Firudin QURBANOV: “Media təhsilinin əsas missiyası müasir informasiya şəraitində yeni nəsli gələcək həyata hazırlamaqdır”
Təhsil nazirinin müavini Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin “Connections” adlı elektron jurnalına müsahibə verib.
Jurnal ötən ilin iyun ayında Tbilisi şəhərində keçirilən Şərq Tərəfdaşlığı ölkələri təhsil nazirlərinin görüşündə nazir müavini Firudin Qurbanovun bank sektorunun yeni işçiləri işə qəbul edərkən hansı meyarları əsas götürməsi ilə bağlı maraqlı düşüncələrinə qayıdıb və bu düşüncələrin onun təhsil fəlsəfəsiylə hansı formada əlaqəli olması ilə maraqlanıb.
“21-ci əsrdə verilən təhsil daha çevik, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır”
Firudin Qurbanov jurnal əməkdaşının sualına belə cavab verib:
- 21-ci əsrdə texnologiyanın sürətli inkişafı həyatın müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir etdiyi kimi, formal təhsildən də yan keçməyib. Bu gün təhsil baxımından əldə olunan nailiyyətlərin praktikada tətbiqi arasında zaman uyğunsuzluğu mövcuddur və sənaye bir çox hallarda bu uyğunsuzluğu həzm edə bilmir. Formal təhsil çərçivəsində əldə olunan bilik və bacarıqların müəyyən zaman kəsiyindən sonra tətbiqi imkanları məhdudlaşır və ya əldə olunan bilik artıq arxaikləşir. Bu baxımdan daha qısa müddətə əldə olunan, xüsusilə peşəyönümlü ixtisaslar daha cəlbedici olur. İnsanlar həm zaman, həm də maliyyə baxımından daha az məsrəfli intensiv kurslara üstünlük verir.
Bu kontekstdə 21-ci əsrdə verilən təhsil daha çevik olmalı, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır.
Eyni zamanda, müasir dövrdə şəxsiyyətin məsuliyyətli şüurunun formalaşdırılması üçün bir çox amillərin rolu olduqca əhəmiyyətlidir: fərdi şüurun, insan mənəviyyatının inkişaf səviyyəsi, sosial həyatda fəaliyyəti.
“Belə kompetensiyalardan biri media savadı təhsilidir”
Media savadlılığı üzrə təhsil çərçivəsində insanların/tələbələrin tənqidi təfəkkürünün inkişaf etdirilməsinin, bunun onların daha yaxşı qərar verməsinə təsiri, ümumiyyətlə, media təhsilinin əhəmiyyəti ilə bağlı suala cavab verərkən F.Qurbanov deyib:
- Müasir dövrdə kütləvi kommunikasiya vasitələri və təhsil sistemi şəxsiyyətin formalaşmasında əsas sosiallaşdırıcı institutlar kimi çıxış edir.
Buna görə də təhsil sisteminin inkişaf konsepsiyasının sivilizasiyanın inkişaf səviyyəsinə uyğunlaşdırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir.
Son dönəmlərdə aparılan tədqiqatlarda uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşdırılması mövzusu üstünlük təşkil edir. Əksər hallarda mədəniyyətlərarası kommunikasiya, media savadlılıq, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik (uyğunlaşma) kimi anlayışlar səslənir.
Yeni qlobal informasiya cəmiyyətində həyat hədəflərinin və layihələrin reallaşdırılması vətəndaşların informasiya məkanına nə dərəcədə cəlb olunmasından asılıdır. Beləliklə, insanların şüuruna təsir etmək missiyası informasiya sahəsinə keçir. Bu cür şəraitdə təhsil sistemi qarşısında insanların yeni həyat fəaliyyətinə uyğunlaşmasını təmin edən kompetensiyaların formalaşması ilə bağlı yeni problemlər yaranır.
Belə kompetensiyalardan biri media savadı təhsilidir. Media savadlılığını informasiya mənbələri və axını ilə kifayət qədər səmərəli qarşılıqlı əlaqə qurma, axtarış aparmaq, təhlil etmək, tənqidi qiymətləndirmək və müxtəlif kütləvi informasiya, kommunikasiya vasitələrilə yayılan media mətnləri yaratmaq qabiliyyəti kimi müəyyən etmək olar. Media savadı təhsilinin əhəmiyyəti, ilk növbədə, məhz bəhs etdiyimiz məqamlarla bağlıdır. Digər tərəfdən, media savadı təhsili şəxsiyyətin formalaşmasında getdikcə daha çox rol oynayır. YUNESKO-nun əsas sənədlərinə əsasən, media təhsili insan hüquqlarının dəstəklənməsi, gənclərin sülh, ədalət, azadlıq, qarşılıqlı hörmət və anlaşma ruhunda formalaşmasında mühüm rol oynayır.
F.Qurbanovun sözlərinə görə, qlobal media mədəniyyəti bu gün dünyada çox genişlənib və o, fəal təsirə malikdir. Media mədəniyyəti özündə informoloji, həm də kulturoloji aspektləri ehtiva edir. Beləliklə, müasir cəmiyyətdə informasiya mədəniyyəti kitabxanalara, mediaya, kompüter şəbəkələrinə istiqamətlənməyə imkan verən tətbiqi biliklər toplusundan daha çox, şəxsiyyətin inkişafının müəyyən meyarlarını, qavrama dialoqunu, variativliyini, biliklər sisteminin aşkarlığını səciyyələndirir.
Nazir müavini bildirib ki, XXI əsrdə media təhsili dedikdə, həm də media ilə ünsiyyət mədəniyyətinin formalaşması, kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı, media mətnlərinin təhlili və qiymətləndirilməsi, media texnikalarından istifadə bacarıqlarının öyrədilməsi kimi məsələlər nəzərdə tutulur.
“...Honkonqlu professorun öz qız övladı ilə bağlı söylədiyi, doğrudan da təsirlidir və günümüzün reallığıdır”
F.Qurbanov işə qəbul olunan hər bir mütəxəssisdə bilik, savadla yanaşı, insani keyfiyyətlərin vacibliyini konkret bir nümunə timsalında belə izah edib:
- İstanbul şəhərində keçirilən konfransda honkonqlu professorun öz qız övladı ilə bağlı söylədiyi, doğrudan da təsirlidir və günümüzün reallığıdır. Maliyyə ixtisası üzrə təhsil almayan övladı bir gün atasına bank sektorunda işə qəbul edildiyini deyəndə, ata təəccüblənir və tərəddüd etmədən bankla əlaqə saxlayaraq övladının bu ixtisas üzrə təhsil almadığını bildirir, belə birisinin bank sektorunda işə qəbulunun həqiqət olub-olmadığını bank rəhbərliyindən soruşur. Bank rəhbərliyi isə ataya ümumi səriştəyə, yüksək mənəviyyata və mədəniyyətə, düşüncəyə sahib bir namizədi axtardıqlarını və bankın fəaliyyəti ilə əlaqədar xüsusi təlim veriləcəyini bildirmişdi. Professora deyilmişdi ki, biz çoxdandır, mütəxəssis axtarmırıq. Bizə yüksək insani keyfiyyətlərə malik işçilər lazımdır və sizin qızınız 6 ay ərzində gözəl mütəxəssis kimi formalaşacaq.
Nazir müavini müsahibəsində Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət hissini aşılamağın əsas yer tutmasına diqqət çəkib. Bildirib ki, təhsil proqramları, dərsliklər, dərs vəsaitləri hazırlanarkən tolerantlıq, multikulturalizm, bərabər imkanlar ciddi şəkildə nəzərə alınır, digər xalqlara, millətlərə, mədəniyyətlərə qarşı tolerantlıq keyfiyyətləri əsas götürülür.
O, Azərbaycan universitetlərində bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində “Azərbaycan multikulturalizmi” fənlərinin tədris olunduğunu diqqətə çatdırıb.
Jurnalın “Media savadlılığı hazırda Avropa İttifaqı, NATO və ABŞ, digər ölkələrdə akkreditə olunmuş nümayəndəlik üçün strateji müdafiə hesab olunur. Siz media savadlılığını ölkəniz üçün strateji müdafiə prioriteti kimi görürsünüzmü?” - sualına F.Qurbanov belə cavab verib:
- Media təhsili və media savadlılığı IV sənaye inqilabları dövründə bütün ölkələr üçün aktuallıq kəsb etməkdədir. İnformasiyaların, texnoloji yeniliklərin sərhədlər aşaraq bütün ölkələrə yayılması qarşısıalınmaz proses olduğu kimi, onun yaratdığı problemləri, zərərli təsirlərini aradan qaldırmaq da bir o qədər prioritet əhəmiyyət kəsb edir.
Biz bu gün internet əsrində, informasiya texnologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda siyasi plüralizm hökm sürür, azad mətbuat, internet və informasiya orqanları fəaliyyət göstərir, əhalinin böyük bir hissəsi internetdən istifadə edir. Buna görə də media təhsili rəqəmsal texnologiyaların artan təsirlərini nəzərə almalıdır. Bəzən qeyri-obyektiv, etibarlı istinad mənbəyi olmayan informasiyalar cəmiyyət həyatının istənilən sahəsində çaşqınlıq yarada bilər. Buna görə də keyfiyyətli media təhsili strateji müdafiə əhəmiyyəti kəsb edir.
“Bir sıra hallarda dünya ictimaiyyəti bundan agah olmaya bilər, amma...”
Təəssüf ki, son illər qlobal media vasitələrində separatçı rejimlərin təbliği və təşviqi getməkdədir. Bu yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq təhlükəsizlik üçün ciddi maneədir. Təsadüfi deyil ki, separatçı rejimlərin fəaliyyətini leqallaşdırmaq məqsədi ilə beynəlxalq hüquq çərçivəsində tanınmayan ərazilərdə qeyri-qanuni yaradılmış və fəaliyyət göstərən təhsil müəssisələrinin təşviqi aparılır. Bəzi hallarda isə bu kimi qeyri-qanuni əməkdaşlığı demokratiyanın təsbit olunduğu ölkələrin təhsil müəssisələri də yaradır. Bir sıra hallarda dünya ictimaiyyəti bundan agah olmaya bilər, amma medianın fəaliyyəti bu məsələni işıqlandırmaq və media savadlılığı baxımından insanların əsas missiyası bu kimi halları qınamaqdır.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılan rejimin çətiri altında fəaliyyət göstərən təhsil müəssisələrinin beynəlxalq fəaliyyətinə dair məlumat media vasitələrində yayımlandıqda, məni məyus edir. Düşünürəm ki, media savadlılığının artırılması bu kimi halların qınanmasına gətirib çıxarar.
Media savadlılığı və obyektiv kritik düşüncə yaşadığımız XXI əsrdə müxtəlif manipulyasiyaları dəf etmək üçün çox vacib, həyati bacarıqlardır. Media təhsili vətəndaşlarda media və informasiya risklərinin profilaktikası olaraq müasir media səriştələrinin formalaşdırılmasına, vətənpərvərlik mədəni və mənəvi dəyərlərin tərbiyəsinə yönəlməklə, media savadlılığının səviyyəsini artırır. Media təhsilinin əsas missiyası müasir informasiya şəraitində yeni nəsli gələcək həyata hazırlamaqdır. Onun ən böyük əhəmiyyəti də, fikrimcə, budur.
“Media savadlılığı təhsil sahəsi üçün də mühüm əhəmiyyət kəsb edir”
“Media savadlılığını təhsil sistemində genişləndirmək üçün hansı imkanlar mövcuddur, hansı məhdudiyyətlər vardır” - sualını F.Qurbanov belə cavablandırıb:
- Şübhəsiz ki, biz qlobal təhsildə baş verən dəyişiklikləri, prosesləri təhlil edir, qiymətləndirir və müsbət təcrübəni milli təhsil sistemimizdə tətbiq etməyə çalışırıq. Bu mənada bəhs etdiyiniz media savadlılığı təhsil sahəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Bunu real dövrün, sənaye inqilabları dövrünün yaratdığı mühüm sosial-siyasi, iqtisadi, texnoloji, kultural dəyərləri də diktə edir. Azərbaycanın təhsil sistemi şəffaflıq, vətəndaş məmnunluğu, əlyetərlik, bəşəri dəyərlərin təntənəsi kimi mühüm dəyərləri özündə ehtiva edir. Bu dəyərlərin ölkəmizdə cəmiyyət üzvlərinə çatdırılmasında isə media savadlılığının mühüm əhəmiyyəti danılmazdır və onun yayılma imkanları, dəyərlərə əsaslanan təhsilin hər bir ailəni, cəmiyyət üzvünü əhatə etməsi, həm də medianın bu posesdə keyfiyyətli fəaliyyətindən asılıdır. Azərbaycan dünya miqyasında tolerant münasibətin modelini yaratmış bir ölkədir və bu, özünü mediaya münasibətdə də göstərir. Təhsil sistemində baş verən proseslərin, müsbət dəyişikliklərin insanlara çatdırılması və hər kəsin bu prosesdə bərabər şəkildə iştirakının təmin olunması yolunda ölkəmizdə media təhsili üçün maneə yoxdur. Əksinə, media təhsilinin ölkəmizdə yayılması üzrə əldə olunmuş müsbət təcrübədən danışa bilərik. Təhsil Nazirliyi artıq bir neçə ildir ki, bu sahədə konkret layihələrlə, təhsil sahəsində media və aşkarlıq problemlərinə dair silsilə tədbirlərin təşəbbüsçüsü kimi çıxış edir. Bu təşəbbüsdə ölkənin bütün media qurumları, ali məktəblərin mətbuat xidmətləri, təhsil ekspertləri iştirak edir və bu təcrübə bəhs etdiyiniz media savadlılığının yayılmasının mühüm aspektlərindən biri kimi qiymətləndirilə bilər. Bundan əlavə, Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil sosial mediada” layihəsi həyata keçirilir ki, onun da məqsədi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etməkdir.
Ölkəmizin ümumtəhsil müəssisələrində şagirdlərin fəal iştirakı ilə müxtəlif fənn aylıqları, maliyyə savadlılığına, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzi, informasiya təhlükəsizliyinə dair müntəzəm silsilə tədbirlər, diskussiyalar, “açıq dərs”lər keçirilir ki, təhsilalanlarda komanda ruhunu və kommunikativ səriştələri aşılayan bu tədbirlər də media savadlılığının yayılması təcrübəsinin mühüm aspektlərindən biri kimi qiymətləndirilə bilər.
Media savadlılığının şagirdlər və tələbələr arasında aşılanması üçün interdisiplinar yanaşma tətbiq olunur. Linqvistik bacarıqları ilə təhsilalanların dünya media məkanına çıxmaq imkanları mövcuddur.
Qlobal informasiyalaşma şəraitində mühüm vəzifələrdən biri gənc nəsli müxtəlif kanallar, həmçinin KİV vasitəsilə daxil olan informasiyaların qavranılmasına hazırlamaqdır. Hesab edirik ki, bu məsələnin həllinin əsas alətlərindən biri kimi özündə bilik və vərdişlər sistemini ehtiva edən, məlumatların keyfiyyətini, səhihliyini qiymətləndirən, xoşagəlməz təhlükəli xəbərlərin kütləvi yayılmasından müdafiə olunmaq bacarığını aşılayan media təhsili ola bilər.