YUNESKO müəllimlər arasında sorğu keçirir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) müəllimləri təhlükəsiz və zorakı olmayan təhsil mühitinin yaradılmasında pedaqoqların rolu ilə bağlı sorğuda iştirak etməyə dəvət edir. Sorğu BMT-nin altı rəsmi dilində, o cümlədən rus dilində dünyanın bütün ölkələrində keçirilir.
Sorğu müəllimlərin məktəbdə zorakılığı necə başa düşdükləri, ona necə reaksiya verdikləri və hansı təlim proqramlarının məktəbdə zorakılıq hallarına cavab vermək üçün onlara daha hazırlıqlı və özünə inamlı olmağa kömək edə biləcəyi barədə məlumat əldə etməyə imkan verəcək.
"Əldə edilmiş məlumatlar bütün maraqlı tərəflərin məktəb zorakılığı probleminə diqqətinin cəlb edilməsi, zorakılığın profilaktikası və qarşısının alınmasında effektiv üsulların yaradılması üçün istifadə olunacaq", – deyə YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun məlumatında bildirilir.
Təşkilatçılar iştirakçı tərəfindən verilən bütün məlumatların anonim qalacağına zəmanət verirlər.
Təşkilatın bildirdiyinə görə, dünyada hər üçüncü şagird zorakılıq və təhqirlə üzləşir. Təqiblərə məruz qalan uşaqlar və yeniyetmələr digər həmyaşıdları ilə müqayisədə iki dəfə daha çox intihar haqqında ciddi düşünür, depressiyadan əziyyət çəkir, dərs məşğələlərini buraxırlar. Yəni onların sağlamlıq problemləri var.
Bütün uşaqlar və yeniyetmələr, gənclər, müəllimlər, tələbələr üçün təhlükəsiz, zorakı olmayan, inklüziv və effektiv təhsil mühitində təhsil almaq imkanlarının təmin edilməsi YUNESKO və milli təhsil sistemi üçün strateji prioritetdir.
Oruc MUSTAFAYEV