· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Lev Landau - 100

Dahi doğulan şəxsiyyət

Azərbaycanda dünya şöhrətli fizik, Nobel mükafatına layiq görülən yeganə bakılı  Lev Landau  1908-ci il yanvarın 22-də  mühəndis-neftçi ailəsində anadan olub. Valideynləri  Levin qeyri-adi uşaq olduğunu sezmişdilər. Geniş dünyagörüşünə və dərin təfəkkürə malik olan  uşaq  öz həmyaşıdlarından fərqli olaraq,  artıq 13 yaşında orta təhsilini uğurla başa vurub, ali məktəbə daxil olmaq istəyirdi. Amma valideynləri onun belə erkən yaşda ali məktəbdə təhsil almasına razı deyildilər. Nəhayət,  valideynlərinin təkidi ilə Lev Landau  Bakı  İqtisad Texnikumuna daxil olur. 1922-ci ildə isə  L.Landau Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tələbəsi olur. Həmin dövrdə  gələcəyin görkəmli alimi  həm fizika, həm də kimya elminin sirlərinə yiyələnir. 2 ildən sonra Landau təhsilini Leninqrad Universitetinin fizika fakültəsində davam etdirir.  Hələ 19 yaşında Landaunun  mətbuatda elmi  məqalələri dərc olunmağa başlayır.   1927-ci ildə o, Leninqrad Fizika-Texniki Universitetinin  aspiranturasına daxil olur. Landau   elektron maqnit nəzəriyyəsi və kvant elektrodinamikasına dair elmi iş üzərində işləyir.

Lev Landaunun elmi fəaliyyəti həddindən artıq  zəngin və rəngarəngdir. Alimin elmi fəaliyyətini təhlil  edən  tədqiqatçılar onun fizika elminə bəxş etdiyi yeniliklərin qısa  bir ömrə sığmasını təsəvvürolunmaz hesab ediblər.  

Elmin bir çox  sahələri ilə məşğul olsa da, maye helium parametrlərini   təsvir etdiyi elmi nəzəriyyəsi ona dünya şöhrəti qazandırıb.  Landau özündən sonra  böyük nəzəriyyəçi fiziklər məktəbi qoyub. Landaunun başçılıq etdiyi elmi seminarlar artıq əfsanəviləşərək,  nəzəri fizika tarixinə qızıl hərflərlə daxil olub. Landau nəzəri fizika klassik kursunun yaradıcısı, "Mexanika", "Sahə nəzəriyyəsi", "Kvant mexanikası", "Statistik fizika", bir neçə cilddən ibarət "Nəzəri fizika  kursu" və digər elmi əsərlərin müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunaraq, ali məktəblərdə və elmi- tədqiqat institutlarında istifadə olunur.  

1929-1931-ci illər ərzində Landau Almaniya,  İsveçrə, İngiltərə, Niderland və Danimarkada elmi ezamiyyətlərdə olub. Orada kvant mexanikasının əsasını qoyan Verner Qeyzenberq,  Volfanq Pauli və Nils Bor kimi görkəmli alimlərlə yaxından tanış olub.

1931-ci ildə alim Leninqrada qayıdır, amma tezliklə Ukraynanın Xarkov şəhərinə gedir.  Orada Landau Ukrayna Fizika-Texniki İnstitutunun  nəzəriyyə şöbəsinə rəhbərlik  edir.  Eyni  zamanda alim Xarkov Universitetində və Xarkov Mühəndis Mexanika İnstitutunda nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışır. 1934-cü ildə  SSRİ Elmlər Akademiyası Landauya dissertasiya müdafiə etmədən elmlər doktoru alimlik dərəcəsi,  növbəti ildə isə professor adını verir.

Landaunun nəzəri fizikanın bütün sahələrini əhatə edən tədqiqatlarının qeyri-adi geniş diapazonu Xarkovda böyük rezonans doğurmaqla yanaşı, gənc və istedadlı alimləri  onun ətrafında toplaşmağa gətirib çıxarmışdı. 

1937-ci ildə Moskvanın  Fizika Problemləri İnstitutunun nəzəri  fizika şöbəsinin rəhbəri Pyotr Kapitsa Landaunu yanında işləməyə  dəfət edir.

 Amma 1938-ci ildə  Landau haqsız olaraq Almaniyaya cəsusluq etməkdə  təqsirli bilinərək həbs edilir. Yalnız Pyotr Kapitsanın bu işə müdaxiləsindən sonra  alim azadlığa buraxılır.

İkinci Dünya müharibəsi dövründə Lev Landau yanma və partlayışların, xüsusilə mənbədən uzaq məsafələrdə zərbə dalğalarının tədqiqatı ilə  məşğul olub. Müharibə qurtardıqdan sonra və 1962-ci ilə qədər o, müxtəlif məsələlərin həlli, o cümlədən yüksək sıxlığın riyazi nəzəriyyəsi ilə bağlı tədqiqatlar aparır. O, Sovet İttifaqında atom bombasının yaradılmasında iştirak edib.

L.Landau  ailə həyatını Xarkovda yaşayarkən qurur. O, Xarkov yeyinti sənayesinin mühəndis-texnoloqu Konkordi Drobantseva ilə evlənir. Onların  bir oğlan övladı dünyaya gəlir. Lev Landaunun oğlu da atasının yolunu davam etdirir. O, Moskvada Fizika Problemləri İnstitutunda  fizik-eksperimentator işləyir. Elmi fəaliyyətində atasının ona çox böyük köməyi dəyib. 54 yaşında Landau onun elmi fəaliyyətinə son  nöqtə qoyan avtomobil qəzasına məruz qaldı.  Qəza nəticəsində o, ağır yaralandı. Kanada, Fransa, çexoslovakiyadan və Sovet İttifaqının hər yerindən gələn həkimlər alimi həyata qaytarmaq üçün əllərindən gələni əsirgəmirdilər. Təxminən 6 həftə Landau  huşsuz vəziyyətdə yataqda qaldı və düz 3 ay heç kəsi tanımadı. Səhhəti ilə əlaqədar hətta Landau 1967-ci ildə Nobel mükafatı almaq üçün Stokholma gedə bilmədi.  Mükafatı görkəmli alimə Moskvada İsveçin Sovet İttifaqındakı  səfiri  təqdim etdi.  Lev Landau  Nobel və Lenin mükafatlarından başqa, 3 dəfə SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına  layiq görülüb. 1946-cı ildə  o, SSRİ Elmlər Akademiyasının akademiki seçilib. O, həmçinin Danimarka, Niderland və  ABŞ Elmlər Akademiyalarının, Amerikanın Elm və İncəsənət Akademiyasının üzvü olub.

Avtomobil qəzasından sonra Landau cəmi 6 il yaşadı. Sağlamlığı ona  bu illər ərzində elmi  fəaliyyətlə məşğul olmağa imkan vermədi.  Aldığı zədələrin  ağırlaşması nəticəsində akademik 1968-ci il aprelin 1-də vəfat etdi. özündən sonra böyük bir elmi irs və məktəb qoyan Lev Landau  Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub.

Qeyri-adilikləri ilə bərabər dünyaya göz açmış bu unikal və fenomen insan  çoxsaylı elmi kəşfləri ilə elm aləmində zirvələri fəth etdi. Bu gün orta məktəb dərsliklərində Lev Landaunun həyat və yaradıcılığı əks olunub.  Hər bir azərbaycanlı fəxr edə bilər ki, bu torpaqda  Lev Landau kimi  dünya şöhrətli bir insan yetişib.

Aynur GüLüSTAN