Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsinə start verilib.

 

Müsabiqənin təşkil edilməsində məqsəd ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etməkdən ibarətdir.

 

Müsabiqə şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin  təxəyyül,  təfəkkür  və  nitqini inkişaf etdirmək, məktəblilərdə obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında biliklər formalaşdırmaq kimi vəzifələrə xidmət edir.

 

Müsabiqə çərçivəsində ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdləri kateqoriyalar üzrə ədəbiyyat nümunələrini müəyyənləşdirəcək və onları səs yazısı vasitəsilə obrazlı şəkildə təqdim edəcəklər. Şagirdlər müsabiqəyə yalnız fərdi qaydada qatıla bilərlər. Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır.

 

İki mərhələdən ibarət müsabiqənin məktəbdaxili mərhələsi 16 mart tarixinədək keçiriləcək və ən yaxşı müsabiqə işi seçiləcək. Məktəbdaxili mərhələni uğurla keçən şagirdlərin təqdim etdikləri işlər final mərhələsində iştirak haqqı qazanacaq. Final turunun nəticələri müsabiqənin Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.

 

Final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumi təhsil məktəbi qalib olacaq.

 

Qalib məktəblər BŞTİ tərəfindən mükafatlandırılacaq. 


 

 “Oxu və əylən!” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri