Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsinin (COPUOS) elm və texnika alt komitəsinin 57-ci sessiyasında iştirak edib.
Rektor iclasda “Bakı Dövlət Universiteti: elm, təhsil və innovasiya sahəsində əməkdaşlığın nailiyyətləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun 100 illik yubileyinin Təhsil Nazirliyi və ali məktəbin kollektivinin iştirakı ilə UNESKO-nun Parisdəki baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini bildirib.
İclasda rektorun Azərbaycanda kosmik hava, Günəş və Günəş-Yer əlaqələrinin fizikası üzrə elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq üzrə mövcud vəziyyət və perspektivlər haqqında təqdimatı da olub.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetində adıçəkilən sahələr üzrə elmi tədqiqat işlərinin aparılması, tələbə və doktorantlar sırasında kadr hazırlığının həyata keçirilməsi sahəsində potensial əməkdaşlıq imkanları da müzakirə olunub.
NASA-nın səlahiyyətli nümayəndəsi Natçimuthuk Gopalsvami, ABŞ-ın Boston Kollecinin elmi-tədqiqat direktoru Patrisia Doherti və BMT-nin Xarici Kosmos İşləri üzrə Ofisinin layihə rəhbəri Şərafət Qədimova ilə danışıqlar aparılıb. “e-CALLİSTO” elmi cihazının, həmçinin “SOFİE” tədqiqat və təlim cihazının (Almaniya) BDU-da quraşdırılması və tədqiqat şəbəkəsinə qoşulması barədə razılıq əldə edilib.