· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Kiçik Akademiya"nın üzvləri elmi işlərini təqdim etdilər

 

Martın 17-də T.İsmayılov adına "İntellekt" məktəb-liseyində fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, eləcə də ayrı-ayrı ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və qabaqcıl ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edirdilər.

Mərasimdə "İntellekt" məktəb-liseyinin direktoru Ceyran Kuliyeva 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış "Kiçik Akademiya"nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verdi.

Sonra söz "Kiçik Akademiya"nın üzvlərinə verildi. VIII sinif şagirdi Şamil Ələkbərov ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən "Tarix və şəxsiyyət" (tarix), X sinif şagirdi Dəniz Qasımlı "Qızıl kəsişmə" (riyaziyyat), X sinif şagirdi Gülçin Şahverdiyeva "Bəşəriyyət qadınla yüksələcək" (dil-ədəbiyyat), X sinif şagirdi Şirin İbrahimova "Neft - Azərbaycanın siyasi və iqtisadi həyatında onun rolu" (kimya, coğrafiya), VIII sinif şagirdi Maya Babazadə "Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir" (musiqi və nəğmə), X sinif şagirdi Aydan Qasımlı "Bəşəriyyət ekoloji problemlərin sınağı qarşısında" (biologiya) və IX sinif şagirdi Kəmaləddin Nəzərli "Atom enerjisindən istifadə bəşəriyyətin xilasıdır, yoxsa?..." (fizika) mövzularında müasir təlim texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış elmi işlərini təqdim etdilər. Tədbir iştirakçıları liseyin istedadlı şagirdlərinin slaydlar və kino-kadrlarla müşayiət olunan məruzə-təqdimatlarını maraqla dinlədilər.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə istedadlı gənclərlə tanışlıqdan məmnun olduğunu bildirdi və təqdimat mərasiminin İKT-nin tətbiqi ilə təşkil edilməsində xüsusi əməyi olan X sinif şagirdi Şəhriyar Məhərrəmova noutbuk hədiyyə etdi.

Mərasimin sonunda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Həm güclü maddi-texniki bazasına, həm də təhsilin keyfiyyətinə görə T.İsmayılov adına "İntellekt" məktəb-liseyinin Azərbaycanın ən nümunəvi təhsil ocaqlarından biri olduğunu deyən nazir vurğuladı ki, ölkə Prezidentinin təhsil aldığı məktəb məhz belə olmalı, kollektiv bunun məsuliyyətini bir an da yaddan çıxarmamalıdır. Yüksək səviyyədə şəraitə malik olsalar da, keyfiyyət baxımından fərqlənə bilməyən təhsil müəssisələrinin də mövcud olduğunu təəssüf hissi ilə qeyd edən nazir gözəl iş təcrübəsi, qazanılan böyük uğurlara görə liseyin rəhbərliyinə, pedaqoji və şagird kontingentinə minnətdarlığını bildirdi. O, tədbirin hazırlanmasında yaxından iştirak etmiş məktəb-liseyin müəllimi Təranə Səmədovaya Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təltif olunduğu "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanını təqdim etdi.

Hicran ƏKBƏROVA