AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Böyük Britaniyanın Kembric Universitetinin “Molekulyar biologiya” laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Hesablama struktur biologiyası” laboratoriyasının müdiri, professor Qərib Mürşüdov I kurs magistrantlara iologiyanın müasir problemləri və struktur biologiyasının üsulları ixtisas kursları üzrə mühazirələr oxumağa başlayıb.    

 

Qərib Novruz oğlu Mürşüdov elmi fəaliyyətinə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyasında başlayıb və oradan SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutuna göndərilib.

 

Namizədlik dissertasiyasını böyük uğurla müdafiə etdikdən sonra,  Böyük Britaniyanın York Universitetindən dəvət alıb. 2001-ci ildə çox nüfuzlu Wellcome Trust-ın 500000 funt sterlinq həcmində böyük elmi tədqiqatçı qrantını udub və York Universitetində özünün müstəqil qrupunu təşkil edib. 2011-ci ildə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (Medical Research Council – MRC) “Molekulyar biologiya” laboratoriyasında Hesablama kristalloqrafiyası qrupunun rəhbəri vəzifəsinə dəvət olunub və hazırda bu vəzifədə çalışır.

 

Həmyerlimiz Yaponiya, Hindistan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Cənubi Amerika daxil olmaqla, 20-dən çox ölkədə bioloji kristalloqrafiya və elektron mikroskopiyasını öyrətmək üçün kurslar və seminarlar təşkil edib.