· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Maddə kütləsinin saxlanması qanununu kim kəşf edib?

N.Gəncəvi, yoxsa M.V.Lomonosov?

 

Yunis Quliyev Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd orta məktəbində kimya fənnini tədris edir, baş müəllim, eyni zamanda ali dərəcəli müəllimdir. Dövri mətbuatda 200-dən artıq elmi, elmi-pedaqoji məqaləsi dərc olunub. Geniş dünyagörüşünə, yüksək intellektə malik müəllimin "H.Cavidin fəlsəfi görüşləri", "S.Vurğunun ateizm dünyası" adlı elmi məqalələri geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Kimya elminin, ümumiyyətlə təbiət elmlərinin ən böyük qanunlarından biri olan "Maddə kütləsinin saxlanması qanunu"nun M.V.Lomonosov tərəfindən 1748-ci ildə kəşf edildiyi elmi ictimaiyyət tərəfindən qəbul edilmiş və öyrənilmişdir. Lomonosov özündən əvvəlki alimlərdən fərqli olaraq metalları açıq  havada deyil, qapalı qabda közərdərək aydınlaşdırmışdır ki, təcrübədən əvvəl və sonra qapalı qabın çəkisi dəyişməz qalır. Qabın içərisindəki havadan (oksigen o dövrdə kəşf edilməmişdi - Y.Q.) metala müəyyən hissə birləşdiyindən, metalın çəkisi ona birləşən hissə qədər artır.

"Maddə kütləsinin saxlanması qanunu" kimyəvi reaksiyaya daxil olan maddələrin kütləsi (çəkisi) reaksiyadan alınan maddələrin kütləsinə (çəkisinə) bərabərdir" şəklində ifadə olunur. Bu qanun 1789-cu ildə Lomonosovdan asılı olmayaraq, Fransa alimi Antuan Lavuazye tərəfindən müəyyənləşdirilmişdir. Elmi əsərlərdə qanunun başqa alimlər tərəfindən təcrübədə təsdiq edilməsi göstərilir.

Xalqımızın mütəfəkkir filosof şairi, dünya ədəbiyyatının korifey sənətkarlarından olan Nizami Gəncəvi poeziyasında bu baxımdan açılmamış səhifələr çoxdur.

N.Gəncəvinin "İsgəndərnamə" ("İqbalnamə") əsərində "İsgəndərin yeddi alimlə xəlvətə çəkilməsi" fəslində ilk yaradılış haqqında müxtəlif filosofların fikirləri aydınlaşdırılır.

Həmin fəslin "Nizaminin dedikləri" hissəsində filosof şair öz fikirlərini əsaslandırır. Bu fikirləri ilə bəşər tarixinin o dövrə qədərki böyük dahilərini - Aristoteli, Əflatunu, Sokratı, Hörmüzü, Valisi arxada qoyur. M.Lomonosovdan 586 il əvvəl dini mövhumatın güclü olduğu XIII əsrin əvvəllərində N.Gəncəvi yazırdı:

Torpaqda çürüyən bədənlərimiz,

Dağılır, dəyişir, yox olmur təmiz,

Yerində qalarsa o dağıntılar

Bir yerə yığılanda yenə canlanar

 ("İqbalnamə" səh. 108. Bakı, 2004)

Cəsarətlə deyilmiş bu fikir "Maddə kütləsinin saxlanması qanunu"nu tam mənada əks etdirir. Canlı orqanizmlərin çürüməsi kimyəvi proses olduğundan dahi alimin bu qənaətini Lomonosovun kəşfindən qiymətli hesab etmək olar. çürümə ilə fikir tamamlanmır. Şair "...Alınan maddələrin çəkisinə bərabərdir" şəklində qurtarmış qanunun sonunu belə ifadə edir:

Torpağa tökülən şeylər tamamən

Torpaqdan dirçəlib qalxar yerindən.

İnsan təfəkkürünün süzgəcindən keçən elə nəzəri müddəalar var ki, onlar təcrübədən keçməsə belə, həyat həqiqətidir - qanundur. Bunu dahi şairin misralarında aydın görmək olar. Bu məzmunu əhatə edən ideyalar "Xəmsə"də dönə-dönə ayrı-ayrı fikirlərlə tamamlanmışdır.

N.Gəncəvi əsərlərinin elmi mahiyyəti xalqımızın bu gününə, tarixi keçmişinə qara yaxanları süngüləyən tutarlı cavabdır.

"Xəmsə"də o dövrün bütün elm sahələrini əhatə edən dahiyanə fikirlərdə göstərilir ki, bir çox xalqların mağara həyatı sürdüyü vaxtlar Azərbaycan xalqı filizlərin yerdən çıxarılmasını, emalını, işlədilməsini həyata keçirmişdir. Bütün bunlar isə Azərbaycan xalqının qədim mədəniyyətə, zəngin mənəviyyata və güclü iqtisadi potensiala malik xalq olduğunu bir daha sübut edir.

Yunis QULİYEV,

Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd

orta məktəbinin ali dərəcəli müəllimi