|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin kollegiyasında Yanvarın
23-də Təhsil Nazirliyinin böyük akt zalında
Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının
genişlənmiş iclası keçirildi. İclasda kollegiya
üzvləri ilə yanaşı millət vəkilləri,
ali məktəblərin rektorları, Təhsil Nazirliyinin
struktur bölmə rəhbərləri, orta ixtisas təhsili
müəssisələrinin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, bəzi rayon və şəhər
təhsil şöbələrinin rəhbər işçiləri,
məktəb direktorları, KİV nümayəndələri
iştirak edirdilər. Kollegiya iclasını açan təhsil naziri,
kollegiyanın sədri Misir Mərdanov zala toplaşanları
salamladı, dəvətlərini qəbul edib iclasa
gəldikləri üçün qonaqlara minnətdarlıq etdi. Bu günlərdə ölkəmizin hər
yerində, müxtəlif idarə və təşkilatlarda ötən
ilin yekunlarının, yeni ildə qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunmuş
yığıncaqların keçirildiyini bildirən nazir
kollegiyanın həmin iclasının da bu
məsələyə həsr edildiyini, təhsil
sahəsində 2007-ci ildə görülmüş işləri
və 2008-ci ildə qarşıda duran
vəzifələri müzakirə etmək üçün yığışdıqlarını
söylədi. Sonra təhsil naziri Misir Mərdanov müzakirə
olunan məsələ barədə geniş
məruzə-təqdimatla çıxış etdi. Proyektor
vasitəsi ilə ekranda nümayiş etdirilən və
nazirin şərhi ilə müşayiət olunan
məruzə-təqdimatda ötən il təhsil
sahəsində görülmüş işlər, əldə
olunmuş uğurlar, mövcud problemlər və qarşıda
duran vəzifələr geniş faktik material və fotogörüntülərlə
əyani şəkildə iclas iştirakçılarına çatdırıldı. Nazir öncə iclas iştirakçılarının
diqqətini ümummilli lider Heydər Əliyevin dediyi müdrik
"Təhsil millətin gələcəyidir"
kəlamına yönəldərək ölkəmizin bu günü
üçün, iqtisadiyyatın bütün sahələrində, o cümlədən
də təhsildə əldə olunmuş uğurlara görə,
ilk növbədə, müstəqil Azərbaycan dövlətinin
qurucusu və banisi Heydər Əliyevə borclu olduğumuzu
bildirdi. Qeyd etdi ki, ötən bir il ərzində əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilmiş, Azərbaycan dünyada siyasi
cəhətdən ən stabil ölkələr sırasına
çıxmış, iqtisadi inkişaf tempinə görə
lider ölkəyə çevrilmiş, beləliklə, ölkəmizdə
təhsilin inkişafı üçün hərtərəfli şərait
yaradılmışdır. Son 4 il ərzində möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi və
təhsil sahəsində çalışanların birbaşa
iştirakı ilə respublikanın təhsil sistemində
davamlı inkişafa yönəlmiş əsaslı
infrastruktur dəyişikliklərinin baş verdiyini, inkişafyönümlü
proqram və layihələrin həyata keçirildiyini söyləyən
nazir, bütün bunların dövlət başçısının
təhsilə göstərdiyi müntəzəm diqqət və
qayğı nəticəsində mümkün olduğunu vurğuladı.
Dövlət siyasətində təhsilin
prioritet roluna toxunan Misir Mərdanov bunun əyani
təzahuru kimi təhsilə ayrılan büdcə
vəsaitinin, onun inkişafına yönəlmiş investisiya
xərclərinin ilbəil artdığını qeyd edib,
təhsilin maliyyələşdirilməsinin inkişaf
dinamikasını göstərən cədvəlləri iclas
iştirakçılarının diqqətinə çatdırdı.
Bildirdi ki, 2003-cü ildə dövlətimizin büdcəsi 1,5
milyard ABŞ dolları olduğu halda, 2008-ci ildə o 12
milyard manata çatdırılmışdır. Bu illər
ərzində büdcədən təhsilə ayrılan
vəsait də yüksələn xətlə getmiş,
2003-cü ildəki 243,2 milyon manata qarşı 2008-ci ildə
974,0 milyon manat təşkil etmişdir. Sonra nazir 2007-ci ilin ən mühüm
hadisələri sırasında enerji təhlükəsizliyi
sahəsində atılmış addımları, o cümlədən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tam
gücü ilə işləməyə başlamasını,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilişinin
uğurla başa çatmasını, Bakı-Tbilisi-Qars
dəmiryolu xəttinin tikintisi ilə bağlı prinsipial
razılıq əldə olunduğunu xüsusi qeyd
edərək bu layihələrin respublikamızı bütövlükdə
Avropa məkanının enerji təhlükəsizliyi
sisteminin əsas təminatçılarından birinə çevirdiyini
vurğuladı. Məruzə-təqdimatda ölkə
Prezidentinin təhsilə qayğısının əyani
təzahürü olan faktlara geniş yer verildi. Nazir qeyd etdi ki,
ötən il ölkə Prezidenti təhsillə bağlı 28
sərəncam imzalamış, 18 tədbirdə iştirak
etmiş, öz sərəncamları ilə 204 təhsil işçisini
orden və medallarla, fəxri adlarla mükafatlandırmışdır.
Həmin hadisə və faktları əks
etdirən slaydlar ekranda nümayiş olundu. Nazir ölkə Prezidenti ilə yanaşı,
Azərbaycanın birinci xanımı, millət vəkili,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun təhsil sahəsində apardığı
işləri, əldə olunmuş nəticələri
də kollegiya iştirakçılarının
diqqətinə çatdırdı. Daha sonra təhsil sistemi haqqında statistik
məlumatlar təqdim olundu. Hazırda ölkənin
məktəbəqədər, ümumtəhsil,
məktəbdənkənar, texniki peşə, orta ixtisas,
ali təhsil və əlavə təhsil
sistemlərində müəssisələrin,
təhsil alanların, təhsil verənlərin sayını
göstərən cədvəllər nümayiş olundu. Nazir
həmin cədvəllərdən bəzi
rəqəmləri diqqətə çatdırdı. Qeyd etdi
ki, hazırda ölkədə 1757 dövlət, 4 özəl uşaq
bağçası var. Onlarda müvafiq olaraq 109269 və 175 uşaq
ictimai tərbiyə ilə əhatə olunub. 4543 dövlət
və 16 özəl ümumtəhsil məktəbində müvafiq
olaraq 1.482.521 və 6287 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 160360 (159.303 dövlət
məktəblərində, 1057 özəl
məktəblərdə) müəllim məşğul olur.
ölkədə 107 texniki peşə təhsili müəssisəsi
mövcuddur. Onlardan 47-si peşə liseyi, 60-ı peşə
məktəbidir. Ali təhsil sistemində 35 dövlət, 14
özəl ali məktəb fəaliyyət göstərir.
Təhsil sistemində bu gün 1145 elmlər doktoru, 5152
nəfər isə elmlər namizədi çalışır. Nazir onu da xüsusi vurğuladı ki,
Azərbaycan Respublikasının təhsil sistemi 2.145.289
təhsil alan, 213355 təhsil verən və 104144 yardımçı
heyətlə 2008-ci ilə qədəm qoymuşdur. 2007-ci ildə təhsil sahəsində
həyata keçirilən proqramlar haqqında da iclas iştirakçılarına
məlumat verildi. Məruzə-təqdimatda müasir dövrdə
təhsilin inkişafının əsas amilləri haqqında
da geniş məlumat öz əksini tapmışdı. Nazir
müəyyənləşdirilmiş həmin amilləri aşağıdakı
kimi sıraladıqlarını bildirdi: 1.Təhsilə ictimai dəstək. 2.Əlverişli təlim və inkişaf mühitinin
yaradılması. 3.Təhsilin məzmunu. 4.Yeni qiymətləndirmə sisteminin
tətbiqi. 5.Təhsildə müəllim amili və müasir
təlim texnologiyalarından istifadə. 6.Təhsil sisteminin informasiyalaşdırılması. 7.Elmi tədqiqatlar və təhsilin inkişafı. 8.İdarəetmə sisteminin
təkmilləşdirilməsi. 9.Beynəlxalq əlaqələr. 10.İslahatların davamlı olaraq aparılması. Nazir bu amillərin hər biri üzərində
ətraflı dayandı. Birinci amildən söz açan Misir
Mərdanov bildirdi ki, təhsili inkişaf etdirmək üçün
öncə təhsilə ictimai dəstək lazımdır.
Belə ki, ictimaiyyətin fəal köməyi, təhsil
proseslərində iştirakı olmadan təkcə müəllimlərin,
məktəblərin, təhsil işçilərinin gücü
ilə təhsili inkişaf etdirmək qeyri-mümkündür. Misir
müəllim təhsilə ictimai dəstəyin təmin
olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini
zəruri saydı. Qeyd etdi ki, bunun üçün təhsil
sahəsində maarifləndirməyə üstünlük
verilməlidir, ictimaiyyət təhsilin
əhəmiyyəti, onun ölkədə prioritet rol oynaması,
təhsil sahəsində atılan addımlar, əldə
olunan uğurlar barədə müntəzəm məlumatlandırılmalıdır.
KİV-lə əlaqələr genişlənməli,
yerli və beynəlxalq qeyri-hökumət təşkilatları
ilə əməkdaşlığın daha
səmərəli formalarından istifadə edilməlidir.
Nazirliyin İnternet səhifəsinin mütəmadi olaraq
yeniləşdirilməsini, gələcəkdə bütün
təhsil müəssisələrində İnternet
səhifələrinin olmasını, pedaqoji mətbuatın
rolunun artırılmasını, xüsusən də son
vaxtlar ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan
"Azərbaycan müəllimi" qəzetinin
fəaliyyətinin daha da genişləndirilməsini, onun
təhsil alanlar və valideynlər üçün də maraqlı
olmasını təmin etməyi və s. bu kimi
məsələləri də nazir təhsilə ictimai
dəstəyi gücləndirmək üçün atılacaq addımlardan
hesab etdi. Təhsildə valideynlərin həlledici
rolu olduğunu vurğulayan nazir təhsilin inkişafına
təsir edən əsas amillərin
əhəmiyyətlilik ardıcıllığında -
ailə, mühit, informasiya, məktəb-ailənin birinci
yerdə durduğunu qeyd edib bu baxımdan
valideynlərlə işə ciddi yanaşmağı tövsiyə
etdi. Bildirdi ki, dünyanın aparıcı ölkələrində
valideynlər məktəbin idarə olunmasında, kadrlarla
təminatında və digər
məsələlərdə yaxından iştirak
edirlər. Misir Mərdanov 3 pilot rayonunda
fəaliyyət göstərən valideyn şuraları
təcrübəsinin bütün məktəblərdə
tətbiq olunmasını, YUNİSEF-in yaxından
dəstəyi ilə yaradılmış Valideyn-Müəllim
Assosiasiyası şəbəkəsinin genişləndirilməsini
zəruri saydı. Müasir dövrdə təhsilin inkişafına
təsir göstərən əsas amillərdən birinin
əlverişli təlim mühitinin yaradılması olduğunu
bildirən nazir, bu istiqamətdə ötən il təhsilin
bütün pillələrində görülmüş işləri, mövcud
problemləri və qarşıda duran vəzifələri
də məruzə-təqdimatında kollegiya iştirakçılarının
diqqətinə çatdırdı. öncə
məktəbəqədər təhsil sahəsində görülmüş
işlərə toxunan nazir ölkə Prezidenti
tərəfindən 2007-2010-cu illəri əhatə
edən "Məktəbəqədər təhsilin
yeniləşdirilməsi Proqramı"nın təsdiq
edildiyini, son 20 ildə ilk dəfə olaraq Bakı şəhərində
11 yeni uşaq bağçasının tikildiyini, bu işin
cari ildə də davam etdiriləcəyini, 2008-ci ildə
22 uşaq bağçasının əsaslı təmiri
və müasir avadanlıqlarla təmin edilməsinin, yaxın
gələcəkdə dünya təcrübəsinə uyğun
olaraq 5 yaşlı uşaqların icbari
məktəbəqədər təhsilə cəlbi üzrə
tədbirlərin həyata keçirilməsinin
nəzərdə tutulduğunu söylədi. Ekranda ötən
il istifadəyə verilmiş bağçalardan fotogörüntülər
nümayiş olundu. ümumi orta təhsil sahəsində əlverişli
təlim mühitinin yaradılması haqqında da ətraflı
məlumat verən nazir son illərdə Azərbaycanda heç
bir zaman olmayan addım atıldığını, ölkə
Prezidentinin rəhbərliyi ilə 254.126 şagird yerlik
1217 yeni məktəb və əlavə korpuslar tikildiyini,
ötən il 200 yeni məktəbin istifadəyə
verildiyini, məktəb tikintisi sahəsində Heydər
Əliyev Fondunun da böyük xidmətləri olduğunu
faktlarla, əyani görüntülərlə iclas iştirakçılarının
nəzərinə çatdırdı. Kollegiyada 2008-ci il üzrə investisiya proqramında
122 yeni məktəb binasının, 34 məktəb üçün
əlavə korpusların inşasının, 80
məktəbin əsaslı təmirinin, 21
məktəbəqədər təhsil müəssisəsinin,
7 texniki peşə məktəbinin əsaslı təmiri
və avadanlıqla təminatının, 3 rayon təhsil
şöbəsi üçün inzibati binanın tikintisinin
nəzərdə tutulduğu qeyd olundu. Məruzə-təqdimatda ümumtəhsil
məktəblərinin avadanlıqla təchizi, xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsili ilə
əlaqədar proqrama (2005-2009-cu illər) əsasən,
De-institutlaşdırma Proqramı (2006-2015-ci illər) çərçivəsində
görülmüş və görülməsi nəzərdə tutulan işlər
haqqında da söhbət getdi, həmin işlərin miqyasını
və həcmini əks etdirən faktlar gətirildi. Təhsilin digər sahələrində, o
cümlədən texniki peşə təhsilində, ali
təhsildə əlverişli təlim mühiti yaratmaq
istiqamətində həyata keçirilmiş işlər, xüsusən
də maddi-texniki bazanın möhkəmləndirilməsi
sahəsində atılan addımlar barədə də
kollegiya iştirakçılarına ətraflı məlumat
verildi. Müasir dövrdə təhsilin inkişafının
əsas amillərindən biri olan təhsilin məzmunu
ilə bağlı görülmüş və görüləcək işlər
barədə danışan təhsil naziri Misir Mərdanov
bildirdi ki, məktəbəqədər təhsil
sahəsində yeni kurrikulumun, təlim vəsaitlərin
hazırlanması, şəxsiyyətyönümlu təlim yanaşmasının
tətbiq edilməsi nəzərdə tutulmuşdur. ümumi orta təhsil sistemində kurrikulum
islahatları uğurla davam edir. Hökumət
tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında ümumi təhsilin Milli Kurrikulumu"
konseptual sənədi əsasında fənn kurrikulumları
hazırlanır, ibtidai təhsil pilləsi üçün yeni
fənn kurrikulumları ötən il təsdiq olunmuşdur.
2008-2009-cu dərs ilindən bütün məktəblərin
ibtidai siniflərində yeni kurrikulumla tədrisə başlanacaq.
Nazir yeni Milli Kurrikulum sənədinə əsasən orta
məktəblərdə xarici dil, informatika
fənlərinin birinci siniflərdən tədris olunacağını,
fizika və kimyanın tədrisinə bir il tez başlanacağını
və s. məsələləri də kollegiya iştirakçılarının
nəzərinə çatdırdı. Məlumat verdi ki,
2007-ci ildə dövlətin büdcəsindən ayrılmış
vəsaitin hesabına 156 adda 5.188.800 nüsxə dərslik çap
edilib məktəblərə vaxtında çatdırılmışdır.
2008-ci ildə isə 81 adda 4.204.900 nüsxə dərslik çap
olunacaq. Dərslik siyasətində yenilik olduğunu
bildirən Misir müəllim nazirliyə tabe olmayan yeni bir
qurum - Dərslikləri Qiymətləndirmə Şurası
yaradıldığını, dərsliklərin
qiymətləndirilməsinin bu ildən başlayaraq
həmin Şura tərəfindən həyata keçiriləcəyini
söylədi. Nazir, eyni zamanda bu sahədə problemlərin
də mövcud olduğunu bildirərək onların bir çoxu
ilə kollegiya iştirakçılarını tanış
etdi, onların aradan qaldırılması üçün ilbəil
iş aparıldığını dedi. Nazir ali təhsil sistemində məzmunla bağlı
görülmüş işlərdən də danışdı.
Bildirdi ki, Boloniya prosesinə qoşulmuşuq, çox ciddi
islahatlar həyata keçirilir, ancaq problemlər də çoxdur.
Məlumat verdi ki, artıq bir neçə aydır cənab
Prezidentin tapşırığı ilə ali təhsilin
bakalavr pilləsində ixtisasların yeni siyahısının
tərtib olunması ilə bağlı ciddi iş aparılır.
Qərara alınıb ki, bakalavr sistemində
indiyədək həddən artıq çox olan ixtisasların
sayı azaldılaraq 146-ya endirilsin. Həmin ixtisasların 80-nin hazırda mövcud
olan, yerdə qalanının isə yeni ixtisaslar olduğunu
söyləyən Misir müəllim yeni ixtisaslar üçün
standartların, dərslik və proqramların hazırlanması
üzərində müvafiq iş aparılacağını
bildirdi. Daha sonra məruzə-təqdimatda müasir dövrdə
təhsilin inkişafının 4-cü amili - təhsildə
müəllim amili və müasir təlim texnologiyalarından
istifadə üzərində
dayanıldı. Yaxşı müəllim olmadan təhsili inkişaf
etdirməyin çətin olduğunu söyləyən nazir bu baxımdan
Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin 4 sentyabrında
imzaladığı sərəncamı kollegiya iştirakçılarının
diqqətinə çatdırdı. Dedi ki, həmin
sərəncama görə biz il ərzində 50
məktəb və 100 ən yaxşı müəllim müəyyənləşdirib
cənab Prezidentə təqdim etməliyik və Prezident
ilin sonunda həmin məktəbləri və müəllimləri
mükafatlandırmalıdır. Bununla əlaqədar nazir
əsasnamənin artıq hazırlandığını,
təşkilat komitəsi yaradıldığını
bildirdi. Nazir ümumtəhsil məktəblərinin
pedaqoji kadrlarla təminatı ilə əlaqədar
təsdiq olunmuş Proqram üzrə iş aparıldığını,
bu sahədə problemlərin yaxın zamanda öz həllini
tapacağını diqqətə çatdırdı. Kollegiya iştirakçılarına təqdim
olunan hesabat məruzəsində müasir dövrdə
təhsilin inkişafına ciddi təsir göstərən
yeni qiymətləndirmə sistemi barədə də söz açıldı.
Nazir təhsil alanların biliyinin
qiymətləndirilməsinə təhsil sahəsində
aparılan islahatlarda xüsusi önəm verildiyini bildirib, bu
sahədə görülmüş işlər, yeni
qiymətləndirmə sisteminin tətbiqi ilə keçirilmiş
mərkəzləşdirilmiş buraxılış
imtahanları, 2007-ci il noyabrın 25-də aparılmış
birinci sınaq yoxlama imtahanları, onların
nəticələri barədə kollegiya iştirakçılarına
geniş məlumat verdi, ötən il ölkənin ali
məktəblərinə keçirilmiş qəbul imtahanlarının
nəticələrinin əvvəlki illə müqayisəli
təhlilini apardı, bu sahədə özünü göstərən
irəliləyişləri diqqətə çatdırdı.
Nazir yeni qiymətləndirmə sisteminin təhsilin
digər sahələrində tətbiqini də zəruri
saydı. Məruzə-təqdimatında təhsil
sisteminin informasiyalaşdırılması
məsələsinə toxunan təhsil naziri İKT-nin
inkişaf səviyyəsinin ölkənin intellektual və
elmi potensialının, yüksək səviyyəli
idarəetmənin, sosial-iqtisadi inkişafın və
yoxsulluğun azaldılmasının vacib göstəricilərindən
biri sayıldığını, təhsil sahəsinin
informasiyalaşdırılmasının zamanın, müasir
inkişafın tələbindən irəli gəldiyini söylədi,
təhsil sisteminə İKT-nin inteqrasiyasının
əsas tətbiq istiqamətləri, ümumtəhsil
məktəblərinin İKT ilə təminatı Proqramının
(2005-2007-ci illər) həyata keçirilməsi
sahəsində əldə olunan uğurları faktlar
və rəqəmlərlə iclas iştirakçılarının
diqqətinə çatdırdı. Bildirdi ki, 2007-ci ildə
respublikanın rayonlarının 2519 ümumtəhsil
məktəbinin İKT avadanlığı ilə
təmin edilməsi başa çatdırılmış, o cümlədən
666 məktəbə noutbuk və proyektor verilmiş, 4000 müəllim
treninqlərdən keçmişdir. Beləliklə, üçillik
Proqram uğurla həyata keçirilmiş, V-XI
siniflərdə hər 29 şagirdə 1 kompüter
nisbəti təmin edilmişdir. Təhsil nazirinin slaydlarla təqdim etdiyi
məruzədə müasir dövrdə təhsilin inkişafının
əsas amillərindən sayılan elmi tədqiqatlar
və təhsilin inkişafı, idarəetmənin
təkmilləşdirilməsi, beynəlxalq
əlaqələr, təhsil islahatlarının davamlı
olaraq aparılmasından da ətraflı söz açıldı
və bu istiqamətlərdə görülmüş işlər
geniş təhlil olundu, görüləsi işlər xatırladıldı,
problemlər, onların həlli yolları barədə
fikir və mülahizələr bildirildi. Nazir qeyd etdi ki, son bir il ərzində ali
məktəb alimləri tərəfindən aparılmış
80 elmi-tədqiqat işinin nəticələri AMEA-nın
son hesabatında uğurlu nailiyyətlər kimi
qiymətləndirilmişdir. İdarəetmənin
təkmilləşdirilməsi sahəsində atılmış
mühüm addım - Bakıda rayon təhsil şöbələri
ləğv edilməklə Təhsil Nazirliyinin birbaşa
tabeliyində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin yaradılması ilə təhsil müəssisələrinə
əsassız müdaxilələr azalmış, çevik
idarəetmə nəticəsində son 1 il ərzində
Bakı şəhərinin ümumtəhsil
məktəblərinin keyfiyyət göstəriciləri artmışdır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin cari ilin aprelində imzaladığı
sərəncamla "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nı təsdiq etməsi ölkəmizin
təhsil sahəsində beynəlxalq
əlaqələrinin daha da genişlənməsinə
hərtərəfli imkanlar açmışdır. Proqram çərçivəsində
45 nəfər ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İsveç
və Niderlandın aparıcı universitetlərinə göndərilmişdir. çıxışının sonunda kollegiya
materiallarında təhsil sektorunun ayrı-ayrı
sahələri üzrə 2008-ci ildə qarşıda duran
vəzifələrin müəyyənləşdirildiyini
və kollegiya qərarında öz əksini tapacağını
bildirən Misir Mərdanov bütün təhsili idarəetmə
orqanları və təhsil müəssisələrinə
2008-ci il üçün fəaliyyət planlarında həmin
vəzifələri nəzərə almalarını
və həyata keçirilməsini təmin etmələrini tövsiyə
etdi. Sonra məruzə ətrafında müzakirələr
oldu. Millət vəkili Fəttah Heydərov
belə əhəmiyyətli bir iclasa dəvət olunduğu
üçün təşəkkürünü bildirdi. Son dövrlərdə dünyanın
bir çox ölkələrində müxtəlif inqilabların baş
verdiyini deyən millət vəkili təhsil naziri Misir
Mərdanovun əhatəli və məzmunlu
məruzəsini dinlədikdən sonra Azərbaycanda
məhz təhsil sahəsində inqilabi iş getdiyi
qənaətinə gəldiyini dedi. F.Heydərov qeyd etdi
ki, bu gün ölkə başçısı cənab İlham
Əliyevin rəhbərliyi altında ictimai həyatın
bütün sahələrinin
inkişafı istiqamətində mühüm addımlar atılır.
Amma dövlət başçısının və Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın
təhsilə diqqət və qayğısı daha artıq
nəzərə çarpır və bu sahə, demək olar
ki, yenidən qurulur. Gələcək nəslin yüksək
həyat səviyyəsinin məhz təhsilin inkişafından
asılı olduğunu vurğulayan natiq ilk əmək
fəaliyyətinə adi müəllim kimi başlamış
bir şəxs kimi bu qayğını yüksək
dəyərləndirdiyini bildirdi. Bakı Dövlət Universitetinin rektoru,
millət vəkili Abel Məhərrəmov öz çıxışında
Prezident İlham Əliyevin dəfələrlə qeyd
etdiyi "ölkənin iqtisadi potensialını intellekt
potensialına çevirməliyik" fikrini xatırladaraq son
zamanlar təhsillə bağlı imzalanan
sərəncamların bu məqsədə xidmət
etdiyini dedi. Qürur hissi ilə demək olar ki, bu gün
Azərbaycanda təhsilin inkişaf səviyyəsi
nəinki MDB dövlətləri, eyni zamanda dünyanın aparıcı
ölkələri ilə müqayisə oluna bilər. A.Məhərrəmov məruzədə
səslənən 977 ümumtəhsil məktəbinin
məzunlarının ali məktəbə qəbul olmaması
faktının onu daha çox düşündürdüyünü bildirdi.
Digər tərəfdən, tələbə adını
qazana bilməyən gənclərin də sonrakı
fəaliyyəti haqqında fikirləşmək lazımdır.
Bundan başqa, əgər müzakirə olunan Təhsil
Qanununda nəzərdə tutulduğu kimi, 9 illik icbari
təhsilə keçilsə, məktəbdən uzaqlaşan
yeniyetmələrin taleyi necə olacaq? Onun sözlərinə
görə, peşə məktəblərinin özünü
hələ tam doğrultmadığı bir vaxtda bu
məsələyə çox ehtiyatla yanaşmaq lazımdır.
Daha sonra BDU-nun rektoru ali məktəbdə
də elmin və təhsilin inkişafı
istiqamətində Proqramların qəbul edilməsi haqqında
arzusunu diqqətə çatdırdı. O, bu hesabatı çox yüksək
qiymətləndirdiyini bildirərək daha da
irəliyə getməyin vacib olduğunu dedi və bu yolda
hamıya uğurlar arzuladı. Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru, millət vəkili Şəmsəddin
Hacıyev çox mükəmməl, təhsilin bütün
sahələrinə aid lazımi informasiyaların əks
olunduğu bir çıxışa görə təhsil naziri
Misir Mərdanova təşəkkür etdi.
Bu gün təhsildə ən prioritet
məsələlər, həyata keçirilən proqramlar, dünya
təhsil sisteminə inteqrasiya istiqamətində atılan
mühüm addımlar, tikilən yeni təhsil müəssisələri
haqqında çox dolğun məlumatların
səsləndiyini deyən millət vəkili təqdim
olunan məruzədə diqqəti ən çox cəlb
edən cəhət kimi bütün pillələrə aid
analitik təhlilin verilməsini göstərdi. Adətən, müəyyən
məsələlər, o cümlədən təhsil
sahəsi ilə bağlı lazımi informasiyaların
verilmədiyini, bunun nəticəsində görülən işlərin
cəmiyyətə təhrif olunmuş formada çatdırıldığını
deyən natiq bu materialın bütövlükdə mətbuatda
dərc olunmasının və ya ayrıca kitabça şəklində
hazırlanmasının məqsədəuyğunluğu
haqqında fikrini bildirdi. Naxçıvan Dövlət Universitetinin rektoru İsa
Həbibbəyli öz çıxışında qeyd etdi ki,
dinlənilən məruzə təhsil islahatları Proqramının
həyata keçirilməsi istiqamətində görülən işlərin
nəticəsini bütün reallığı ilə əks
etdirə bildi. İ.Həbibbəyliyə görə, bu
hesabat 2007-ci ildə görülən işlərin deyil, eyni
zamanla bu ilə qədər qəbul edilmiş qərarların,
imzalanmış sərəncamların və reallaşdırılan
proqramların məntiqi yekunudur. Əldə olunmuş
nailiyyətlər ümummilli lider Heydər Əliyevin
təhsil sahəsində müəyyən etdiyi siyasi kursun
təntənəsi, eyni zamanda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
Təhsil Nazirliyinin və ölkənin bütün təhsil
ictimaiyyətinin fədakar əməyinin
nəticəsidir. İ.Həbibbəyli məruzədə
təkcə uğurlardan bəhs edilmədiyini, təhsil
sahəsinin müxtəlif pillələrində mövcud olan
problemlərdən də söz açıldığını
təqdirəlayiq hal kimi qiymətləndirdi. Sonra çıxış üçün söz alan
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə
görə, hər bir müəllim sinif otağına
girəndə ən böyük vəzifə borsunun xalqın
balalarına elm və bilik öyrətmək olduğunu xatırlamalıdır.
çünki gələcək nəsil nə qədər savadlı,
yüksək intellektə malik şəxsiyyət kimi yetişərsə,
ölkənin istisadiyyatı, elmi, mədəniyyəti, dövlət
quruculuğu da o qədər zəngin və möhkəm
olar. S.Mehbalıyev təmsil etdiyi təşkilatın da,
öz növbəsində, daim müəllimlərin sosial
vəziyyətini yaxşılaşdırmağa, onların
problemlərini həll etməyə çalışdığını
bildirdi. O, məlumat verdi ki, keçən il yay tətili günlərində
90 nəfər təhsil işçisi Antalyada istirahət edib.
Bu il isə Türkiyəyə daha çox sayda müəllimin göndərilməsi
nəzərdə tutulub. Bundan başqa, İsmayıllı
rayonunda yerləşən 2 hektar ərazinin mədəni
istirahət zonası kimi abadlaşdırılması
və burada müəllimlərin öz asudə vaxtlarını
səmərəli keçirmələri üçün hər cür
şəraitin yaradılması planlaşdırılıb. Hicran ƏKBƏROVA, Yusif ƏLİYEV |