İnşaat Kolleci ilə Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyi arasında qardaşlaşma yeni mərhələdə
Mayın 7-dən Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının ikinci mərtəbəsində həmin universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin tələbələrinin əl işləri sərgilənir. “Dizayn yarat” adlı bu sərgidə dizayn ixtisası üzrə təhsil alan 60-a yaxın tələbənin qabilen, farfor, “Street Art”, “Bulleen Art” üslubunda, yağlı və sulu boya ilə rəsm əsərləri, toxunmalardan ibarət 100-dən çox sənət nümunələri nümayiş olunur.
Hər il mayın 10-dək açılışı reallaşdırılan sərgilər tələbələrin əməyinin stimullaşdırılmasına hesablanıb. Kollecin direktoru N.Ağamalıyev bildirib ki, hər il tələbələrin əl işlərindən ibarət sərginin təşkil olunması onlara öz üzərində daha çox işləmələri üçün stimul verir: “Başqa bir tərəfdən də bu, müsabiqədir. Müsabiqə isə yarış deməkdir. Tələbələrimiz arasında rəqabət mühiti formalaşdırırıq. Qalibləri diplomlarla, fəxri fərmanlarla təltif edərək onları daha da həvəsləndirməyə çalışırıq”.
Türkiyəli qonaqlar sərgidə
Tələbələrini həvəsləndirmək üçün bu il Kollec sərginin açılışına Türkiyədən qonaq da dəvət edib. Beləliklə, tədbir tədbirə, sevinc sevincə qarışıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin türkiyəli qonaqları İzmir Aliağa şəhər Milli Təhsil İdarəsinin müdiri Ogün Derse, Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin müdiri Mehmet Sıtqı Arı, liseyin müəllim və tələbələrindən ibarət 20 nəfərlik heyətdir. Qonaqlar 9 günlük səfər çərçivəsində Bakıdadırlar. Gəliş səbəbinə gəlincə, bu, sadəcə sərgidə iştirak deyil. İnşaat Kolleci ilə Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyi artıq iki ildir ki, qardaşlaşıb. 2016-cı ildən əsası qoyulan münasibətlər İnşaat Kollecindən olan nümayəndələrin İzmirə səfəri ilə başlayıb. Bu barədə İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib: “Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın təşəbbüsü ilə İzmir şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyi ilə AzMİU nəzdində İnşaat Kolleci 2016-cı ildə birgə layihə hazırlayıb. “Tək millət, iki dövlət” adlanan layihə çərçivəsində İzmirdən ulu öndər Heydər Əliyevin 95 illik yubiley tədbirlərində iştirak etmək üçün həmin liseyin tələbə və müəllimlərindən ibarət böyük bir nümayəndə heyəti Bakıya gəlib”.
N.Ağamalıyev layihənin məqsədlərindən də danışıb: “Bu layihədə əsas məqsədimiz hər iki ölkəni tələbələrimizə tanıtdırıb sevdirməkdir. İndiyədək tanışlıq məqsədilə qarşılıqlı səfərlər olub. Bundan sonrakı mərhələdə müxtəlif proqramlar, o cümlədən Mövlanə proqramı çərçivəsində tələbə mübadiləsi də nəzərdə tutulur”.
Maraqlıdır, mübadilə nə vaxtdan başlayır? N.Ağamalıyevin sözlərinə görə, bəzi oxşar ixtisaslar olsa da, İzmirdəki Liseylə Kollecin təhsil səviyyəsi eyni deyil: “Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyi ümumi təhsillə yanaşı, həm də peşə təhsili verir. Müəssisənin çox yüksək səviyyəli böyük emalatxanaları var. İnşaat Kollecinin tələbələri Anadolu Peşə və Texniki Liseyinin emalatxanalarında, laboratoriyalarda keçirilən praktik dərslərdə iştirak edəcəklər. Liseyin texniki-peşə təhsili alan tələbələri isə İnşaat Kollecində dərslərdə iştirak edə bilərlər. Məqsədimiz qarşılıqlı faydalılıq əsasında münasibətlər qurmaqdır. Biz onların böyük emalatxanalarından, onlar isə bizim müəllim potensialımızdan yararlana bilər. Biologiya müəllimi Ülkər xanımın Anadolu Peşə və Texniki Liseyində “açıq dərs”indən, sözün əsl mənasında, heyran qaldılar. Həmin dərsdən sonra lisey bizim müəllim potensialımızdan yararlanmaq istəyini bildirdi”.
N.Ağamalıyev onu da qeyd edib ki, layihə çərçivəsində İzmirdən Bakıya, Bakıdan İzmirə göndərilən tələbələrin ailələrdə yaşaması nəzərdə tutulub: “Belə bir fikir də var ki, orada təcrübə keçən tələbələr müəllimlərin və ya tələbələrin ailələri ilə yaşasınlar. Bu, bir-birimizin adət-ənənələrini, mətbəximizi daha yaxından öyrənməyə imkan verər”.
İnşaat Kolleci İzmirə bu dəfə tələbələrini göndərəcək: “Hesab edirik ki, tələbə tanımalıdır. Ona görə də növbəti səfərlərdə tələbələrin iştirakına üstünlük verməyi planlaşdırırıq”.
“Bir millət, iki dövlət” kəlamı sözdə qalmadı
Türkiyədə Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin müdiri Mehmet Sıtqı Arı 2 il əvvəl başlayan qardaşlıq münasibətindən çox razıdır. Bakı səfəri isə onları lap utandırıb: “Burada elə qarşılandıq ki, öz qarşılamağımızdan utandıq. Hər günümüz o birindən maraqlı keçdi. Bu qardaşlaşmadan çox razıyıq. “Bir millət, iki dövlət” deyirik. Bu, sözdə qalmadı, reallaşdırdıq. Bundan sonra aramızdakı səmimiyyət artacaq, qarşılıqlı münasibətlər daha da genişlənəcək”.
Mehmet Sıtqı Arı qarşılıqlı münasibətlərə dair gözləntilərindən də danışıb: “Bilik mübadiləsi aparacaq, bir-birimizin təcrübəmizdən faydalanacağıq. Ortaq nöqtələrimizi və fərqlərimizi araşdıracağıq. Fərqlərin nədən qaynaqlandığını müəyyənləşdirib hər iki təhsil müəssisəsində ən yaxşı təcrübəni tətbiq edəcəyik. Biz istər ölkə olaraq, istər təhsil müəssisələri olaraq, birlikdə daha güclüyük. Odur ki, bu əməkdaşlıqdan çox razıyıq və böyük ümidlərimiz var”.
“Sənət əsərlərinin ön planda olmasından çox xoşum gəlir”
Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin tələbəsi Aslı Sezgin iki xalq arasında ortaq bir çox xüsusiyyət olmasına baxmayaraq, azərbaycanlıları fərqləndirən keyfiyyətləri qeyd edib: “Hava limanında qarşılanmağımızdan başlayaraq, Bakı məni heyran qoydu. Qonaqpərvərliyi, gülərüzlülüyü düşündüyümüzdən çoxdur. Şəhidlər Xiyabanını, tarixi yerləri ziyarət etdik. Şəhərin görməli yerlərində olduq. O qədər çox yerdə olduq ki, təəssüratlarımız biri-birinə qarışdı”.
Liseyin digər tələbəsi Ahmet Hakan Yılmaz həm səfərdən, həm sərgidən təsirlənib: “Azərbaycana gələndən heç bir narahatlığımız olmadı. Hər gün görməli yerlərdə olduq. Sənət sərgisini gəzdik. Tələbələrin əl işi çox xoşuma gəldi. Çox peşəkarlıqla işləniblər. Müasir dövrdə, yəni hər şeyin robotlaşdırıldığı bir zamanda belə nümunələr insanın zövqünü oxşayır. Bakıdakı təhsil müəssisələrində sənət əsərlərinin ön planda olmasından çox xoşum gəldi. Yağlı boya ilə çəkilən rəsmləri, qara qələmlə işi bəyəndim. Metal işləməsi də çox gözəldir”.
“İstənilən məsələdə bir-birimizə güvənə bilərik”
Aliağa şəhər təhsil idarəsinin müdiri Ogün Derse Bakıya ilk dəfə gəlsə də, özünü burada doğulubmuş kimi hiss edir: “Sadəcə layihə ilə bağlı deyil, istənilən məsələdə bir-birimizə güvənə bilərik. Biz burada da dedik, dostlarımız hər məsələdə qapımızı döyə, istənilən problemin həllində dəstəyimizə bel bağlaya bilərlər”.
Ogün Derse Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyində Azərbaycandan gənclərin heç bir problemsiz təhsil ala biləcəyini də vurğulayıb.
Texniki-peşə ixtisasları üzrə təhsil alsalar da, tarixlə daha çox maraqlanıblar
Türkiyəli qonaqları Bakıda müşayiət edən İnşaat Kolleci Tələbə Həmkarlar Komitəsinin sədri Səbuhi Zərbəliyev bildirib ki, qonaqlar Azərbaycan tarixinə çox böyük maraq göstəriblər. Dahi şəxsiyyətlərlə bağlı çoxsaylı suallar veriblər: “Türkiyədən gələn nümayəndə heyəti Şəhidlər Xiyabanını, Türk şəhidlərinin məzarını ziyarət etdi. Şamaxı Astrofizika rəsədxanasında, Dəmirçi kəndində, qoruqlarımızda oldular. Onları Şirvanşahlar Sarayına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Atəşgaha apardıq. Burada olduqları müddətdə Quba məzarlığı və Qobustan qayaüstü abidələrinə ekskursiya etdilər. Bakı gecələrini seyrə çıxdılar, şəhərin işıqlandırma sistemi ilə maraqlandılar. Hiss olunurdu ki, tarixi yerləri görmək onları xüsusilə maraqlandırır”.
İnşaat Kollecinin qonaqları səfərinə görüşlə başlayıb, görüşlə yekun vurub. Belə ki, İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova ilə görüşlə başlayan səfər İnşaat Kollecinin tələbə və müəllimləri ilə səmimi ortamda reallaşan yaddaqalan söhbətlə başa çatıb.
Ruhiyyə DAŞSALAHLI