|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı İyunun 6-da mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarına 50279
şagird cəlb olunmuş, onlardan 47780 nəfəri
imtahanda iştirak etmişdir. İmtahan vermiş şagirdlərin
37601 nəfəri bütün fənlərdən müvəffəq
olmuş, 5124 nəfəri 1 fəndən, 1791
nəfəri 2 fəndən, 2400 nəfəri isə 3
və daha çox fəndən "2" qiymət almışdır. 16.06.2008-ci il tarixində şagirdlərin yekun attestat qiyməti nazirliyin rəsmi İnternet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcəkdir.
Onbirincilər mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verdilər İyunun 6-da ölkənin 19 bölgəsində
orta təhsil üzrə mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanı keçirildi. İmtahanlarda
həmin bölgələrdəki ümumtəhsil
məktəblərinin onbirinci sinif şagirdləri ilə
yanaşı, məcburi köçkün rayonlarının bu bölgələrdə
yerləşən orta məktəblərinin, peşə
liseylərinin, Təhsil Nazirliyinin bilavasitə
tabeliyindəki lisey və gimnaziyaların, ali
məktəblərin nəzdindəki ümumtəhsil müəssisələrinin
məzun olmağa hazırlaşan gəncləri də iştirak
edirdilər. ölkə üzrə 133 mərkəzdə keçirilən
imtahanlara 52 minə yaxın şagird cəlb olunmuşdu.
ötən il attestat ala bilməyən 1500-ə yaxın
məzun da həmin gün təkrar imtahan vermək hüququndan
istifadə edirdi. Onların mərkəzləşdirilmiş
qaydada test imtahanı vermələri üçün 4 mərkəz
yaradılmışdı. ötən il imtahana buraxılmayanlar
bu mərkəzlərdə bütün fənlərdən,
qeyri-kafi qiymət alanlar isə kəsildikləri
fənlərdən imtahan verirdilər. İmtahanların təşkili və gedişi
barədə ictimaiyyətə operativ və doğru-dürüst
məlumat vermək üçün Təhsil Nazirliyi İctimaiyyətlə
əlaqə şöbəsinin təşəbbüsü və
təşkilatçılığı ilə elektron KİV nümayəndələrindən
ibarət qrup yaradılmışdı. Həmin qrupla
birlikdə 2 mərkəzdə olub imtahanlardan qısa müşahidələr
apardıq. Reydə çıxmazdan əvvəl KİV nümayəndələri
Təhsil Nazirliyi Şagird nailiyyətlərinin
qiymətləndirilməsi şöbəsiin müdiri
Təranə Hacıyeva ilə görüşərək
imtahanların təşkili barədə ondan qısa müsahibə
aldılar. T.Hacıyeva bildirdi ki, əvvəlki
illərdən fərqli olaraq bu il mərkəzləşdirilmiş
buraxılış imtahanları daha geniş coğrafiyanı
- 29 şəhər və rayonu əhatə edir. 8 fənn
üzrə keçirilən imtahanda onbirinci sinif şagirdləri
125 suala cavab verməlidirlər. Test tapşırıqları
7 variantda hazırlanıb. Cavabların yoxlanması prosesi
Təhsil Nazirliyində təşkil olunacaq. Optik qurğu
tərəfindən cavab kartları oxunandan sonra
qiymətləndirmə aparılacaq. Cavablar bir
həftə ərzində Təhsil Nazirliyinin İnternet
saytında yerləşdiriləcək. Eyni zamanda şagirdlərin
adlı siyahısı məktəblərə göndəriləcək.
T.Hacıyeva onu da dedi ki, attestata yazılacaq yekun
qiymətin əsas faizini məhz buraxılış imtahanının
nəticələri təşkil edəcək və
imtahanda 8 fənnin hər hansı birindən qeyri-müvəffəq
qiymət alan şagird attestat ala bilməyəcək. Mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanının təhsilin
keyfiyyətinə müsbət təsir göstərdiyini söyləyən
T.Hacıyeva onların şagirdlərin, müəllimlərin
və valideynlərin məsuliyyətini artırdığını
da diqqətə çatdırdı. Qrupumuz öncə 202 nömrəli
məktəbdə yerləşən mərkəzdə
oldu. Biz mərkəzə gələndə imtahan
verəcək onbirincilər ikibir,
üçbir məktəbin həyətinə toplaşıb
söhbət edirdilər. Apalarında valideynlər də gözə
dəyirdi. Onların birinə yaxınlaşıb
mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış
imtahanı barədə fikrini soruşduq. Tahirə İsmayılova övladının
məcburi köçkün məktəbində oxuduğunu, onun yüksək
qiymətlər alacağına inandığını
bildirdi. Mərkəzləşdirilmiş qaydada keçirilən
imtahanları və bu işə ciddi hazırlıq aparılmasını
müsbət qiymətləndirdi. Həmsöhbətimiz olan 258 nömrəli
məktəbin şagirdi Namiq Dadaşov da yaxşı
oxuduğunu, imtahandan qorxmadığını, qiymət
ala biləcəyini söylədi. Mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış imtahanlarının
məktəbdə yaxşı oxumadıqları,
dərslərə müntəzəm gəlmədikləri
halda attestat almaq istəyən şagirdlər üçün
əsl maneə olduğunu deyən Namiq imtahanları
təkcə onbirincilərin deyil, hətta X və IX sinif
şagirdlərinin də məsuliyyətini artırdığını,
onları tədris fənlərinin hamısına hazırlaşmağa
sövq etdiyini bildirdi. Saat 10-a 15 dəqiqə qalmış
onbirincilər içəri buraxıldılar.
Mərkəzdə imtahan rəhbəri Elmira Manafova idi. Şagirdlər imtahan verəcəkləri
otaqlarda yerləşdikdən sonra nəzarətçi müəllimlər
Təhsil Nazirliyindən göndərilmiş içərisində
test tapşırıqları və cavab kartları olan
zərfləri açıb onlara payladılar. Bu prosesi
məktəbin ikinci mərtəbəsində yerləşən
6 otaqda müşahidə etdik. Heç yerdə təşkilati
hissə ilə bağlı problem olmadı. 19 otağın
hər birində 18 nəfər olmaqla şəhərin müxtəlif
məktəblərindən gəlmiş 342 şagird
imtahan verirdi. Test kitabçaları paylanıb qurtardıqdan
və onlarla işləmək qaydaları haqqında şagirdlərə
məlumat verildikdən sonra onbirincilər tapşırıqlar
üzərində işləməyə başladılar. Nəzarətçilər öz
vəzifələrini məsuliyyətlə yerinə
yetirirdilər. Şagirdlərdən mobil telefonlar alınmışdı.
İmtahan zamanı bir-birinə mane olan yox idi. Reyd qrupumuz daha sonra Bağça-məktəb-lisey
kompleksində oldu. Biz kompleksin tərkibinə daxil olan 200
nömrəli məktəbə gələndə imtahan artıq
başlanmışdı. Burada imtahan rəhbəri,
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovdan
öyrəndik ki, mərkəzdə 20 otaqda 360 nəfər
şagird imtahan verir. İmtahan təlimata uyğun başlayıb,
test kitabçaları və cavab kartlarının paylanmasında
heç bir problem olmayıb. Burada da bir neçə otağa baş çəkib
imtahanların gedişi ilə maraqlandıq. Birinci otaqda 1
nəfər şagird gəlməmişdi. Bu otaqda paytaxtın
64 nömrəli orta məktəbindən gəlmiş müəllim
Mehriban Mikayılova və 210 nömrəli məktəbin müəllimi
Lalə Müseyibova imtahana nəzarət edirdilər. Olduğumuz digər otaqlarda da test tapşırıqlarının
həlli ilə məşğul olan şagirdlər
fəal görünürdülər. Yusif ƏLİYEV Salyan və Neftçalada imtahanlar müvəffəqiyyətlə keçdi Digər bölgələrdə olduğu
kimi, bu rayonlarda da XI sinif şagirdlərinin buraxılış
imtahanları mərkəzləşdirilmiş qaydada test
üsulu ilə keçirildi. Salyan Rayon Təhsil Şöbəsinin
müdiri Əliəsgər Mehdiyevdən aldığımız
məlumata görə, 2007-2008-ci tədris ilində rayon
məktəblərinin XI siniflərində təhsil alan
1538 şagirdin 1478 nəfəri imtahanlara buraxılmışdır.
İmtahanların müvafiq təlimata uyğun şəffaf
keçirilməsi üçün şəhər
məktəblərində 5 mərkəz yaradılmış,
şəhər və kənd məktəblərindən
qeyri-ixtisas fənn müəllimləri nəzarətçi
qismində mərkəzlərə cəlb edilmişlər.
Həmçinin imtahan və bina rəhbərləri təyin
edilmiş, münaqişə və yoxlama komissiyaları yaradılmışdır.
Nəzarətçi və yoxlayıcı müəllimlərlə
təlimati seminarlar keçirilmişdir. Biz müşahidə aparmaq üçün 7 nömrəli
məktəbdə yaradılmış 5 nömrəli imtahan
mərkəzinə çatanda saat 8.30 dəqiqəni göstərirdi.
Məktəbin direktoru Fərqanə Cəbrayılova
vəziyyətlə tanış olmaq üçün bizi
siniflərə dəvət etdi. İmtahan aparılacaq
otaqların nömrələri qapılarında qeyd edilmiş,
siniflərdə səliqə-sahman yaradılmışdı.
Saat 9.30-da imtahan rəhbəri, RTŞ-ın
məsləhətçisi Xudaverdi Piriyev 18 otaqda 8
məktəbdən gəlmiş 322 şagirdin
verəcəyi imtahana nəzarət edəcək 36
nəfər qeyri-ixtisas fənn müəllimini təlimatlandırdıqdan
sonra şagirdlərin siyahısını, test kitabçalarını
onlara paylayıb təyin olunduqları otaqlara göndərdi.
Test tapşırıqları 8 fənn üzrə olmaqla 3
variantda hazırlanmışdı. İmtahanın gedişini müşahidə
etmək üçün RTŞ müdiri Əliəsgər Mehdiyev
və imtahan rəhbəri Xudaverdi Piriyevlə birlikdə
bir neçə otağa baş çəkdik. 5 nömrəli otaqda imtahan verəcək 18
şagirdin hamısı yerində idi. Nəzarətçilər
- ibtidai sinif müəllimləri Sədaqət Hüseynova
və İradə Piriyeva məlumat verərək
bildirdilər ki, şagirdlər çətinlik çəkmədən
sərbəst işləyirlər. 11 nömrəli otaqda
imtahana nəzarət edən ibtidai sinif müəllimi Ceyran
Əhmədova, rus dili müəllimi Aynurə Rüstəmova da
təşkilati hissədə heç bir çətinliklə qarşılaşmadıqlarını
bildirdilər. 9 nömrəli otaqda da şagirdlər fəal
görünürdülər. 2 nömrəli mərkəzdə də
imtahanlar təlimata uyğun aparılırdı. Burada
imtahan rəhbəri, RTŞ-ın əməkdaşı
Rəna Şirəliyeva məlumat verərək bildirdi ki,
mərkəzdə rayonun 7 məktəbindən 288 şagird
imtahana qatılmışdır. 16 sinif otağı ayrılıb
ki, onların da hər birində 18 şagird imtahan verir. 32
nəfər qeyri-ixtisas fənn müəllimi imtahanlara
nəzarət edir. Rəna müəllimlə birlikdə baş
çəkdiyimiz 15 nömrəli otaqda imtahan verən Marışlı
kənd orta məktəbinin şagirdi Günay Rzayeva sualların
çətin olmadığını bildirdi və uğur
qazanacağını qeyd etdi. İmtahanlardan sonra məlum olmuşdur ki,
rayon üzrə imtahanlara 45 şagird gəlməmiş, 62
şagird isə qeyri-müvəffəq qiymətlər almışdır. *** Həmin gün Neftçala rayonunda da imtahanların
gedişini müşahidə etdik. Şəhər 1 nömrəli
məktəbdə yerləşən mərkəzə çatanda
saatın əqrəbləri 12.20 dəqiqəni göstərirdi.
Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər
Kərimovla görüşdük. O, bu il rayon üzrə XI sinfi
bitirən 1141 şagirdin 1117-nin imtahanlara buraxıldığını
qeyd etdi. Həmçinin rayon mərkəzində beş imtahan
mərkəzinin yaradıldığını, imtahan, münaqişə
və yoxlama komissiyalarının təşkil edildiyini,
şəhər və kənd məktəblərindən
qeyri-ixtisas fənləri üzrə 90 müəllimin
nəzarətçi qismində mərkəzlərə
cəlb edildiyini, bina və imtahan rəhbərliyinin
təyin edildiyini, onlarla hələ qabaqcadan təlimati
seminarlar keçirildiyini, yaşayış yerlərindən, xüsusilə
kəndlərdən şagirdlərin imtahan
mərkəzlərinə gətirilməsi üçün lazımi
tədbirlərin görüldüyünü diqqətə çatdırdı.
1 nömrəli mərkəzdə bina
rəhbəri, məktəbin direktoru Əsəd
Səlimov, imtahan rəhbəri isə RTŞ-ın aparıcı
məsləhətçisi Asif Yadigarov idi. Bildirildi ki, bu
mərkəzdə rayonun 5 məktəbindən 218 şagirdin
imtahan verməsi üçün 8 otaq ayrılmış və
hər otağa 2 nəfər olmaqla 16 nəzarətçi müəllim
təyin edilmişdir. Əjdər Kərimov və Asif Yadigarovla
birlikdə baş çəkdiyimiz 6 nömrəli otaqda imtahan
verən 30 şagirddən 16 nəfəri işini
təhvil verərək getmişdi. Qalan 14 şagird isə
işini tamamlamaq üzrə idi. Nəzarətçi müəllimlər
İradə Yusifova və Fuad İmanov məlumat
verərək bildirdilər ki, şagirdlər
sərbəst işləmiş, heç bir neqativ hal baş
verməmişdir. 7 nömrəli otaqda da 28 şagirdin hamısı
imtahanda iştirak etmişdir. Saat 13.00-da imtahan başa çatdıqdan
sonra şagirdlərin imtahan vərəqələri
nəzarətçilər tərəfindən yığılaraq
yoxlama komissiyasına təhvil verildi. Təhsil Nazirliyinin nümayəndəsi
Zeynal Zeynalov yoxlama komissiyasının üzvlərinin iştirakı
ilə zərfi açıb düzgün cavab kartlarını onlara
payladı. Qiymətləndirmənin şəffaf aparılması
üçün tövsiyələrini verdi. Bundan sonra yoxlama komissiyası
öz işinə başladı. Sonra aldığımız məlumata görə,
rayon üzrə 15 şagird imtahanda iştirak etməmiş,
94 şagird isə qeyri-müvəffəq qiymət almışdır. Nizami MİRZƏ
|