Dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur


Ta qədimdən insan sözünü deməyin bir yolunu tapıb. Göstərib, işarə verib, şəklini çəkib. Sonra işarələrlə söz düzəldib, sözləri yan-yana qoyub cümlə qurub.  Elə ki, öz aralarında ünsiyyət formasını tapıb, inkişafı daha da sürətlənib. Çünki eşitdiyini və gördüyünü deməyin, öyrəndiklərini öyrətməyin, qazandıqlarını - maddi və mənəvi irsini qorumağın, onu inkişaf etdirməyin bir yolunu tapıb. Həmin yol - ən mühüm və ən güclü vasitə məhz dildir. 2000-ci ildən bəri hər il fevralın 21-i dünyada öz sözü, öz imzası olan bütün xalqlar imzasını atdığı dil üçün səfərbər olur, həmin günü Beynəlxalq Ana Dili Günü kimi qeyd edirlər. Hər xalqın dilinin yaranması və formalaşması, dövlət dili statusu qazanması fərqli dövrlərə təsadüf etsə də, bu günün tarixi UNESCO-nun 1999-cu ildə çıxartdığı qərara əsaslanır. Banqladeş səfirinin təşəbbüsü ilə verilən bu qərarın əsasında isə  1952-ci ildə Banqladeşin Benqal şəhərində baş verən bir hadisə dayanır. Belə ki, həmin il fevralın 21-də  öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülür. O gün bu gündür, bu tarix Benqal hadisəsini insanların xatirəsində canlandırır, dilinin həm də dövlət dili olmasının nə qədər dəyərli olduğunu millətlərə xatırladır.

 

Bir sözlə, 2000-ci ildən bəri dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.

 

Azərbycan dili dövlət dili elan olunur

 

Ana dilinin dövlət dili olması, bu statusunun qorunması uğrunda daim mübarizə aparmaq məcburiyyətində qalan millətlərdən biriyik.  Milli mənsubiyyətimizi, milli mövcudluğumuzu təsdiq etməkdən ötrü göstərdiyimiz hər cəhdimiz müqavimətlə qarşılaşdığından bu tarix bizim üçün önəmlidir. Keçdiyimiz tarixi yolda sevindirici məqam ondan ibarətdir ki, qarşıya çıxan müqaviməti qıracaq, tarixi əhəmiyyətli qərarlara imza atacaq cəsarəti olan liderlər də yetişdirib xalqımız. Ötən əsrə aid, sadəcə bir fakt. Azərbaycanda sovet hakimiyyətidir. “Müstəqil” 15 respublikadan biri sayılsa da, Azərbaycanda ana dilinin hökmü keçmir. Xatırladaq ki, sovet hakimiyyəti dövründə, xüsusən də 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət respublikamızda Azərbaycan dili hakim dil deyildi. Üstəlik, o illərdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün görünürdü. Azərbaycan dilinin dövlət dili statusu qazanmasında qətiyyəti mühüm rol oynayan Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi Azərbaycan dilinə rəsmi münasibəti əsaslı surətdə dəyişdi. Respublika rəhbəri dövlət dili sahəsində fəaliyyətə onun işlənmə sferasını və fəaliyyət dairəsini genişləndirməkdən başladı. Nəticədə böyük müqavimətə baxmayaraq, 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi. Məhz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Bu addım, dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər tutulan, gələcəyin müstəqil Azərbaycanı naminə bir addım oldu. Axı, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahib çıxmağının, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması qürurverici tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni növbəti dəfə 1995-ci il noyabrın 12-də dahi şəxsiyyət Heydər Əliyevin liderliyi ilə yaşadı. Həmin gün qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

 

Azərbaycan dövləti dilin inkişafını təmin edir

 

Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpası istiqamətində atılmış vacib addımlardan biri 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması oldu. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilir, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilirdi. Bu sənəddə problem və nöqsanlar da müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verildi və 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı.

 

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu.

 

Müstəqilliyin sonrakı illərində Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə ön plana çıxır. Görülən məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.

 

Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi.

 

Bizə miras qalanı, gəlin, biz də hədiyyə verək

 

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. Təbii ki, bu istiqamətdə vətəndaşın da üzərinə düşən məsuliyyət var. Dili nəsildən-nəslə ötürmək, ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

 

Dünyanın ən qədim dillərindən biri olan laylalı-bayatılı ana dilimiz... Qarşımızda duran əsas məsələ odur ki, Bəxtiyar Vahabzadənin təbirincə desək, ruhumuz, eşqimiz, canımız, bir-birimizlə əhdi-peymanımız olan bu dili “Qoruyub, nəsillərə biz də hədiyyə verək”.

 

Ruhiyyə DAŞSALAHLI