Qlobal səviyyədə ortaya çıxan yeni çağırışlar və tələblər bu gün  ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini müəyyənləşdirir. Hazırda təhsilin inkişaf prioritetləri arasında  ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiya olunması prinsipi ön sırada dayanır.

 

24 oktyabr 2013-cü ildə  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  bu istiqamət xüsusi vurğulanıb. Azərbaycanda universitet təhsili sahəsində aparılan geniş islahatların tərkib hissəsi kimi universitetlərin beynəlmiləlləşməsi prosesinin gücləndirilməsi əsas tələb kimi qarşıya qoyulub.

 

Azərbaycan universitetlərinin son illər ingilis dilində təhsil proqramlarını genişləndirmələri, Erasmus, Tempus, Mövlana kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etməyə başlamaları, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrini genişləndirmələri onların beynəlmiləlləşməsi prosesini də gücləndirib. Bu istiqamətdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mühüm, təqdirəlayiq işlər görülüb. Yuxarıda adları çəkilən proqramlar çərçivəsində Avropa universitetləri ilə tələbə-müəllim mübadiləsi, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə konfransların, seminarların keçirilməsi, tədqiqat proyektlərinin birlikdə işlənməsi uğurla həyata keçirilir. Türkiyənin İstanbul Texniki Universiteti arasında bağlanmış ikili diplom müqaviləsi, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin  nüfuzlu Lester Universitetinin akkreditasiyasından keçməsi, London South Bank Universitetinin dəstəyi ilə British Council şirkəti tərəfindən həyata keçirilən Creative Spark proqramına qoşulması, Memarlıq fakültəsinin memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması və s. AzMİU-nun Avropa təhsil məkanına inteqrasiyası yolunda atdığı uğurlu addımlardır. Elə sonuncu fakt dediklərimizi təsdiq edir ki, bu ildən etibarən RİBA-nın akkreditasiyasından keçən Memarlıq fakültəsində oxuyan və bundan sonra da 5 il ərzində bu fakültəni seçən gənclərimizin diplomları Böyük Britaniyada, eləcə də Avropa İttifaqı ölkələrində tanınacaq.

 

AzMİU-nun İtaliya ali məktəbləri ilə əməkdaşlığı da 2003-cü ildən bu günə qədər uğurla davam etdirilir. İkitərəfli müqavilələr, Avropa Birliyinin Erasmus+ layihələri və digər beynəlxalq layihələr çərçivəsində İtaliyanın Milan Politexnik, Pavia və Sapienza universitetləri ilə səmərəli əməkdaşlıq mövcuddur. Hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir, ötən il Milan Dizayn Film Festivalının təqdimat mərasimi də bizim universitetdə gerçəkləşdi. 2019-2020-ci tədris ilindən AzMİU-da italyan dilinin tədrisinə başlanılıb, “Laureati per l’italiano” layihəsi çərçivəsində italiyalı müəllimlər  tələbələrimizə italyan dilini öyrədirlər.

 

Artıq iki ildir ki, AzMİU ilə İtaliyanın Milan Politexnik Universiteti arasında illər öncə başlamış əlaqələr yeni mərhələyə qədəm qoyub. Xatırladım ki,  2018-ci ilin  iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədləri, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq çərçivəsində AzMİU-nun nəzdində İtaliya - Azərbaycan Dizayn Mərkəzi yaradıldı. Mərkəzi yaratmaqda məqsəd ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, ali dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə nail olmaq, bu istiqamətdə baza rolunu oynamaqdır. Mərkəz yaradıldıqdan sonra dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarının Milan Politexnik Universitetinin proqramına uyğunlaşdırmaq məqsədilə mühüm işlər görülüb, ötən ildən dizayn ixtisası üzrə ingilis dilində tədris aparılıb, tələbələrin marağı böyükdür.

 

Hazırda dizayn təhsili üzrə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində müzakirələr aparılır. Elə bu günlərdə universitetimizdə səfərdə olan Milan Politexnik Universitetinin prorektoru, professor Federiko Buççi, bərpa işləri üzrə dosent Nora Lombardini,  Memarlıq fakültəsinin müəllimləri Elena Fioretto və Klaudia Suardinin  AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşlərində bu məsələ diqqət mərkəzində olub, görüləcək işlər, atılacaq addımlar bir daha müzakirə olunub. İtaliyadan gələn qonaqlar tələbələrlə görüşüblər, onlara mühazirə oxuyub, vorkşop keçiriblər. Professor Federiko Buççi Memarlıq fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib, 1920-2000-ci illərdə Milanın memarlıq məktəblərindən danışıb. Onu da qeyd edim ki, AzMİU ilə İtaliya universitetləri arasında işgüzar əlaqələrin qurulmasında İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarininin xidmətləri danılmazdır.

 

Göründüyü kimi, AzMİU-da ali təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində real addımlar atılır və ümidvarıq ki, bu addımlar yaxın gələcəkdə ciddi perspektivlər vəd edir.

 

Fərhad ƏLİYEV,

AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri