Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.
Akademiyanın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışan R.Mehdiyev AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verib, burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi-tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, son illər akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır.
Ölkələrimiz arasında dostluq münasibətlərinin dərin köklərə söykəndiyini deyən akademik digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin mövcudluğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini söyləyən Strasburq Universitetinin rektoru Mişel Deneken iki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.
Fransanın ölkəmizdəki səfiri Zakari Qros da iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması istiqamətində razılıq da əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya institutları ilə birlikdə “İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.