Fevralın 11-də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Bildirilib ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Cari ildə müsabiqədə iştirak üçün 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib, onlardan 327 nəfər (IX sinif-112 şagird, X sinif-129 şagird və XI sinif - 86 şagird) 187 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 48 faizini bölgələrdən qatılan şagirdlər təşkil edir. 187 layihə sırasında fərdi layihələrin sayı 47, kollektiv layihələrin sayı isə 140 təşkil edir.
Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi isə cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF-də iştirak etmək imkanı qazanacaq və BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqədə indiyə qədər 1498 şagird iştirak edib, onlardan 613 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 48 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.
Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 30 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibi olub.
Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib.
Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilir.