· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyində anlaşma memorandumu imzalandı

Yanvarın 24-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Baş nazirinin müavini, Təhsil və İnsan Ehtiyatları İnkişafı naziri cənab Kim Şinilin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Cənab Kim Şinili və onun rəhbərlik etdiyi nümayəndə heyətini Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini söyləyən təhsil naziri Misir Mərdanov qonaqların Azərbaycana səfərini mühüm bir hadisə kimi qiymətləndirdi. 2006-cı ildə Koreya Respublikasının Prezidentinin ölkəmizə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Koreya Respublikasına səfərlərindən sonra bu iki ölkə arasında əlaqələr daha sıx inkişaf etməyə başlayıb. Koreya Respublikasının dünyanın ən qabaqcıl ölkələrindən biri olduğunu deyən nazir bu inkişafda onların təhsil sisteminin xüsusi rol oynadığını qeyd etdi. Nazir ötən il Koreya Respublikasına səfərini bir daha xatırlayaraq, orada təhsillə, xüsusilə peşə təhsili ilə bağlı işgüzar və səmərəli görüşlər keçirildiyini vurğuladı. Koreyalıların çox sadə və istiqanlı bir xalq olduğunu qeyd edən nazir həmin səfərdən olduqca razı qaldığını söylədi.

Təhsil naziri ölkəmizin sürətlə inkişaf etdiyini qonaqların diqqətinə çatdıraraq son illər respublikamızda hər bir sahədə mühüm işlərin həyata keçirildiyini dedi. ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov qonaqlara bununla bağlı məlumat verdi.

Nazir xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə toxundu. Torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunduğunu, 1 milyona yaxın insanın öz yurdundan didərgin düşərək məcburi köçkün həyatı yaşadığını söyləyən nazir tezliklə ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımızın geri qaytarılacağına inandığını bildirdi.

Misir Mərdanov daha sonra hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yaranmasının, onun inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq imzalanacaq anlaşma memorandumunun bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu söylədi. Onu da qeyd etdi ki, bu il Azərbaycan Respublikasının Prezidentinin ayırdığı vəsait hesabına 5 azərbaycanlı tələbə Koreyaya ali təhsil almağa göndəriləcək.

Nazir imzalanacaq sənədin ümumi xarakter daşıdığını və burada əsasən təhsil sənədlərinin tanınması, professor-müəllim, tələbə mübadilələri və digər məsələlərin öz əksini tapdığını dedi.

Koreya Respublikasının Baş nazirinin müavini, Təhsil və İnsan Ehtiyatları İnkişafı naziri cənab Kim Şinil belə səmimi qarşılandıqlarına görə özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin adından Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova və nazirliyin bütün əməkdaşlarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan bu gün, həqiqətən, inkişaf etmiş bir ölkədir. Qonaq Azərbaycanı özü üçün doğma bir ölkə saydığını deyərək, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Bildirdi ki, Azərbaycandan 2 tələbə Koreyanın ən nüfuzlu universitetlərində təhsil alır. Bu il tələbələrin sayının artacağını müsbət hal kimi qiymətləndirdi. Gələcəkdə alim və mütəxəssislər arasında mübadilələrin edilməsinin, elmi simpozium və konfransların təşkil olunmasının hər iki ölkənin təhsilinin inkişafında əhəmiyyətli rol oynayacağını söylədi. Qonaq bir daha işgüzarlıq şəraitində keçən görüşə görə təhsil naziri Misir Mərdanova təşəkkür etdi.

Sonra Koreya Respublikasının Baş nazirinin müavini, Təhsil və İnsan Ehtiyatları İnkişafı naziri cənab Kim Şinil və Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov anlaşma memorandumu imzaladılar.

Sənəd imzalandıqdan sonra nazirlər Misir Mərdanov və Kim Şinil KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdılar.

Görüşdə Koreya Respublikasının ölkəmizdəki səfiri Lu Kvanq çul iştirak edirdi.

 

Samirə KƏRİMOVA 

 

 

 

 

Almaniyanın ölkəmizdəki səfiri ilə görüş

Yanvarın 21-də təhsil naziri Misir Mərdanov Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Per Kristofer Stankina ilə görüşüb.

öncə nazir qonağı səmimi salamlayaraq ona Almaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əlaqələrin yaradılması işində uğurlar arzulayıb.

Son illər iki ölkə arasındakı mövcud əlaqələrin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan nazir Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Nazir bildirib ki, DAAD təşkilatı ölkəmizdə fəaliyyət göstərdiyi illər ərzində azərbaycanlı gənclərin Almaniyanın ali məktəblərində təhsil alması üçün səmərəli işlər həyata keçirib. Nazir bildirib ki, cari ildə müvafiq təşkilatla müqavilə bağlanması da nəzərdə tutulub.

Sonra Misir Mərdanov ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən söz açaraq bununla bağlı ölkə Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Proqramının təsdiq olunduğunu qeyd edib. Nazir ötən il Almaniyaya etdiyi səfər çərçivəsində cari ilin I rübündə Bakıda Almaniya-Azərbaycan təhsil əlaqələrinə dair forum keçirilməsi barədə razılığa gəlindiyini açıqlayıb və bu forumda müvafiq istiqamət üzrə də məsələlərə böyük önəm veriləcəyinin nəzərdə tutulduğundan danışıb.

ölkəmizin orta təhsil müəssisələrində  alman dilinin tədrisi, universitetlərarası əlaqələrin uğurla davam etməsi məsələsinə toxunan nazir hazırda bu istiqamətdə də işin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. 

Səmimi qəbula və aparılan işlərlə bağlı verdiyi ətraflı məlumata görə nazirə təşəkkürünü bildirən cənab Stankina səfirliklə Təhsil Nazirliyi arasındakı mövcud əməkdaşlıqdan  məmnunluğunu ifadə edib, habelə bildirib ki, səfirlik cari ildə mədəniyyət və təhsil sahəsi üzrə əlaqələri daha yüksək səviyyədə qurmağı nəzərdə tutur. Azərbaycanda alman dilinin tədrisi məsələsinə toxunan səfir qeyd edib ki, iki ölkə arasında şagird mübadiləsinin aparılması məqsədilə  Bakıdakı 160, Sumqayıtdakı 15 nömrəli məktəblər artıq seçilib.

Nazir də öz növbəsində bir sıra ölkələrin orta məktəbləri ilə "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsindəki mövcud təcrübəni nəzərə alaraq  Almaniya ilə bu istiqamətdə əlaqələr yaradılmasını  uğurlu  addım  kimi  dəyərləndirib.

Sonra  səfir öz ölkəsində şagird mübadiləsini həyata keçirən müvafiq təşkilat barədə nazirə məlumat verib. Nazir isə həmin təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Cənab Stankina Bakı Dövlət Universitetində alman dilinin tədrisi ilə bağlı mövcud problemlərdən, alman dili dərsliklərindəki mövzuların  yenilənməsi və bu kimi digər məsələlərdən söz açıb.

Nazir səfirin qeyd etdiyi məsələlərin qısa zaman ərzində həllinin tapacağını bildirib, habelə, alman dili dərslikləri müəllifləri ilə səfirlikdə görüş keçirilməsini, müvafiq dərsliklər üzərində təkmilləşdirmə işi aparılarkən məsləhətçilərin iştirakının təmin edilməsini və birgə işin təşkilini irəli sürüb.

Görüşdə Almaniya-Azərbaycan təhsil forumunun keçirilməsinə hazırlıq məqsədilə tədbirlər planının hazırlanması, alman dili tədris olunan orta məktəblərdə mövcud vəziyyətin öyrənilməsi məqsədilə monitorinqin keçirilməsi, universitetlərarası əlaqələr və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.