|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Uşaq problemləri Balacalar
da seriallara baxırlar Valideynlər bunu normal hal saysalar da,
alim və pedaqoqlarımız yolverilməz olduğunu
bildirirlər çoxlarına
tanış bir mənzərədir: həmişəki
vaxtda televizorun hər hansı bir kanalında serial başlayır.
Hamı əyləşərək, filmə tamaşa edir.
Ən acınacaqlısı isə odur ki, həmin serialı
böyüklərlə yanaşı,
onların övladları - balacalar da seyr edir. Film başa
çatan kimi onlar pultun düyməsini basaraq, digər kanalda
yenicə başlayan seriala baxmaqda davam edirlər. Və
beləcə gecədən xeyli keçməsinə baxmayaraq,
balacalar yatmaq nə olduğunu bilmirlər. Valideynlər
də bundan qətiyyən narahatlıq hissi keçirmirlər.
Tanıdığım ailələrin demək olar ki,
əksəriyyətində vəziyyət eynidir.
Səhər uşaqlar bağçaya gedir və onların
orada söhbətlərinin əsas mövzusu da həmin nümayiş
olunan Latın Amerikası, türk seriallarının
qəhrəmanları olur. Bakının 69, 182 nömrəli körpələr
evi-uşaq bağçalarının uşaqları da öz
yaşıdlarından bu baxımdan heç də geri qalmır.
Uşaqlara sual verirəm: kimə anası gecə yatanda
layla oxuyur? 2-3 uşaq əlini qaldırır. Uşaqlardan
Koroğlunun, Qaçaq Nəbinin kim olduğunu soruşuram. Uşaq
məsumluğu ilə üzümə baxırlar. Kimin "Tıq-tıq
xanım" nağılına çəkilmiş cizgi
filminə, milli kinolarımızdan
"Ad günü", "Asif, Vasif və Ağasif", "Şir
evdən getdi", "Sehrli xalat" və
digərlərinə baxması ilə maraqlanıram.
Balacalar yenidən maraq dolu baxışlarla məni süzürlər.
Təbii ki, onlar üçün bu suallar qətiyyən maraqlı
deyil. Bu gün televiziyanın müxtəlif kanallarında nümayiş
olunan seriallar barəsində suallara keçirəm. Bax bunlar uşaqların
ürəyincə olur. Demək olar ki, bütün serialların baş
qəhrəmanları, onların nəinki ailə üzvləri,
hətta kinoda ən xırda obrazları belə yaradanlar
haqqında bütün bildiklərini bir-birinə aman
verməyərək, dil-boğaza qoymadan danışmağa
başlayırlar. Bayaqdan məsum baxışlarla məni
süzən balacalar serial qəhrəmanları, həmçinin
kinoda cərəyan edən hadisələrin ən xırda
detalları haqqında ətraflı məlumat
verməyə başlayırlar. Kimin ata-anası seriala baxmağa qoymur? -
sualına demək olar ki, heç kəs əl qaldırmır.
Əksinə, balacalar həmin seriallara əvvəlcə
anaları ilə, sonradan isə axşam ataları işdən
gəldikdən sonra birlikdə baxdıqlarını söyləyirlər.
Axşam uşaq vaxtı dediyimiz bir vaxtda yatmağı
isə heç bir uşaq ağlına belə gətirmir.
Qəribəsi odur ki, valideynlərin əksəriyyəti
öz övladlarının vaxtında yatmamasından
qətiyyən narahatlıq keçirmir, əksinə, bunu
normal hal kimi qəbul
edir. Olduğumuz bağçalarda tərbiyəçilər
bu məsələnin doğrudan da aktual olduğunu
təsdiqlədilər. 69 nömrəli körpələr evi-uşaq
bağçasının tərbiyəçisi Zemfira Ağayeva 1973-cü
ildən məktəbəqədər təhsil müəssisəsində
çalışdığını deyərək, bu günün uşaqlarının
əvvəlkilərdən xüsusilə seçildiyini, çox
fərqli bir həyat tərzi yaşadıqlarını söylədi.
Məktəbəqədər təhsil müəssisəsində
balacalarla müxtəlif tədbirlər keçirildiyini, məşğələlər
zamanı onların dünyagörüşünün
hərtərəfli formalaşmasına xüsusi diqqət
verildiyini desə
də, uşaqların seriallara olan marağının günbəgün
artmasının acınacaqlı olduğunu etiraf etdi.
Tərbiyəçi bunun əsas günahının
valideynlərdə olduğunu bildirdi. Valideyn əgər uşağına
böyüklər üçün nəzərdə tutulan seriallara baxmağa
icazə verirsə, özü də onunla birlikdə oturub baxırsa,
burada hansı düzgün tərbiyədən söhbət
gedə bilər? Emma İsmayılova və Gülnarə
Əliyeva 182 nömrəli körpələr evi-uşaq bağçasının
tərbiyəçiləridir. Onların da fikri budur ki,
valideynlər öz uşaqlarının
tərbiyəsində daha ciddi olmalıdır. Uşağın
düzgün tərbiyə olunması məhz ailədən başlayır.
Valideynlər tərəfindən uşaqlara nəzarət
artırılmalıdır. Bəs görəsən bu məsələ
ilə bağlı pedaqoq və alimlərimiz nə düşünür? Beynəlxalq Təhsil Kompleksinin direktoru,
respublikanın əməkdar müəllimi Sara Xanlarova məsələnin
bu gün doğrudan da aktual olduğunu deyərək, uzun müddət
təhsil sahəsində çalışan bir şəxs kimi
bundan böyük narahatlıq keçirdiyini bildirdi. Sara xanım
məktəbəqədər, eləcə də kiçikyaşlı
uşaqlarımızın asudə vaxtının, ümumiyyətlə
onların rejiminin düzgün qurulmamasının da hazırda
çox ciddi bir məsələ olduğunu dedi.
Təhsillə bağlı dünyanın bir çox ölkələrində
- Amerikada, Avropada, İsraildə olduğunu bildirən Sara
xanım qeyd etdi ki, İngiltərədə uşaqların
televiziya proqramı rejimi var. Yəni uşaq hansı vaxt
televizora baxa bilər. Bizdə bağçayaşlı uşağın
birgünlük həyatına baxsaq görərik ki, ailədə o
uşağın nə vaxt durması və ya yatması
belə dəqiq deyil. Bunu bütün valideynlərə şamil
etmədiyini deyən Sara xanım ümumiyyətlə bizim
gənc ata-analar arasında maarifləndirmə işlərinin
aparılmasının vacibliyini önə çəkdi. Nümayiş olunan serialların uşaqlara
mənfi təsir göstərdiyini qeyd edən direktor,
ailələrdə onların asudə vaxtlarının
səmərəli təşkilinə diqqət artırmağın
vaxtı gəlib çatdığını söylədi. Sara xanım rəhbərlik etdiyi
Beynəlxalq Təhsil Kompleksinə daxil olan istər 134 nömrəli
məktəbdə, istərsə də "Ana
məktəb" məktəbəqədər
təlim-tərbiyə müəssisəsində
valideynlərlə əməklaşlığa xüsusi önəm
verildiyini dedi. Qeyd etdi ki, "Ana məktəb"
məktəbəqədər təlim-tərbiyə müəssisəsində
valideynlə müəllim bərabərdir. Burada təlim 3 yaşından
başlanır. Bütövlükdə valideyn təlimin iştirakçısıdır.
Tərbiyə və təlim prosesi valideynlərin yaxından
iştirakı ilə həyata keçirilir. Uzunillik pedaqoji
təcrübəyə malik direktorun fikrincə valideyn uşağı
düzgün istiqamətləndirməyi bacararsa, onda onun
seriallara baxmağa nə marağı olar, nə də
həvəsi. O öz uşaq dünyasını yaşayar
və onu maraqlandıran oyunlarla məşğul olar. Bunun
üçün isə, ilk növbədə, yuxarıda qeyd olunduğu
kimi, valideynlərlə maarifləndirmə işi aparılmalıdır. Respublikanın tanınmış alimi,
professor Əjdər Ağayev də uşaqların,
xüsusilə balacaların seriallara baxmasının
yolverilməz olduğunu deyir. Bu seriallarda uşaqları
cəlb edən nədir? - sualına professorun cavabı bu
oldu ki, adətən, serialların mövzusu ailə-məişət
məsələləri ilə bağlı olur. Bunlar
isə yaşından asılı olmayaraq hamını
maraqlandırır. Seriallar çox vaxt ailə münaqişələri
üzərində qurulur. Həmin seriallar Azərbaycan
mentalitetinə qətiyyən uyğun deyil. Belə
filmlərə öz övladı ilə birlikdə baxan
valideynlər əslində çox böyük səhv edirlər.
Əsasən analar həmin filmləri seyr edir və uşaqlarına
onunla birlikdə baxmağa şərait yaradırlar. Əslində uşağın gün rejimi
olmalıdır. Balacalar axşam saat 10-da yatmalı,
səhər saat 7-də durmalıdırlar. Kiçikyaşlı
uşaqlar ən azı 10 saat yatmalıdır. Əgər
balacalar həmin o vaxt müddətində tam yata
bilmirlərsə, onlarda beyin oyanması qalır. Uşaqların
qüvvəsi bir yerə səfərbər ola bilmir. Uşaq
görür ki, ana seriala baxır, o da bunu təkrarlayır. Ana
buna icazə verməməlidir və övladına başa
salmalıdır ki, sənin üçün belə filmlərə
baxmaq hələ tezdir. Onun əvəzinə uşağı
televiziya kanallarında nümayiş olunan cizgi
filmlərinə baxmağa sövq etməli, maraqlandırmalıdır.
Uşaqların belə seriallara baxmağının ziyanlı
tərəfləri olduqca çoxdur. Belə ki, həmin
filmlərdə bizim milli xüsusiyyətlərimizə uyğun
olmayan səhnələr göstərilir, uşaqlar balaca
ikən ailə münaqişələrinə cəlb olunur.
Ən əsası isə onların yuxu rejimi pozulur.
Yenə də burada əsas rolu valideynlər, xüsusilə
ana oynayır. Bağça hər şeyi
tənzimləyə bilməz. Buna baxmayaraq, tərbiyəçilər
də öz işlərini müasir, yaradıcı şəkildə
qurmalı, uşaqları maraqlandırmaq üçün məşğələlərin
daha canlı keçməsini, oyunlar zamanı uşaqların
birbaşa iştirakını təmin etməlidirlər.
Bu günün bağçası uşağın marağını
təmin edən səviyyədə olmalıdır. Görkəmli
pedaqoq da düşünür ki, hazırda valideynlərdə
tərbiyəçilik səviyyəsi aşağıdır.
Bu bir həqiqətdir ki, bizim valideynlər maarifçilik,
təhsil, uşaq tərbiyəsi sahəsində gör-götür
məlumatlarına malikdirlər. Ata-analar üçün
maarifləndirmə işləri aparılmalıdır.
Bunu isə həm televiziya, həm də mətbuat
etməlidir. Respublikada maarifçilik layihələri həyata
keçirilməlidir. Bu layihələri də bizim öz milli mütəxəssislərimiz
hazırlamalıdırlar. çünki tərbiyədə milli
mənəvi dəyərlər əsas götürülməlidir. Bəli, bütün söylənilənlərdən
bir daha aydın oldu ki,
doğrudan da balacaların bu gün televizorun qarşısında
əyləşib seriallara baxması nə tərbiyə,
nə etik, nə də yaş baxımından düzgün
deyil. Bununla bağlı fikirlərini bildirən istər
tərbiyəçilərimiz, istər pedaqoqumuz,
istərsə də tanınmış alimimiz və
bizimlə həmfikir olan digər şəxslər bunun
qəti əleyhinə olduğunu dedilər. ümid edirik ki,
bu yazını oxuyan valideynlər deyilənlərdən
özləri üçün bir nəticə çıxarmağı
bacaracaqlar. Gəlin, balacaları vaxtından qabaq böyütməyək.
Onları öz uşaq dünyaları ilə baş-başa
buraxaq və qayğısız
uşaqlıq dövrünü keçirməyə imkan yaradaq. Samirə KƏRİMOVA Uşaqları
döymək düzgündürmü? Psixonevroloqlar
uşaqlara qarşı həssas olmağı
məsləhət görürlər Hər
bir valideynin arzusudur ki, onun övladları sağlam,
tərbiyəli, savadlı, nizam-intizamlı və digər
yüksək əxlaqi keyfiyyətlərə malik olsun.
Ailələrdə böyüyən uşaqlarda bəzən bu
müsbət cəhətlərin heç də hamısı
olmur. Valideynlərlə övladlar arasında anlaşılmazlıq
yaranır və sonda konfliktlər baş verir. Bu zaman
ata-analar övladlarını onların sözünə qulaq asmadıqlarına,
müəyyən səhvlərə yol verdiklərinə görə
cəzalandırırlar. çox təəssüf ki, həmin
vaxt cəza tədbirlərinin ən sərt formaları seçilir.
O anda hirsli olan ata və yaxud ana öz övladına qarşı
amansız olduğunu düşünmür, bəlkə də
fərqinə belə varmır. Belə cəza
tədbirləri isə təbii ki, uşaq psixikasına
mənfi təsirini göstərir, onlarda əsəb pozğunluğuna,
nevrozluğa və digər mənfi amillərə
gətirib çıxarır. Müsahibimiz olan Bakıdakı uşaq
ruhi-əsəb dispanserinin psixonevroloqu Məmləkət
Hacıyeva ilə söhbətimizin əsas mövzusu da məhz
uşaqlara tətbiq olunan cəza tədbirlərinin
fəsadları, onların mənfi təsiri ilə bağlı
oldu. - Məmləkət xanım, uşaqlarda
yaranan əsəb pozğunluqları əsasən nə
ilə bağlı olur? - Uşaq doğulandan sonra onun
səhhəti və sağlamlığı ilə bağlı
ən böyük məsuliyyət valideynin üzərinə düşür.
Uşaq dünyaya gəldikdən sonra həkim nəzarəti
altında olur. Normal sağlam uşaq psixi inkişaf dövründə
bir neçə mərhələlər keçir. Həmin inkişaf
mərhələlərində uşaqlarda endokrin sisteminin
hormonları ifraz olunur. 1-ci mərhələ 2 yaş yarımdan
4 yaşa kimidir. 2-ci mərhələ 6-8 yaşları,
3-cü mərhələ 11-16 yaşları əhatə edir.
Bu mərhələlərdə qeyd etdiyim kimi, hormonlar çox
ifraz olunduğuna görə uşaqların xasiyyəti,
psixikası dəyişmiş olur. Belə uşaqların
oyanıqlığı yüksəlir, onlar çox çılğın
olur, tez özündən çıxır, reaksiya verir, cavab qaytarırlar.
Həmin uşaqlarda neqativlik əlamətləri meydana çıxır.
Bu zaman valideynlər uşaqlarına daha həssaslıqla
yanaşmalıdırlar. çox vaxt ailədaxili münaqişələr
də uşaqlara pis təsir göstərir. Ata-ananın
xarakterlərinin bir-birinə uyğun gəlməməsi,
bunun nəticəsində tez-tez konfliktlərin yaranması
ailədə hökmən uşaqların şəxsiyyət
pozuntularına gətirib çıxarır. Belə uşaqlarda
etiraz aksiyası, üsyankarlıq yaranır, onlar
valideynlərinə qarşı neqativ
hərəkətlər edirlər. Bu mövzuda danışarkən uşaqların
əsəb, stress keçirməsinə şərait yaradan bir
məsələni də qeyd etməyə bilmərəm.
Bu, hazırda televiziya ekranlarında göstərilən
dəhşətli, qorxulu filmlərin nümayişidir.
Demirəm ki, belə filmlər göstərilməsin. Eybi
yox, qoy göstərilsin. Ancaq heç olmasa, həmin filmlər
gecədən xeyli keçəndən, uşaqlar yatdıqdan
sonra verilsin. Zorakılığı təbliğ edən,
dəhşətli adlandırdığımız
həmin kinolar da məhz bizim övladlarımızda
əsəb pozğunluğuna, stressin yaranmasına
səbəb olur. Bu mövzuda çəkilən filmlərin
videokasetlərinin satışına fikrimcə, qadağa
qoyulmalıdır. - Valideynlərin öz uşaqlarını
cəzalandırması sizcə düzgündürmü? Bir həkim
kimi buna münasibətinizi bilmək istərdik. - Mənim buna münasibətim olduqca pisdir.
Bilirsiniz, uşaqları elədiyi hansısa bir səhv
hərəkətinə, nöqsanına görə ciddi
cəzalandırmaq düzgün deyil. Əlbəttə, mən
valideynlər tərəfindən uşaqların
nəzarətsiz qalmasının da əleyhinəyəm.
Fikrimcə, hər şey çərçivə daxilində olmalıdır.
Uşaq dünyaya gələndən "olmaz" sözünü
bilməli və anlamalıdır. Əgər o, bunu başa
düşmürsə və yanlış
hərəkətlər edirsə, ilk növbədə, onun
səbəbini aydınlaşdırmaq lazımdır.
Valideynlə uşaq arasında, ən əsası, anlaşma
olmalıdır. Hər iki tərəf bir-birini başa düşməlidir.
Uşağı cəzalandırmaq o demək deyil ki, ona
zor tətbiq edəsən, döyəsən, incidəsən.
Əgər uşaq həqiqətən səhv iş görübsə,
məktəbdə dərslərindən "2"
qiymət alıbsa və yaxud valideynini qane etməyən
hərəkətlər edibsə, onu cəzalandırmaq
üçün heç də döymək, üstünə qışqırmaq
və digər zorakılıq vasitələrinə əl
atmaq lazım deyil. Bunun əvəzinə, övladına onun
sevdiyi hədiyyəni almamaq, evdən bayıra çıxmağa
və ya xoşladığı idman növü ilə məşğul
olmasına imkan verməmək, müəyyən qadağalar
qoymaq və digər sivil hərəkətlərlə uşaqlara
ibrətamiz bir dərs vermək olar. Uşaq bir şəxsiyyətdir və onu
bir şəxsiyyət olaraq düzgün tərbiyə etmək
lazımdır. Əslində valideyn övladı ilə dost
olmalı, yeri gəldikdə müəyyən
məsələlərdə onunla məsləhətləşməlidir.
Uşaqlara qarşı sərt cəza tədbirləri görülərsə,
onda şəxsiyyət pozuntusu əmələ
gələcək və o, ətrafındakılarla münasibətdə
aqressivlik nümayiş etdirəcək, sağlam bir həyat
tərzi keçirməkdə çətinliklər keçirəcəkdir.
Buna isə qətiyyən yol vermək olmaz. - Məmləkət xanım,
valideynlərə məsləhətiniz. - Hər bir valideyn öz övladını gözəl
tanıyır. Uşaq doğulandan 2 ay sonra nevropotoloqun müayinəsindən
keçir. Valideynlər bundan təlaşlanmamalıdırlar.
Əksinə, onlar uşaqlarının əqli, psixi
cəhətdən tam sağlam olmasına əmin olmaq
üçün həmin müayinəni mütləq etdirməlidirlər.
Valideynlər uşaqlarının
səhhətində, onların psixikasında hər hansı
bir dəyişiklik hiss edərlərsə, yaşadıqları
ərazidə yerləşən poliklinikadakı
nevropotoloqa müraciət etsinlər. Bu dəyişikliklər
müəyyən yaş dövrü, yaşayış tərzi
ilə də bağlı ola
bilər. Onu da qeyd edim ki, bizə valideynlər
tərəfindən cəzalandırmadan sonra uşaqların
səhhətində baş verən mənfi dəyişikliklərlə
bağlı müraciətlər olur. Biz o zaman həmin uşaqlarla
yanaşı, onların valideynləri ilə də müalicəvi
işlər aparırıq. Hər ikisi ilə psixoterapiya
kursu keçirilir və bu, öz müsbət nəticəsini verir. Qoy valideynlər həkimə müraciət
etməkdən çəkinməsinlər. Bizim öz işini
bilən nevropotoloqlarımız, psixiatrlarımız var
ki, onlar da uşaqların problemlərini vaxtında aradan
qaldırmaqda ata-analarımıza yardımçı ola
bilərlər.
Müsahibəni apardı: Samirə HüSEYNQIZI, fotolar Fazil İDRİSOĞLUNUNDUR
|