Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir.

 

Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır. Həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

 

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) aparılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəydən narazı qalan valideynlər Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

 

Qeyd edək ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir.