Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumtəhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.
Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar cəmiyyət tərəfindən daim izlənilir. Təhsildə həyata keçirilən hər bir islahat istiqaməti ictimaiyyətdə müzakirə olunur. Nazir müavini məktəbli formasının tətbiqi məsələsinə, bunun ictimai müzakirəsinin vacibliyinə Təhsil Nazirliyinin ciddi yanaşdığını bildirib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, vahid məktəbli formalarının təsvirləri ictimaiyyətə təqdim olunmazdan əvvəl məktəblərin pedaqoji kollektivləri, valideynlərlə müzakirələr keçirilib. M.Vəliyeva müzakirələr zamanı ən çox səsləndirilən təkliflər barədə məlumat verib.
Daha sonra çıxış edən mütəxəssislər məktəbli formalarının tətbiqi ilə bağlı mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.
Tədbirdə məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın tapılması və baxılmaq üçün İctimai Şuraya təqdim olunması təklif edilib.
Oruc MUSTAFAYEV