Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb.
Görüşdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.
Görüşdə BSU ilə Beynəlxalq Münasibətlər Gimnaziyası və Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycanda ukrayna dili, mədəniyyəti, ədəbiyyatı, tarixi və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır.
Müqavilədə Ukrayna mədəniyyətinin Azərbaycan, Azərbaycan mədəniyyətinin isə Ukrayna ərazisində tanıdılması, pedaqoji sahədə təcrübənin mübadiləsi, tərəflərin seminarlar, konfranslar, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi, hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək verilməsi, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Rektor N. Əliyeva əməkdaşlıq haqqında imzalanan bu müqavilənin bütün tərəflər üçün faydalı olacağına əminliyini bildirib.