ADPU və Corc Vaşinqon Universiteti arasında ikili diplom proqramı gələcək üçün böyük ümidlər vəd edir
Azərbaycan ali təhsil sistemi qarşısına qoyduğu mühüm hədəflərə inamla yaxınlaşmaqdadır. Mübaliğəsiz demək olar ki, 2020-ci il ali təhsilimizin dünya təhsil sistemində yerini möhkəmləndirəcək, onun rəqabət qabiliyyətliliyini yüksəldəcək əhəmiyyətli bir il kimi tarixə düşəcək. Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və Amerika Birləşmiş Ştatlarının nüfuzlu Corc Vaşinqon Universiteti arasında beynəlxalq ikili diplom proqramının imzalanması ali təhsilimizdə keyfiyyət dəyişikliyinin növbəti bariz nümunəsi oldu. Tədbir iştirakçıları da həmin gün reallaşan layihə ilə ali təhsilimizdə dönüşün başlanmasına şahidlik edirdi.
“Proqramın çox uğurlu olmasını arzulayır və buna inanırıq”
İmzalanma mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə təhsilin inkişaf etdirilməsidir. Bu sahədə nazir xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, strategiyaya əsasən Azərbaycanda ali təhsilin keyfiyyət göstəricilərinə və əhatəliliyinə görə dünyanın aparıcı ölkələri sıralarında layiqli yer tutması, təhsilin məzmununun yenilənməsi və inkişaf etdirilməsi kimi hədəflər qoyulub. Ceyhun Bayramov bu istiqamətdə atılan addımlar sırasında, ilk növbədə, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı qeyd edib. Bu proqrama uyğun olaraq minlərlə Azərbaycan gənci dünyanın aparıcı universitetlərində ali təhsilin müxtəlif pillələrində təhsil almaq imkanı əldə edib. Bu, bir tərəfdən cəmiyyətin müxtəlif sahələrində yüksəkixtisaslı kadrlara olan ehtiyacın qarşılanmasıdırsa, digər tərəfdən, gənclərin elmi nailiyyətlərlə, yeni innovativ yanaşmalarla, müasir təhsil sistemləri ilə tanış olmalarına və bu istiqamətdə marağın əhəmiyyətli şəkildə artmasına səbəb olub. “Bu gün biz böyük məmnunluq hissi ilə qeyd edə bilərik ki, həmin proqramın məzunları olan gənclərimiz ölkəmizdə müxtəlif qurumlarda çalışmaqla yanaşı, təhsil müəssisələrində akademik fəaliyyətlə məşğul olur və öz təcrübələrini, biliklərini tələbələrlə bölüşürlər”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələri bu müddət ərzində strategiyaya uyğun olaraq qarşıda duran hədəflərə nail olmaq istiqamətində xeyli işlər görüblər. Ali təhsil müəssisələri şəbəkəsinin optimallaşması, məzmun dəyişikliyi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ali təhsil sistemində tətbiqi sahəsində sistemli addımlar atılıb.
Azərbaycanın 10 ali təhsil müəssisəsi ikili diplom proqramları və beynəlxalq proqramların tətbiqinə başlayıb, bir sıra ixtisaslar üzrə proqramlar beynəlxalq akkreditasiyadan keçib və tərəfdaş universitetlərin proqramlarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər və tədbirlər görülüb. Qeyd edilən bu işlərin məntiqi davamı olaraq iqtisadiyyatımızın yüksəkixtisaslı kadrlarla təmin olunmasının Azərbaycan universitetləri bazasında daha sistemli şəkildə həyata keçirilməsi baxımından ölkə başçısı tərəfindən 2018-ci ilin noyabr ayında “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” imzalanıb. Bu Proqramdan irəli gələn məsələlərin həlli istiqamətində 2019-cu ildə Azərbaycanın bir çox universitetləri dünyanın aparıcı ali məktəbləri ilə danışıqlar aparıb və hazırda bu işlər davam etməkdədir.
Proqram həyata keçirilən təhsil islahatlarında çox önəmli əlavə vasitə olacaq
Təhsil naziri daha sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında təhsilin idarə edilməsi üzrə magistr proqramlarının təsis olunması barədə məlumat verib. Qeyd edib ki, Proqrama əsasən, artıq 2020-ci ilin senyabrından ilk seçilmiş 25 nəfər gənc ikili diplom proqramları əsasında magistratura təhsilinə cəlb olunacaq. Proqramın müddəti 2 il müəyyən olunub. Tədris ingilis dilində aparılacaq, Corc Vaşinqton Universiteti və Azərbaycan tərəfdən prosesə cəlb olunmuş professorlar proqramın tərkib hissəsi olacaqlar. İmzalanan müqaviləyə əsasən 4 illik proqram çərçivəsində 130 nəfər magistrantın hazırlanması nəzərdə tutulub. “Mən tam əminəm ki, bu proqram Azərbaycanda həyata keçirilən təhsil islahatlarında çox önəmli əlavə vasitə olacaq. Proqram bir tərəfdən, yüksəkixtisaslı kadrların hazırlanmasına zəmin yaradacaqsa, digər tərəfdən ABŞ və Azərbaycan arasında əlaqələrin, xüsusən də humanitar sahədə olan əlaqələrin inkişaf etməsinə, daha da genişlənməsinə, dərinləşməsinə müsbət təsir edəcək”.
Nazir bir il ərzində layihənin ərsəyə gəlməsində Corc Vaşinqton Universitetinin ali təhsil və insan inkişafı məktəbinin dekanı Maykl Foyerə, onun komandasına, ADPU-nun rektoru Cəfər Cəfərova Təhsil Nazirliyinin bu işə cəlb olunmuş əməkdaşlarına təşəkkürlərini bildirib. Qeyd edib ki, proqramın çox uğurlu olmasını arzulayır və buna inanırıq.
“Biz yaranmış əməkdaşlıq ruhundan faydalanacağıq”
Corc Vaşinqton Universitetinin təhsil və insan inkişafı məktəbinin dekanı Maykl Foyer çıxışında Azərbaycanın ali pedaqoji universiteti ilə ikili diplom proqramının imzalanmasını təmsil etdiyi ali təhsil müəssisəsi üçün çox vacib bir tədbir kimi dəyərləndirib. O, Corc Vaşinqton Universitetinin təhsil və insan inkişafı məktəbi olaraq uzun illərdir ki, belə bir arzuları olduğunu və bu arzunun gerçəkləşdirilməsi üçün Azərbaycandan olan tərəfdaşlarla birgə işlədiklərini və artıq proqramın həyata keçirilməsindən çox şad olduğunu ifadə edib.
Tədbirdə iştirak edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinə ötən müddət ərzində proqramın işinə çox güclü şəkildə dəstək göstərdiyinə və tədbirə qoşulduğuna görə təşəkkürünü bildirib. M.Foyer qeyd edib ki, Corc Vaşinqton Universitetinin əsası 1821-ci ildə qoyulub. Bildirib ki, ölkəmizin paytaxtında belə bir tədris, təhsil ocağının yaradılması Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtonun arzusu olub. “Onun istəyi ondan ibarət idi ki, ictimaiyyətə, yəni topluma, cəmiyyətə bunun bir faydası olsun, biz çox inanırıq ki, onun bu arzusu, istəkləri yerinə yetirilib və təhsil sahəsində çox önəmli işlər görülüb”. M.Foyer hesab edir ki, beynəlxalq əməkdaşlıq və qarşılıqlı şəkildə öyrənmə böyük əhəmiyyət kəsb edir. İki il sonra Corc Vaşinqton Universitetinin əsasının qoyulmasının 200 illiyinin qeyd olunacağını deyən M.Foyer bildirib: “Hesab edirəm ki, ötən müddət ərzində biz qarşımıza qoyduğumuz bu niyyət və məramın ruhuna uyğun olaraq tam şəkildə fəaliyyət göstərmişik. Xüsusi olaraq qeyd etməliyəm ki, təhsilin, təhsil institutlarının əsasını təşkil edən nəzəriyyəyə baxsaq görərik ki, fərdi insanlar, eyni zamanda cəmiyyətin inkişafı üçün edilə biləcək ən yaxşı işlərdən biri məhz bu sahəyə sərmayələrin, investisiyaların yatırılmasıdır. Təhsilə qoyulan investisiyalar gələcəkdə ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin özünün, eyni zamanda bütöv bir xalqın, millətin inkişafına qoyulmuş bir investisiyadır, sərmayədir. Eyni zamanda hesab edirəm ki, biz buradakı insanların, yəni Azərbaycanda tanış olmaq imkanı əldə etdiyimiz dostlarımızın müdrikliyindən, yaranmış əməkdaşlıq ruhundan faydalanacağıq və bu gün təməlini qoyduğumuz əməkdaşlığımızın irəliyə doğru inkişaf etdirilməsini, təhsil sahəsindəki bu qarşılıqlı təcrübə mübadiləsini böyük səbirsizliklə gözləyirəm”. M.Foyer qeyd edib ki, bu sahəyə kapital qoyulmasına çox böyük ehtiyac və zərurət var. Bu sözlər həm Birləşmiş Ştatlar, həm də dünyanın digər yerlərindəki insanlar üçün dəyərlidir. “`Hesab edirəm ki, proqramdan həm bizim universitetimizin tələbələri, eyni zamanda Azərbaycandan olan tələbələr faydalanacaqlar”.
M.Foyer layihənin reallaşmasını liderlik sahəsində bir yürüş kimi dəyərləndirib. Qeyd edib ki, proqram cəmiyyətə, obrazlı şəkildə desək, vitamin təsiri bağışlayacaq, necə ki, insan bədəninə vitamin öz müsbət təsirini göstərir, cəmiyyətin təhsilinə qoyulan vəsaitlər də eyni dərəcədə təsir göstərir.
Qonaq çıxışının sonunda ADPU rektoruna, Azərbaycanda birgə işləmək imkanı əldə etdiyi digər şəxslərə öz təşəkkürlərini çatdırıb, onu da bildirib ki, Corc Vaşinqton Universitetinin rektoru da bu işləri yaxından izləyir və maraqlanır.
“Bu etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq”
Qonaqları ölkəmizin qocaman ali təhsil ocağında salamlayan rektor Cəfər Cəfərov qeyd edib ki, ikili diplom proqramının imzalanması hamının reallığa çevrilməsi üçün çoxdan gözlədiyi, üzərində işlədiyi bir gündür. “100 illiyini qeyd etməyə hazırlaşdığımız, Azərbaycan və digər ölkələrə 160 mindən artıq məzun vermiş bir pedaqoji universitetin inkişafına bu müqavilənin, bu əməkdaşlığın böyük təkan olacağına ürəkdən inanıram. Proqram nəinki bizim universitetə, eləcə də Azərbaycan təhsilində bu kimi fəaliyyətlərin, əməkdaşlığın coğrafiyasının genişlənməsinə çox böyük təsir göstərəcək və yekunda ölkəmizdə pedaqoji təhsilin yeni müstəviyə çıxmasında əhəmiyyətli rol oynayacaq”.
Rektor C.Cəfərov proqramın işlənib hazırlanmasında iştirakı olmuş şəxslərə təşəkkürünü çatdırıb və qeyd edib ki, bu layihənin əsasında ölkə başçısının ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı müvafiq sərəncamı durur. “Başda Təhsil naziri olmaqla Təhsil Nazirliyinə təşəkkür etmək istəyirəm. Bu fədakar fəaliyyət nəticəsində təhsilimizin yeni bir mərhələyə yüksələcəyinə səmimiyyətlə inanıram. Eyni zamanda pedaqoji universitetin belə tərəfdaşlığa uyğun olması burada çalışan həmkarların fədakar əməyinin nəticəsidir. Bir faktdır ki, dünyanın aparıcı universitetlərindən biri olan Corc Vaşinqton Universiteti ilə əməkdaşlıqdan ötrü özünü yetişdirib müəyyən bir səviyyəyə çatdırmalısan. Ona görə də fürsətdən istifadə edib buradakı müəllim, tələbə, həm də inzibati heyətə dərindən təşəkkür etmək istərdim”. Rektor vurğulayıb ki, pedaqoji universitet inkişafında müsbət dinamikanı davam etdirmək əzmindədir. Burada keyfiyyət və kəmiyyət göstəricilərinin artımı, məzmunun yenilənməsi davam etməkdədir. “Mən güman edirəm ki, bu proqram işimizə əlavə təkan verəcək.Tələbələrə yönəlik təlim, tədris, qiymətləndirmə sahəsində yeniliklər davam etməkdədir, eksperimental qrupların sayı çoxalır. İngilisdilli qruplar artıq pedaqoji universitetdə fəaliyyətə başlayıb. Əgər bir neçə il əvvəl cəmi 15 nəfərlik SABAH qruplarımız var idisə, indi onların sayı 4 ixtisas üzrə yüzlərlədir”.
Bildirilib ki, müəllimlərin bacarıqlarının artırılması istiqamətində işlər davam etməkdədir, eynilə bu əməkdaşlıq çərçivəsində Corc Vaşinqton Universiteti ilə müəllimlərimizin yay aylarında ABŞ-da təlimlərdə iştirak etməsi ilə bağlı müzakirələr gedir. “Düşünürəm ki, pedaqoji universitet, eləcə də bizim digər universitetlər Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun təhsil vermək uğrunda çalışmalıdır və çalışır. Tələbələrimizə onların arzu və haqq etdikləri, yeni tələblərə cavab verən təhsil verməli olduğumuzu düşünürəm. Bütün bu proseslərdə ikili diplom təcrübəsinin son dərəcə önəmi vardır. Burada həm tədrisin metodikası Azərbaycan cəmiyyətinə gətirilir, eyni zamanda aparıcı professorlar gəlib burada birbaşa mühazirələr deyəcək, eləcə də həmin sahə üzrə çalışan bizim müəllimlər də prosesdən yararlanacaq, universitet qazanacaq, tələbələr qazanacaq və yekunda ölkə qazanacaq”. C.Cəfərov əlavə edib ki, proqram eyni zamanda mövcud resursların yenidən qurulması, yenilənməsi istiqamətində universitetə bir fürsət yaradacaq. “Ulu öndər Heydər Əliyev çıxışlarında həmişə qeyd edirdi ki, bizim gələcəyimiz əhəmiyyətli dərəcədə gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Burada məhz necə öyrətmək məsələsində bu yeni yanaşmanın, metodikanın son dərəcə böyük rolunun olmasını gözləyirik”. Rektor qeyd edib ki, Azərbaycanda müəllim peşəsinin nüfuzu armaqdadır. Lakin aparıcı şirkətlərin tədqiqatları göstərir ki, müəllim peşəsinin reytinqi də artacaq, gələcək illərdə ən prestjli peşələrdən birinə çevriləcək. Lakin burada da bacarıqlı, gəncləri öz arxasınca aparan, onlara mentorluq edə bilən, yenilikləri düzgün qiymətləndirə bilən müəllimin özü də hazırlıqlı olmalıdır. Yalnız bu cür hazırlıqlı müəllim gəncləri öz arxasınca apara bilər. Biz yenilənməliyik. Nəticələr göstərir ki, dərslər ənənəvi üsullarla keçiləcəyi təqdirdə Harvard Universitetinin tələbələrinin cəmi 10 faizi keçilənləri yadda saxlamaq qabiliyyətindədir, lakin yeni üsullarla, yeni qaydalarla, praktik vərdişlər, sistemli düşünməyə əsaslanan dərs prosesinin olacağı təqdirdə, bu göstəricilər 70 faiz olub. Yəni yeni tip dərsliklərdən istifadəni, yanaşmaları, innovasiyaları öz işimizdə tətbiq etməliyik. “Bu işin reallaşmasına göstərdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə və əməyi keçən hər kəsə təşəkkür edirəm. Təhsil naziri və bütün həmkarları əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq. İnanıram ki, bir neçə ildən sonra bu proqramın məzunu olan gənclər gələcəkdə Azərbaycan təhsilində əhəmiyyətli rol oynamaq qabiliyyətinə malik gənclər olacaqlar”.
“Magistr proqramının açılışı hamımız üçün mühüm hadisədir”
Proqramın reallaşması və tədbirdə iştirak etdiklərinə görə Təhsil naziri Ceyhun Bayramova, ADPU-nun rektoru Cəfər Cəfərova və Maykl Foyerə təşəkkürlərini çatdıran Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer tədbirə qatılmasına görə xüsusilə şad olduğunu, ADPU-ya ilk dəfə belə bir əlamətdar hadisə münasibətilə səfər etməkdən məmnunluğunu dilə gətirib. “Bizim üçün mühüm prioritet Azərbaycan və Amerika ali təhsil müəssisələrinin birgə işləməsi üçün yollar tapmaq və iki ölkənin xalqları arasındakı təmasların həcmini və səviyyəsini artırmaqdır”.
Səfir bildirib ki, qeyd etməyə yığışdığımız nailiyyət, ADPU ilə Corc Vaşinqton Universiteti arasında təhsilin idarə edilməsində ikili magistr proqramlarının açılışı məhz can atdığımız əməkdaşlıq növünü təcəssüm etdirir. “Səfirlik heyətimin və mənim dəfələrlə bildirdiyim kimi, biz inanırıq ki, ingilis dilində ünsiyyət qurma bacarığı uğurlu gələcəyin, yəni qlobal iqtisadiyyatda işləyə bilmək bacarığı və gerçək qlobal vətəndaş olmağın açarlarından biridir. Buna görə də biz ingilis dilinin tədrisinin təkmilləşdirilməsini bu ölkədə əsas məqsədlərimizdən biri etmişik. ADPU mənim Bakıya gəlməyimdən öncə bu məqsədə çatmaqda ən dəyərli tərəfdaşlarımızdan biri olub”.
Səfir əlavə edib ki, rektor C.Cəfərovun rəhbərliyi altında bu universitet Azərbaycanın gələcək ingilis dili müəllimlərinin ingilis dilini tədris etmək üsullarını müsbətə doğru dəyişib. “Fəxr edirik ki, ingilis dili, o cümlədən “Fulbrayt” mütəxəssislərimiz, hazırda isə bir ingilis dili təlimatçısı bu prosesə öz köməkliklərini göstəriblər. Bu ümidverici fonda ikili magistr proqramının açılışı hamımız üçün mühüm hadisədir. Ölkələrimizin ən nüfuzlu universitetlərinin bu şəkildə öz güclərini birləşdirmələrini görmək həqiqətən həyəcanvericidir. Bilirsiniz, insanlar daim Azərbaycanın təbii resurslarla, xüsusən də neft və qazla zəngin olmasını dilə gətirirlər. Bu tədbir isə Azərbaycanın ən önəmli olan vacib resursuna, yəni insanlarına investisiya qoymasının bariz göstəricisidir. Bu fəaliyyətdə əməyi keçən hər kəsi təbrik edirəm. Gəlin, bu vacib sahədə birgə irəliləməyə davam edək”.
Qısa brifinq
Daha sonra ADPU-nun rektoru Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin dekanı Maykl Foyer proqramın əhəmiyyəti və bəzi detalları barədə açıqlama veriblər. Rektor C.Cəfərov qeyd edib ki, bu, təkcə Pedaqoji Universitetlə bağlı olan məsələ deyil. “Mən inanıram ki, bu əməkdaşlıq çərçivəsində hazırlanacaq gələcək məzunlarımız Azərbaycan təhsilinin yeni mərhələyə qalxmasından ötrü xeyli səylər göstərəcəklər. Bacarıqlı, yeni metodologiya ilə silahlanmış vəziyyətdə fəaliyyət göstərəcəklər, bu da Azərbaycanın sonrakı inkişafına öz müsbət töhfəsini verəcək”.
Maykl Foyer qeyd edib ki, bu müqavilə hər iki universitetin həm tələbələri, həm də təhsil müəssisələri arasında daha çox bacarıq və imkanların qazanılmasına, daha çox əməkdaşlıq çərçivəsində müasir tələblərə cavab verən kadrların yetişdirilməsinə kömək edəcək. “Bizim proqram əsasən təhsil siyasəti və liderlik üzərində formalaşır, yəni əsas diqqət buna yönəldilir. Təhsildə nəzərdə tutulan liderlik təkcə tədrislə məhdudlaşmır, region üçün də bu imkanları özündə cəmləşdirə bilən mütəxəssislərə diqqət yetirilir”.
Maykl Foyer proqrama cəlb olunacaq tələbə sayı ilə bağlı qeyd edib ki, bu məsələyə zamanla əlaqədar qərar veriləcək. “İlkin mərhələdə proqrama 25 tələbə ilə başlamağı nəzərdə tuturuq. Güman edirik, bu say gələcəkdə artmaq üzrə olacaq. Proqramın xüsusiyyəti ondan ibarətdir ki, layihəyə cəlb olunmuş tələbələr təhsildə liderlik və siyasət üzrə hər iki universitetdə magistr dərəcəsini qazanmış olacaqlar”.
Rektor Cəfər Cəfərov əlavə edib ki, məzunlar 2 diplom, həm ADPU-nun, həm də Corc Vaşinqton Universitetinin magistr dərəcələrini alacaqlar.
Qəbul qaydalarına toxunan M.Foyer qeyd edib ki, Corc Vaşinqton Universitetində magistr tələbələrin qəbulu nəzərdə tutulmuş ərizə forması şəklində planlaşdırılır. Əsas göstərici ingilis dili bacarığının yüksək səviyyədə olmasıdır. Ərizə forması ilə yanaşı, həm də tələbənin əvvəlki təhsil müvəffəqiyyəti də nəzərə alınır.
Rektor Cəfər Cəfərov əlavə edib ki, bundan əvvəlki proqramlarda bu təcrübə sınaqdan keçirilib, ilkin seçim Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından keçən tələbələr arasından olacaq. DİM imtahanlarında yüksək bal toplayanlar Corc Vaşinqon Universitetinin sınaqlarında iştirak etmək haqqı qazanacaqlar.
Oruc MUSTAFAYEV