|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Muğam
televiziya müsabiqəsi-2007"nin qalibləri və münsiflər
heyətinin üzvləri ilə görüşmüşdür
Yanvarın 22-də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
"Muğam televiziya müsabiqəsi-2007"nin qalibləri
və münsiflər heyətinin üzvləri ilə görüşmüşdür. Mehriban ƏLİYEVA görüşü açaraq
dedi: - Əziz qonaqlar, mən sizi Heydər Əliyev
Fondunda salamlayıram, xoş gəlmisiniz. Görüşümüzün
əvvəlində mən böyük kədər hissi ilə
qeyd etməliyəm ki, Azərbaycanın musiqi
sənətinə böyük itki üz vermişdir. Görkəmli
incəsənət xadimi, məşhur müğənni Lütfiyar
İmanov dünyasını dəyişmişdir. Mən
əminəm ki, onun yaradıcılığı, onun
səsi, mədəniyyətimizdə qoyduğu iz insan ömründən
çox-çox uzun yaşayacaqdır. Allah rəhmət eləsin.
Əziz dostlar, mən sizi görməyə çox
şadam. Bu gün biz birlikdə "Muğam televiziya müsabiqəsi-2007"nin
uğurlu nəticələrini müzakirə edəcəyik.
Siz bilirsiniz ki, bu layihə Heydər Əliyev Fondunun və
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
dəstəyi ilə həyata keçirilmişdir. Biz bu
layihəni başlayanda əsas məqsədlərimiz
qədim Azərbaycan muğamını təbliğ
etmək, zəngin muğam məktəbi üçün yeni
səslər axtarmaq və əlbəttə ki, gənc ifaçılar
üçün, onlara potensialını tam şəkildə reallaşdırmaları
üçün şərait yaratmaq idi. Hesab edirəm ki, qarşıya
qoyduğumuz bütün məqsədlərə biz nail olmuşuq.
Muğam müsabiqəsi çox böyük uğurla başa çatdı
və bir daha muğamın möhtəşəmliyini hamıya
göstərdi. Bir daha sübut etdi ki, muğam Azərbaycanda
ən sevilən, ən dəyərli musiqi janrlarından
biridir. Mən bu üç ay ərzində həm
Azərbaycandan, həm də xaricdən çoxsaylı
məktublar alıram. Bu məktubları göndərən
insanlar muğama olan sevgilərindən, hörmətindən
yazırlar və bizim bu müsabiqəni
dəstəklədiklərini bildirirlər. Demək olar
ki, artıq bu muğam müsabiqəsi xalq arasında çox böyük
populyarlıq qazanmışdır və mən hesab
edirəm ki, yəqin ki, ənənəvi xarakter daşımalıdır.
Muğam müsabiqəsinin bütün iştirakçılarını,
xüsusilə laureatları, sizi bu parlaq qələbə münasibətilə
ürəkdən təbrik edirəm. Mən bilirəm ki, üç ay ərzində siz
çox böyük narahatlıq hissləri keçirmisiniz. çünki müsabiqə
çox ciddi rəqabət şəraitində keçirdi. Bütün iştirakçılar
gözəl səsə malik idi və gözəl ifa
qabiliyyəti nümayiş etdirdilər. Əlbəttə,
belə bir yolun sonunda qalib gəlmək çox şərəflidir.
Mən bir daha sizi təbrik edirəm və
gələcəkdə uğurlar arzulayıram. Onu da qeyd
etmək istərdim ki, bu müsabiqə ərzində siz öz
səslərinizlə, qabiliyyətinizlə xalq
məhəbbətini qazanmısınız. Bu, ən vacib
amildir və inanıram ki, gələcəkdə bu
məhəbbət daha da artacaqdır. Sizin bacarığınız
daha da artacaqdır. Ona görə də sizi bir daha ürəkdən
təbrik edirəm, yeni-yeni uğurlar arzu edirəm. Mən bu gün münsiflər heyətinin üzvlərinə
öz dərin minnətdarlığımı çatdırmaq
istəyirəm. Bilirəm ki, bu müsabiqənin hazırlıq
mərhələsində siz nə qədər ağır
iş görmüsünüz. ölkəmizin müxtəlif regionlarında
olmusunuz, iştirakçıları seçmisiniz, onların ifalarını
obyektiv və peşəkarlıqla
qiymətləndirmisiniz. Münsiflər heyətində bizim hörmətli
muğam ustadlarımızın iştirakı bütün bu müsabiqəni,
demək olar ki, açıq bir muğam dərsinə çeviribdir.
Hər bir adam buna ustadlarla gənclərin ünsiyyət
qurmaq dərsi kimi baxırdı, bu cür
qiymətləndirirdi. Muğam bizim mədəniyyətimizin,
Azərbaycan mədəniyyətinin əsas sütunlarından
biridir və əlbəttə, onu qorumaq, inkişaf
etdirmək, gələcək nəsillərə çatdırmaq
hər bir azərbaycanlının mənəvi borcudur.
Mən bu gün fürsətdən istifadə edərək bizim
ünlü sənətkarlarımıza, muğam ustadlarına
muğamın inkişafı, təbliği
sahəsində səylərinə görə öz dərin
minnətdarlığımı bildirmək
istəyirəm. çox sağ olun! Siz bilirsiniz ki, Heydər Əliyev Fondu olaraq
biz, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları
Fondu bu istiqamətdə bir çox layihələr həyata keçiririk.
"Qarabağ xanəndələri" musiqi albomu buraxılıb,
"Muğam" jurnalı nəşr olunur, "Muğam"
ensiklopediyasının həm çap, həm də elektron
versiyası hazırlanır. Ən əsası isə hamımızın
təməlqoyma mərasimində bərabər iştirak
etdiyimiz Muğam Mərkəzi tikilir. Mən inanıram ki,
bu ilin avqust ayında birlikdə onun açılışında
iştirak edəcəyik. Bu, çox böyük nailiyyətdir. çünki
bu, hər bir muğam ustadı üçün və hər bir muğamsevər
üçün doğma ev olacaqdır. Biz müsabiqələrimizi Mahnı
Teatrında, Filarmoniyada keçirdik, amma mən inanıram ki,
gələcəkdə orada keçirəcəyik. çünki bu,
əslində muğamın öz doğma evi olacaqdır.
Eyni zamanda bu layihə YUNESKO tərəfindən
dəstəklənir və bu, beynəlxalq
mərkəzdir. Biz orada beynəlxalq tədbirlər də
keçirə bilərik və bütün dünyaya öz muğamımızı
tanıtmalıyıq. Bir sözlə, Azərbaycan
mədəniyyətinin ən dəyərli irsi olan muğam
hər bir azərbaycanlı üçün qiymətlidir, hər bir
azərbaycanlı üçün seviləndir. Mən bir daha bu gün
sizə öz minnətdarlığımı bildirmək
istəyirəm. çünki siz bu sənətin qorunmasında çox
böyük işlər görürsünüz. çox sağ olun. *** Muğam müsabiqəsinin münsiflər
heyətinin üzvləri - xalq artistləri Əlibaba
Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Azərbaycan
Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov, "Muğam televiziya müsabiqəsi"
layihəsinin icraçısı, əməkdar
incəsənət xadimi Nadir Axundov Azərbaycan
mədəniyyətinə göstərilən qayğıya
görə Mehriban xanıma minnətdarlıq etdilər.
Bildirdilər ki, üç ay ərzində davam edən bu müsabiqə
istedadlı ifaçıları aşkara çıxarmaqla yanaşı,
mədəniyyətimizin zənginləşməsinə
xidmət etmiş, habelə yeni ifaçılar nəslinin yetişməsinə
təkan vermişdir. Musiqimizin daha da geniş təbliği
üçün gələcəkdə muğamla bağlı
beynəlxalq simpoziumların, festivalların keçirilməsi
arzu olunur. Mehriban xanım Əliyeva
gələcəkdə Azərbaycan xalq çalğı
alətləri ifaçılarının müsabiqəsinin keçirilməsi
barədə təklifi razılıq hissi ilə qarşıladı.
O, Azərbaycan mədəniyyətinin zəngin
ənənələrini bütün dünyada təbliğ
etməklə qədim irsimizin bədnam qonşularımız
tərəfindən mənimsənilməsi
cəhdlərinin qarşısının alınmasında
istedadlı gənclərimizin rolunu xüsusi vurğuladı.
Bu il Belqradda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində
ölkəmizin iştirak edəcəyini deyən Mehriban xanım
Əliyeva Ermənistan təmsilçisinin bu müsabiqəyə
təqdim etdiyi mahnının Azərbaycan musiqisi parçalarından
ibarət olduğunu xatırlatdı. Bildirdi ki, bu cür
halların qarşısını almaq üçün Azərbaycanın
istedadlı gəncləri bütün dünyada qədim və
zəngin tarixə malik muğamımızı, xalq mahnılarımızı
tanıtmaq, sevdirmək üçün çalışmalıdırlar.
AzərTAc
|