Dövlət İmtahan Mərkəzi (DİM ) 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
DİM-dən verilən məlumata görə, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcəkdir.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin yekun imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
DİM-dən bildirilib ki, müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub.
Mərkəz üç zəruri qeyd göstərib:
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən, cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəzdə fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 il müddətində qüvvədə qalır.