəlb olunmalıdır. Bu gün tikintidə işçilərin böyük hissəsi qeydə alınmır. Bu da reallıqdır. Biz buna qarşı mübarizə aparırıq, müəyyən uğurlar əldə edirik. Bu siyasəti davam etdirəcəyik. Belə olan halda, əminəm ki, bax bu rəqəmlər daha da böyük olacaqdır. Mən tam əminəm ki, bu gün rəsmi statistikada göstərilən 313 dollar reallığı əks etdirmir. Real orta əməkhaqqı bundan qat-qat çoxdur. Sadəcə olaraq, biz gərək elə edək ki, bütün rəsmi sənədlərdə reallıq daha çox əks olunsun. Əminəm ki, növbəti aylarda və 2009-cu ildə bu istiqamətdə daha ciddi tədbirlər görüləcəkdir.

ünvanlı sosial yardım artıq 600 min nəfərə verilir. Azərbaycanda 600 min insan hər ay dövlətdən pul alır. Orta hesabla, hər ailəyə 122 dollar pul verilir. Yəni bu, dövlətin o insanlara qayğısıdır. Onlar aztəminatlı insanlardır, hələ ki, həyatda özləri üçün yaxşı şərait yarada bilməyiblər. Onları günahlandırmaq lazım deyil və olmaz. Müəyyən səbəblər ola bilər. Halbuki, o da həqiqətdir ki, indi Azərbaycanda o qədər böyük imkanlar var, o qədər böyük işlər görülür ki, burada iş tapmaq problem deyildir. Mən müxtəlif yerlərdən məlumat alıram, bəzi bölgələrdə oluram, vəziyyətlə tanışam. Bəzi yerli vətəndaşlar işləmək istəmirlər, xaricdən gələn işləyir. Axı belə olmaz. İndi iş tapmaq problem deyil, biz işsizliyi, demək olar ki, aradan götürmüşük. Azərbaycanda belə bir problem yoxdur. Bu sosial bəla böyük dərəcədə aradan qaldırılıbdır. Ancaq nə görürük?! Bəzi vətəndaşlar iş tapmaq əvəzinə, elə dövlətdən bu ianəni almaqla kifayətlənirlər, yaxud da ki, işləmək istəmirlər. Deyə bilmərəm ki, bu, kütləvi xarakter daşıyır. Yox. Bizim insanların mütləq əksəriyyəti çox işgüzardır və  yaradılmış gözəl şəraitdən istifadə edirlər. Amma elələri də var.

Ona görə, əlbəttə ki, biz ağır vəziyyətdə olan, aztəminatlı ailələrə öz köməyimizi davam etdirəcəyik. Ancaq o da reallıqdır ki, indi hər bir vətəndaşın - əgər o, fiziki cəhətdən sağlamdırsa, - işləməsi üçün imkan var. Mən hesab edirəm, 600 min nəfər ki, dövlətdən bu yardımı alır, onlar gərək daha fəal olsunlar və həyatda özləri üçün daha da yaxşı şərait yarada bilsinlər. Ancaq o da həqiqətdir ki, obyektiv səbəblər üzündən bunu edə bilməyən insanları dövlət dəstəkləyəcək və çox güman ki, gələcəkdə onlara ayrılan vəsait daha da artacaqdır. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi, 2008-ci ilin əvvəlində 16 faiz olmuşdur. Mənə verilən məlumata əsasən, proqnoz onu göstərir ki, bu ilin nəticələrinə görə yoxsulluğun səviyyəsi daha da aşağı düşəcəkdir. Yəni bu onu göstərir ki, biz bu böyük sosial bəla ilə də çox uğurlu mübarizə aparırıq. Yoxsulluğun səviyyəsinin aşağı düşməsi məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda neftdən daxil olan gəlirlər ədalətli bölünür, təbəqələşmə getmir. Hər bir sürətlə inkişaf edən ölkə üçün ən böyük təhlükə təbəqələşmədir. Varlılar varlanır, kasıblar müflisləşir. Ancaq bizim siyasətimiz - ciddi siyasət, sosial siyasət, iqtisadi tədbirlər və bazar iqtisadiyyatına sadiqliyimiz belə gözəl vəziyyəti yaradıbdır. Bizdə həm iqtisadi inkişaf var, həm insanlar daha yaxşı yaşayır, həm də islahatlar aparılır. İslahatlar dövründə insanlar üçün həmişə böyük problemlər yaradılır. Biz bunu tarixdən bilirik. Ona görə mən hesab edirəm ki, yoxsulluğun aşağı düşməsi beş il ərzində görülən işlərin içərisində ən mühümlərdən biridir.

Burada çıxışlarda səsləndi, təhsil, səhiyyə məsələlərinə böyük diqqət göstərilmişdir. 1600 yeni məktəb tikilibdir. Bu, Azərbaycanda olan məktəblərin, demək olar ki, üçdə bir hissəsidir, beş il ərzində yeniləşib, yenidən tikilibdir. Növbəti illərdə bu, davam edəcəkdir. Eyni zamanda təhsilin keyfiyyəti yüksəlir. Bütövlükdə, 2003-2008-ci illərdə təhsil məsələlərinin həlli üçün,  yəni burada bütün xərclər nəzərdə tutulur: həm əməkhaqqı, həm investisiyalar,  5 milyard dollar vəsait xərclənibdir. Səhiyyə məsələlərinin həlli üçün son beş il ərzində 2 milyard dollar vəsait xərclənibdir və burada səsləndi ki, 200-dən çox tibb müəssisəsi yaradılıbdır. Onların içində ən böyük tibb müəssisələri də vardır.

2003-2008-ci illərdə 14 olimpiya idman kompleksi tikilib istifadəyə verilibdir. 2003-cü ilə qədər 5 idman kompleksi tikilmişdi. Bütövlükdə onların sayı 19-a çatıbdır və 17 olimpiya idman kompleksində indi tikinti işləri gedir. Onların da istismara verilməsi nəticəsində Azərbaycanda 36 idman kompleksi yaradılacaqdır. Əlbəttə, biz çalışmalıyıq ki, onların sayını artıraq. Ancaq əsas odur ki, o idman komplekslərində həmişə məşqlər aparılsın. Həm yarışlar, həm də ki məşqlər keçirilsin. Mütləq bölmələr olmalıdır. Uşaqlar orada idmanla məşğul olmalıdırlar, rayon sakinləri istifadə etməlidirlər. çünki orada bütün şərait var. Hər birində idman hovuzu, trenajor zalı, açıq futbol, voleybol, basketbol, tennis meydançaları, qapalı idman salonları vardır.

Bəzən məlumat gəlir ki, bəzi yerlərdə kompleks qıfıllanır və bağlı saxlanılır. Buna qətiyyən yol vermək olmaz, qətiyyən. Mən Gənclər və İdman Nazirliyinə və yerli icra orqanlarına tapşırmışam, o komplekslər ona görə tikilibdir ki, orada yerli uşaqlar, camaat, gənclər, idmançılar məşğul olsunlar. Onun, sadəcə olaraq, düzgün təşkilini təmin etməliyik. Bunun da çox böyük əhəmiyyəti var. Gənc nəslin sağlam böyüməsi, idmanın inkişafı üçün çox böyük əhəmiyyəti var.

2003-2008-ci illərdə mədəniyyətlə bağlı məsələlərə 900 milyon dollar vəsait xərclənib və bildiyiniz kimi, indi bütün tarixi binalar, muzeylər, teatrlar təmir olunubdur. özü də ən yüksək səviyyədə. Yeniləri tikilir və gələcəkdə bu siyasət davam etdiriləcəkdir.

çox böyük ekoloji proqram qəbul olunubdur. Bu proqram bütün məsələləri əhatə edir. Həm ətraf mühitin çirklənmədən qorunması, həm bu vaxta qədər çirklənmiş ərazilərin təmizlənməsi, həm də Kür-Araz çayları boyu yaşayan insanların içməli su ilə təmin olunması. Görülən tədbirlər nəticəsində artıq 10 minlərlə vətəndaşımız içməli su ilə təmin olunub, yeni, müasir təmizləyici qurğular tikilibdir. Bütün proqramın başa çatması nəticəsində bu bölgələrdə yaşayan 800 min insan təmiz içməli su ilə təmin olunacaqdır. Bu vaxta qədər kanaldan, yaxud da ki, birbaşa çaydan su içən insanlar ən təmiz su ilə təmin olunacaqlar. Bu, həm həyati təhlükəsizlik, sağlamlıq üçün çox böyük əhəmiyyət daşıyır. Bütövlükdə, biz ekoloji məsələlərin həllinə daha da ciddi diqqət verməliyik. Hazırda bu siyasət uğurla aparılır.

Son beş il ərzində Azərbaycanda 741 min yeni iş yerləri açılmışdır ki, bunun da 531 mini daimi iş yeridir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən vədlərin biri də ondan ibarət idi ki, Azərbaycanda 2003-2008-ci illərdə 600 min yeni iş yerləri açılacaqdır. O vaxt bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq həyat hər şeyi yerinə qoydu. Azərbaycanda nəinki 600 min, 741 min yeni iş yeri açılıbdır və bu proses davam edir.

Əminəm ki, növbəti illərdə bu vaxta qədər edə bilmədiyimiz məsələlər də öz həllini tapacaqdır. Hər halda, hər bir sahə üzrə, hər bir istiqamət üzrə çox ciddi proqramlar var. O proqramlar beş il ərzində uğurla icra edilibdir. Bəlkə elə məsələ var ki, biz onu edə bilməmişik. O da ola bilər. Ola bilər ki, bəzi məsələlər diqqətdən kənarda qalıbdır. Onu da mən istisna etmirəm. Amma hər halda, bu beş il ərzində mən çalışmışam ki, ölkəmizin inkişafına öz töhfəmi verim. Bu işlərdə iştirak edən bütün insanlara mən öz təşəkkürümü bildirmək istəyirəm. Bu işləri görmək üçün çox böyük zəhmət sərf olunub, çox böyük fədakarlıq göstərilibdir. Bu beş il ərzində mənimlə bərabər bu işlərdə iştirak edən bütün insanlara öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə, Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm ki, beş il ərzində mənim siyasətimi dəstəkləmişdir. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Əgər onu hiss etməsəydim, tam əminəm ki, görülən işlərin bəlkə heç 10 faizini etmək mümkün olmazdı. Nə ölkə daxilində, nə xarici müstəvidə, nə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində, nə də ki Azərbaycanda inkişafın təmin edilməsində bu işləri görmək mümkün olmazdı. Ona görə, ilk növbədə, mən bu gün də, seçkilərə 2 gün qalmış Azərbaycan xalqına öz minnətdarlığımı bildirmək istəyirəm. 2003-cü ildə Azərbaycan xalqı mənə etimad göstərdi. Mən də bu beş il ərzində çalışırdım ki, bu etimadı doğruldam. Sağ olun.