Könüllülər qarşısına böyük hədəflər qoyub


“Gəlin, “Bir” olaq”. Bu çağırışa bu dəfə Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK)  cavab gəldi. “Bir” könüllü olmaq üçün qərar verildi, imzalar atıldı.  Azərbaycanda könüllülük hərəkatının başlanması elə də uzun müddəti əhatə etməsə də, gənclərdən ibarət bu qüvvə ildən-ilə güclənir, böyüyür, təşkilatlanır. Fəal, həvəsli, çevik və enerjili gənclərin qüvvəsi səmərəli fəaliyyətə yönəldilir. Nəticədə həyata keçirilən kütləvi tədbirlər, taleyüklü proseslər daha rahat və operativ təşkil olunur. Təbiidir ki, söhbət gənclərdən gedirsə, ağla ilk gələn tələbələr olur. Təsadüfi deyil ki, könüllülər arasında tələbələrin sayı daha çoxdur. Onların fəaliyyəti hər sahədə görünsə də, ayrıca bir Proqram ətrafında da birləşiblər. Söhbət könüllüləri vahid məlumat bazasında birləşdirən, 2015-ci  ilin  dekabrından fəaliyyət göstərən və fəaliyyəti ilə seçilən “Bir” Tələbə-Könüllü Proqramından gedir. Ölkəmizin 11 regionunda 26 ali, 18 orta ixtisas müəssisəsi olmaqla, ümumilikdə 44  təhsil müəssisəsini əhatə edən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı 24000-dən çox tələbə-könüllünü birləşdirir və Azərbaycanda könüllülük  fəaliyyətinin  istiqamətləndirilməsinə  kömək edir.

 

Əməkdaşlığa BİR imza

 

Öncəliklə qeyd edək ki, Proqram indiyədək Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Ağdam, Şamaxıda keçirilən  550-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət, bir sıra tədbir və aksiyaları təşkil edib. Bu silsilədən olanlardan biri də 2019 Formula 1 Azərbaycan Qran Pri yarışlarıdır. Bu yarışda, bütövlükdə bütün kütləvi tədbirlərdə olduğu kimi “Bir” tələbə-könüllülər fəal iştirak edib.  Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalanarkən xüsusən bu fəaliyyətə diqqət çəkilib.  Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Könüllülər ili” çərçivəsində rəsmiləşdirilən bu əməkdaşlıqda ölkədə aparıcı könüllü hərəkatlarından olan “BİR” tələbə-könüllülərin adı xüsusilə vurğulanıb.

 

Memorandumu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov imzalayıb.

 

Könüllülər paralimpiyaçılar üçün nə ifadə edir?

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin fəaliyyəti, həyata keçirdiyi uğurlu tədbirlərdən danışarkən “Bir” tələbə-könüllünün bu tədbirlərə qatqısını xüsusi vurğulayıb. Yerli və beynəlxalq yarışların təşkilində tələbə-könüllülərin dəstəyini, ölkədə olan könüllü hərəkatlarının əhəmiyyətini qeyd edib: “Təşkil etdiyimiz idman və başqa tədbirlərdə tələbə-könüllülər daim bizim yanımızdadır.

 

Qran Pri yarışlarında nəinki tədbirin təşkilində və idarə olunmasında, hətta fləşmobda belə fəal iştirak etdilər”.

 

Bu il də paralimpiyaçılar üçün önəmlidir. İ.Rəhimov VII Paralimpiya oyunlarının bu il keçiriləcəyini və Azərbaycan paralimpiyaçılarının lisenziya yarışlarının davam edəcəyini xatırladaraq həmin tədbirlərdə “Bir” tələbə-könüllülərinin dəstəyinə güvəndiklərini qeyd edib: “Tokioda keçiriləcək paralimpiya yarışlarına 30 iştirakçı lisenziya hüququ qazanacaq. Paralimpiya sahəsində rekord sayda iştirakçıdan söhbət gedir.  Bu yarışlarda da “Bir” könüllü yanımızda olacaq”.

 

Paralimpiya Komitəsinin ilk dəfə “Bir” tələbə-könüllülərlə əməkdaşlığa başladığını vurğulayan İ.Rəhimov yenicə imzalanan memorandumun artıq çoxdan başlamış bu münasibətlərdə formal xarakter daşıdığını da qeyd edib: “Əməkdaşlıq bizim beynimizdədir. Memorandum isə indiyədək mövcud olan və bundan sonra da davam edəcək birgə fəaliyyətin, sadəcə kağız üzərində təsdiqidir”.

 

İnklüziv könüllülük

 

“Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov da AMPK ilə əməkdaşlığa önəm verdiyini deyib. Könüllülüyün əhəmiyyətindən, gənclərə və dövlətə qazandırdıqlarından danışaraq bildirib ki, Milli Paralimpiya Komitəsi ilə imzalanan memorandum həm könüllülərə həsr olunan 2020-ci ildə, həm də ondan sonra əlilliyi olan şəxslərin könüllülük fəaliyyətinə cəlb olunmasında müstəsna rol oynayacaq. Tələbə-könüllülərin beynəlxalq oyunların təşkilinə cəlb olunmasının könüllülük hərəkatına verdiyi töhfələrdən sonra əlilliyi olan şəxslərin könüllülərin sıralarına cəlb olunması da könüllülük fəaliyyətində yeni istiqamət təşkil edəcək. Proqramın bu il daha çox üstünlük verəcəyi inklüziv könüllülük istiqaməti “Könüllülər ili”nə töhfə qatacaq: “Milli Paralimpiya Komitəsində atılan imza bu istiqamətdə əməkdaşlığın daha geniş miqyasda və yüksək keyfiyyətdə aparılacağını göstərir. Memorandumla gəncləri könüllülük fəaliyyətinə təşviq etməyi, idmana və xüsusilə paralimpiya yarışlarına marağı artırmaq üçün əlimizdən gələni etməyi, gənclərə asudə vaxtlarından səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmağı öz üzərimizə götürdük. Tədbirlərin həyata keçirilməsində tələbə-könüllülərin iştirakını təmin etmək, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, həmçinin, inklüziv könüllülüyün inkişafına şərait yaratmaq əsas məqsədimiz olacaq”.

 

C.İlyasov “Bir” könüllünün qarşısında duran hədəflərdən də danışıb: ““Bir” tələbə-könüllü proqramı ölkəmizdə keçirilən beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə dəstək olur. Bu il “Könüllülər ili” elan olunması könüllülər, könüllülük hərəkatı üçün qürurverici hadisə olmaqla yanaşı, bundan sonrakı fəaliyyətimiz üçün də məsuliyyət deməkdir. Odur ki, “Bir” könüllü bu il üçün qarşısına böyük hədəflər qoyub. İnklüzivlik, könüllü müəllim, peşə məktəblərinin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətlərində bir sıra layihə və tədbirlər nəzərdə tutulub”.

 

Könüllülərin hədəfləri çox böyükdür. Növbəti illərdə başqa millətlərdən olanların da Azərbaycanda könüllülük fəaliyyətinə qoşulacağına ümidləri sonsuzdur.  Elə sıraları da ümidləri qədər sonsuz olan Azərbaycan könüllülərindən “BİR”i olmaq üçün tələbələrin www.konullu.edu.az saytından qeydiyyatdan keçməsi kifayətdir.

 

Ruhiyyə DAŞSALAHLI