Rusiyada qanun layihəsi hazırlanır
Rusiyanın "Uçitelskaya qazeta" qəzetinin redaksiyasında müəllimlərin statusu haqqında federal qanunun hazırlanmasına həsr olunan “dəyirmi masa” keçirilib. Adıçəkilən qəzet məktəblərdə zorakılıqla bağlı növbəti qalmaqallardan sonra belə bir təşəbbüslə çıxış edib.
"Təəssüf ki, bütün ölkə üzrə müəllimlərə qarşı təhqirlər və hücumlar çoxalıb. Buna görə də təsadüfi deyil ki, bütün pedaqoji ictimaiyyət müəllimlərin müdafiəsi ilə bağlı təşəbbüsümüzlə həmrəy olub",- deyə "Uçitelskaya qazeta" nın baş redaktoru Arslan Xasavov bildirib.
Ümumrusiya Təhsil Həmkarlar İttifaqı və Dövlət Dumasının Təhsil Komitəsi sənədin qəbul edilməsində maraqlı olduqlarını bildirib və öz təkliflərini hazırlayıb. Belə ki, həmkarlar ittifaqı qanunvericiliyin dəyişdirilməsi üçün variantlar hazırlayıb və müəllimin peşə fəaliyyəti zamanı təhqir edilməsinə görə fiziki şəxslər üçün 4 -5 min , vəzifəli şəxslər üçün 40-50 min və hüquqi şəxslər üçün 100 -150 min rubl məbləğində inzibati cərimənin tətbiqini təklif edib.
Moskvadakı 1520 nömrəli məktəbin direktoru Vita Kiriçenko qeyd edib ki, bu cür problemlər xarici ölkələrdə də mövcuddur: "Məsələn, 2018-ci ildə ABŞ-da müəllim peşəsindən uzaqlaşanların sayı əvvəlki 5 ildəkindən çox olub.
Oxşar vəziyyət Böyük Britaniyada da var. Müəllimin statusunun müzakirəsi vaxtı başqa ölkələrin təcrübəsini də nəzərə almaq lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, bu gün ailə və məktəb danışıqlar stolu ətrafında birləşməlidir. Bu sahədə lazımi normativ baza artıq mövcuddur, sadəcə pedaqoqların dəstəklənməsi üzrə əlavə tədbirlərlə bağlı qərar qəbul etmək lazımdır".
Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin müavini Viktor Smirnovun sözlərinə görə, məsələ yalnız qanunvericilik aktları ilə həll edilə bilməz: "Müəllimin sosial statusunu artırmaq lazımdır, cəmiyyətin təhsilə ehtiyacı var".
"Dəyirmi masa"da iştirak edənlərin fikirləri birmənalı olmayıb. Bəziləri müəllimin statusunun cərimələrlə qaldırıla bilməyəcəyini, bəziləri müəllimin hər zaman haqlı olmadığına inandığını söyləyib , digərləri isə ümumiyyətlə, təhsildə sivil fəaliyyət haqqında düşünməyi təklif ediblər.
A.Xasavov bütün fikirlərin nəzərə alınacağını, "dəyirmi masa"da qaldırılan problemlərin həllinə yönəldiləcək qanun və ya qanunvericilik aktının qəbul edilməsi üçün bir yol xəritəsi hazırlanacağını vəd edib. O, Qazaxıstanda oxşar qanunun artıq qəbul edildiyini xatırladıb.
Qeyd edək ki, Rusiyada "Müəllim statusu haqqında" qanun yalnız ölkənin Ulyanovsk vilayətində qüvvədədir.
Oruc MUSTAFAYEV