Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)- UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov, UFAZ nümayəndə heyəti, tələbələr, eləcə də media mənsubları iştirak edib.
UFAZ-ın çoxsaylı tərəfdaşları olduğunu və UFAZ layihəsinin uğurlarında bu tərəfdaşların dəstəyinin xüsusi rol oynadığını bildirən ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, cari tədris ilində UFAZ-dan 125 nəfər məzun olacaq. O, tərəfdaşlıq əlaqələrinin tələbələr üçün yaratdığı imkanlardan söz açıb.
Strasburq Universitetinin rektoru Mişel Deneken çıxışında müasir universitetlərin elm, tədris və sənaye ilə birgə əlaqələr qurmaqda geniş imkanları olduğunu deyib. Bu əməkdaşlığın universitetlə sənaye arasındakı əlaqələri daha da mökhəmləndirəcəyinə inandığını deyən M.Deneken qlobal layihələrin məhz böyük əməkdaşlıqların nəticəsində yarandığını qeyd edib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros isə çıxışında qeyd edib ki, Total, PAŞA Bank və Fransa səfirliyi ilə UFAZ arasındakı bu memorandumlar sayəsində UFAZ-dan ən yaxşı tələbələr seçilib Fransada təhsillərini davam etdirmək imkanı qazanacaq və bununla yanaşı, onların biznes və sənayeyə uğurlu inteqrasiyasına da öz təsirini göstərəcək.
Total E&P Absheron şirkətinin prezidenti R.Agut rəhbərlik etdiyi şirkətin UFAZ tələbələrinə hər zaman dəstək olduğunu və Azərbaycanda gənclərin ixtisaslı kadr kimi formalaşmasında bu cür əməkdaşlıqların mühüm rol oynadığını bildirib.
PAŞA Bank ASC-nin İdarə heyətinin sədri T.Kazımov bu tərəfaşlığın tələbələrin proqressiv və peşəkar inkişafı üçün faydalı olacağına inandığını deyib.
Görüşdə Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb. Bu anlaşma ilə Total E&P Absheron, eləcə də UNISTRA-UFAZ əlaqələrinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştiraklarını aktiv şəkildə davam etdirirlər. Total təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökümətinin təqaüdçüsü adına layiq görüləcək.