Dövlət İmtahan Mərkəzi (DİM)  Direktorlar Şurası buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair təlimatı təsdiq edib.

 

Bu təlimat həmin kateqoriyadan olanlar üçün optimal imkanların yaradılması ilə bağlı məsələləri tənzimləyir.

 

Yəni, təlimatda imtahanda iştirak edən, əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə yaradılan  şəraitin məzmunu və digər məsələlər öz əksini tapıb.

 

Eyni kateqoriyaya aid bir və bir neçə namizəd sağlamlıq vəziyyətindən asılı olaraq imtahan mərtəbəsində və ya imtahan binasının birinci mərtəbəsində ayrıca zalda əyləşdirilə bilər. Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə ona imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan verməsinə icazə verilə bilər.

 

Təlimatda qeyd olunub ki, namizədə oxucu və ya cavabları qeyd edən şəxs lazım olduqda imtahan müddətinin ən çoxu 25 faizi qədər əlavə vaxt verilir. 25 faizdən çox əlavə vaxt tələb edildikdə onu dəstəkləyən və tibbi baxımdan əsaslandırılmış səbəb göstərilməlidir. 25 faizdən 50 faizədək əlavə vaxt üçün edilən müraciət yalnız aşağıdakı hallarda nəzərə alına bilər:

 

  • - qavrama qabiliyyəti çox zəif olduqda;
  • - oxuma və yazma sürəti, oxuma və dərketmə sürəti, yazma və dərketmə sürəti, duyğu orqanları və fiziki ehtiyacla bağlı sağlamlıq imkanlarında kəskin məhdudiyyətləri olduqda.

 

Namizədlər Brayl əlifbası və böyük formatda kağızlarla və ya oxucu ilə təmin edildikdə 50 faizdən çox əlavə vaxtın verilməsinə ehtiyac qalmır. Namizədin kəskin görmə pozğunluğu olduqda, yəni namizəd Brayl əlifbasından oxumaqda belə çətinlik çəkdikdə istisna hal kimi 50 faizdən çox əlavə vaxt verilə bilər.