|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
170
yaşlı Naxçıvan
şəhər məktəbinin tarixindən Bu gün bütövlükdə müstəqil
Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan
Muxtar Respublikasında da məktəb təhsilinin inkişaf
tempi qonşu ölkələrin bir çoxundan yüksəkdir. Bu gün
Naxçıvanda məktəb quruculuğu və təhsil
sahəsində böyük islahatlar həyata keçirilir. Bu da
təsadüfi deyil. çünki Naxçıvanın bugünkü inkişafı
həm də onun qədim və zəngin məktəb
və təhsil tarixinə malik olması ilə izah olunur. Dünya mədəniyyətinə böyük
sənətkarlar bəxş etmiş Naxçıvan özünün
zəngin elm və mədəniyyət tarixi ilə
bərabər, şöhrət tapmış tədris müəssisələri
ilə də öz tarixinin səhifələrini
zənginləşdirərək, yeni məktəb quruculuğu
sahəsində ənənələri və onun inkişafı
ilə diqqəti cəlb edir. Elmi, təhsili, məktəbi qurtuluş
yolu hesab edən Naxçıvan əhalisinin qabaqcıl
dəstəsi öz uşaqlarına həm rus dili, həm
də ictimai həyatda zəruri olan real elmləri öyrətmək
üçün şəhərdə məktəb açmağı ürəkdən
arzulayır və bunu yerli rəislərdən xahiş
edirdilər. Naxçıvan əyalətini idarə edən
Ehsan xan belə məktəbə şəhərdən
və yaxın kəndlərdən 200-ə qədər
şagird yığıla biləcəyini qeyd edirdi. Naxçıvan
şəhərində təhsilin əsasən rus
dilində verildiyi ilk dövlət məktəblərinin
meydana gəlməsi XIX yüzilliyin 30-cu illərinə
təsadüf edir. Rusiya imperiyasında bu vacib
məqsədlərin həyata keçirilməsi üçün işğal
edilmiş yerlərdə Rusiyanın daxili quberniyalarında
olduğu kimi, bu yerlərdə də qəza
məktəbləri tipində yeni məktəblər açmaq
və rus dilinin bütün məktəblərdə əsas
fənn kimi öyrədilməsi nəzərdə tutulurdu.
Məktəbə daxil olarkən azərbaycanlılar üçün
xarici dil hesab edilən rus dili, məktəbi bitirdikdən
sonra onlar üçün vətən dili olmalı idi. XIX əsrin 20-ci illərindən başlayaraq
Azərbaycanda dövlət məktəbləri açmaq fikri
get-gedə qüvvətlənirdi. Cənubi Qafqazın bir sıra
şəhərlərində, o cümlədən Naxçıvanda
və Ordubadda qəza məktəbləri açılması
nəzərdə tutulurdu. Onu da qeyd etmək lazımdır
ki, çarizmin niyyətlərindən asılı olmayaraq,
təhsil əsasən rus dilində verilsə də,
belə yeni məktəblərin təşkili o dövr üçün
mütərəqqi hadisə idi. Azərbaycanın böyük şəhərlərindən
biri kimi Naxçıvanda da əhalinin qabaqcıl
dəstəsi təhsilin rus dilində verildiyi
məktəb açmağı tələb edirdi. Bütün bunlar onunla nəticələndi ki, hökumət
ilk dəfə Zaqafqaziyanın əsasən bir sıra iri
şəhərlərində, o cümlədən Naxçıvanda
qəza məktəbi adlanan təhsil müəssisəsi açmağı
lazım bildi və bu, Zaqafqaziya məktəblərinin
1829-cu il 2 avqust tarixli nizamnaməsi ilə təsdiq edildi. Naxçıvanda şəhər məktəbi
bundan əvvəl açılmış qəza
məktəbinin bazası əsasında təşkil
edildi. Buna görə də Naxçıvan qəza
məktəbinin meydana gəlmə tarixinə bir
qədər nəzər salaq. Qəza məktəblərinin açılmasında
məqsəd elitar təbəqə uşaqları arasında
ibtidai savadı yaymaq və şagirdləri Tiflis gimnaziyasında
təhsillərini davam etdirməyə hazırlamaqdan
ibarət idi. Qəza məktəblərinin hər biri
üç sinifdən ibarət olmaqla, bunlardan birincisi hazırlıq
sinfi hesab edilirdi. Hazırlıq sinfində təlim
Lankaster üsulu ilə aparılırdı. İki yuxarı
siniflərdə aşağıdakı fənlərin
tədrisi nəzərdə tutulurdu: 1) şəriət,
2) rus dilinin qrammatikası, 3)
coğrafiya, 4) tarix, 5) hesab və
həndəsədən başlanğıc, 6) hüsnxət,
rəsm və şəkil, 7) yerli dillər. Tədris planında Azərbaycan dilinə
həftədə cəmi 4 dərs (6 saat), rus dilinə
isə 2 dəfə artıq - 8 dərs (12 saat) verilirdi ki,
bu da məktəbin qarşısında duran əsas
vəzifə və məqsəddən - Rusiyanın
imperiya siyasətindən qaynaqlanırdı. Fənlər
rus dilində keçilirdi. Yerli dillər II və III
siniflərdə öyrədilirdi. Azərbaycan dili ruslar üçün
məcburi fənn idi. Beləliklə, keçən əsrin 30-cu
illərindən başlayaraq, göstərilən nizamnamə
əsasında Şimali Azərbaycan ərazisində ilk
dəfə 1830-cu il dekabrın 30-da Şuşada qəza
məktəbinin əsası qoyuldu. Sonralar isə Nuxada,
Bakıda və Gəncədə də belə
məktəblər təşkil edildi. Həmin
nizamnamə ilə təşkili nəzərdə tutulan
cəmi 20 qəza məktəbindən 9-u Azərbaycan
ərazisində olmalı idi. Təşkili təsdiq edilmiş
Naxçıvan, Şamaxı, Quba, Ordubad və Qazax distansiya
qəza məktəblərinin açılması isə müxtəlif
obyektiv və subyektiv səbəblərə görə bir
qədər gecikdirildi. Tbilisi və Sankt-Peterburq şəhərlərindəki
dövlət arxivlərində saxlanılan
sənədlər bu məktəblərin açılmasının
ləngiməsi səbəblərini aşkar etməyə
imkan verir. Zaqafqaziya məktəblər direktorunun
Zaqafqaziyanın baş hakimi ilə Rusiya Xalq Maarif Nazirliyi
arxivində olan yazışmalarından məlum olur ki,
Zaqafqaziyanın o zamankı baş hakimi Baron Rozen 1834-cü
ildə Naxçıvanda nəzərdə tutulan qəza
məktəbini açmağa aid ayrıca sərəncam vermişdi.
O, 1834-cü il sentyabrın 13-də Rusiya XMN-ə göndərdiyi
məktubunda yazırdı ki, açılması
nəzərdə tutulan məktəblərdən birini -
Naxçıvan qəza məktəbini hazırda açmaq olar
və mən bu barədə Zaqafqaziya məktəblər
direktoruna müvafiq sərəncam vermişəm.
Məktəbin təsisi üçün nəzərdə tutulan pul
məbləği də ayrılmışdı. Bütün
bunlara baxmayaraq digər şəhərlər kimi, Naxçıvanda
da qəza məktəbinin təşkili bir qədər
ləngidi. Bu yerlərdə qəza
məktəbləri təşkilinin bir neçə il
gecikdirilməsi, hər şeydən əvvəl müəllim
kadrlarının olmaması ilə izah olunur. Naxçıvanda
qəza məktəbi təsis etməyin ləngiməsi
səbəbindən bəhs edən Zaqafqaziya
məktəblər direktorunun bir rəsmi məlumatında
oxuyuruq: "Naxçıvan əhalisi çox olan şəhərdir
və əlbəttə, burada məktəbə ehtiyac vardır.
Lakin müəllimlik vəzifəsinə qabiliyyəti olan
adamın olmaması burada məktəb açılmasını
ləngidir". Sözünə davam edən
məktəblər direktoru yazırdı: "Təcrübənin
mənə sübut etdiyi kimi, qəza
məktəblərində dərs deyəcək müəllimlərin
yerli dili bilməsi zəruridir və mən yalnız çox böyük
çətinlikdən sonra Bakı və Yelizavetpol qəza
məktəbləri üçün belə müəllimlər tapa
bildim"( S-Peterburq MDTA,
f.733, s.82, iş ¹ 21, v.3 arx). Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, bu vaxt naxçıvanlılar yeni məktəblərə,
rus dilini öyrənməyə böyük həvəs göstərirdilər.
Sənədlərin birində deyilir ki, "yerli
əhalidə rus dilini öyrənməyə böyük
həvəs vardır. Bir çox vəzifəli şəxslər
artıq rus dilini öyrənməyə başlamışlar
və böyük müvəffəqiyyətlər əldə etmişlər"(Statistiçeskoe
opisanie Naxiçevanskoy provinçii, sost. V.Q. S.-Peterburq, 1833,
str.42). 1835-ci ildə Zaqafqaziya
məktəblərinin yeni nizamnaməsi meydana gəldi. Bu
nizamnamə ilə Naxçıvanda qəza məktəbi açmaq
yenidən təsdiq edildi. üç sinifdən ibarət olacaq bu
məktəbin tədris planına şəriət, rus
və Azərbaycan
dilləri, hesab, coğrafiya, tarix, hüsnxət, rəsm
və rəsmxət daxil idi. Bu fənlərin tədrisi
üçün cəmi 5 müəllimin olması nəzərdə
tutulurdu. 1835-ci il nizamnaməsinə əsasən
məktəbin illik xərci xəzinədən olmaqla gümüş
pul ilə ildə 1.780 manat təşkil edirdi. Nəhayət, 1837-ci ilin
əvvəllərində Naxçıvanda qəza
məktəbi adlı ilk dövlət məktəbi
fəaliyyətə başladı. Zaqafqaziya
məktəblər direktoru Qassen-Miller 1837-ci il mayın
10-da Rusiya XMN-ə göndərdiyi 342 nömrəli məktubunda
Naxçıvanda qəza məktəbinin açılmasını
xəbər verərək yazırdı: "Bu
məktəb üçün bina axtarmağa aid sərəncam
verilmişdir. Yanvarın 1-dən
təsis edilən bu məktəbə şagirdlər
fevralın 16-dan davam etməyə başladılar. Martın
25-də məktəbin təntənəli açılışı
oldu. Məktəbə yerli müsəlmanlardan və başqa
millətlərdən ilk dəfə cəmi 20-yə
qədər uşaq cəlb edilmişdir". Həmin
məlumatın üzərinə aşağıdakı sözlər
yazılmışdır: "Rusiya XMN jurnalının
redaksiyasına məlumat verilsin". Naxçıvanlılar məktəbə hüsn-rəğbət
bəsləyir, ona maddi kömək
göstərirdilər. Təkcə 1839-cu ildə yerli
əhali tərəfindən məktəbə yardım
məqsədilə gümüş pul ilə 352 manat pul toplanmışdı. Məktəb ilk əvvəllər yerli
əhali tərəfindən 12 il müddətinə pulsuz
olaraq ayrılmış xüsusi binada - Ehsan xanın övladları
olan Bünyatovların evində yerləşirdi. Sonralar
məktəb üçün müvafiq bina tikilmişdir. Naxçıvan qəza məktəbi sürətlə
inkişaf etmiş, şagirdlərin sayı
ildən-ilə artmışdır. Bir fakt maraqlıdır
ki, təşkil edildiyi ilk 10 il ərzində Naxçıvan
qəza məktəbi şagirdlərinin sayına görə
Azərbaycanın Şuşa, Nuxa, Bakı, Gəncə
və Şamaxı şəhərlərindəki qəza
məktəblərinin hamısını ötüb keçmişdi.
Şagirdlərin sayına görə Naxçıvan qəza
məktəbi Zaqafqaziyanın Tiflis, İrəvan,
Aleksandropol, Axalsix kimi irəlidə gedən qəza
məktəbləri ilə bir sırada dururdu. Naxçıvanda qəza məktəbinin təşkili
ilə əlaqədar olaraq orada ilk məktəb kitabxanasının
da əsası qoyuldu. Buraya Azərbaycan və rus
dillərində tədris vəsaiti, dərslik, müxtəlif
qəzet və jurnal nüsxələri toplanmışdır.
1845-ci ilin məlumatına görə burada 152 adda kitab və
digər tədris vəsaiti vardı. Bu, o vaxtlar üçün böyük
rəqəm idi. Azərbaycanın digər şəhərlərində
olduğu kimi, Naxçıvan qəza məktəbinin kitabxanası
da kitab fonduna görə Zaqafqaziyanın digər iri şəhərlərindəki
məktəb kitabxanaları ilə bir səviyyədə
durur və bəzilərindən hətta zəngin idi. Naxçıvan
qəza məktəbi XIX əsrin 70-ci illərinə
qədər davam etdi. Naxçıvanda qəza məktəbinin açılması
sonralar burada şəhər məktəbi adlanan yüksək
təhsil müəssisəsinin meydana gəlməsi üçün
əlverişli zəmin hazırladı. Başqa sözlə
desək, Naxçıvan şəhər məktəbi mövcud
qəza məktəbinin bünövrəsi üstündə yaradıldı. XIX əsrin 60-70-ci illərinin ictimai-pedaqoji
hərəkatı və məktəb islahatları ilə
əlaqədar hökumət şəhər
məktəbləri adlı yeni məktəb açmağa
məcbur oldu. 1870-ci il may ayının 31-də qəbul
olunmuş yeni nizamnamə ilə əlaqədar mövcud
qəza məktəbləri tədricən şəhər
məktəblərinə çevrildi. Həmin nizamnamə
ilə Naxçıvan qəza məktəbi də 1877-ci
ildə yenidən quruldu və şəhər
məktəbi adlandırıldı. Tip etibarı
ilə daha üstün olan şəhər
məktəblərinin meydana gəlməsi irəliyə
doğru böyük bir addım idi. Burada Azərbaycan və rus
dillərindən başqa hesab, həndəsə, coğrafiya,
tarix, təbiyyət tədris edilir, rəsm və
rəsmxət öyrədilirdi. Elm-fənn müəllimləri əsasən
Tiflis Aleksandrovski İnstitutunun məzunları idilər.
Azərbaycan dilini ruhani təhsili görmüş yerli ziyalılar
tədris edirdi. Müxtəlif vaxtlarda bu fənn Mirzə
Kərim Qulubəyov ilə Molla Nəsrulla Hacı
Mirzə Əli oğlu tərəfindən tədris edilmişdi. Şəhər məktəbində
təhsil pullu idi. Buna baxmayaraq, təhsil almaq
istəyənlərin sayı get-gedə artırdı.
1890-cı il yanvarın 1-nə olan məlumata görə
burada 152 şagird təhsil alırdı. Şagirdlərin
milli tərkibi müxtəlif idi. Burada azərbaycanlılarla
yanaşı, ruslar və digər millətlər də
təhsil alırdı. Silki tərkibinə görə şagirdlərin
əksəriyyətini şəhər sakinlərinin (74)
və kəndlilərin uşaqları (49) təşkil
edirdi. Naxçıvan şəhər məktəbi özünün
kənd təsərrüfatı və sənət şöbələri
ilə fərqlənirdi. 1887-ci ildən
fəaliyyətə başlayan bu şöbədə şagirdlər
dülgərlik, xarratlıq, dəmirçilik və çilingərlik
öyrənirdi. Bu şöbə sonralar hətta əhalidən
ağac və dəmirdən hazırlanmış ev əşyaları
üçün sifarişlər qəbul edirdi. Məktəbin
ipəkçilik şöbəsində 40-a qədər şagird
məşğul olurdu. İpəkçilik şöbəsinin
şagirdləri bəslədikləri barama qurdlarından
sağlam ipəkqurdu toxumu almaq işində xeyli müvəffəqiyyət
qazanmışdı. Naxçıvan şəhər
məktəbi ipəkçilik şöbəsinin şagirdləri
1898-ci ildə bəslədikləri ipəkqurdlarından
240 misqal sağlam ipəkqurdu toxumu əldə etmişdilər.
Naxçıvan şəhər məktəbi cəmi İrəvan
quberniyasındakı 5 şəhər məktəbi içərisində
sənət şöbəsi olan yeganə məktəb idi.
Məktəbin emalatxanası, şagirdlərin əl işləri,
kitabxana və fizika kabinəsi ilə tanış olan
rəsmi dövlət nümayəndələrinin
məktəbin rəy dəftərinə yazdığı
xoş təəssüratlar şagirdlərin sənət öyrənməyə
həvəsinin yüksək olduğunu göstərirdi. Azərbaycanın digər şəhər
məktəbləri kimi, Naxçıvan şəhər
məktəbi şagirdlərinin də əl işləri
Rusiyanın iri şəhərlərində təşkil
edilən sənaye və kənd təsərrüfatı
sərgilərində nümayiş etdirilirdi. 1879-cu ildən 1901-ci ilədək Naxçıvan
şəhər məktəbinin cəmi 20 buraxılışı
olmuşdur ki, buranı 207 nəfər
bitirmişdir (bu vaxt məktəb 5 sinifdən və 7
şöbədən ibarət idi). Məzunların böyük bir dəstəsi ömrünü
müəllimlik peşəsinə həsr etmişdir.
Təkcə 1879-cu ildə fəaliyyətə başlayan
Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinə
qəbul olunan ilk tələbələrdən üçü:
Mirzə Xəlilov, Ələkbər Süleymanov və Ələkbər
Şeyxhüseynov məhz Naxçıvan şəhər
məktəbinin məzunları idilər. Cəlil Məmmədquluzadə məhz Naxçıvan
şəhər məktəbini bitirməsi
sayəsində Qori şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyasına daxil olmuş və buranı bitirdikdən
sonra bu yaxınlarda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xüsusi sərəncamı
ilə təşkilinin 125 illik yubileyinin geniş qeyd
edildiyi, bu gün isə qürbətdə qalan Uluxanlı
məktəbində, sonralar isə doğma Nehrəm
kəndində müəllimlik etmiş və zəngin
pedaqoji irs qoymuşdur. ümumiyyətlə, Naxçıvan şəhər
məktəbində təhsil alan azərbaycanlılar
rus dilini mənimsəmək, mütərəqqi rus
mədəniyyəti ilə tanış olmaq
nəticəsində sonralar İrəvan və Qori Müəllimlər
Seminariyasına, Rusiya və Avropanın bir sıra
universitetlərinə qəbul olunmuş və bu təhsil
müəssisələrini bitirdikdən sonra
Vətənə qayıdaraq təhsilin, xalq maarifinin, elm,
ədəbiyyat və mətbuatın sonrakı inkişafında
unudulmaz xidmətlər göstərmişlər. H.ƏHMƏDOV, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ümumi pedaqogika kafedrasının müdiri, akademik |