“Azərbaycan Universitetləri” sosial şəbəkə səhifəsində keçirilən “Azərbaycan Universitetləri arasında karyera imkanlarına görə qabaqcıl universitetlər hansıdır?” sosial tələbə sorğusunun nəticələrinə görə, Bakı Ali Neft Məktəbi (BANM) ilk sırada yer alıb. Tələbələrin fikrincə, karyera imkanlarına görə BANM digər universitetləri böyük fərqlə qabaqlayır.
BANM Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi ilə yüksəkixtisaslı ingilis dilli mühəndis kadrlarının hazırlanması ilə yanaşı, onların işlə təminatında da səylərini əsirgəmir. Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, bu gün ali təhsil ocağının bütün məzunları 100 faizlik işlə təmin olunub.
Artıq üçüncü ildir ki, Bakı Ali Neft Məktəbi məzun buraxılışı həyata keçirir.
Ötən tədris illərində olduğu kimi, 2018/2019-cu tədris ilində də bütün məzunların hamısı işlə təmin olunub.
5 il ərzində BANM-də yüksək səviyyədə təhsilə, bilik və bacarığa yiyələnən tələbələr Azərbaycanın və dünyanın aparıcı şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunur, nüfuzlu beynəlxalq universitetlərdə təhsillərini davam etdirirlər.
Bakı Ali Neft Məktəbi məzunlarının uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, iş onu axtarmalıdır.