Türk dünyası qazax şairinin 175 illik yubileyini qeyd edir


2020-ci il türk dünyasında “Abay Kunanbayev ili”dir. Müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubileyi Azərbaycanda da təntənəli şəkildə qeyd ediləcək. “Abay Kunanbayev ili”nin ilk tədbiri Bakı Dövlət Universitetində (BDU) baş tutub.  Beynəlxalq Türk Akademiyası (BTA), Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar BDU nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzini ziyarət edib, burada təşkil edilən kitab sərgisi ilə tanış olublar.

 

BDU-nun rektoru Elçin Babayev Abay Kunanbayevin qazax və türk dünyası ədəbiyyatındakı rolunu qeyd edib. Şairin dünyagörüşünün formalaşmasında Şərq alim və şairləri qədər Qərb mütəfəkkirlərinin də rolu olduğunu deyib. BDU-da “Abay” kitabının təqdimat mərasimi, Qazax xanlığının yaranmasının 550 illiyi və Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirildiyini vurğulayıb.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ortaq dəyərlərin tətbiqi,  türk dünyasının zəngin irsinin dünya ictimaiyyətinə çatdırılması əsas məqsədlərdən biridir: “ XIX əsrin böyük ictimai xadimi və maarifçisi Abayın yaradıcılığı türk dünyasının zəngin bədii irsinin möhtəşəm nümunəsidir. Onun Qazax yazılı ədəbiyatının inkişafında, tənqidi realizm prinsipləri daxilində ədəbiyyatın yeni məzmun və forma  qazanmasında və gənc nəslin tərbiyəsində müstəsna rolu danılmazdır. Məhz bu səbəbdən 2011-ci ilin mayında BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin məqsədi iki ölkə arasında  mədəni və sosial əməkdaşlığın inkişafına yardım göstərmək, türk dünyasının ortaq dəyərləri kontekstində Qazaxıstanın mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımi materiallarla təmin etməkdir. Qazaxıstanın ən nüfuzlu təhsil ocaqlarından sayılan L.N.Qumilyov adına Avroasiya Milli Universitetində  isə Heydər Əliyev adına auditoriya mövcuddur. Həmin auditoriyada Azərbaycanla bağlı mütəmadi  şəkildə təqdimatlar keçirilir. Ortaq əlaqələrin qurulmasında mərkəzlərin davamlı fəaliyyət göstərməsi mühümdür. Beynəlxaq Türk Akademiyası çərçivəsində Abay ilinin Azərbaycanda keçirilməsi məhz ortaq türk dünyası  dəyərlərinə verilən önəmi əks etdirir”.

 

Nazir müavini həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha yüksək səviyyəyə qaldıracağına inandığını bildirib.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış ediblər.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış qırğız türkoloq, professor Kadırali Konkobayev,  Türkiyənin Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğlu, Qazaxıstan Respublikası Avrasiya Milli Universitetinin professoru, türkoloq Amantay Şaripinin Abay Kunanbayevin həyat və yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib.

 

Mərasim bədii hissə ilə davam edib.

 

Ruhiyyə DAŞSALAHLI