|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli
həmvətənlər! Sizi
xalqımızın sevimli Novruz bayramı münasibətilə
ürəkdən təbrik edir, hamınıza cansağlığı,
səadət və bütün işlərinizdə uğurlar
diləyirəm. Təbiətin
əbədi qanunları və kainatın dəyişməz
nizamı ilə əlaqədar olan Novruz bayramı gecə
ilə gündüzün bərabərləşdiyini xəbər
verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim
əcdadlarımızın bizə misilsiz yadigarı kimi
Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən
bəri xüsusi mərasimlərlə qarşılanır,
təntənəli el şənlikləri ilə müşayiət
olunur. Milli varlığımızı və ulu babalarımızın
mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək
nümayiş etdirən bu el bayramı əsrlərin sınağından
çıxmış gözəl adət-ənənələri
ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə
qorunub yaşadılır. Onun hazırda respublikamızın
hər bir guşəsində böyük ruh yüksəkliyi
ilə rəsmi səviyyədə geniş qeyd olunması
dövlət müstəqilliyimizin verdiyi
bəhrələrdəndir. Novruz bayramı, sözün əsl
mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır.
Azərbaycanın
son illərdə ən müxtəlif sahələrdə nail
olduğu misilsiz uğurlar bu bahar günlərində hər
evə, hər ailəyə həqiqi bayram əhvalı
bəxş etmişdir. Mədəni-ictimai həyatımızın
daha da canlanması, iqtisadiyyatımızın yüksələn
xətt üzrə davamlı inkişaf tempi, paytaxtımızı
və bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri
təbiətin dirçəlməsi və yeniləşməsi
ilə həmahəng olub hər birimizdə nikbin ovqat
yaradır, sabahkı günə dərin inam aşılayır.
Azərbaycan
torpaqlarının müdafiəsində dayanan mətin
əsgərlərimizə mən bu əziz günlərdə
səmimi bayram salamımı yetirirəm. ölkəmizin
ərazi bütövlüyünün qorunması naminə canlarını
fəda edərək, uca şəhidlik
mərtəbəsinə yüksəlmiş qəhrəman
Vətən övladlarının unudulmaz xatirəsini
ehtiramla yad edir, onlara Tanrıdan rəhmət
diləyirəm. Azərbaycanın
sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımız
da Novruz bayramını bizimlə birlikdə böyük
sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının
milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram
hər gəlişi ilə onların ana Vətənə
azərbaycançılıq məfkurəsi işığında
bağlılıq duyğularını daha da gücləndirir.
Əziz
bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi
arzu edirəm. Novruz
bayramınız mübarək olsun! İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2008-ci il
|