Firudin Qurbanov: “Sizin fəaliyyətiniz ölkə təhsili üçün olduqca önəmlidir”


“Sinifdə, sözün əsl mənasında, həyəcan və qorxu vardı. Əlini pəncərədən çəkib sakitləşdirəndən sonra hiss etdim ki, məni soyuq tər basıb”.  

 

Məktəblinin dostu Aydın Mirzəyevin fəaliyyəti məktəblərdə qarşısına çıxmış unudulmaz xatirələrlə zəngindir. Onların arasında acı olanlar da var. Xatırlayanda belə soyuq tər basan o hadisədən məktəblinin dostu bunları danışır:

 

“Çox həyəcanlı bir gün idi. Bir məktəblini ölümdən qaytardıq. Biz, əslində dərslərə müdaxilə etmirik. Ancaq dəhlizdə gəzərkən qapısı aralı olan sinifdən həyəcanlı səslər eşitdim. VIII siniflərin dərsi idi. Səs-küyün səbəbini öyrənmək məqsədilə qapıya yaxınlaşanda məktəblinin birinin yerdə uzandığını, digərinin açıq pəncərədən aşağı atdanmağa hazırlaşdığını gördüm. Pəncərənin astanasında dayanan məktəbli əlləri ilə çöl tərəfdən çərçivədən yapışmışdı. Əsəbi olduğu aydın görünürdü. Sinifdə hamı təəccüb, həyəcan, qorxu dolu baxışlarla baş verənləri izləyirdi. Pəncərədə olan uşağa yaxınlaşıb ondan yapışdım. Mən əlimi atanda o bir əlini buraxdı. Hələ pəncərədən yapışdığı əlindən tutub onu özümə sarı çəkdim. Əli (ad şərtidir - R.D.) pəncərədən düşəndə belə partanı, stulları təpikləyirdi. Onu sinifdən çıxarıb məktəblinin dostları ilə birgə sakitləşdirdik. Valideynini çağırdıq. Məlum oldu ki, həmin gün Əli əsəbi olub. Ailəsində də problemləri olan bir şagirddir. Ata-anası ayrılıb, o, anası ilə yaşayır. Atasının bacısı onun atasıyla danışmasına, görüşməyinə icazə vermirdi. Həmin gün sinifdə əvvəlcə bir yoldaşı ilə dalaşıb. Ona kömək etmək istəməyən sinif yoldaşı ilə mübahisə edərək onu ağladıb. Onların mübahisəsindən narahat olan autizmli şagird qışqıraraq yoldaşlarını sakitliyə dəvət edəndə bu dəfə Əli ona hirslənib. Mübahisə edərək onu vurub yıxıb, sonra pəncərəyə çıxıb özünü atmağa cəhd edib. Həmin vaxt da mən sinfə gedib çıxdım”.

 

Bu hadisədən Aydın Mirzəyev, həmin məktəbdəki məktəblinin dostları və ümumiyyətlə, “Məktəblinin dostu” layihəsi üzüağ çıxdı. Aydın Mirzəyevin düzgün qərar verməsi və  vaxtında müdaxiləsi layihənin uğurları siyahısında yer aldı.

 

“Uşaqlarla işləməyi çox sevirəm”

 

Aydın layihənin icrasına başlanılan ilk gündən, 2016-cı ilin dekabrından məktəblinin dostudur. İndiyədək müxtəlif məktəblərdə  çalışıb. Hazırda fəaliyyətini 63 nömrəli tam orta məktəbdə davam etdirir. Məktəblinin dostu olmağı “çətin və məsuliyyətli iş” hesab edir: “Məktəblərdə ilk diqqət etdiyimiz məsələ təhlükəsizlikdir. Buna artıq nail olmuşuq. Uşaqların, sadəcə təhlükəsiz yox, həm də sağlam mühitdə təhsil almasını təmin etməyə çalışırıq. Nəticədə məktəblərdə nə müəllimlər şagirdlərə qarşı, nə də şagirdlər müəllimlərə qarşı kobud rəftar edir. Olduğumuz məktəblərdə qarşılıqlı anlayış bərqərardır”.

 

 

Məktəblinin dostu  kimi fəaliyyətinin ona qazandırdıqlarına gəlincə, Aydının fikrincə, bu təcrübə onu sürətlə yüksəldəcək: “Mədəniyyət və İncəsənət Universitetini “Menecment” ixtisası üzrə bitirmişəm. İxtisasım pedaqoji deyil. Ancaq məktəbdə topladığım təcrübədən sonra bu istiqamətdə də uğur qazana biləcəyimi deyə bilərəm. Uşaqlarla işləməyi çox sevirəm. Üstəlik, hər gün valideynlərlə ünsiyyətdə olduğumuzdan bu iş mənə vətəndaşlarla işləməyi öyrətdi. Sonradan anladım ki, bu işdə idarəetmə, liderlik qabiliyyətim inkişaf edir. Burada qazandığım təcrübəyə əsaslanıb “Yüksəliş” müsabiqəsinə də qatıldım. İlk mərhələdən uğurla keçdim. Məktəblinin dostu olaraq qazandığım təcrübənin bu müsabiqənin, xüsusən ikinci mərhələsində çox köməyimə gələcəyinə əminəm”.    

 

Aydın Mirzəyev də daxil olmaqla, fəaliyyəti boyunca xüsusi təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirən  20 məktəblinin dostu bu günlərdə təltif edilib.  Mükafatlananlar arasında “Məktəblinin dostu” layihəsinin 5 əməkdaşı və 2 psixoloq da var.

 

“Orada məktəblinin dostları olmasaydı, necə olardı, bilmirəm!”

 

Məktəblinin dostu Sayad Əhmədli də 4 ildir fəaliyyət göstərir. Azərbaycan Dillər Universitetini “İngilis dili müəllimliyi” ixtisası üzrə bitirib. Məzun olan ildən məktəblinin dostu olaraq çalışır. Bu işin həyatına təsirindən danışaraq deyib: “Uşaqlara qarşı çox həssas olduğumun məktəbdə fəaliyyətə başlayandan sonra fərqinə vardım. Onların heç bir probleminə qarşı biganə qala bilmirəm. Fəaliyyətim dövründə bir hadisəni heç unutmuram. Bir dəfə şagirdlərdən birinin pilləkanın altında huşunu itirdiyini kameradan gördük. İlkin yardım göstərdik və uşaq özünə gəldi. Məktəb kameralaşdırılmasa və orada məktəblinin dostları olmasaydı, o uşağın axırı necə olardı, bilmirəm. Çünki həmin yer gediş-gəliş olmayan və nəzərə çarpmayan bir yer idi. Fəaliyyətim dövründə artıq ikinci məktəbdə işləyirəm. Hər iki məktəb şagird sayı çox olan - 4000-4500 nəfərlik müəssisələrdir. Belə bir yerdə çalışmaq, məktəblilərlə işləmək səbrli olmağıma səbəb oldu. Onların acısını, hisslərini bölüşməyi öyrəndim”.

 

“Həyatın onlara vurduğu zərbənin təsirini azaltmaq imkanımız var”

 

 

Nəriman İmanov üçün də məktəblinin dostu olmaq səbr deməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetini “Tarix müəllimliyi” ixtisası üzrə bitirən Nəriman hazırda məktəblinin dostu kimi fəaliyyətindən çox razıdır: “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1nömrəli tam orta internat məktəbində məktəblinin dostu olaraq fəaliyyət göstərirəm. Hesab edirəm ki, bu müəssisələr məktəblərdən fərqlənir. Buradakı uşaqlar artıq bir dəfə zərbə alıblar. Həyatın onlara vurduğu zərbənin təsirini azaltmaq imkanımız daxilindədir. Biz də məhz bunu etməyə çalışırıq”. 

 

 

“İndi özümü buradan kənarda təsəvvür etmirəm”

 

 

Pərvin Məhəmmədli Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. 3 illik fəaliyyətində artıq üçüncü məktəbdədir. Məktəblərdə o qədər çox hadisələrlə qarşılaşıb ki, “danışmaqla bitməz”, - deyir: “Tez-tez təəccüblənir, hətta qorxurdum. Bir dəfə məktəbin divarına dırmaşan şagirdin dərsdən qaçdığını düşündüm, ancaq sonradan məlum oldu ki, məşq edir. İlk vaxtlar tez-tez təəccüblənirdim. Artıq heç nəyə təəccüblənmirəm”.

 

 

Məktəblinin dostu  son 3 ildə özünün də dəyişdiyini müşahidə edir: “Səbirsiz idim, indi çox səbrliyəm. Söhbət eləməyi sevməzdim, məni indi görün. Çox maraqlı söhbət edirəm. Uşaqlara yanaşmam tamamilə dəyişib. Körpələrə belə nə olar, nə olmaz, etdiyimizin hansı doğru, hansı yanlışdır, deyə diqqət edirəm. Ən çox da öz səhvlərimi anlamışam. Məktəbdə şagird kimi mənə yanlış gələn, mənə haqsızlıq kimi görünən bir çox şeyin, əslində haqsızlıq olmadığını indi başa düşür, müəllimlərə haqq qazandırıram. Müşahidə edirəm ki, mənə zamanında haqsızlıq kimi görünən hallara indiki şagirdlərin də yanaşması eynidir. Ona görə onları anlamaq, doğru yanaşmanı uşaqlara göstərmək mənə çətin olmur”.

 

Məktəblinin dostu deyir ki, şagirdlərə sözünü qəbul etdirmək onlar üçün çətin olmur: “Şagirdlər bizim sözümüzü bir az da yaşımızdan irəli gələn səbəblərdən daha tez qəbul edirlər. Bizi öz yaşıdları, dostları kimi görürlər. Ona görə sözümüzü anlamaları daha asan olur”.

 

Məktəblinin dostu olana qədər özü ilə bağlı qurduğu xəyalları da dəyişib: “Artıq hər hansı oturaq işdə özümü təsəvvür etmirəm. Halbuki  universitet illərində “ASAN Xidmət”də işləməyi arzulayırdım. Bu məqsədlə “ASAN könüllü” olmuşdum. Məktəblinin dostu məhz “ASAN Xidmət”də könüllü fəaliyyətimin nəticəsində seçilmişəm. İndi özümü buradan kənarda təsəvvür etmirəm. Günün sonunda insan öz-özünə hesabat verəndə “bu gün 3 yaxşılıq etdim, 5 dua aldım” - deyir və buna görə özü ilə fəxr edir”.

 

“Sizdən uğurlu nəticələr gözləyirik”

 

Məktəblinin dostları, onların fəaliyyətinin nəticələrinə Təhsil Nazirliyi də xüsusi əhəmiyyət və diqqət verir. Bu fikri Təhsil nazirinin müavini Firudin Qurbanov ayrı-ayrı vaxtlarda, Bakıdakı müxtəlif təhsil müəssisələrində məktəblinin dostu olaraq fəaliyyətə başlayan gəncləri təltif edərkən deyib. Onlara vəzifələrinin icrasında diqqət etməli olduğu məqamlarla bağlı tövsiyələrini verib. Nazir müavini əvvəlcə məktəbdə şagird-şagird, müəllim-şagird münasibətlərinin tənzimlənməsində layihənin əhəmiyyətindən, əldə edilən müsbət nəticələrdən danışıb: “Məktəblərdə bəzən müəllim-şagird-valideyn münasibətlərində anlaşılmazlıqlar baş verir, nəticədə xoşagəlməz hadisələr olurdu. Sadəcə mübahisəli vəziyyətləri, riskli məqamları idarə etmək üçün deyil, həm də təlim-tərbiyə prosesini tənzimləmək, istedadlı şagirdlərin aşkara çıxarılması və onların düzgün inkişafını təmin etmək məqsədi ilə belə bir layihəyə dəstək verildi. Əvvəlcə 30 məktəbdə bu layihənin icrasına başlanıldı və yüksək nəticə əldə olundu. Hazırda 70 məktəbdə məktəblinin dostları fəaliyyət göstərir”.

 

Hər bir şagirdə fərdi yanaşmanın vacibliyini  vurğulayan Firudin Qurbanov məktəblinin dostu olmağı çox mürəkkəb və məsuliyyətli vəzifə hesab edib: “Həm şagirdlər, həm müəllimlər, həm də valideynlərlə işin özünəməxsus çətinlikləri var. Onlar arasında əlaqə yaratmaq, zəif, problemli nöqtələri vaxtında aşkara çıxartmaq, hər hansı xoşagəlməz vəziyyətin qarşısını vaxtında ala bilmək çox böyük məharət tələb edir”.

 

Məktəblinin dostu vəzifəsini uğurla icra etmək üçün insanda səbr və həvəs,  yüksək ünsiyyət mədəniyyəti və mənəviyyat, kommunikasiya və komanda ilə işləmək bacarığı kimi yüksək keyfiyyətlər tələb olunduğunu deyən nazir müavini məktəblinin dostlarının işini mürəkkəbləşdirən bir çox amillərə toxunub. IV sənaye inqilabı dövründə xalqımıza məxsus milli-mənəvi dəyərləri qoruyub-saxlamaq üçün məktəblinin dostunun üzərinə düşən məsuliyyətdən danışıb: “Siz məktəbdə bir növ mentorsunuz. Çalışmalısınız ki, uşaqlara doğru yolu göstərəsiniz. Onların hansı problemi olduğunu vaxtında görməyə çalışmalısınız. İndiyədək sizin uğurlu fəaliyyətiniz sayəsində uşaqların psixoloji durumu və başqa problemlərdən irəli gələn bir çox hadisələrin qarşısı alınıb. Məktəblərdə bəzi problemlər biganəlikdən baş verib. Siz məhz bu biganəliklə mübarizə aparmalısınız. Hamıdan  fərqlənməli, çox həssas olmalısınız”.

 

“Məktəbdə şagirdin də, müəllimin də dostu olmağı bacarmalısınız”

 

Problemlərin qarşısı vaxtında alınmayanda ağır nəticələrə gətirib çıxardığını vurğulayan nazir müavini  müşahidə etdikləri neqativ faktlarla bağlı məktəblinin dostlarının ata biləcəyi addımlara toxunub: “Problemlərin qarşısını vaxtında ala bilmək üçün məktəbdə şagirdin də, müəllimin də dostu olmağı bacarmalısınız. O zaman sizi dost kimi qəbul edəcək, hər hansı çətinlikləri ilə bağlı ürəklərini sizə  açacaqlar. Sizdən qorxmamalı, sizi sevməlidirlər. Məktəblərdə mehribanlığı məhz siz yarada bilərsiniz”.

 

“Məktəblinin dostu” layihəsinin məhz onların sayəsində uğur qazandığını vurğulayan F.Qurbanov bu layihə nəticəsində Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrildiyinə də diqqət çəkib: “Bir çox ölkələrdə oluram. Həyata keçirdiyimiz təhsil islahatlarından danışarkən “Məktəblinin dostu” layihəsinin əldə etdiyi nailiyyətlərlə bağlı məlumat verirəm. Hər dəfə bu layihəyə qarşı çox böyük maraq müşahidə edirəm. Ancaq bir çox ölkədə bu imkan yoxdur. Məsələn, bu gün ölkəmizdə məktəblinin 300 dostu fəaliyyət göstərir. Hər ölkənin büdcəsi buna imkan vermir. Odur ki, işinizin məsuliyyətini dərk edin. Sizin fəaliyyətiniz ölkə təhsili üçün olduqca önəmlidir. Biz sizə inanırıq, fəaliyyətinizi yüksək  dəyərləndiririk. Hər birinizə fəaliyyətinizdə dəstək verməyə hazırıq və sizdən uğurlu nəticələr gözləyirik”.

 

Məktəblinin dostları tezliklə 150 məktəbdə

 

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi  olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edib. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində məktəblinin dostu fəaliyyət göstərir.

 

“Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

 

Ruhiyyə DAŞSALAHLI