Məktəbəhazırlığı məktəbdə keçən uşaqlar


Bu mövzuda yazı hazırlayarkən nədənsə son 3 ilə qədərki dövr gözümüz önündə canlandı. Övladını məktəb həyatına hazırlamaq, ona müəyyən biliklər vermək istəyən valideynlər o zamanlar  problemlə üz-üzə olurdular. Hamını bir məsələ düşündürürdü: “Övladımızın məktəbə getməsinə bir il qalıb. Görəsən, onu hara yazdıraq ki, məktəbə gedəndə müəyyən biliklərə malik olsun, uşaqlarla və müəllimlərlə ünsiyyət qurmaqda çətinlik çəkməsin”. Düzdür, bağçalarda məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Lakin uşaqların sayı çox olduğundan tələbat ödənilmir. Yəni uşaq sayı çox, bağçalar az. Onda valideynlər  üz tuturdu müxtəlif  məktəbəhazırlıq kurslarına. Və bu zaman da oradakı təhsilhaqqı əksər valideynlərin cibinə uyğun olmadığından, müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə bilirdi. Nəticədə uşaqların bir qismi təhsilə atılan ilk addım kimi vacib amil olan məktəbəhazırlıqdan məhrum olurdu. Bundan da uşaqlarla yanaşı, valideynlər də əziyyət çəkir, bir növ övladı qarşısında özlərini günahkar sayırdılar.

 

Mövcud problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsil sisteminin inkişafı yönündə əsaslı dönüş yaratmağa müvəffəq olub, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə mühüm addımlar atıb. Belə ki, 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı təşkil edilib.

 

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabinetinin məktəbəhazırlığın təşkili məsələləri ilə bağlı 271 və 404 saylı qərarları olub ki, həmin qərarların tələblərinə əsasən, respublikanın bütün bölgələrində dövlət ümumtəhsil müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına məktəbəhazırlıq qrupları yaradılıb. Belə ki, 2016-2017-ci tədris ilində respublikanın 2.795 ümumtəhsil məktəbində 4.410 qrupda 86.970 uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib. 2017-2018-ci tədris ilində isə 2.874 ümumtəhsil müəssisəsindəki 4.708 qrupda 93 mindən çox  uşaq məktəbəhazırlığa cəlb olunub. 

 

2017-ci ildə Bakı şəhərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron sistem vasitəsilə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. 2018-ci ildən isə bu qayda paytaxtla yanaşı, bir sıra bölgələrdə də tətbiq olunmağa başlayıb.

 

Yeri gəlmişkən, 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla təmin olunma səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılması əsas hədəflərdən biridir.

 

Dövlət hesabına təlim və metodiki vəsaitlərlə təminat

 

Həftədə 4 gün fəaliyyət göstərən və valideyn tərəfindən heç bir ödəniş edilməyən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

 

Gün ərzində təşkil olunan 3 məşğələnin hər birinin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Oktyabrda  başlanan məşğələlər mayın 31-də başa çatır.

 

Uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və  bacarıq vərdişlərinin formalaşdırılması məktəbəhazırlıq qruplarının əsas məqsədidir.

 

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilir. Bu qruplarda dərs demək üçün əsasən təcrübəli, daha peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil olunub.

 

2017-2018-ci tədris ilindən məktəbəhazırlıq qruplarına qeydiyyat elektronlaşdırılıb ki, bu da valideynlərin işini xeyli rahatlaşdırıb. Belə ki, valideyn müəllimi, eyni zamanda, məktəbi də özü seçir. Tətbiq edilən digər bir yenilik isə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparmasının nəzərdə tutulmasıdır. Həmin qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunacaq.

 

Valideynlərin marağı artır

 

Elə paytaxtın 176 və Azər Məmmədov adına 115 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən  məktəbəhazırlıq qruplarının məşğələlərində iştirakımız əslində, bu prosesin necə həyata keçirildiyini müşahidə etmək,  müəllimlər tərəfindən uşaqlarla aparılan  işlərlə yerindəcə tanışlıq, valideynlərin münasibətini öyrənmək məqsədi daşıyırdı.

 

176 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Əsgərova rəhbərlik etdiyi təhsil müəssisəsində fəaliyyət göstərən 2 məktəbəhazırlıq qrupunda 58 uşağın məşğul olduğunu deyir. Məktəbəhazırlıq qrupunun məhz məktəbdə fəaliyyət göstərməsinin əhəmiyyətindən söz açan direktor ildən-ilə bu qruplara öz övladını gətirmək istəyən valideynlərin sayının artdığını bildirir: “Bu qruplarda məşğələ keçən uşaqlar məktəbə çox asanlıqla adaptasiya olur, təhsil mühitinə uyğunlaşır, daha hazırlıqlı olmaları ilə fərqlənirlər”. M.Əsgərova məktəbin şagirdləri olacaq balacaların, həmçinin, ümumtəhsil müəssisəsində keçirilən müxtəlif tədbirlərə də cəlb edildiyini, özlərini tanıtmaq, istedad və bacarıqlarını göstərmək üçün onlara şərait yaradıldığını söyləyir.

 

Əvvəl çətinlik çəksələr də...

 

Məktəbəhazırlıq təhsilinə cəlb olunan uşaqların cəlb olunmayanlarla müqayisədə sonrakı məktəb illərində daha yüksək nəticələri olur. Həmin məktəbin hazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri Züleyxa İsgəndərova və Nurlana Mustafayeva  bu qənaətdədirlər. Artıq onların gələcək şagirdləri öz I sinif müəllimlərini də seçiblər. Adları çəkilən müəllimlər 8 aydır ki, məşğələ apardıqları qrupun uşaqlarına elə özləri növbəti tədris ilində dərs deyəcəklər. Heç bir çətinlik olmayacaq. Çünki uşaqlar demək olar ki, həm məktəb həyatına, həm də təhsil prosesinə tam alışıblar. Məşğələlərin başladığı ilk vaxtlarda balacalar məktəbə uyğunlaşmaqda çətinlik çəksələr də, artıq bunlar geridə qalıb.

 

Hər iki müəllimin uşaqlarla apardığı məşğələlərdə iştirak etdik. Xüsusi təlim keçən müəllimlər məşğələləri məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan tədris planına uyğun aparırlar. Məşğələlərdə məktəbəhazırlıq qrupları üçün hazırlanan və  Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunan “Məntiqi və riyazi təfəkkürün  inkişafı”, “Təsviri fəaliyyət”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı” adlı təlim vəsaitlərindən istifadə edilir.

 

İştirak etdiyimiz məşğələlərdə uşaqların fəallığı xüsusi hiss olunurdu.

 

Olduğumuz digər təhsil müəssisəsində - 115 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyəti xüsusi diqqətdə saxlanılır. 1688 şagirdin təhsil aldığı məktəbdə biri rus və 2-si Azərbaycan bölməsi olmaqla fəaliyyət göstərən 3 məktəbəhazırlıq qrupunda 88 uşaq məşğul olur. Həmin məşğələlər dərs cədvəlinə uyğun olaraq həftənin I, II, III və IV günləri aparılır. Məktəbin direktoru Məsud Babayev uşaqların rahat məşğul olmaları üçün hər cür imkan və şəraitin yaradıldığını söyləyir. Artıq həmin uşaqların 70-ə yaxını birinci sinifdə oxumaq üçün bu məktəbi seçib. Direktor məktəbəhazırlıq qruplarının məhz məktəblərdə fəaliyyət göstərməsini düzgün sayaraq, onu məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi qiymətləndirir: “Məktəbəhazırlıq qrupları uşaqların kollektivçiliyə, digər həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşməsində, məktəb həyatına müəyyən qədər hazır olmasında əhəmiyyətli rol oynayır. Valideynlərin istər məktəb, istərsə də müəllim seçimi ilə bağlı narahatlığına da son qoyulub”.

 

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zahid Canayev ilə birlikdə məktəbəhazırlıq qruplarının Azərbaycan bölməsinin müəllimləri Fəridə Əlimanova, Yaqut Haqverdiyevanın  məşğələlərində olduq. Onlar bildirdilər ki, məşğələlərdə uşaqların ətraf aləmlə tanışlığı təmin olunur, nitqinin, bədii, məntiqi və sadə riyazi təfəkkürünün,  həmçinin təsviri fəaliyyətinin, musiqi və fiziki mədəniyyətinin  inkişafı ilə bağlı işlər aparılır. “Məktəbəhazırlıq məhz məktəbdə aparılmalıdır. Bu qruplar balacaların məktəbə daha tez və rahatlıqla uyğunlaşmasında, sosiallaşmasında əhəmiyyətli rol oynayır. Axı,  onları,  necə deyərlər, uzun bir yol - 11 illik məktəb həyatı gözləyir”. Müəllimlər məhz belə düşünürlər.

 

Rus bölməsinin müəllimi Gülnar Rəhimova isə əsasən azərbaycandilli ailələrdən gələn uşaqların heç bir hazırlıq olmadan birinci sinifdə təhsil alarkən bir sıra çətinliklərlə üzləşdiyini deyir. Məhz bu baxımdan məktəbəhazırlıq qrupunun fəaliyyətinin zəruri olduğunu, burada uşaqların rus dilində artıq sərbəst danışdıqlarını, bir-birləri ilə bu dildə ünsiyyət qurduqlarını bildirir.

 

“Uşaqlarımızı peşəkarlara etibar edirik”

 

Məktəbəhazırlıq qruplarının ən böyük üstünlüyü  ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirən 6 yaşı tamam olmayan uşaqların I sinfə müsabiqədənkənar qəbul olunmasıdır ki, bu da valideyn üçün övladının məhz ay fərqinə baxmayaraq, öz yaşıdları ilə birlikdə eyni vaxtda təhsil almasına imkan verir.

 

Valideynlər məmnundurlar. Belə ki, onlar məhz məktəbdə məktəbəhazırlıq qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif müəllimləri tərəfindən aparılmasından, ən əsası isə ödənişsiz olmasından olduqca razıdırlar.

 

Sevda Qədimova 176 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna gedən nəvəsi Fidanı bura qoymaqda yanılmadığını, əksinə, uşaqda bir sıra müsbət dəyişikliklərin olduğunu deyir: “İki oğlum bu məktəbin məzunudur. Nəvəmin də burada təhsil almasını istəyirəm. Məktəbəhazırlıq keçən Fidan artıq müəyyən bilik və bacarıqlara yiyələnib. Rahatam ki, uşaq I sinifdə təhsil alarkən çətinliyi olmayacaq”.

 

Fikirlərini öyrəndiyimiz həmin məktəbin digər valideynləri Əsmər Kazımova, Vüsalə Yusifova, Vüqar Həbibov, Mənsuriyyə Quliyeva da  müəllimlərin hazırlıq səviyyəsindən razıdırlar. Onların hər biri övladlarının həvəslə bu məşğələlərdə iştirak etməsindən, yaradılmış əlverişli şəraitdən məmnunluqla danışdılar.

 

115 nömrəli tam orta məktəbin valideynləri Günay Musayeva, Elvina Abbasova, Xalidə Qurbanova, Sofiya İsgəndərova, Könül Cəfərova, Səmayə Mirzəyeva isə seçim zamanı məktəbəhazırlıq kurslarını deyil, məhz məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına üstünlük verməkdə yanılmadıqlarını bildirirlər. Onlar məhz burada övladlarının hərtərəfli hazırlaşdırılmasından razılıq edirlər: “Uşaqlarımızı peşəkarlara etibar edirik. Bu peşəkarlar isə bizim məktəblərimizdə uşaqlarımızla təmənnasız məşğul olan müəllimlərdir”.

 

Göründüyü kimi, məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qrupları həm təhsil sahəsində çalışanların, həm də valideynlərin bu qruplardan olan gözləntilərini doğruldur və bütövlükdə ictimaiyyət arasında rəğbətlə qarşılanır.

 

Samirə KƏRİMOVA