|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xüsusi istedada malik uşaqların yekun seçim turu keçirildi Hazırda
respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə təsdiq edilmiş "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"na uyğun olaraq
əhəmiyyətli tədbirlər həyata keçirilir.
Belə məqsədyönlü tədbirlərdən biri də
ayrı-ayrı fənlər üzrə
fitri bacarıq və qabiliyyətə malik şagirdlərin
aşkar edilməsi istiqamətində görülən işlərdir. Bu məqsədlə Təhsil
Nazirliyində respublikanın bütün şəhər və
rayonları üzrə riyaziyyat, fizika, kimya, biologiya və
informatika fənlərindən istedadı ilə
fərqlənən VIII-X sinif şagirdlərinin adlı
siyahısından ibarət məlumat bankı yaradılıb.
Dövlət Proqramının icrası ilə əlaqədar
nazirliyin 2006-2010-cu illər üçün Fəaliyyət Planının
müvafiq bəndində istedadlı şagirdlərin Bakı
şəhərində təkrar seçiminin aparılması
və ən istedadlılarının dəqiqləşdirilməsi
nəzərdə tutulmuş və bununla bağlı göstərilən
fənlər üzrə respublika fənn olimpiadalarını
keçirən münsiflər heyətlərinin sədrləri
tərəfindən müvafiq test və suallar hazırlanmışdır. Mayın 27-də "Ankara
məktəbi" məktəb-liseyində biologiya və
riyaziyyat fənləri üzrə xüsusi qabiliyyəti ilə
fərqlənən şagirdlərin ən istedadlılarının
yekun seçim turu keçirildi. Verilən məlumata görə,
biologiya fənni üzrə yekun turunda iştirak etmək hüququ
qazanmış 221 məktəblidən 35-i VIII, 89-u IX,
97-si isə X sinif şagirdidir. Riyaziyyat fənni üzrə
bilik yarışının son mərhələsinə
vəsiqə qazanan 330 nəfərdən 91-i VIII, 112-si IX
və 127-si X sinifdə oxuyur. Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov günün
birinci və ikinci yarısında təşkil edilən
hər iki tədbirdə iştirak etdi. Təhsil naziri öncə
istedadlılar kimi seçilmiş uşaqları təbrik etdi
və onlara xüsusi istedada malik uşaqların yaradıcılıq
potensialının inkişafı üzrə reallaşdırılan
Dövlət Proqramı haqqında
məlumat verdi. O, proqramın həyata keçirilməsində
əsas məqsədin respublikanın ümumtəhsil müəssisələrində
mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirmək,
istedadlı uşaq və gənclərin inkişafına
dövlət qayğısını gücləndirməkdən
ibarət olduğunu deyərək bu istiqamətdə görülmüş
mühüm işlərdən bəhs etdi. Təhsil naziri yekun seçim turunun iştirakçılarının
diqqətinə çatdırdı ki, onlar 3 saat ərzində
müvafiq siniflər üzrə hazırlanmış test tapşırıqlarını
yerinə yetirərək öz bilik və bacarıqlarını
nümayiş etdirməyə çalışmalıdırlar.
Sonra bu işlər münsiflər heyətləri
tərəfindən qiymətləndirilərək ballar müəyyən
ediləcək və nəticələr haqqında
yerlərə məlumat veriləcək. Nazirin
bildirdiyinə görə, ən istedadlı uşaqlar kimi seçilmiş
şagirdlərin sonrakı fəaliyyəti üçün hər cür
zəruri imkan və şərait yaradılacaq, onların
inkişaf edib formalaşmasına, təhsilinə xüsusi
diqqət yetiriləcək, ictimaiyyətin, o cümlədən
beynəlxalq və qeyri-hökumət təşkilatlarının,
xeyriyyəçilərin nəzəri bu vacib
məsələyə daha çox yönələcək, bölgələrdə
xüsusi istedad və qabiliyyətə malik uşaqlar üçün
yeni tipli təhsil müəssisələri yaradılacaq,
onların təhsilini daha səmərəli və
məzmunlu qurmaq üçün yeni tədris plan və proqramları,
dərslik və dərs vəsaitləri yaradılacaq, eyni
zamanda xüsusi istedada malik uşaqların istirahəti üçün
zəruri şəraitlə təmin olunmaları daim dövlətin
diqqət mərkəzində saxlanılacaqdır. Misir
Mərdanov burada iştirak edən şagirdlərin müstəqil
Azərbaycan dövlətinin inkişafı üçün
gərəkli vətəndaşlar kimi yetişəcəklərinə
ümid etdiyini söyləyərək onlara bugünkü
bilik yarışında uğurlar arzuladı və
istedadlı uşaqların seçilməsində əməyi
olanlara, eləcə də yekun seçim turunun keçirilməsinə
yaradılmış şəraitə görə "Ankara
məktəbi" məktəb-liseyinin
rəhbərliyinə təşəkkürünü bildirdi. Tədbirin fəxri qonaqları - akademik
Urxan Ələkbərov və AMEA-nın müxbir üzvü Yusif
Məmmədov ölkənin inkişafında məhz insan
amilinin mühüm rol oynadığını, bu mənada xüsusi
istedada malik uşaqların vaxtında aşkar
edilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar
və bütün iştirakçılara bilik yarışında uğurlar
arzuladılar. Mayın 27-də biologiya və riyaziyyat
fənləri üzrə xüsusi istedadlı uşaqların
yekun seçim turunda təhsil nazirinin müavini İsgəndər
İsgəndərov, nazirliyin müvafiq
şöbələrinin rəhbərləri və
əməkdaşları, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbərliyi, respublika
fənn olimpiadalarının münsiflər
heyətlərinin rəhbərləri, KİV nümayəndələri
və başqaları iştirak edirdilər. Mayın 29-da həmin təhsil müəssisəsində
xüsusi istedada malik uşaqların fizika fənni üzrə
yekun seçim turu keçirildi. Mayın 30-da isə kimya fənni
üzrə turun keçirilməsi nəzərdə tutulub. Hicran ƏKBƏROVA
|