Tələbələrin köçürülməsi prosesinə başlanılır
Son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm islahatlardan biri də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən digərinə köçürülməsi, bir ixtisasdan digərinə dəyişdirilməsinin elektron qaydada təşkilidir. Hər il olduğu kimi, bu il də proses il ərzində iki dəfə- tələbələrin qış və yay tətili dövründə həyata keçiriləcək. Diqqətə çatdıraq ki, bu il fevral ayının 1-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib
Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən digərinə köçürülməsi, tələbələrin bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi 2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Portalın yaradılmasında məqsəd tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunmasından ibarətdir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Portal fəaliyyətə başladığı gündən bugünədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.
Tələbənin köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Xarici ölkələrin akkreditə olunmayan universitetlərinin tələbələrinin köçürülməsinə icazə verilmir
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdikləri halda əyani formada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi ümumi qaydada aparılır. Yəni, əvvəlki qaydada. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda isə beynəlxalq səviyyəli imtahanlarda qazandıqları nəticələr, məsələn, SAT, TOEFL və ya İELTS imtahanlarındakı nəticələrə əsasən, qənaətbəxş akademik göstəricilər, köçürülmə səbəbləri, təhsil aldıqları ali təhsil müəssisələrinin dünyanın ən yaxşı ali məktəblərinin qlobal reytinqində yer alması məsələləri nəzərə alınır. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Bakalavriat səviyyəsində eyni ixtisas üzrə ölkədaxili köçürülmədə DİM imtahanlarının balı nəzərə alınmır
Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən ölkənin regionlarında yerləşən ali təhsil müəssisələrinə (Sumqayıt istisna olmaqla), öz ixtisası üzrə ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt istisna olmaqla) təhsil müəssisələrinə bakalavriat səviyyəsində tələbənin köçürülməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. Burada hüquqşünaslıq və baza ali tibb ixtisasları istisnalıq təşkil edir. Magistratura səviyyəsində isə hüquqşünaslıq ixtisası istisna olmaqla Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən öz ixtisası üzrə ölkənin regionlarında yerləşən ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır.
Niyazi RƏHİMOV