|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Problem Metodbirləşmə
məktəbə lazımdırmı? 1970-ci ilin payızında Bakıdakı 181
nömrəli məktəbdə pedaqoji fəaliyyətə
başlamışdım. Cəmi 15 gün idi ki, dərs keçilirdi.
Direktor müavini birinci növbənin sonunda: - Məktəb bufetində nahar elə, -
dedi. - Saat 14-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
metodbirləşmə yığıncağı olacaq. Düzü, metodbirləşmə haqqında dil
və ədəbiyyatın tədrisi ilə bağlı mühazirələrdə
müəllimlərimiz müəyyən şeylər yazdırıb
zaçotda soruşmuşdular. Amma iclasda bir ayrı
vəziyyət gördüm. Məktəbin o vaxtkı direktoru,
mərhum Muxtar Hüseynzadə özü də iclasa gəlmişdi.
İlk yığıncaq idi. Metodbirləşmə
sədri olan qadın müəllim məktəb üzrə
Azərbaycan dili və ədəbiyyatın tədrisi
barədə vəziyyəti əks etdirən
məruzə elədi, fənni mənimsəmə faizi
barədə statistik rəqəmlərdən danışdı.
Arada bir-iki dəfə məktəb direktoru sual verdi. Yanılmıramsa,
metodbirləşmənin xəttilə dinlənilmiş
"açıq dərs"lərin təhlili ilə bağlı
idi. Narazılığını bildirdi ki, filan müəllim
"Aşıq Ələsgər" mövzusunda "açıq
dərs"i haqqında niyə pedaqoji şurada məlumat
verməyib. Sonra yeni dərs ilində qarşıda
duran vəzifələr bənd-bənd müzakirə edildi;
siniflər üzrə proqram materialları planlaşdırıldı;
metodbirləşmə sədri, katib seçildi; görüləcək
işlər, ediləcək məruzələr müəyyənləşdirildi...
İlin sonuna qədər 4 yığıncaq keçirildi, bir
məruzə də mən etdim, "Koroğlu" dastanının
tədrisi mövzusunda... Bu gün Azərbaycan təhsilinin
səviyyəsini daha da yüksəltmək üçün
innovasiyalardan bəhrələnmək, təlimdə
interaktiv metodlardan, informasiya və kommunikasiya texnologiyalarından
istifadə etmək... istiqamətlərində ardıcıl,
sistemli, məqsədyönlü, çoxşaxəli
fəaliyyətin genişləndiyi bir vaxtda metodbirləşməyə
ehtiyac varmı? İldə dörd dəfə 1-2 saat çəkən
yığıncaq keçirmək nəyə lazım? Bu
suallara birmənalı cavablar olmayacaq. O yerdə ki,
metodbirləşmə işi formal təşkil olunmur, sözün
həqiqi mənasında, metodbirləşmənin
fəaliyyəti təhsilin səmərəliliyi naminə
qurulursa, müəllimlər öz təcrübələrini
həmkarları ilə müzakirə edib müsbət
tərəfləri ümumiləşdirib yaymağın
fəzilətinə qovuşurlarsa, metodbirləşmələrin
işi məktəbşünaslığın tələb
və prinsiplərinə uyğun olur. Tanış müəllimlərdən biri
ilə rastlaşıb hal-əhval tutanda maraqlandım ki,
metodirləşmə yığıncağınız
nə vaxt olacaq? Niyyətim folklor materiallarının
tədrisi ilə bağlı bəzi
məsələlərə praktiklərin münasibətini
öyrənmək idi. İstehzalı təbəssümünü
gizlətməyən həmkarım: - Siz nədən danışırsınız,
- dedi. - Kimdir metodbirləşməyə baxan? İlin
əvvəlində ötən ilin planına bir-iki yenilik
əlavə olunur, vəssalam. İlboyu hərə bir
dərsin icmalını qaralayıb gələnlərin başını
aldatmaq üçün qovluğu doldururuq. *** Mövcud ədəbiyyatda metodbirləşmə
sözü belə izah olunur: ibtidai siniflər və ayrı-ayrı
fənlər üzrə yaradılan metodbirləşmə müəllimlərin
ideya-siyasi səviyyəsinin yüksəldilməsinə,
təlim-tərbiyənin daha mükəmməl, müasir üsul
ilə təşkilinə, qabaqcıl təcrübənin öyrənilməsi
və yayılmasına, elmin nailiyyətləri və
pedaqoji, elmi-metodik ədəbiyyatla tanışlığa
kömək edir. Məktəbdaxili, məktəblərarası
və rayon (şəhər) metodbirləşmələri
formalarında olur. Məktəbdaxili metodbirləşmə
eyni fənn üzrə 3 və daha artıq müəllim olan ümumtəhsil
tədris ocaqlarında yaradılır, dərs ili
ərzində ən azı 4 dəfə yığıncaq
keçirilir. Metodbirləşmənin əsas fəaliyyət
sənədi iş planıdır və illik tərtib
olunan plan: a) konkret şərait nəzərə alınmaqla
hazırlanır; b) giriş (burada ötən ilin yekunu, uğurlar
və çatışmazlıqlardan bəhs olunur); c) yeni
dərs ilində qarşıda duran
məsələlər; ç) təşkilati-pedaqoji
məsələlər; d) fənn üzrə təlimin
nəzəriyyə və metodikası
məsələləri üzrə müəllimlərin
məruzələri; e) şagirdlərin bilik, bacarıq
və vərdişlərinin formalaşdırılması;
ə) fənn üzrə əyani və didaktik
vəsaitlərin hazırlanması kimi tərəfləri
əks etdirir. Müəllimin şəxsi təhsili,
tədris proqramı, yeni normativ sənədlər,
elmi-metodik ədəbiyyatın müzakirəsi də
metodbirləşmə yığıncağında müzakirə
edilir, təhlil və təqdir olunur, təsdiq edilir. Ali məktəblərin birində
ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə
magistrant qızla söhbətdə sözarası soruşdum ki,
metodbirləşmə haqqında nə bilir? "Metod" sözünün mənasını
bilirdi və üsul birləşmə olduğunu söylədi.
Cavab elə bu oldu. Ali məktəblərin tədris planında
(filologiya, ibtidai təhsil pedaqogikası və metodikası
fakültələrində) ədəbiyyat tədrisi metodikası,
ana dili tədrisi
metodikası kurslarında bu mövzuya yer ayrılır,
pedaqogikadan məktəbşünaslıq bölməsində bu
məsələyə toxunulur. Müşahidə göstərir
ki, orta məktəbə gələn məzunlar
metodbirləşmənin təhsil ocağındakı
rolunu lazımınca dərk etmirlər.
Məktəblərdə hər ilin əvvəlində üzüyola
müəllimlərdən biri sədr təyin olunur, bir
xətti yaxşı olan katib vəzifəsinə seçilir.
ötən illərdən qalma iş planlarına kosmetik
əl gəzdirilir, neçə ildən qalma
məruzələrin - qabaqcıl təcrübə faktlarından
bəhs edən yazılardan köçürülmüş çıxışlarla
üzü köçürülüb sənədlər qaydaya salınır.
Əslində müəllimlər yalandan da olsa, bir araya yığışıb
heç qeybət də etmirlər. Amma sənədlər
yerində olur. Əslində metodbirləşmə orta
təhsil ocağında bir növ minikafedra rolunu oynamalıdır.
İllik statistik göstəricilər əsasında
fənnin tədrisi təhlil olunmalı, ayrı-ayrı müəllimlərin
fəaliyyətinə qiymət verilməli, proqram
materialları məktəbin şəraitinə uyğun
şəkildə planlaşdırılmalı, görüləcək
işlər, həyata keçiriləcək sinifdənxaric
və məktəbdənkənar tədbirlər müəyyənləşdirilməlidir.
Yaradıcı işə, innovasiyalara maraq və meyil göstərən,
hər dərsi bir yeniliklə seçilən müəllim
əməyinə məhz ilk dəyər metodbirləşmədə
verilməlidir. Metodbirləşmə fənn üzrə
potensial qüvvələrin bir araya gətirilib vahid
məqsəd naminə istiqamətləndirildiyi
məktəb qurumu kimi əhəmiyyətli rol oynamalıdır. Bu işdə məktəb
rəhbərlərinin də günahı az deyil. Hansı yığıncaqda
olur, hər hansı bir pedaqoji şura və ya direktoryanı
müşavirədə metodbirləşmələrin bu
və ya digər işi söz-söhbət mövzusu olurmu? - Yox! Bəlkə də qələm məhsuluna
ağız büzüb etiraz edən olacaq. Olsun. Bir neçə
nəfər heç də respublika pedaqoji ictimaiyyəti
demək deyil. üzümüzü onlara tuturuq: - Metodbirləşmə
məktəbə lazımdırmı? Gəlin müzakirə
edək. Ş.MƏMMƏDOV |