Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub.

 

Belə ki, 7 nömrəli tam orta məktəbin şagirdləri Emil Rüstəmli və Ağabagir Əliyev I yeri tutaraq qızıl medala layiq görülüblər. Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova, 60 nömrəli tam orta məktəbin şagirdləri Gülnar Qurbanlı və Kənan Qurbanlı II yeri tutaraq gümüş, 299 nömrəli məktəb-liseyin şagirdi Gülməmməd Əsədli və Sənan Məlikov, 173 nömrəli tam orta məktəbin şagirdi Abbasqulu Əliyev, 225 nömrəli tam orta məktəbin şagirdi Ayan Sadıqova, 177 nömrəli tam orta məktəbin şagirdləri Selcan Nurullayeva, Qalib Qasımov, Cəmil Xəlilov, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Tuba Əliyeva, 20 nömrəli məktəb-liseyin şagirdi Əli Əmirov, 54 nömrəli tam orta məktəbin şagirdi Fərid Hüseynov, 245 nömrəli tam orta məktəbin şagirdi Roman Tolstoşeyev isə III yeri tutaraq bürünc medal qazanıblar.

 

Qeyd edək ki, müsabiqədə müxtəlif kateqoriyalara görə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərə 10 mükafat təqdim edilib.

 

Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.