Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.
Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, nazir müavinləri və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak edirlər.
Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.