|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum çərçivəsində Gənclər Forumu keçirilib İyunun
10-da Bakının "Gülüstan" sarayında Heydər
Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və
İSESKO-nun dəstəyi ilə
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq
forum çərçivəsində Gənclər Forumu keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən
yüksək səviyyəli nümayəndələrin iştirak
etdikləri tədbirdə gənc qadınların
cəmiyyət həyatının iqtisadi, mədəni,
sosial və siyasi sahələrində rolunun genişlənməsi
istiqamətində qanunların gücləndirilməsi, onların
zorakılığın və ayrı-seçkiliyin bütün
təzahürlərindən qorunması, gənc qadınların
hüquqlarını müdafiə etmək üçün milli
təsisatların və vətəndaş cəmiyyəti
təşkilatlarının işinin təkmilləşdirilməsi,
qadınların təhsili problemlərinin həlli,
Gənclərin Sivilizasiya Alyansı çərçivəsində
gənc qadınların qlobal
mədəniyyətlərarası dialoqda fəallığının
yüksəldilməsində gənclər təşkilatlarının
təşəbbüskarlığının artırılması
məsələləri müzakirə edilmişdir. İslam Konfransı Təşkilatının
Dialoq və Əməkdaşlıq uğrunda
Gənclər Forumunun Baş katibi Elşad İsgəndərov
forumu açaraq demişdir ki, belə bir tədbirin təşkilindən
məqsəd qloballaşan dünyada müxtəlif ayrı-seçkiliyin
qarşısının alınmasında gənclərin,
xüsusən də qadınların rolunu artırmaq və dünya
ictimaiyyətinin diqqətini bir daha bu
məsələyə cəlb etməkdir. Forumun Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilməsi
Azərbaycan dövlətinin qadın probleminin həllinə
göstərdiyi yüksək diqqətinin təzahürüdür. Əminik
ki, forumda aparılacaq müzakirələr dünyada qadınların
qarşılaşdıqları problemlərin
həllində, xüsusən də dini, irqi ayrı-seçkiliyin
aradan qaldırılmasında, bu sahədə
əməkdaşlığın genişlənməsində
mühüm rol oynayacaqdır. Sonra İKT-nin Dialoq və Əməkdaşlıq
uğrunda Gənclər Forumunun prezidenti Əli Sarıkaya
çıxış edərək, ilk növbədə, belə
bir mötəbər tədbiri yüksək səviyyədə
təşkil etdiyinə görə Azərbaycan dövlətinə,
eləcə də Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
O demişdir ki, bu gün qloballaşan dünyada BMT, İslam
Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası
və digər nüfuzlu beynəlxalq qurumların qəbul
etdikləri qərar və qətnamələrdə qadınların
hüquqlarının qorunması məsələsi xüsusi yer
alır. Azərbaycanda bugünkü forum milli mədəni xüsusiyyətlərə
uyğun, yüksək səviyyədə təşkil edilmişdir.
Buna görə də iştirakçılar adından bir daha
minnətdarlığımı bildirirəm. İslamda qadın hüquqlarının
qorunmasını xüsusi vurğulayan natiq bildirmişdir ki,
bu gün dünyada sülhün bərqərar olmasında,
mədəniyyətlərarası dialoqun daha geniş vüsət
almasında və səmərəli olmasında qadınların
böyük rolu vardır. Lakin bir sıra problemlər, qadınların
və qızların təhsildən kənarda qalması,
zorakılıqla üzləşməsi onları siyasi
proseslərdən kənarda qoyur. Ona görə də İKT-nin
Dialoq və Əməkdaşlıq uğrunda
Gənclər Forumu belə hesab edir ki, Beynəlxalq Bakı
Forumu qarşıya qoyulmuş məqsədə çatmaqda
əməkdaşlığımızı daha da genişləndirəcəkdir. BMT-nin iqtisadi və sosial
məsələlər idarəsinin QHT şöbəsinin müdiri
xanım Hənifə Mezui çıxışında
təmsil etdiyi təşkilat adından
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq
Bakı Forumunun keçirilməsində Heydər Əliyev
Fonduna və xüsusilə Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
O demişdir ki, bu forumun Azərbaycanda keçirilməsi ölkənin
qadınlarının ictimaiyyətdə rolunun yüksək göstəricisidir. Heydər Əliyev Fondunun yüksək
səyləri sayəsində keçirilən bu forum sülhün nümunəsinin,
eyni zamanda insanlar arasında sülhün təşviqinin mühüm
göstəricisidir. Xüsusi vurğulamalıyam ki,
Azərbaycanda qadınlara səs vermək hüququ Avropa ölkələrindən
xeyli əvvəl verilmişdir. Qloballaşan dünyada daha yüksək inkişafa
nail olmaq üçün qadınların öz istedadlarını nümayiş
etdirmək şəraiti yaradılmalıdır. Qadınların
cəmiyyətə inteqrasiyasının sadələşdirilməsi
prioritet olmalıdır. Xüsusilə gender
bərabərliyinə rəvac verilməsi mühüm
məsələlərdəndir. Qloballaşan dünyada qadınlar
arasında işsizliyin,
yoxsulluğun aradan qaldırılması, qadınların
təhsilə cəlb olunması üçün beynəlxalq təşkilatlar
çərçivəsində xüsusi tədbirlər görülməlidir.
Qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi,
onların fundamental hüquqlardan istifadə etmələri
üçün əsaslı qərarlar qəbul olunmalıdır.
BMT Xartiyasının əsas prinsipi qadınların hüququ
ilə bağlıdır. Gender bərabərliyinə
sərmayə qoyulması sülhün təşviq olunmasında
qadınların rolunun möhkəmlənməsinə
xidmət edəcəkdir. Sivilizasiyalararası,
mədəniyyətlərarası dialoqun genişləndirilməsində
qadınların, xüsusilə gənc qızların rolunun
artması daha sülhsevər və təhlükəsiz dünyanın
yaranmasına töhfələrini verəcəkdir. Bu gün qadınlar
dünya əhalisinin 50 faizdən çoxunu təşkil edir
və ona görə də qlobal problemlərin qadınların
iştirakı olmadan həlli mümkün deyildir. Yalnız güclü
qadın mühüm dəyişikliklərə töhfə
verə bilər. Almaniyanın Gələcək
Nəsillərin Hüquqları Fondunun elmi direktoru Yorq Tremmel
çıxışını əsasən qlobal
problemlərin həllində gənclərin rolunun artırılması
istiqamətində quraraq bildirmişdir ki, müharibələrin
qarşısının alınması məqsədi
ilə insanlar arasında ünsiyyətin formalaşmasında
yeni yanaşmalar əhəmiyyətli rol oynaya bilər.
Bunun üçün uşaq və gənclərin mübadiləsinin
təşkili, onların birlikdə ailələrdə yaşamaları
mühüm məqam kimi qeyd edilməlidir. Bu məqsədlə
Avropada və Amerikada müxtəlif layihələrin
həyata keçirildiyini qeyd edən Y.Tremmel Qafqaz regionunda da
həmin tədbirlərin görülməsinin mümkünlüyünü
bildirmişdir. Qeyd etmişdir ki, oxşar
layihələrin, proqramların həyata keçirilməsi
üçün müvafiq sistem yaradılmalıdır. Həmin sistem
əməkdaşlıq edəcək ailələrin müəyyən
edilməsini, dil probleminin aradan qaldırılmasını,
təhlükəsizliyin təmin olunmasını
nəzərə almalı, problemlər barədə
maksimum az danışılmalıdır. ölkələr
arasında problemlər yaşandığı halda
beynəlxalq layihələrdən və üçüncü ölkələrdən
istifadə edilə bilər. Sonra İslam Konfransı Təşkilatının
Dialoq və Əməkdaşlıq uğrunda
Gənclər Forumunun mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məsələləri üzrə
birinci baş əlaqələndiricisi Leyla xanım Əliyeva
çıxış etmişdir. Forumda çıxış edən İslam
Konfransı Təşkilatının (İKT) Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq məsələləri üzrə birinci baş
əlaqələndiricisi Leyla Əliyeva ümidvar olduğunu
bildirmişdir ki, iki əsas maraq dairəsi qadınlar
və dialoq olan bu beynəlxalq forumun Azərbaycanda keçirilməsi
çox rəmzi məna daşıyır. Azərbaycan həm
mədəniyyətlərarası dialoq, həm də qadınların
inkişaf rəmzlərini təcəssüm etdirir. Müsəlman
Şərqində ilk parlamentli respublika olan Azərbaycanda
qadınlar hələ 90 il bundan əvvəl seçmək
və seçilmək hüququ əldə etmişlər. Onlar
Şərqdə siyasi bərabərliyə malik ilk qadınlar
idi. Qərb demokratiyasında isə bu hadisə xeyli sonra
baş verdi. Azərbaycanda hələ qədim zamanlardan
dini dözümlülüyün, müxtəlif
mədəniyyətlərə və dinlərə böyük
hörmətin olduğunu qeyd edən L.Əliyeva müasir,
dəyişən və qloballaşan dünyada
mədəniyyətlərarası dialoqda qızların
və gənc qadınların rolundan danışmışdır.
O, dünyada milyonlarla gənc qadının
savadsız olduğunu, hər il təxminən 50 min qızın
və gənc qadının insan alverinin qurbanına çevrildiyini,
yeniyetmə qızların və gənc qadınların
tez-tez dövlətlərarası və etnik münaqişələrin,
təcavüz və işğalların ilk qurbanları
olduqlarını vurğulamışdır. Qadınlar və qızlar üzləşdikləri
bütün bu çətinliklərə baxmayaraq, beynəlxalq
dialoqun təşviqi baxımından böyük imkanlara və
qabiliyyətlərə malikdirlər. L.Əliyeva qadınların
BMT-nin Sivilizasiyalar Alyansının
məqsədlərinə nail olmaq istiqamətində oynaya
biləcəyi roldan söz açmışdır. L.Əliyeva qadınların demokratik
cəmiyyətin əsas qurucularından olduğunu qeyd
edərək demişdir ki, qadınların
cəmiyyətdə statusu nə qədər aşağı
səviyyədə olsa, demokratik inkişaf üçün şanslar
da bir o qədər aşağı olar. Qadınların
seçkili orqanlarda iştirakı daha bərabərhüquqlu
cəmiyyət yaradır. Gələcəyin anaları olacaq gənc
qadınların sosial statusu nə qədər yüksək
olsa, yeni nəsillərin dözümlülük və müxtəlifliyə
hörmət mühitində böyümək imkanları da bir o
qədər çox olar. Beləliklə, gənc qadınların
sosial-iqtisadi və siyasi hüquqlarının artması
istiqamətində beynəlxalq əməkdaşlıq
daha demokratik, təhlükəsiz və sabit dünyaya nail olmaq
üçün göstərilən yüksək səylərdir. L.Əliyeva İKT-nin Dialoq və Əməkdaşlıq
uğrunda Gənclər Forumunun gənc qadınların
inkişafı istiqamətində gördüyü işlərə
toxunmuş, islam dininin qadınlara bəxş etdiyi hüquqları
sadalamışdır. Leyla xanım Əliyeva İKT-nin Dialoq
və Əməkdaşlıq uğrunda Gənclər
Forumu adından qızların və gənc qadınların
inkişafına istiqamətlənən sivilizasiyalararası
dialoqla bağlı 2009-cu ildə Bakıda seminar keçirilməsini
təklif etmişdir. Bildirmişdir ki, bu tədbir 1995-ci
ildə BMT tərəfindən qəbul edilmiş
Gənclər üzrə Dünya Fəaliyyət Proqramı
əsasında görülən qlobal işlərin davamı ola
bilər. BMT-nin Sivilizasiyaların Alyansı
katibliyinin layihə meneceri Tomas Utup forumun
əhəmiyyətini vurğulayaraq, Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir. O, forumun qadınlar arasında savadsızlığın
və yoxsulluğun aradan qaldırılmasının
təşviqi istiqamətində mühüm rol oynayacağına
əminliyini bildirmişdir. Tomas Utup demişdir ki, bugünkü
dünyada qadınlar arasında mədəniyyətlərarası
dialoqun təbliği vacibdir. Alyans sivilizasiyalar arasında
ünsiyyət körpüsü yaratmaqla məşğuldur. Bunun
üçün təhsildən, mətbuatdan, bütün mümkün
vasitələrdən istifadə olduqca vacibdir. Qonaq demişdir
ki, qadınların cəmiyyətdə rolu ölkələrdə
insan hüquqlarının hansı səviyyədə qorunmasını
öyrənmək üçün bir vasitədir. Tomas Utup bəzi ölkələrdə qadın
hüquqlarının pozulmasının islam dini ilə
əlaqələndirilməsinin düzgün olmadığını
xüsusi qeyd etmiş, qadınların cəmiyyətdə
rolunun yüksəldilməsi üçün onların təhsilə sıx
cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Bildirmişdir ki, beynəlxalq dialoqun bu sahədə böyük
əhəmiyyəti vardır. Alyans bu sahədə
irəliləyişə nail olunmaq üçün üç təklif
vermişdir. İlk növbədə, kişilər və qadınlar
üçün təhsil üzrə layihələr həyata keçirilməlidir.
Gənc qızlar arasında beynəlxalq tələbə
mübadiləsi bu istiqamətdə mühüm önəm kəsb
edir. İkincisi, gənc qızların mətbuatda rolunun
artırılmasıdır. üçüncü təklif isə,
beynəlxalq və milli təşkilatlarda gənc qızların
rolunun artırılması, onların müxtəlif icmalarda
təmsil olunması ilə bağlıdır. Mədəniyyət səfirlərinin
beynəlxalq təsisçisi Helma Blumberq Azərbaycanda belə
bir forumun təşkil edilməsini yüksək
qiymətləndirmişdir. Natiq çıxışında
qadınların rolunun artırılmasının
vacibliyini vurğulayaraq, XX əsrdə dünyada İndira
Qandi, Marqaret Tetçer, Hillari Klinton kimi qadın liderlərin
fəaliyyətini xatırlatmışdır. Sülhün
və əmin-amanlığın qorunmasında qadınların
böyük rolu olduğunu söyləyən qonaq
cəmiyyətdə qadınlar və kişilər arasında
mədəni dialoqun yaradılmasının vacibliyini vurğulamışdır.
Qeyd edilmişdir ki, ölkələrin yüksək iqtisadi inkişafa
malik olması, informasiya-kommunikasiya texnologiyalarının
inkişafı mədəni dialoqun yaranmasına gətirib
çıxarır. Bu sahənin inkişaf etmədiyi ölkələrdə
qadınların rolu daha məhduddur. Qadınların
biznesdə rolunun artmasının, onların hüquqlarının
mədəni və dini normalara əsasən qorunmasının
vacibliyini vurğulayan qonaq islam dünyasında ilk
dəfə olaraq Azərbaycanda qadınların seçki hüququ
almasını yüksək dəyərləndirmişdir. Mədəniyyət Səfirləri
Beynəlxalq Cəmiyyətinin təsisçisi və prezidenti
Helma Blumberq demişdir ki, ABŞ-da qadınlar 1934-cü,
Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü
ildə səsvermə hüququndan istifadə edə bilmişlər.
Bu baxımdan Azərbaycan qadınının 1919-cu
ildə bu hüquqa yiyələnməsi cəmiyyətin
həmin sahədə yüksək inkişaf etdiyini göstərir.
Təmsil etdiyi qurumun
fəaliyyətindən danışan natiq demişdir ki,
Mədəniyyət Səfirləri Beynəlxalq
Cəmiyyəti dünyanın 100-dən çox ölkəsində
qadın hüquqlarının qorunması məqsədi
ilə layihələr həyata keçirmişdir. Qonaq qadınlara
qarşı qoyulan sədləri aradan qaldırmaq üçün
yay düşərgələrinin yaradılmasının
vacibliyini bildirmişdir. BMT-nin İnkişaf Proqramının xüsusi
məsələlər üzrə məsləhətçisi
Şahid Hüseyn aktual problemin müzakirəsinə həsr
edilmiş mötəbər Bakı forumunda iştirakdan
məmnun olduğunu bildirmiş, onun əhəmiyyətini
yüksək qiymətləndirmişdir. Uzunmüddətli
təcrübəsinə əsasən qadınların qarşılaşdıqları
problemlərlə bağlı fikirlərini bölüşən
Ş.Hüseyn qeyd etmişdir ki, istənilən ailədə
qadınların işi bir gün əvvəldən başlanır.
çünki hər bir ailənin ertəsi gün istifadə
edəcəyi yemək və geyim əşyaları
məhz qadınlar tərəfindən hazırlanır.
Eyni zamanda kişi ilə qadının iş gününün
strukturunun da əsaslı şəkildə
fərqləndiyi, ailənin əsas yükünün qadınlar üzərində
olduğu konkret faktlarla diqqətə çatdırıldı.
Natiq qeyd etdi ki, XXI əsrin sivilizasiyasında da qadınlar
hər zaman işlə məşğuldurlar. Müqəddəs
Qurani-Kərimdə, xüsusən onun 95-ci ayəsində qadınların
kişilərlə bərabər hüquqlara malik olduğunun
göstərildiyini vurğulayan Ş.Hüseyn qadınların işinin
yüngülləşdirilməsi ilə bağlı təcrübə
mübadilələrinin təşkilinin vacibliyini bildirmişdir.
Qeyd etmişdir ki, bu işdə
mədəniyyətlərarası dialoq da mühüm rol
oynayacaqdır. ATƏT-in gender məsələləri üzrə
baş məsləhətçisi Cəmilə Seftaui təmsil
etdiyi təşkilatda, eləcə də BMT-də, Avropa
Şurasında qadın hüquq və azadlıqlarının
qorunması ilə bağlı bir sıra vacib qərar
və qətnamələrin qəbul olunduğunu bildirmişdir.
O, Heydər Əliyev Fondunun təşkil etdiyi bu forumun dünyada
qadınların problemlərinin həllində, qadın
savadsızlığının, qadın zorakılığının,
yoxsulluğun aradan qaldırılmasında mühüm rol
oynayacağına ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir
ki, cəmiyyətdə qadınların rolunun artırılması,
onların siyasi proseslərə fəal qoşulması dünyada
münaqişələrin həllində də mühüm rol
oynayacaqdır. ATƏT nümayəndəsi bir daha belə bir
tədbirin təşkilinə görə Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir. Sonra müzakirələr olmuş, forum iştirakçıları
mövzu ilə bağlı rəy və təkliflərini
bildirmiş, təəssüratlarını bölüşmüşlər.
Bildirilmişdir ki, əsasən qadınların hüquqlarının
müdafiəsi, savadsızlığın, yoxsulluğun
aradan qaldırılması, siyasi proseslərdə, sülhün
yaranmasında qadınların iştirakının artırılması
ilə bağlı təkliflər yekun sənəddə
öz əksini tapacaqdır.
AzərTAc |